XVIII əsrin ikinci yarısında Rusiyanın

Qarabağda erməni dövləti yaratmaq planları

 

XVIII əsrin əvvəllərində dünyanın güclü dövlətlərindən birinə çevrilən Rusiyanın xarici siyasətində Cənubi Qafqaz, xüsusilə onun ən zəngin hissəsi olan Azərbaycan mühüm yer tutmağa başlamışdı. Rusiya bu bölgəyə sahib olmaqla özünün təcavüzkar xarici siyasəti qarşısında duran bir neçə vacib məsələni həll etməyi planlaşdırırdı. Əvvəla, ucuz xammalla zəngin olan Azərbaycanın ələ keçirilməsi Rusiyanın toxuculuq sənayesinin inkişafı üçün əlverişli şərait yaradırdı. İkincisi, bu bölgəni ələ keçirməklə Rusiya Qərbi Avropanı Hindistanla birləşdirən tranzit ticarət yollarına sahib olardı. Üçüncüsü, Cənubi Qafqazı ələ keçirməklə Rusiya öz işğallarını cənub istiqamətində daha da genişləndirmək, öz nüfuzunu Orta və Yaxın Şərq ölkələrində yaymaq və möhkəmləndirmək imkanı qazana bilərdi.

Rusiyanın xarici siyasəti qarşısında duran bu vəzifələrin yerinə yetirilməsi Cənubi Qafqazda olan bir sıra qüvvələr, ilk növbədə isə ermənilər üçün olduqca əlverişli idi. Hələ erkən orta əsrlər dövründən dövlətçilikdən məhrum olan ermənilər XVIII əsrdə məhz Rusiyanın köməyilə Azərbaycan və Türkiyə torpaqları hesabına öz dövlətlərini yaratmaq istəyirdilər. Özlərini yer üzünün “ən bədbəxt və məzlum milləti” kimi qələmə verən ermənilər Rusiyanı yorulmadan Cənubi Qafqaza işğalçı yürüşə başlamağa çağırırdılar. Azərbaycan torpaqları hesabına özlərinə dövlət yaratmaq istəyən ermənilərin bu çağırışları Rusiyanın işğalçılıq siyasətinin reallaşması üçün daha əlverişli şərait yaradırdı. Heç də təsadüfi deyildir ki, Rusiya ermənilərin separatçılıq hərəkətlərini bütün vasitələrlə dəstəkləyir, onlara hər cür yardım göstərirdi. XVIII əsrin 20-ci illərində Azərbaycanın və İranın Xəzərsahili torpaqlarını işğal etmiş I Pyotr hökuməti ermənilərin Azərbaycan torpaqlarında sayca artmaları və möhkəmlənmələri üçün müəyyən addımlar atmışdı. Xəzərsahili vilayətlərdəki rus ordusunun komandanlığı ermənilərə “hər cür əl tutmaq, onları möhkəm qorumaq” haqqında göstəriş almışdı.

Rusiyanın Cənubi Qafqaz siyasətində erməni məsələsi XVIII əsrin ikinci yarısında mühüm rol oynamağa başladı. 1774-cü ildə Osmanlı Türkiyəsi ilə bağlanmış Kiçik Qaynarca sülhünə əsasən Rusiya Qara dənizə çıxış əldə etməklə yanaşı, həm də özünün beynəlxalq aləmdə “xristianların müdafiəçisi” kimi tanınmasına nail oldu. Əldə edilmiş bu uğur Rusiyanın Cənubi Qafqazda gedən proseslərə daha fəal müdaxilə etməsi üçün əlverişli şərait yaratdı.

Bu dövrdə Rusiyanın Cənubi Qafqazda möhkəmlənmək planı Krımın işğalı planı ilə əlaqəli şəkildə həyata keçirilirdi. Rus diplomatları tərəfindən hazırlanmış və beynəlxalq aləmdə böyük əks-səda doğurmuşYunan layihəsinə” ğörə türklər Avropadan qovulmalı və Rusiyanın himayəsi altında keçmiş Bizans imperiyası bərpa edilməli idi. Tarixi ədəbiyyatda “Yunan layihəsi”nin məqsədi haqqında fərqli fikirlər də mövcuddur. Rus tarixçisi O.P.Markova sübut etməyə çalışır ki, guyaYunan layihəsi” Osmanlı Türkiyəsini parçalamaq yox, dünya ictimaiyyətinin diqqətini Rusiyanın Krımı işğal etməsindən yayındırmaq məqsədini güdürdü. Lakin əldə olan materiallar sübüt edir ki, XVIII əsrin 70-80-ci illərində Rusiyanın xarici siyasət planlarında Osmanlı dövlətini parçalamaq məsələsi diqqət mərkəzində olmuşdu. Belə ki, II Yekaterinanın Avstriya imperatoruna müraciət edərək ona türk torpaqlarını bölüşdürmək haqqında etdiyi təklif elmi ictimaiyyətə çoxdan məlumdur.

Rusiya XVIII əsrin 70-ci illərinin sonu 80-ci illərinin əvvəllərində “Yunan layihəsi”ndən irəli gələn vəzifələrin həyata keçirilməsi üçün real addımlar atmağa başladı. Hazırlanmış hərbi əməliyyat planına görə Rusiya Osmanlı Türkiyəsini iki cəbhədə - Balkanlarda və Cənubi Qafqazda vuruşmağa məcbur etmək istəyirdi. Rusiya hökuməti Osmanlı Türkiyəsi ilə müharibə başlayana qədər Azərbaycanın Dərbənddən Bakıya qədər olan torpaqlarını işğal etməyi və burada güclü ordu yerləşdirməyi nəzərdə tuturdu. II Yekaterina Q.A.Potyomkinə göndərdiyi sərəncamlarından birində yazırdı ki, Balkanlarda Osmanlı Türkiyəsi ilə müharibə başlanacağı təqdirdə şimal-şərqi Azərbaycan torpaqlarında yerləşdirilmiş rus ordusu qəflətən Gürcüstan vasitəsilə Türkiyənin sərhədlərinə yeridilməli idi.

Əldə olan materialların təhlili göstərir ki, Rusiya Cənubi Qafqazda hərbi əməliyyatlara başlamaqla yalnız Türkiyənin qüvvələrini parçalamaq məqsədi güdmürdü. Çar höküməti, eyni zamanda, Cənubi Qafqazda birdəfəlik möhkəmlənməyi planlaşdırırdı. Bu planın həyata keçirilməsində isə erməni məsələsi mühüm rol oynaya bilərdi. II Yekaterina hökumətinin Cənubi Qafqaz siyasətində erməni məsələsinin daim diqqət mərkəzində saxlanılması da elə bununla bağlı idi. Çar hökuməti Azərbaycan və Türkiyə torpaqları hesabına erməni dövləti yaratmağı və ondan İran və Türkiyəyə qarşı sipər kimi istifadə etməyi planlaşdırırdı. Rusiyanın Qafqaz siyasətinin formalaşmasında və həyata keçirilməsində həlledici simalardan olan Q.A.Potyomkin özünün bu məsələyə həsr olunmuş çoxsaylı məktublarından birində yazırdı: “Biz ancaq Bakıya qədərki torpaqları tutacağıq. QarabağQaradağdan ibarət olan İran Ermənistanı və İraklinin çarlığı Türkiyə Ermənistanı ilə həmsərhəd olacaq”. Göründüyü kimi, çar hökuməti Cənubi Qafqazda eyni vaxtda iki erməni dövlətinin yaradılmasını planlaşdırırdı. Bunlardan birincisi QarabağQaradağ xanlıqlarının, ikincisi isə Şərqi Anadolu torpaqlarının hesabına yaranmalı idi.

Rusiyanın hakim dairələrində Cənubi Qafqazda erməni dövləti yaratmaq planının meydana gəlməsində, şübhəsiz ki, erməni xadimləri mühüm rol oynamışdı. Nadir şahın ölümündən sonra Cənubi Qafqazda yaranmış siyasi pərakəndəlik ermənilərə öz çirkin niyyətlərini həyata keçirmək üçün əlverişli şərait yaradırdı. Onlar Avropa dövlətlərinə və xüsusilə Rusiyaya müraciət edərək “məzlum erməniləri” müsəlmanların zülmündən xilas etməyi, onlar üçün dövlət yaratmağı xahiş edirdilər. Hələ 1761-ci ildə erməni ideoloqu İosif Emin Rusiya höküməti qarşısında Cənubi Qafqazda Kartli-Kaxetiya çarı II İraklinin başçılığı altında vahid gürcü-erməni dövləti yaratmaq məsələsini qaldırmışdı. Lakin bu məsələ Rusiya hökuməti tərəfindən rəğbətlə qarşılansa da, II İraklinin narazılığına səbəb oldu. Gürcü çarı bu planın onun Osmanlı dövləti ilə münasibətlərini kəskinləşdirəcəyindən ehtiyat edirdi.

1768-1774-cü illər Rusiya-Türkiyə müharibəsində rusların qələbə çalması ermənilərin Rusiyanın köməyilə Azərbaycan torpaqlarında özlərinə dövlət yaratmaq ümidlərini daha da artırdı. Rusiyanın “Yunan layihəsi” ilə bağlı planlarından yaxşı xəbərdar olan ermənilər bundan maksimum yararlanmağa çalışırdılar. İ.Lazarevİ.Arqutinski kimi ermənipərəstlər Rusiyanın hakim dairələri ilə sıx əlaqə yaradaraq erməni çarlığının təşkili planlarının detallarını müzakirə etməyə başladılar. Daha qabağa gedən İ.Lazarev 1780-ci ildə “Ermənilər yaşayan ərazilərin siyasi vəziyyəti və erməni dövlətinin bərpası haqqında tədbirlər” adlı planını Cənubi Qafqaza təşkil ediləcək işğalçı yürüşə komandan təyin olunmuş A.V.Suvorova təqdim etdi. Planın əsas məzmununu Rusiyanın himayəsi altında erməni dövləti yaratmaq təşkil edirdi. Bu dövlətin İrəvan xanlığı və Osmanlı dövlətinin əraziləri hesabına yaradılması təklifi irəli sürülürdü. Cənubi Qafqaza dair böyük işğalçılıq planları olan Rusiya dövləti İ.Lazarevın bu planını rəğbətlə qarşıladı. Özünün ermənipərəst mövqeyi ilə daha çox seçilən A.V.Suvorov bu planın reallaşması üçün əlindən gələni əsirgəməyəcəyi haqda ermənilərə vəd vermişdi.

Rusiyanın Cənubi Qafqaza ordu göndərmək planının 1781-ci ildə təxirə salınmasına baxmayaraq bu bölgədə erməni dövləti yaratmaq ideyası gündəmdən düşmürdü. Ayrı-ayrı erməni xadimləri Rusiyanı hər vəchlə Cənubi Qafqaza ordu göndərməyə çağırır, erməni dövlətinin yaradılmasının Rusiya üçün çox sərfəli olmasını onun hakim dairələrinə inandırmağa çalışırdılar. 1782-ci ildə Rusiyada yaşayan ermənilərin arxiyepiskopu İ.Arqutinski çar hökumətinə yeni planla müraciət etdi. Onu da göstərmək lazımdır ki, İ.Arqutinskinin planı yalansaxta məlumatlarla dolu idi. O, nəinki bütün Azərbaycan torpaqlarını, hətta Gürcüstan torpaqlarını da qədim erməni torpağı kimi qələmə verirdi. Təqdim edilmiş planda bu torpaqlarda yaradılacaq erməni dövləti ilə Rusiya arasında bağlanılması nəzərdə tutulan müqavilə layihəsi də verilmişdi.

Rusiyanın Cənubi Qafqazda 1782-ci ildə nəzərdə tutulan yürüşündə erməni məsələsinin həll edilməsinə mühüm yer ayrılırdı. Qafqaz siyasətinin əsas müəlliflərindən olan Q.A.Potyomkinin yazışmalarında bu məsələnin bütün təfərrüatları açıqlanırdı. O, kansler A.Bezborodkoya yazdığı məktublardan birində göstərirdi ki, Cənubi Qafqaza göndərilən rus ordusu Bakıya qədər olan Azərbaycan torpaqlarını ələ keçirməli, QarabağQaradağ xanlıqlarının ərazisində erməni dövlətinin təşkili üçün şərait yaratmalıdır. Q.A.Potyomkin Qafqazdakı rus ordusunun komandanı P.S.Potyomkinə göndərdiyi sərəncamında göstəriş verirdi ki, Qarabağda erməni dövləti yaratmaq üçün təcili olaraq İbrahimxəlil xanı hakimiyyətdən devirmək lazımdır. Onun fikrincə, Qarabağda Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması ermənilərin digər yerlərdən buraya kütləvi axınına səbəb olacaqdır.

Lakin Rusiya hökuməti Cənubi Qafqaza planlaşdırdığı hərbi yürüşü bu dəfə də təxirə salmalı oldu. 1783-cü ildə Krımı dinc yolla işğal edən çar hökuməti Cənubi Qafqaza ordu göndərməklə Osmanlı Türkiyəsi ilə münasibətləri kəskinləşdirəcəyindən ehtiyat edirdi. Yaranmış yeni vəziyyət İbrahimxəlil xana da təsirsiz ötüşmədi. Rusiya hökuməti onu təcili olaraq devirmək planından müvəqqəti olaraq imtina etdi və hətta Qarabağ xanını Kartli-Kaxetiya çarlığı ilə 1783-cü ildə bağlanmış Georgiyevsk müqaviləsinin şərtlərinə uyğun himayə altına götürməyin mümkün olduğunu bildirdi.

Rusiyanın Cənubi Qafqaza ordu göndərmək planından imtina etməsi və qarabağlı İbrahimxəlil xanla yaxınlaşması ermənilər arasında ciddi təlaşa səbəb oldu. Onlardan bəziləri hətta rus hökumətini ermənilərin mənafeyini İbrahimxəlil xana satmaqda günahlandırmağa başladılar. İ.Arqutinski isə Q.A.Potyomkinə yeni təkliflə müraciət etdi. Təklifdə göstərilirdi ki, əgər Rusiya Qarabağ xanlığı ilə müqavilə bağlayıb onu öz himayəsinə götürərdisə, bu, heç bir halda Qarabağın xristian məliklərinə aid edilməməli, Rusiya onlarla ayrıca müqavilə bağlamalıdır.

Lakin hadisələrin sonrakı gedişi göstərdi ki, çar hökumətinin İbrahimxəlil xanı öz himayəsinə götürməsi ətrafında gedən danışıqlar ancaq görüntü xarakteri daşıyırdı. Rusiya bu danışıqlara başlamaqla İbrahimxəlil xanın məlikləri sıxışdırmasının qarşısını almağa çalışırdı. Əslində, Rusiyanın hakim dairələri İbrahimxəlil xana inanmır və onu Osmanlı Türkiyəsinin ən yaxın müttəfiqi hesab edirdi. P.S.Potyomkin öz raportlarından birində yazırdı ki, İbrahimxəlil xan “türklərə çox arxayındır və ermənilərlə birləşib onu əzəcəyimizdən qorxduğu üçün bizi yuxuya vermək istəyir.” Bu, bir daha onu göstərirdi ki, Rusiya Azərbaycan torpaqları hesabına erməni dövləti yaratmaq planından heçimtina etməmiş, onu sadəcə olaraq əlverişli məqam yetişənə qədər təxirə salmışdı. Çox tezliklə Rusiya hökuməti İranda gedən proseslərlə əlaqədar yenidən bu məsələyə qayıtdı.

1779-cu ildə Kərim xan Zəndin ölümündən sonra İranda hakimiyyəti ələ keçirən Əlimurad xan mövqelərini möhkəmləndirmək üçün Rusiyaya müraciət etmək qərarına gəldi. 1784-cü ildə Əlimurad xanın elçisi Məhəmməd xan xüsusi məktubla Rusiyaya göndərildi. Məktubda göstərirdi ki, İran şahı kimi tanınması və hərbi yardım göstərilməsi müqabilində Əlimurad xan Azərbaycanın və İranın Xəzərsahili torpaqlarını, habelə Qarabağ, İrəvan, Naxçıvan və Qaradağ xanlıqlarını Rusiyaya güzəştə getməyə hazırdır.

Əlimurad xanın təklif etdiyi güzəştin miqyası o qədər böyük idi ki, hətta ilk dövrlərdə bu, rus diplomatları tərəfindən təəccüblə qarşılanmışdı. Lakin tezliklə bu təklifin hansı nəticələrə gətirib çıxaracağını başa düşən çar hökuməti onun reallaşması üçün tədbirlər görməyə başladı. Əlimurad xanın təklifi, hər şeydən əvvəl, Rusiyanın Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq planının dinc yolla həyata keçirilməsi üçün əlverişli şərait yarada bilərdi. Q.A.Potyomkin yazırdı ki, Əlimurad xanın təklifindən “böyük xeyir götürmək, erməni diyarını təşkil etməli olan hissəni dincliklə qurmaq olar”. Diplomatik yazışmalar Rusiyanın erməni məsələsində aydın və düşünülmüş plana malik olduğunu göstərir. Kansler A.A.Bezborodkonun Q.A.Potyomkinə ünvanladığı məktub bu planın mahiyyəti haqqında aydın təsəvvür yaradır: “Müstəqil erməni vilayətinin birini II İraklinin çarlığının sərhədi yaxınlığında, digərini isə Xəzər dənizi sahillərində, İranla sərhəddə yaratmaq lazımdır”. Göründüyü kimi, Rusiya Azərbaycan torpaqları hesabına iki xristian dövləti yaratmağı planlaşdırırdı. Bunlardan birini “Ermənistan”, digərini isə “Albaniya” adlandırmaq nəzərdə tutulurdu.

Bununla belə, Rusiyanın hakim dairələrində erməni məsələsinin belə asanlıqla həll ediləcəyinə inam bəzən şübhə ilə əvəz edilirdi. A.A.Bezborodkonun “...əminəm ki, topsuz və tüfəngsiz yaxşı və böyük heç bir görə bilməzsən” fikribunu təsliq edir. Görünür, elə bu inamsızlığın nəticəsi idi ki, Rusiyanın Əlimurad xanın təklifinə cavabı, az qala, bir il uzandı. Yalnız 1784-cü ilin sonunda polkovnik Tomaranın başçılıq etdiyi rus nümayəndə heyəti İrana yola salındı. Tomara özü ilə Rusiyanın cavab təkliflərini, daha dəqiq desək, Əlimurad xanla bağlanılacaq müqavilə layihəsini aparırdı. Bu müqavilə layihəsi əslində, Rusiyanın Cənubi Qafqaz siyasətinin təcavüzkar mahiyyətini tamamilə açıb göstərir. Burada şimal-şərqi Azərbaycan torpaqlarının Rusiyaya güzəştə gedilməsi, İranın RusiyaKartli-Kaxetiya çarlığı ilə sərhədlərinin dəqiqləşdirilməsi, erməni və alban çarlıqlarının yaradılması, ticarət müqaviləsinin imzalanması və nəhayət, İranla Rusiya arasında Osmanlı Türkiyəsinə qarşı ittifaq yaradılması kimi məsələlər əks olunmuşdu. Müqavilənin mətnindən göründüyü kimi, Rusiya yaranmış fürsətdən istifadə edərək İran və Türkiyənin Cənubi Qafqaza təsir imkanlarını zəiflətməyi, erməni dövləti yaratmaqla bölgəni birdəfəlik öz təsiri altına almağı planlaşdırırdı.

Lakin Rusiya hökuməti erməni məsələsini bu dəfə də həll edə bilmədi. Əlimurad xanın elçisi Məhəmməd xanın Rusiyada uzun müddət cavab gözləməsi İran hakiminin mövqeyində ciddi dəyişikliyə səbəb oldu. Bu dəyişikliyin yaranmasında fransız diplomatiyası da mühüm rol oynamışdı. Rus tarixçisi P.Q.Butkov yazır ki, 1784-cü ilin yazında İrana gəlmiş fransız diplomatı Ferryer-Sovbef Əlimurad xanı Rusiya ilə ittifaqdanona ərazi güzəştləri etməkdən çəkindirməyə müvəffəq olmuşdu. Digər tərəfdən, 1785-ci ilin əvvəlində Əlimurad xanın qəflətən vəfat etməsi Rusiyanı erməni məsələsinin həllini növbəti dəfə təxirə salmağa məcbur etdi.

XVIII əsrin 80-ci illərinin ikinci yarısı və 90-cı illərinin əvvəllərində Rusiyanın Cənubi Qafqaz siyasətində müşahidə edilən davakarlıq nisbi passivliklə əvəz olunmuşdu. 1783-cü ildə dinc yolla Krımı ələ keçirən və Kartli-Kaxetiya çarlığını himayəsi altına alan çar hökuməti daha əlverişli vaxt yetişənə qədər öz işğalçılıq planlarını təxirə salmışdı. Rusiyanın Cənubi Qafqaz siyasətində müşahidə edilən bu passivlik ilk növbədə erməni liderlərini məyus etmişdi. Onlar Rusiyanı növbəti dəfə verdiyi vədləri yerinə yetirməməkdə günahlandırmağa başlamışdılar. Bununla belə, onlar yenə də Rusiyanı Cənubi Qafqaza hərbi müdaxiləyə çağırır, bunu getdikcə güclənməkdə olan İbrahimxəlil xanın onun mənafeləri üçün ciddi təhlükə yaratması ilə əsaslandırmağa çalışırdılar. Çox maraqlıdır ki, İbrahimxəlil xanın fəallaşmasını gürcü çarı II İraklixüsusi qeyd edirdi. O, Rusiya hökumətinə ünvanladığı məktublarından birində göstərirdi ki, “Şuşalı İbrahimxəlil xan müxtəlif yerlərə, o cümlədən Axalsıxa, Ərzuruma və Dağıstana öz elçilərini göndərib onlardan kömək istəyərək qısa zamanda bizim çarlığımız üzərinə hücuma hazırlaşır.”

Bu dövrdə İbrahimxəlil xan doğrudan da xeyli fəallaşmışdı. Rusiyanın tezliklə Cənubi Qafqaza hərbi yürüş təşkil etməyəcəyinə əmin olan Qarabağ xanı separatçı xristian məlikləri cəzalandırmaq qərarına gəlmişdi. Gürcüstandakı rus qoşununun komandanı S.D.Burnoşovun iyul 1787-ci il tarixli məktubundan aydın olur ki, İbrahimxəlil xan Qarabağ məliklərini, alban katalikosunu həbsə atdırmış və onların Rusiya ilə birləşərək Qarabağ xanlığında erməni dövləti yaratmaq cəhdlərini ifşa etmişdi. Ağır vəziyyətə düşən məliklər kömək üçün yenidən Rusiyaya müraciət etmişdilər. Lakin Osmanlı Türkiyəsi ilə başlamaqda olan yeni müharibə şəraitində Rusiya Cənubi Qafqaza ordu göndərilməyəcəyini bildirmişdir. Əlbəttə, bu, heç də Rusiyanın Azərbaycan torpaqlarını ələ keçirmək, orada erməni dövləti yaratmaq planlarından imtina etməsi demək deyildi.

Rusiyanın Cənubi Qafqazda erməni dövləti yaratmaq planı 1796-cı ildə V.A.Zubovun yürüşü zamanı yenidən gündəmə gətirildi. Bununla belə, V.A.Zubovun yürüşü zamanı məsələnin qoyuluşu əvvəlki dövrlərlə müqayisədə bir sıra fərqli xüsusiyyətlərə malik idi. Əvvəla, bu yürüş zamanı əsas diqqət Azərbaycan torpaqları hesabına erməni dövlətinin yaradılması deyil, erməni əhalinin yaşadıqları torpaqların Rusiyanın himayəsi altına keçməsinə yönəldilirdi. II Yekaterina V.A.Zubova verdiyi buyruqda bildirirdi ki, “Qarabağın erməni məlikləri və əhalisi bizim Ararat patriarxının başçılığı ilə Rusiya himayəsinə daxil edilsin”. Bu zaman Rusiyanın himayəsi altına götürülməsi nəzərdə tutulan torpaqların statusu haqqında bir kəlmə də olsun danışılmırdı. V.A.Zubovun 1796-cı ilin sonlarında Gəncə xanlığını işğal etmək üçün göndərdiyi general Rimski-Korsakova verdiyi əmrdə də söhbət Qarbağda erməni dövlətinin yaradılmasından deyil, “...xristianları müsəlmanların əsarətindən tezliklə xilas etmək”dən gedirdi.

İkincisi, XVIII əsrin 70-80-ci illərindən fərqli olaraq V.A.Zubovun yürüşü zamanı erməni məsələsi olduqca gizli saxlanılırdı. Hökumətdən aldığı təlimata uyğun hərəkət etməyə çalışan V.A.Zubov yenə də həmin Rimski-Korsakova verdiyi əmrdə bildirirdi ki, “...müsəlmanların bu məsələ haqqında vaxtından əvvəl xəbər tutmalarına, bu məsələdən artıq xəbərdar olan Qarabağ məliklərinə və digər xristianlara vaxtından əvvəl çıxış etməyə imkan vermək olmaz.”

Üçüncüsü, 80-ci illərdə Rusiya hökuməti qarabağlı İbrahimxəlil xanı devirməyi və onun torpaqlarında erməni dövləti yaratmağı planlaşdırdığı halda, 1795-ci ildə “Ağa Məhəmməd xana möhkəm və mərdanə müqavimət göstərdiyinə görə” ona yardım göstərmək haqqında V.A.Zubova göstəriş vermişdi. Əslində, bu, Ağa Məhəmməd xanın Cənubi Qafqazı ələ keçirməsinin qarşısını almaq üçün atılmış müvəqqəti bir addım idi. Rusiya Ağa Məhəmməd xana qarşı mübarizə üçün digər Azərbaycan xanları kimi, İbrahimxəlil xanın qüvvəsindən də istifadə etmək istəyirdi.

Bununla belə, Rusiya XVIII əsrin sonlarında Azərbaycan torpaqları hesabına erməni dövləti yaratmaq planını reallaşdıra bilmədi. 1796-cı ilin noyabrında II Yekaterinanın ölümündən sonra hakimiyyətə gəlmiş I Pavel V.Zubovun yürüşünü dayandırdı və rus qoşunlarını Azərbaycandan geri çağırdı. Lakin Rusiyanın Cənubi Qafqaz siyasətində erməni məsələsi hələ uzun müddət aktual olaraq qalırdı. Elə bunun nəticəsi idi ki, Türkmənçay müqaviləsinin imzalanmasından sonra ermənilər kütləvi şəkildə İrandan və Türkiyədən Azərbaycan torpaqlarına köçürüldü və XX əsrin əvvəllərində bu torpaqlar hesabına erməni dövləti yaradıldı.

 

Camal MUSTAFAYEV,

tarix üzrə elmlər doktoru, professor

Azərbaycan.-2015.- 19 fevral.- S.5.