Ağaclar şahı zeytun
Kənd təsərrüfatı
ili
Zeytun insanlar tərəfindən becərilən meyvə bitkisidir. Qədim əfsanəyə görə Həzrəti Nuh tufanı sakitləşdirəndən sonra ağ göyərçin zeytun ağacından balaca budaqcığı Həzrəti Nuha bağışlayıb. Ona görə də o zamandan həm göyərçin, həm də zeytun bitkisi müqəddəslik rəmzi kimi tanınıb.
Qədim yunanlar isə zeytun bitkisinə bilik və ağıl ağacı kimi baxıb, hətta onu ağaclar padşahı da adlandırıblar. Bu onu göstərir ki, insanlar bu bitkinin xeyirli olmasını qədim zamanlardan başa düşüblər.
Beynəlxalq statistik məlumatlara əsaslansaq, zeytunun dünyada illik istehsalı 5,5 milyon tona yaxındır. Bu qiymətli məhsulun ən iri istehsalçıları Avropada - İtaliya, İspaniya, Yunanıstan və Portuqaliya, Afrikada -Tunis, Mərakeş, Əlcəzair, Liviya, yaxın Şərqdə -Türkiyə, Suriya və Livan hesab edilir. Qalan ölkələrin payı istehsalda çox azdır.
Zeytun bitkisi hektardan 25-35 sentner və daha çox məhsul verir ki, bundan da 1-2 ton zeytun yağı almaq mümkündür. Dünya üzrə zeytun əkilən ərazilərin ümumi sahəsi 10 milyon hektardan çoxdur. Əkin sahələrinin həcminə görə birinci yeri İspaniya (1,5 milyon hektar), ikinci yeri İtaliya (800 min hektar), sonrakı yerləri isə Yunanıstan, Portuqaliya, Fransa, Albaniya, Əlcəzair, Tunis və Mərakeş tutur.
Albaniyanın dövlət büdcəsinin təmin olunmasında isə zeytun xüsusi çəkiyə malikdir. Bu ölkədə yetişən zeytun emal müəssisələrində son məhsul şəklində ölkənin daxili bazarını təmin etməklə yanaşı, xarici ölkələrə ixrac edilir.
Keçmiş sovetlər birliyi ərazisinə zeytun bitkisi güman olunduğuna görə, eramızdan qabaq gətirilib. Ehtimal olunur ki, ilk zeytun əkinləri Krımda yunanlar tərəfindən aparılıb.
Öz ənənəsi, öz tarixi
Azərbaycanda zeytun qədim tarixə malikdir. Eramızdan əvvəl respublikamızın ərazisində olmuş Strabon burada zeytun əkinlərinin mövcudluğunu göstərib. VII əsr tarixçisi Moisey Kaqan Katvasi Kür və Araz düzənliyində geniş sahələrdə zeytun ağacları olduğunu qeyd edib.
Mənbəyə görə, hələ 1222-ci ildə monqol işğalçıları qış zamanı Araz və Kür çaylarının ətraf sahələrində olan zeytun ağaclarını qırıb yandırıblar. Digər məlumatlarda isə Azərbaycanda zeytunun ilk dəfə 1740-cı ildə Abşeronda əkildiyi qeyd edilir. Azərbaycana zeytun ağacları vaxtilə şimaldan gətirilib. Cavan ağaclar isə XX əsrin əvvəllərində Türkiyənin Arvin vilayətindən idxal olunub.
Azərbaycanda təxminən keçən əsrin ortalarından zeytunçuluğa diqqət yetirilməyə başlanıb. Bu səbəbdən də uzun illər Abşeron zeytun bağları ilə məşhur olub. Sonralar, xüsusilə yarımadada Abşeron rayonu yaradıldıqda zeytun bağlarının sahəsi sürətlə genişləndirilib. Ötən əsrin 70-ci illərinin əvvəllərində daha üç ixtisaslaşdırılmış zeytunçuluq sovxozu yaradılıb. Bundan başqa, Bilgəhdə, Maştağada subtropik bitkilər, Buzovnadakı tərəvəzçilik sovxozlarında geniş ərazidə zeytun bağları salınıb.
İxtisaslaşmış təsərrüfatlar yaradılmışdı
Azərbaycanın və xüsusilə də Abşeronun torpaq-iqlim şəraiti zeytunun becərilməsi üçün çox əlverişlidir. Ölkəmizdə zeytun bağlarının inkişafı 1946-cı ildən başlanıb. Belə ki, Nazirlər Sovetinin 9 iyun 1946-cı il tarixli sərəncamına əsasən, respublikamızda 300 hektar zeytun bağı salınması planlaşdırılıb. İlk növbədə, 1949-cu ildə ixtisaslaşdırılmış zeytunçuluq sovxozu Zığ kəndində yaradılıb. Burada 200 hektar zeytun bağı salınıb. Həmin bağlardan 1955-ci ildə 7 tona qədər meyvə yığılıb. 1949-1950-ci illərdən sənaye əsasında zeytunun emalı üçün kiçik zavod da tikilib və işə salınıb. Sonralar Qala kəndində və Hövsanda da zeytunçuluq təsərrüfatları yaradılıb. Bunlardan başqa, Maştağada və Bilgəh kəndində də zeytun bağlarının salınması məqsədəuyğun sayılıb.
Abşeronun ixtisaslaşmış təsərrüfatlarında XX əsrin sonlarında 1,6 min hektar zeytun əkinləri mövcud olub. Bunun 600 hektardan çoxu məhsuldar bağlar idi. Bu bağlardan 1980-ci ildə 763,8 ton, 1981-ci ildə 850 ton məhsul götürülüb. Abşeronda ildə iki min ton zeytun məhsulu istehsal edən konserv zavodu tikilmişdi.
Dövlət müstəqilliyinin bərpasının ilk dövrlərində - 90-cı illərdən sonra isə digər istehsal sahələri kimi, zeytunçuluqda da geriləmə müşahidə olunmağa başladı. Torpaqlar özəlləşdirildikdən sonra zeytun ağaclarının xeyli hissəsi sıradan çıxarılıb və yerdə qalan bağların məhsuldarlığı da qayğısızlıq ucbatından kəskin şəkildə aşağı düşüb.
Sahibkarların zeytunçuluğa marağı artır
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin rəisi İmran Cümşüdovun verdiyi məlumata görə hazırda Azərbaycanda 1740 hektara yaxın zeytun bağları vardır ki, bunlardan da 1725 hektarı barvermə imkanına malikdir. 2014-cü ildə respublika üzrə 846 ton məhsul, 60 tona yaxın zeytun yağı istehsal edilib.
Hazırda zeytun bağlarının salınması üçün müraciət edən sahibkarların sayı tədricən artır. Azərbaycanda zeytun bitkisi əsasən Abşeronda becərilməsinə baxmayaraq, digər bölgələrdə də - Sumqayıt, Siyəzən, Salyan, Göyçay, Beyləqan və Yevlaxda yeni zeytun bağları salınır. Son illərdə təkcə Bakının Zirə qəsəbəsində 200 hektara yaxın yeni zeytun bağları salınıb. Abşeron rayonunda 1590 hektar zeytun bağı mövcuddur ki, onun 1556 hektarı bar verən, 33 hektarı cavan bağlardır. Rayonda istehsal olunan zeytun məhsullarının kefiyyətli emalını daha da təkmilləşdirmək məqsədilə zavod və emal sexlərinin genişləndirilməsi nəzərdə tutulub, mövcud bağlardan 66,5 ton zeytun istehsal edilib.
Respublikada zeytun emalı sahəsində bir sıra müəssisələr fəaliyyət göstərir. Bu müəssisələr zeytun yağı, zeytun mürəbbəsi, zeytun turşusu, zeytun əzməsi istehsal edirlər. Hazır məhsullar yerli bazarlarla yanaşı, Rusiya, Türkmənistan, Cənubi Koreya kimi xarici dövlətlərə də ixrac olunur. Bu yerdə dövlət başçısı, Prezident İlham Əliyevin 2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda söylədiyi aşağıdakı fikirləri xatırlatmaq istərdik: “Bizdə indi emal müəssisələri dünya səviyyəsinə cavab verir, gözəl müəssisələrdir. Onların - əsas emal müəssisələrinin açılışlarında mən şəxsən olmuşam, yəni, bilirəm, onların vəziyyəti necədir. İstehsal olunan məhsullar da keyfiyyətlidir. Biz niyə Avropa bazarlarına çıxmayaq?! Biz nə vaxtsa Dünya Ticarət Təşkilatına üzv olacağıq. Biz buna əlbəttə ki, hazır olanda. Hazır olmaq üçün gərək ixrac potensialımız çoxşaxəli olsun.”
Zeytun həm də can dərmanıdır
Azərbaycan Elmi-Tətqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun subtropik bitkilər şöbəsinin müdiri Cəlal Məmmədov bildirdi ki, zeytun toxum, qələm, pöhrə və kök parçaları ilə çoxaldılır. Ağacın bütün ömrü, meyvə verməsi və iqlimə dözümlü olması onun əkin üsulundan çox asılıdır. Ona görə də bu sahə ilə maraqlanan sahibkarlara müraciət etdikləri halda institutun mütəxəssisləri tərəfindən lazımi tövsiyələr verilir.
C.Məmmədov son dövrlər respublikanın ayrı-ayrı bölgələrindən də insanların zeytunçuluğa maraq göstərmələrini müsbət hal kimi dəyərləndirdi. Müsahibimizin qənaətinə görə, bu hal birmənalı şəkildə regionların sosial iqtisadi inkişafına da təsirini göstərə və məşğulluğun təmin olunmasına töhfəsini verə bilər.
Ümumiyyətlə, zeytun ərzaq təhlükəsizliyi baxımından mühüm vasitələrdən biri olmaqla bərabər, həm də tibbi əhəmiyyətinə görə də seçilir. Alman Xərçəng Araşdırma Mərkəzindən “Ouen və yoldaşları” zeytun yağının insan sağlamlığı üzərində təsirlərini təhlil etdikləri bir çalışmada bu yağın tərkibində olan fenolların antioksidan xüsusiyyətləri səbəbi ilə bəzi xərçənglərin (qalın bağırsaq, döş və dəri) və koroner ürək xəstəliklərinin inkişafına mane olduğunu bildirmişlər.
Yaponiyanın Kanazava Universitetindən “Budiyanto və yoldaşları” isə xərçəng əmələ gətirici ultra bənövşəyi şüalara məruz qoyulan siçovullarda dəriyə tətbiq olunan zeytun yağının təsirlərini incələyiblər. Siçovulları üç qrupa ayıraraq, birinci qrupdakılara zeytun yağı sürtməyiblər, ikinci qrupdakılara şüalanmadan əvvəl, üçüncü qrupa isə şüalanmadan sonra zeytun yağı sürtüblər. Xərçəng əmələ gətirən şüalar verildikdən sonra zeytun yağı sürtülən qrupda xərçəngin daha az nisbətdə inkişaf etdiyini müşahidə ediblər.
Zeytunun quru lətində 50-73 faiz yağ var. Bitki yağları içərisində zeytun yağı ən yüksək kaloriyə malikdir. Alimlərin yazdığına görə, bu yağda 930 böyük kalori olduğu halda, kərə və ərinmiş yağlarda 750-780, qoz yağında isə 350 kalori var. Bundan başqa, zeytun meyvəsinin tərkibində 158 böyük kalori şəkər, “C” vitamini, A-karotin-provitamini, “B2” vitamin qrupu və insan orqanizminə lazım olan çoxlu mineral duzlar var. Son illər Azərbaycan alimləri zeytun yarpaqlarında bir sıra bioloji maddələr: qlükozid, flavonoid, üzvi turşuların olduğunu müəyyən ediblər. Bu meyvənin ayrı-ayrı hissələrinin tərkibində kimyəvi maddələrin miqdarı eyni olmur.
Zeytun yarpaqları ürək xəstəliyinin müalicəsində çox faydalıdır. Yarpaqlardan hazırlanan cövhərdən qan təzyiqinin aşağı salınmasında, tənəffüs orqanlarının nizamlanmasında, ürək damar sisteminin yaxşılaşdırılmasında istifadə edilir. Yarpaq qaynanmış halda və ya şirə şəklində istifadə olunduqda qızdırmanı aşağı salır, qanaxma hallarında imalə şəklində istifadə edilir.
Zeytun yağı yeyinti üçün mühüm əhəmiyyətə malik olmaqla yanaşı, qiymətli konservlərin hazırlanmasında da istifadə edilir. Statistikadan məlum olur ki, zeytun yağının Türkiyədə bir ildə adambaşına 1 kq düşdüyü halda, Yunanistanda 21 kq, İtaliyada 11,5 kq, İspaniyada 10,4 kq, Azərbaycanda isə bu rəqəm 0,025 kq-ya bərabərdir.
Həm qida, həm oksigen mənbəyi
Aparılan müşahidələrdən də göründüyü kimi, zeytunun Abşeronda becərilməsi çox gözəl nəticə verir. Zığda salınmış zeytun plantasiyası buna canlı sübutdur. Bu qiymətli bitki Abşeronun bağlarına, parklarına, Bakı şəhərinin küçələrinə xüsusi yaraşıq verir, onları yaşıl dona bürüyür. Abşeronda yetişdirilən yüzlərlə ağac və kol bitkiləri arasında o öz görkəmi ilə də nəzəri cəlb edir.
Araşdırmalar göstərir ki, respublikamızda zeytun intibahı mümkündür va bu istiqamətdə ilkin addımlar atılmaqdadır. Ayrı-ayrı şirkətlər də qeyd olunan sahəyə sərmayə yatırmaqla ölkəmizdə zeytunçuluğun inkişafına xüsusi töhfələrini verə bilərlər. Beləliklə də, ölkə iqtisadiyyatının qeyri-neft sektorunda daha bir gəlirli sahə üçün perspektiv formalaşar və ümumi daxili məhsulun xüsusi çəkisində bu sektorun payı daha da artar.
Əli SƏLİMOV,
Azərbaycan.-2015.- 19 fevral.- S.4.