Biznes-forumda Azərbaycanda pensiya islahatlarının yeni

 mərhələsinin prioritet hədəfləri müzakirə olunub

 

Fevralın 18-də Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevin iştirakı və Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) təşkilatçılığı ilə keçirilən biznes-forumda Azərbaycanda pensiya islahatlarının yeni mərhələsinin prioritet hədəfləri müzakirə olunub.

AzərTAc xəbər verir ki, biznes-forumda çıxış edən Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev görüşün təşkili üçün CEIBC-ə öz təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, CEIBC çərçivəsində bu cür forumların keçirilməsi dövlət qurumları ilə özəl sektor arasında daha sıx əməkdaşlığın yaranmasına xidmət edir. Bu isə öz növbəsində ümumilikdə ölkə iqtisadiyyatının inkişafına müsbət təsir göstərir.

Tədbirdə Dövlət Sosial Fondunun fəaliyyəti barədə geniş məlumat verilib, həmçinin pensiya təminatı sistemindəki islahatlar müzakirə olunub.

E.Mehdiyev ötən dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu sosial-iqtisadi siyasət və sürətli islahatların həyata keçirildiyini qeyd edərək vurğulayıb ki, Azərbaycanda vahid prinsiplər əsasında fəaliyyət göstərən və bütün işləyən əhalini əhatə edən müasir çağırışlara çevik reaksiya verən sığorta-pensiya sisteminin formalaşdırılması nəticəsində beynəlxalq təcrübədə pensiya sistemləri qarşısında qoyulan mühüm vəzifələrin həllinə nail olunubdur. Pensiya islahatlarının yeni mərhələsinin prioritet hədəfləri Azərbaycan Prezidentinin 4 noyabr 2014-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası” ilə müəyyən olunub və Konsepsiyanın icrası çərçivəsində Dövlət Sosial Müdafiə Fondu sosial tərəfdaşlarla ictimai müzakirələrin təşkilinə geniş yer ayırır. Bu məqsədlə Dövlət Sosial Müdafiə Fondunda xüsusi əlaqələndirmə komissiyası fəaliyyət göstərir.

Yeni konsepsiya çərçivəsində nəzərdə tutulan tədbirlər planından ətraflı söz açan E. Mehdiyev bildirib ki, pensiya sistemində sosial sığorta prinsiplərinin dərinləşdirilməsi, məcburi dövlət sosial sığorta haqqı normativinin strukturunun optimallaşdırılması, könullü sosial sığorta haqqının ödənilməsi şərtlərinin müəyyənləşdirilməsi kimi islahat tədbirlərinin reallaşdırılması prosesində belə görüşlərin keçirilməsi Fond və sığortaedənlər arasında səmərəli əməkdaşlığın genişləndirilməsinə xidmət edir.

Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi sahəsində Azərbaycanda hesabatlılıq sisteminin tam avtomatlaşdırıldığını forum iştirakçılarının nəzərinə çatdıran E.Mehdiyev, həmçinin sığortaedənlərin təqdim etdiyi hesabat formalarının ümumi sayının azaldılması istiqamətində aparılan işlər barədə məlumat verib. Qeyd olunub ki, hesabatlılıq sisteminin sadələşdirilməsinin təmini məqsədilə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları və fərdi uçot məlumatlarına dair iki müxtəlif hesabat formasının fərdi uçot prinsipi əsasında birləşdirilərək vahid rüblük hesabatla əvəz edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Fonda təqdim edilən hesabatlarla bağlı qeyd edilən yenilik bir tərəfdən sığortaedənlər üçün hesabatların təqdim olunması prosesinin sadələşdirilməsinə və hesabatların sayının azaldılmasına, digər tərəfdən isə vətəndaşlar üçün fərdi uçot məlumatlarını rüblük əldə etməklə öz işəgötürənləri üzərində daha operativ ictimai nəzarət imkanlarının yaradılmasına xidmət edəcəkdir.

Biznes-forumda çıxış edən CEIBC-nin baş icraçı direktoru Telman Əliyev konstruktiv dialoqa görə Elman Mehdiyevə təşəkkürünü bildirib. Onun sözlərinə görə, CEIBC yarandığı ilk gündən neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə xidmət göstərir. Dünyanın 50 ölkəsində fəaliyyət göstərən mindən artıq şirkət və təşkilatı birləşdirən CEIBC dövlət strukturları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal aparır.

 

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevə CEIBC-nin fəxri üzv sertifikatı təqdim olunub. Eyni zamanda, kluba yeni üzv olan şirkətlərə də sertifikatlar verilib.

Forumda Azərbaycanda qeydiyyatdan keçmiş diplomatik qurumların nümayəndələri və şirkət rəhbərləri iştirak ediblər.

 

Azərbaycan.-2015.- 19 fevral.- S.3.