Torpaq oyanır

 

Kənd təsərrüfatı ili

 

Artıq böyük çillə ötüb keçmiş, özünü öyən kiçik çillə isə başa çatmaq üzrədir. Cəmisi 20 gün ömrü olan kiçik çillə bu il özünü heç nəylə göstərə bilmədi. Əksinə, fürsət düşən kimi buludların arxasından boylanan Günəş daha çox göründü, havalar nəinki xoş keçdi, bəzən müsbət 17-18 dərəcəyə yüksəldi. Belə xoş hava bitkilərin bir az da boy atmasına, inkişafına şərait yaratdı.

İlin bu vaxtında havaların belə xoş keçməsi çoxlarının ürəyincə deyil. Düzdür, mal-qara saxlayanlar sevinirlər. Keçən il quraqlıq olduğundansu qıtlığı ucbatından onlar qışa kifayət qədər yem tədarük edə bilməmişdilər. Amma təbiət burada da öz mərhəmətini əsirgəmədi. Payızda yağan yağışlar hər yerdə bol ot göyərtdi. İndinin özündə, baharın gəlməsinə hələ bir ay qalmış qoyun-quzular yaşıl xalıya bənzəyən düzənlərdə uzaqdan boz adalar kimi görünür. Amma əkinçilər, xüsusilə payızda torpağa taxıl toxumu səpən fermerlər, torpaq mülkiyyətçiləri o qədər də sevinmirlər. Çünki ta qədimdən təcrübəli əkinçilər sınaq ediblər ki, qış qarlı-şaxtalı keçəndə məhsul daha bol olur. Atalar havayı yerə “qar taxılın yorğanıdır” deməyib. Qar bitkiləri bir tərəfdən küləklərdən, müxtəlif xəstəliklərdən qoruyursa, digər tərəfdən yaz gələndə əriyərək zəmiləri, yoncalıqları, digər bitkiləri, otlaq sahələrini sulayır, torpaqda nəmlik qatı yaradır.

Odur ki, hər şey vaxtında-vədəsində yaxşıdır, daha çox faydalıdır. Bəzən qış gücünü axıra saxlayır. Martda, apreldə ağaclar tumurcuq bağlayanda, çiçəkləyəndə düşən qar-şaxta fəsadlar törədir, gözlənilən məhsulu kəndlinin əlindən alır. Ancaq neyləmək olar, heç kəs təbiətə, Tanrıya göstəriş verə bilməz və bu, mümkündeyil.

Təbiətdən asılı olduğu üçün əkinçi peşəsi çətindir, qeyri-müəyyəndir. Necə deyərlər, yağmadı yağış, bitmədi qamış. Lakin bütün hallardaoğru bığı” yerə enəndən sonra (bu fevral ayının ortalarına təsadüf edir) kəndli yaz əkininə hazırlıq işləri görməyə başlayır. Əkəcəyi toxumu, işlədəcəyi texnikanı, digər vasitələri, torpağı nəzərdən keçirir. Əgər torpaq yaxşı “quzulayıb”sa, əkinçi sevinir. Bu, ona yaxşı məhsul olacağından xəbər verir. “Torpağın quzulaması” deyəndə qış aylarında qarın, şaxtanın altında qalaraq şum laylarının parçalanması nəzərdə tutulur. Həmin şum laylarına nəinki mala, əl ilə belə, toxunanda ovxalanır.

Torpağın oyanması, “oğru bığı”nın gəlməsi yazın ilk əlaməti, xəbərçisidir. Bu oyanışdan sonra nə qədər qar yağsa da, yerdə çox qalmaz. Yerin hərarəti onu əridərək suya döndərər. Elə buna görə də ilk çərşənbəmiz “Torpaq çərşənbəsi” adlanır.

Bəli, artıq totpaq oyanıb. Bu oyanış əkinçinin işində-gücündə də özünü göstərir. Hazırda bol məhsul üçün zəmilərə azot gübrəsi verilir. Kartofçuluqla məşğul olan mülkiyyətçilər ümidlə torpağa toxum əkirlər. Havalar qızdıqca digər bitkilərin əkini aparılacaq. Yaz isə qapıdadır. Atalar Novruza bir ay qalmış və Novruzdan bir ay keçmiş yağan yağışı qızıla bərabər tutublar. Bir ay qalmış yağış bitkilərə can verir, bir ay keçmişisə onun ömrünü uzadır, məhsuldarlığını artırır. Bu mənada fevralın birinci ongünlüyündən yağan yağışlar nurdur, bərəkətdir.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə 2015-ci il “Kənd təsərrüfatı ilielan edilmişdir. Bunun əhəmiyyəti ölçüyəgəlməzdir. Deməli, hər kəs bu mühüm işə daha diqqətlə yanaşmalı, imkan daxilində öz töhfəsini verməyə çalışmalıdır. Çünki hər birimizin yediyi ərzaq, geydiyimiz geyimlərin çoxu kənd təsərrüfatı məhsullarıdır. Bu da sirr deyil ki, indi adamlar 25-30 il bundan əvvəlki adamlar deyil. Hamı keyfiyyətli, ekoloji cəhətdən təmiz, insan sağlamlığına ziyan gətirməyən məhsullardan istifadə etməyə çalışır. İnsanlarımız xarici ölkələrdən gətirilən mənşəyi bilinməyən ərzaq məhsullarından imtina etməyə başlamışlar. Yerli məhsullara tələbat getdikcə çoxalır. Bu yaxşıdır. Fikirləşmək olar ki, artıq özümüz özümüzə dəyər veririk. Bütün bunlara görə kənd təsərrüfatı ümumxalq işi olmalıdır. Ən azı ona görə ki, bu ya digər şəkildə hər birimiz gündəlik olaraq onunla təmasdayıq.

Təbiət özünün 11 iqlimindən 9-nu Azərbaycana bəxş edib. Bol günəşimiz, torpağımız, suyumuz, zəhmətkeş insanlarımız var. Lakin bir çox hallarda əzab-əziyyətlə yetişdirdiyimiz məhsulları saxlaya bilmədiyimizdən əziyyət çəkirik. Min tonlarla məhsul bəzən zay olub gedir. Sonra başlayırıq onları qonşu ölkələrdən gətirməyə. Səbəbi də odur ki, bəzi regionlarda külli miqdarda vəsait hesabına tikilən anbarlardan, saxlama kameralarından, soyuduculardan səmərəli istifadə olunmur.

Kənd təsərrüfatı xüsusi diqqət tələb edən sahədir. Burada hər şey ölçülüb-biçilməli, yerli şərait nəzərə alınmalıdır. Bizdə banan yetişmədiyi kimi, Afrikada da yəqin ki, bizdə olan meyvələrin bir çoxu bitmir. Sözümüzün canı odur ki, təxminən 10 il öncə “AqrolizinqASC-nin xətti ilə ölkəmizə Çin Xalq Respublikasından gətirilən taxılyığan kombaynlar bizim şəraitdə özünü doğrultmadı, istismar müddəti başa çatmamış sıradan çıxdı.

Ölkə rəhbəri kənd adamlarına xüsusi diqqət və qayğı göstərir. Əkinçiliyin, heyvandarlığın inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyi ilə bağlı imzaladığı sənədlər bunun bariz nümunəsidir. Kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaqmotor yağları üçün dövlət tərəfindən verilən subsidiyalar, mineral gübrələrin alınması ilə bağlı edilən güzəştlər, torpaq mülkiyyətçilərinin vergidən azad olunması və s. son illər aqrar sahənin inkişafına öz müsbət təsirini göstərmişdir. Lakin bəzi məmurlar Prezidentin yaratdığı bu imkanlardan, xüsusilə subsidiya məsələsində sui-istifadə hallarına yol verirlər. Prezident bu il yanvar ayının 27-də “Azərbaycan Republikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda sözü gedən məsələ ilə bağlı məmurlara ciddi xəbərdarlıq etmişdir.

Güman etmək olar ki, “Kənd təsərrüfatı ili”ndə aqrar sahə ilə bağlı bir çox məsələlərin həllinə start veriləcək. Xüsusilə su kanallarının çəkilməsi, torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması, yerli şəraitə uyğun müasir texnikaların gətirilməsi, istehsal olunan məhsulların bilavasitə sahədə kəndlidən alınması, tədarükü, saxlanılması, satışı və digər məsələlər öz həllini tapacaq. Axı, kənd təsərrüfatının inkişafı eyni zamanda, yeni yerlərinin yaradılması, gənclərin kənd və qəsəbələrdən şəhərə axınının qarşısının alınması deməkdir.

 

Seyran CAVADOV,

Azərbaycan.-2015.- 19 fevral.- S.4.