Bakıda “İslam maliyyəsi: müasir vəziyyət və gələcək gözləntilər”

 mövzusunda beynəlxalq konfrans keçirilir

 

Bakıda “İslam maliyyəsi: müasir vəziyyət və gələcək gözləntilər” mövzusunda beynəlxalq konfrans işinə başlayıb.

AzərTAc xəbər verir ki, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov çıxış edərək XX əsrin ortalarından başlayaraq dünyada əsaslı inkişaf tempinə malik olan İslam maliyyəsi üzrə vəsaitlərin Azərbaycanda tətbiqinin genişləndirilməsinin əhəmiyyətindən danışıb. Bildirilib ki, bugünkü tədbirin məqsədi İslam maliyyə sistemi sahəsində çalışan yerli və xarici alimləri, ictimai xadimləri, investorları və digər maraqlı tərəfləri bir araya toplayaraq mövzu ətrafında müzakirələr apararaq təkliflər vermək, innovativ fikirləri paylaşmaq, iştirakçıların təmsil olunduqları ölkələr üçün İslam maliyyəsinin tətbiqi sahəsində tövsiyələr hazırlamaqdan ibarətdir.

Konfransda İslam bankçılıq fəaliyyətində yeni meyillər, kiçik və orta sahibkarlığın investisiya təminatında İslam maliyyəsinin rolu, Azərbaycanda İslam bankçılığının inkişafı: imkanlar və perspektivlər, qeyri-islam ölkələrində İslam bankçılığının inkişaf perspektivləri, inkişafı və Azərbaycanda tətbiqi perspektivləri, lizinq fəaliyyətinin İslam bankçılığı məhsulları ilə maliyyələşdirilməsi imkanları və s. mövzularda məruzələr dinləniləcək.

Qeyd edək ki, konfrans İqtisadi Resursların Öyrənilməsi Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiyə İqtisadi Araşdırmalar Mərkəzi (İKAME) ilə birgə keçirilir.

 

Azərbaycan.-2015.- 20 fevral.-  S.3.