Avropa idmanı Azərbaycana gəlir

 

I Avropa Oyunları

 

Azərbaycan tarixdə ilk dəfə olaraq Avropa Oyunlarını keçirməklə ölkəmizin müasir tarixinin çox şərəfli bir səhifəsini yazacaq. Bu, Azərbaycanın inkişafına, sabitliyə, dünya idmanının və Olimpiya hərəkatının fəal iştirakçılarından biri olmasına verilən qiymətdir.

Bu gün öz inkişafına görə Cənubi Qafqazın lider ölkəsinə çevrilən Azərbaycan eyni zamanda idman ölkəsi kimi tanınır. Azərbaycanın idman müstəvisində beynəlxalq nüfuzu güclənməkdə və bu istiqamətdə beynəlxalq aləmdə ölkəmizin uğurları artmaqdadır. Bütün bunların nəticəsi kimi, bir sıra mötəbər idman yarışlarının təşkil olunması Azərbaycana etibar edilir.

İdman yarışlarının təşkil edilməsi üçün güclü infrastrukturun yaradılması ən vacib şərtlərdəndir. Azərbaycanın hər bir bölgəsində idman arenalarının, müasir komplekslərin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi ölkədə böyük idmançı ordusunun formalaşmasını və idmanın inkişafını təmin edib. Eyni zamanda bir-birini əvəzləyən idman yarışları Bakının daha böyük miqyaslı yarışlara ev sahibliyi etmək imkanlarını artırıb. Ölkəmizin Avropa  Oyunları kimi qitənin bir nömrəli idman yarışına ev sahibliyi etməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır.

Məhz bu amilləri nəzərə alan Avropa Olimpiya Komitəsi 2015-ci ildə ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar qəbul edib. Şübhəsiz, Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizin çox böyük tarixi uğurudur. Prezident İlham Əliyev də bu qərarı tarixi uğur kimi dəyərləndirib: “Bu, doğrudan da, tarixi hadisədir. Çünki bu vaxta qədər Avropa Olimpiya Oyunları keçirilməmişdir və ilk Oyunların Bakıda keçirilməsi böyük tarixi hadisədir, ölkəmizin böyük uğurudur”.

Ümumiyyətlə, təkcə Olimpiya oyunlarına deyil, beynəlxalq səviyyəli istənilən idman yarışına ev sahibliyi etmək üçün ölkələr arasında ciddi rəqabət mövcuddur. Təsadüfi deyil ki, idman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, tikilmiş müasir idman kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz son illər mötəbər beynəlxalq turnirlərin keçirildiyi məkana, dünyanın idman mərkəzlərindən birinə çevrilib.

I Avropa oyunları ilə əlaqədar olaraq bir sıra idman obyektləri beynəlxalq standartlara uyğunlaşdırılıb. Həmin idman obyektləri həm müasir, həm də beynəlxalq federasiyaların texniki tələblərinə uyğun vəziyyətə gətirilib. Bu tələblər eyni zamanda məşq prosesinin təşkil edilməsinə də aiddir. Təcrübə göstərir ki, iştirak edən idmançılar məşq zallarının yarış keçirilən arenaların texniki şərtlərinə uyğun olmasını istəyirlər. Bunu da qeyd etmək vacibdir ki, media nümayəndələri idmançıların məşq proseslərini daha çox izləyir və məşq zallarında şərait ümumi rəyə ciddi təsir edir. Vacib sahələrdən biri yarışlar zamanı idmançıların və məşqçilərin, eyni zamanda qonaqların qidalanması, tibbi xidmət və nəqliyyat məsələləridir. Atletlər kəndində xüsusi poliklinika və yeməkxana yaradılır. Yarış yerlərində qonaqlar üçün VİP salonlar, turnirdə iştirak edən idmançıların qidalanması və tamaşaçılar üçün iaşə obyektləri şəbəkəsi formalaşdırılır. Həmçinin atletlər kəndində idmançılar, məşqçilər və yardımçı heyət üçün nəzərdə tutulan yaşayış, inzibati, rəsmi və təsərrüfat təyinatlı otaqlar və sahələr müvafiq mebel, avadanlıq və ləvazimatla təchiz edilir. Eyni zamanda atletlər kəndində yerləşəcək qonaqlar üçün müvafiq infrastruktur, o cümlədən trenajor zalları, hovuz, xidmət sahələri, bank, foto, kimyəvi təmizləmə, bərbərxana, poçt məntəqəsi, internet-klub, kafe, asudə vaxtın keçirilməsi üçün yerlər yaradılır.

Oyunlar zamanı paytaxtımıza 10 minədək idmançının, məşqçinin, rəsmi şəxsin, jurnalistin gələcəyi gözlənilir. Yarış günlərində Avropanın, eləcə də dünyanın aparıcı telekanalları Bakıdan xəbərlər yayacaq, paytaxtımız növbəti dəfə dünya idmanının mərkəzinə çevriləcək. Bundan başqa, oyunlar Azərbaycanda turizmin, nəqliyyat infrastrukturunun və digər sahələrin inkişafına böyük təkan verəcək. Avropa Oyunlarının keçirilməsində əldə edəcəyimiz təcrübə gələcəkdə digər mühüm yarışlara ev sahibliyi etməyimizə imkan verəcək.

 

Azərbaycan.-2015.- 19 fevral.- S.6.