Meksika Konqresində Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib

 

“Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Meksika Konqresi Deputatlar Palatasında konfrans keçirilib.

Azərbaycanın Meksikadakı səfirliyindən AzərTAc-a bildirilib ki, “İnsan oğurluğu və soyqırımı əleyhinə beynəlxalq gündəm, Xocalıda soyqırımı hadisəsi” adlı konfransda Deputatlar Palatasının üzvləri, Amerika İnstitutunun rektoru Ruben Salas, Meksika Xatirə və Dözümlülük Muzeyinin nümayəndəsi Alan Qarsia, Ukrayna, Gürcüstan, Pakistan, Bolqarıstan və Slovakiyanın səfirləri, ictimaiyyətin nümayəndələri, elm xadimləri, aparıcı universitetlərin müəllim-tələbə heyəti iştirak ediblər.

Meksika Sülh, Ədalət və Ətraf Mühit Birgə Fondunun koordinatorluğu ilə keçirilmiş konfransda hüquq müdafiəçisi Alfredo Roxas tədbirin əsas məqsədinin insan oğurluğu və soyqırımı cinayətləri barədə yeni nəslin məlumatlandırılması, belə halların qarşısının alınması üçün müvafiq maarifləndirmə işinin aparılması olduğunu söyləyib.

Konfransın Xocalıdakı soyqırımının təhlilinə həsr olunduğunu qeyd edən Deputatlar Palatasının üzvü, palatanın İdarə Şurasının katibi xanım Maqdalena del Sokorro Nunyez dünyada müxtəlif soyqırımı hadisələrinin təhlili baxımından bu tədbirin önəmini vurğulayıb.

Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov ölkəmizin Dağlıq Qarabağ regionunun və ətraf yeddi rayonun 23 ildir ki, Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğunu bildirib. Xocalının yerlə-yeksan edildiyini söyləyən səfir burada insanlıq əleyhinə soyqırımının törədildiyini, mülki əhalinin etnik təmizləmə siyasətinin qurbanı olduğunu diqqətə çatdırıb, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini vurğulayıb. Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınmasından söz açan səfir bu məsələ ilə bağlı Meksika, Kolumbiya, Panama, Peru, Honduras, Pakistan və digər ölkələrin parlamentlərinin və bir sıra beynəlxalq təşkilatların qərarları barədə məlumat verib. Diplomat bunun Azərbaycan xalqına və dövlətinə, eləcə də Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli prosesinə böyük siyasi və mənəvi dəstək olduğunu diqqətə çatdırıb.

Daha sonra səfirlik tərəfindən Xocalı soyqırımına dair ispan dilində hazırlanmış sənədli film göstərilib. Soyqırımının canlı şahidlərinin ifadələri, hadisə yerinin video çəkilişləri əsasında hazırlanmış film tamaşaçılara dərin təsir bağışlayıb.

Filmin nümayişindən sonra Ermənistanın hazırkı Prezidenti Serj Sarkisyanın o zaman erməni silahlı qruplaşmalarının başında olduğunu qeyd edən səfir İ. Muxtarov onun Xocalı soyqırımı və digər hərbi cinayətlərdə iştirak etdiyini söyləyib. Səfir hazırkı Ermənistan rəhbərliyinin əlinin Azərbaycan xalqının qanına batdığını diqqətə çatdırıb.

Konfransda, həmçinin səfirlik tərəfindən Azərbaycanın tarixi torpaqları, sərhədləri, coğrafiyası, ermənilərin Azərbaycana köç tarixi, xalqımızın üzləşdiyi işğal və etnik təmizləmə siyasəti və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusunda təqdimat edilib.

Ukraynanın Meksikadakı səfiri Ruslan Spirin postsovet məkanında mövcud münaqişələrdən, ölkəsinin üzləşdiyi hazırkı problemdən danışıb. O, BMT-də Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamənin qəbulu zamanı Azərbaycanın həmin qətnamənin lehinə, Ermənistanın isə əleyhinə səs verdiyini diqqətə çatdırıb.

Konfransın iştirakçılarına Azərbaycanın Meksikadakı səfirliyi tərəfindən ispan dilində hazırlanmış “Xocalıda soyqırımı” jurnalı təqdim olunub. Sonra İ.Muxtarov iştirakçıların suallarını cavablandırıb. Tədbir Meksika Konqresinin televiziya kanalı tərəfindən işıqlandırılıb.

 

Azərbaycan.-2015.- 19 fevral.- S.7.