Azərbaycan ilə Gürcüstan mövcud potensialı nəzərə almaqla ticarət-iqtisadi münasibətlərin inkişafına dəstək göstərmək barədə razılığa gəliblər

 

Gürcüstan ilə Azərbaycan arasında əməkdaşlığın ən mühüm sahələrindən biri energetikadır. AzərTAc Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, bu fikri Gürcüstanın xarici işlər naziri Tamar Beruçaşvili fevralın 19-da Tbilisidə Azərbaycan XİN-in başçısı Elmar Məmmədyarovla birgə brifinqdə səsləndirib.

Onun sözlərinə görə, iki ölkə “Cənub” qaz dəhlizi layihəsinin həyata keçirilməsi sahəsində də sıx əməkdaşlıq edir.

T.Beruçaşvili deyib: “Əlbəttə, geostrateji vəziyyət Gürcüstan ilə Azərbaycana Asiya və Avropa arasında nəqliyyat dəhlizini də inkişaf etdirmək imkan verir. Bu əməkdaşlığın təsdiqi üç ölkəni – Gürcüstan, Azərbaycan və Türkiyəni birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisidir”.

Nazir bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan ərazisindən keçən hissəsi uğurla sınaqdan keçirilib.

T.Beruçaşvili bildirib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır.

Nazir sonda deyib: “Biz mövcud potensialı nəzərə almaqla ticarət-iqtisadi münasibətlərin inkişafına dəstək göstərmək barədə razılığa gəldik. Gürcüstan ilə Aİ arasında azad ticarət haqqında geniş əhatəli sazişin imzalanmasından Azərbaycan sərmayədarlarının əldə edəcəyi qazanc da müzakirə edilib”.

 

 

Azərbaycan.-2015.- 20 fevral.-  S.2.