Azərbaycan ilə Serbiya
arasında məhkəmə-hüquq
əməkdaşlığının
perspektivləri müzakirə olunub
Fevralın
19-da Konstitusiya Məhkəməsinin sədri Fərhad
Abdullayev Serbiyanın Azərbaycandakı səfiri Neboyşa
Rodiç ilə görüşüb.
Fərhad
Abdullayev Konstitusiya Məhkəməsinin fəaliyyəti və
praktikası barədə qonağa məlumat verib. Qeyd edilib
ki, yarandığı ilk günlərdən başlayaraq Məhkəmə
beynəlxalq hüquq əməkdaşlığına diqqət
yetirir, Avropa ölkələrinin Konstitusiya məhkəmələrinin
və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin
təcrübəsini izləyir. Dünya və Avropa Konstitusiya
Məhkəmələrinin Konfransı təşkilatlarının
tamhüquqlu üzvü olan Azərbaycanın Konstitusiya Məhkəməsi
bir çox xarici konstitusiya nəzarəti orqanları ilə
sıx əməkdaşlıq edir.
Konstitusiya
Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a
bildiriblər ki, sədr F.Abdullayev Avropada konstitusiya ədalət
mühakiməsi sahəsində formalaşan vahid məhkəmə
praktikasının əhəmiyyətini vurğulayaraq,
konstitusiya prinsiplərinin qorunmasında Konstitusiya Məhkəməsinin
mühüm rolunu qeyd edib.
Səfir
N.Rodiç qəbula görə təşəkkürünü
bildirərək Serbiya Respublikası və Azərbaycan
Respublikası Konstitusiya məhkəmələri arasında əməkdaşlığın
inkişaf etdirilməsinin vacibliyini diqqətə
çatdırıb. Avropada müşahidə edilən
hüquqi inteqrasiyaya toxunub.
Diplomat
təmsil etdiyi ölkənin Konstitusiya Məhkəməsinin sədri
adından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
sədrini Belqrada rəsmi səfərə dəvət edib.
Görüşdə,
həmçinin Azərbaycan ilə Serbiya arasında məhkəmə-hüquq
əməkdaşlığının perspektivləri ilə
bağlı bir sıra məsələlər müzakirə
edilib.
Azərbaycan.-2015.- 20 fevral.- S.2.