ATƏT PA-nın qış sessiyasında
Kəlbəcərdə girov
götürülmüş azərbaycanlılarla
bağlı məsələ gündəmə gətirilib
Xəbər
verdiyimiz kimi, Milli Məclisin sədr müavini, Azərbaycanın
ATƏT Parlament Assambleyasındakı (ATƏT PA) nümayəndə
heyətinin rəhbəri Bahar Muradovanın
başçılığı ilə deputatlarımız
qurumun Vyanada keçirilən 14-cü qış
sessiyasında iştirak edirlər.
ATƏT
PA-nın hər üç komitəsinin birgə iclasında
təşkilatın fəaliyyətdə olan sədri
İviça Daçiç sədrlik dövründə
qarşıda duran məqsəd və vəzifələr, fəaliyyətinin
prioritetləri ətrafında çıxış edib. Sonra
keçirilən sual-cavab zamanı Azərbaycan nümayəndə
heyətinin rəhbəri Bahar Muradova çıxış
edib.
ATƏT
PA-nın keçən ilin iyul ayında Bakıda
keçirilmiş 23-cü illik sessiyasında qəbul
olunmuş Bakı Bəyannaməsini xatırladan Bahar Muradova
bu sənədin qarşıya qoyduğu vəzifələrin
icrasının gələcəkdə ATƏT məkanında
təhlükəsizliyin təmin olunması üçün
mühüm əhəmiyyət
daşıdığını bildirib.
B.
Muradova İ. Daçiçə öz yaxınlarının
məzarlarını ziyarət etmək istəyən və
Ermənistan ordusu tərəfindən girov
götürülmüş azərbaycanlılar Dilqəm
Əsgərov və Şahbaz Quliyevin taleyi ilə bağlı
sual ünvanlayıb. Milli Məclis sədrinin müavini
bildirib ki, hər iki şəxsin üzərində qondarma
“Dağlıq Qarabağ respublikasının dövlət sərhədlərini
pozma” maddəsi üzrə separatçı rejim tərəfindən
saxta məhkəmə şousu qurularaq, barələrində
hökm çıxarılıb. Eyni zamanda, onların digər
yoldaşı Həsən Həsənov amansızlıqla qətlə
yetirilib. B.Muradova bu hadisədən dərhal sonra ATƏT
PA-nın bütün rəsmi təmsilçilərini həmin
şəxslərin girovluqdan azad edilməsi üçün səy
göstərməyə çağırdığını
diqqətə çatdırıb.
Bahar
Muradova belə bir sual verib: “Siz ATƏT-in fəaliyyətdə
olan sədri qismində həmin girovların azad edilməsi
üçün hansı səyləri göstərə bilərsiniz?
Sanksiyaların tətbiq edilməsi imkanının
aktuallığını nəzərə alaraq, Azərbaycan
vətəndaşlarının öz evlərinə dönmələrini
təmin etmək məqsədilə Dağlıq Qarabağ
separatçılarına və Ermənistan Respublikasına
qarşı hansı sanksiyalar tətbiq oluna bilər?”
Sədrlik
dövründə regiona səfər edəcəyini diqqətə
çatdıran İ.Daçiç Dağlıq Qarabağ məsələsinin
daim diqqət mərkəzində saxlanılmalı olduğunu
qeyd edib. O, bu ilin əvvəlindən bəri qoşunların
təmas xəttində 20-dən artıq insanın həlak
olması xəbərinin onları narahat etdiyini söyləyib.
İ.Daçiç deyib: “Bu məsələ ilə məşğul
olan Minsk qrupu mövcuddur və sədrlik dövründə
onun fəallığının artırılmasına
çalışacağam. Həmçinin regionda etimadı
gücləndirmək üçün kiçik, lakin real
addımların atılması istiqamətində səylərimi
gücləndirəcəyəm”.
Elgün Niftəliyev
AzərTAc-ın xüsusi
müxbiri
Vyana
Azərbaycan.-2015.- 20 fevral.- S.2.