Azərbaycan Ombudsmanı Xocalı soyqırımının

 23-cü ildönümü ilə bağlı bəyanat yayıb

 

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar bəyanat verib.

Ombudsman Aparatından AzərTAc-a daxil olan bəyanatda deyilir ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə müşayiət olunan Xocalı soyqırımından 23 il ötür. Bu faciə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir.

Bəyanatda qeyd edilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət beynəlxalq hüquq baxımından məhz soyqırımı kimi qiymətləndirilməlidir. Şəxsi heyətində erməni zabitlərin də olduğu bu alayın çoxsaylı ağır texnikası şəhərə yeridilib, yaşayış evləri və sosial infrastruktur tamamilə dağıdılıb və yandırılıb. Cinayətkarlar vahimə içərisində şəhəri tərk etmək məcburiyyətində qalan dinc insanları amansızcasına qətlə yetiriblər.

Beynəlxalq hüquqa əsasən, genosid ən ağır cinayətlərdəndir və bunun hüquqi əsasları bir sıra sənədlərdə öz əksini tapıb. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli qətnaməsində qeyd olunur ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dəyərlərdən məhrum edir. Belə əməllər BMT-nin məqsəd və vəzifələrinə, ümumbəşəri dəyərlərə tamamilə ziddir.

Genosid cinayətinin əlamətləri BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli qətnaməsi ilə qəbul edilmişGenosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada müəyyən edilib. Xocalı soyqırımı zamanı baş vermiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların kütləvi şəkildə məhv edilməsi niyyəti ilə törədilməsi onun genosid aktı olduğunu sübut edir. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı adı çəkilən Konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil edən bütün əməllər tətbiq olunub. Beynəlxalq hüquq normalarına görə, soyqırımı törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür. Lakin təəssüf ki, Azərbaycanda dinc əhaliyə qarşı belə dəhşətli soyqırımı aktları həyata keçirilməsinə baxmayaraq, bu faktlar, o cümlədən Xocalı soyqırımı beynəlxalq aləmdə hələ də öz qiymətini almayıb.

Bəyanatda vurğulanır ki, Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağonun ətrafındakı yeddi rayon Azərbaycan ərazisinin ayrılmaz tərkib hissəsidir. Bunu beynəlxalq hüquq, o cümlədən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, BMT Baş Məclisinin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 2008-ci il 14 mart tarixli Qətnaməsi, AŞPA-nın Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı qüvvələr tərəfindən idarə olunmasını təsdiq edən 2005-ci il tarixli 1416 saylı qətnaməsi və 1690 saylı tövsiyəsi bir daha sübut edir. İşğal nəticəsində bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Onların əsas hüquq və azadlıqları kütləvi şəkildə kobudcasına pozulub.

Ermənistan Avropa Şurasına üzv qəbul olunarkən Parlament Assambleyasının 221 saylı rəyi əsasında öz üzərinə bir sıra öhdəliklər götürüb. Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə Ermənistan öz üzərinə münaqişəni yalnız dinc yollarla nizamlamaq üçün səyləri davam etdirmək, beynəlxalq və yerli mübahisələri qonşulara qarşı güc tətbiqi ilə hər hansı hədələməyə yol vermədən, dinc vasitələrlə və beynəlxalq hüququn prinsipləri əsasında həll etmək öhdəliyini götürüb. Lakin Ermənistan qeyri-konstruktiv mövqe nümayiş etdirərək, bu öhdəliklərə əməl etmir, regionda sülhün bərqərar olmasına və davamlı inkişaf proseslərinə maneçilik törədir, atəşkəs rejimini mütəmadi olaraq pozur.

Bəyanatda bildirilir ki, Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı 2013-cü il 23 oktyabr tarixli qətnaməsi də beynəlxalq birliyin ölkəmizin haqlı mövqeyini dəstəkləməsini və işğal faktını tanımasını təsdiqləyir. Həmin sənəddə ilk dəfə olaraq, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinin vacibliyi bildirilib və işğalçı qüvvələrin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılması tələb edilib. Təəssüf ki, bununla bağlı da heç bir tədbir görülməyib və Azərbaycanın zəbt olunmuş əzəli torpaqları hələ də işğal altında saxlanılır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Xocalı soyqırımının əsl mahiyyətini açıqlamış və 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət vermişdi. Prezident İlham Əliyev bu münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmasının, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini daim qətiyyətlə vurğulayır.

Azərbaycan Ombudsmanı mötəbər beynəlxalq tədbirlərdə çıxış edərkən Azərbaycan həqiqətlərinin çatdırılması və təbliğinə mühüm yer verir. Ötən ilin martında BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə keçirilmişGenosid cinayətinin qarşısının alınması və cəzalandırılmasına dair Konvensiya”nın 65-ci ildönümünə həsr edilmiş 25-ci sessiyasında müvəkkilin genosidin qarşısının alınması üzrə bəyanatı qurumun rəsmi sənədləri sırasında qeydiyyata alınıb, internet səhifəsində yerləşdirilib və 250 nüsxədə çap edilərək iştirakçılara paylanıb.

Son vaxtlar bütün dünyada haqq işimizin beynəlxalq hüquq müstəvisində təbliği və tanınması istiqamətində müəyyən canlanma duyulur, Xocalıda törədilmiş qanlı qətliam etiraf olunur. ABŞ-ın Kaliforniya, Massaçusets, Texas, Nyu-Cersi, Meyn, Nyu-Meksika, Arkanzas, Corciya, Oklahoma, Tennesi, Pensilvaniya, Konnektikut, FloridaMissisipi ştatlarının qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunub, Xocalıda soyqırımını törədənlərin məsuliyyətə cəlb olunması tələb edilib. Vest Virciniya ştatının qanunverici orqanının Nümayəndələr Palatasında Xocalı faciəsi ilə bağlı qətnamə qəbul edilib. Qətnamədə Xocalıda törədilmiş cinayətlərin 1988-ci ildən Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni hərbi qüvvələri tərəfindən həyata keçirilən təcavüzün tərkib hissəsi olduğu deyilir.

Artıq Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan, BosniyaHerseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya və Hondurasın parlamentləri də Xocalı soyqırımını tanıyıb.

İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyan ilk beynəlxalq təşkilatdır. Bu təşkilatın Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlamış, dünyanın 40-dan çox ölkəsində həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının məramı da beynəlxalq ictimaiyyəti bu qanlı hadisə ilə bağlı ətraflı məlumatlandırmaqdır.

Amerikalı siyasi icmalçı Raul Loveri KontrerasThe Hill” qəzetində Xocalı faciəsi ilə bağlı dərc edilmiş məqaləsində yazır: “23 il əvvəl erməni silahlı dəstələri müstəqilliyini yenicə elan etmiş, hələ nizami ordusu olmayan Azərbaycana hücum edərək, ölkə ərazisinin bir hissəsini işğal etmiş, bir milyona yaxın etnik azərbaycanlını öz doğma yurdlarından qovmuş və Xocalı şəhərinin dinc sakinlərinə qarşı qırğın törətmişlər. Qocaların, qadınların və uşaqların qətlə yetirilməsinin, onların cəsədlərinin eybəcər hala salınması kimi dəhşətli faciənin şahidləri olmuş amerikalı və avropalı jurnalistlər vaxtilə həmin qanlı hadisəni təsvir etmişlər. Bu faciəyə yalnız bir ad vermək olar: soyqırımı”.

“Müddətin hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə tətbiq edilməməsi haqqında” 1968-ci il 26 noyabr tarixli Konvensiya imkan verir ki, törədilmə vaxtından asılı olmayaraq, soyqırımı cinayəti törətmiş məsul şəxslər istənilən vaxt cinayət məsuliyyətinə cəlb olunsunlar.

Ombudsmanın bəyanatında deyilir: “İkili standartlara yol vermədən, beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq, bu hadisə xüsusi beynəlxalq komissiya tərəfindən araşdırılmalı, səlahiyyətli beynəlxalq qurumlar tərəfindən genosid aktı kimi tanınmalı, cinayət törədənlərə qarşı sanksiyalar tətbiq edilməlidir. Nüfuzlu beynəlxalq qurumları birmənalı mövqe nümayiş etdirərək, bir daha bu soyqırımını pisləməyə, onu törədənlərin layiq olduqları cəzanı tezliklə alması üçün səyləri artırmağa çağırıram.

Bir daha bəyan edirik ki, Ermənistan münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin müddəalarını yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, azərbaycanlı əsir və girovlar azad edilməli, qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları bərpa olunmalı, onlar öz doğma yurdlarına qayıtmalı, günahsız, dinc insanları məhv edən cinayətkarlar tezliklə ədalət məhkəməsi qarşısında cavab verməli və cəzalandırılmalıdır”.

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.

 

Azərbaycan.-2015.- 20 fevral.-  S.3.