“Azərişıq” bütün
ölkə abunəçilərini yüksək
səviyyədə elektrik
enerjisi ilə təchiz edəcək
Artıq neçə illərdir ki, Bakı şəhərində və Bakıətrafı məntəqələrdə elektrik enerjisinin təchizatı sahəsində heç bir problem yoxdur. Bunun elektrik təchizatı sistemində aparılan islahatların məntiqi nəticəsi olaraq baş verdiyini paytaxtın bütün sakinləri hiss edirlər. Bakıda və ətraf qəsəbələrdə sakinlər mütəmadi qəzalar nəticəsində elektrik enerjisinin kəsilməsinin, saatlarla işıqsız qalmağın nə olduğunu artıq çoxdan unudublar. Təbii ki, ayrı-ayrı qəzalar indi də baş verir. Lakin bütün bu cür hallar ən qısa müddətdə aradan qaldırılır. Bakının enerji sisteminin hazırkı vəziyyəti hər kəsə birmənalı bu qənaətə gəlmək imkanı verir - Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ildə “Bakıelektrikşəbəkə” ASC-nin yenidən qurulması ilə bağlı qərarı özünü tam şəkildə doğruldub.
Dövlət başçısının daimi diqqəti sayəsində “Bakıelektrikşəbəkə” ASC Bakının mövcud enerjipaylayıcı sisteminin infrastrukturunu müasirləşdirib, şəhərin elektrik enerjisinə olan tələbatı tam ödənilib, bununla kifayətlənməyrək artmaqda olan tələbatın ödənilməsi üçün də sistemin yaradılmasına başlanılıb. Ümumilikdə 2006-cı ildə “Bakıelektrikşəbəkə”nin fəaliyyətinin bərpasından sonra şəbəkənin gərginliyi qəbul etmək və paylaşdırmaq gücü iki dəfədən çox artıb.
“Bakıelektrikşəbəkə” ASC komandasının uğurlu idarəetmə təcrübəsini nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyev bu sistemin bütün ölkə ərazisinə yayılması qərarına gələrək “Bakıelektrikşəbəkə” ASC-nin adının dəyişdirilərək “Azərişıq” ASC adlandırılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, yeni yaradılmış qurum Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirir, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir. Qeyd edək ki, indiyədək bu işləri həm də istehsalçı olan “Azərenerji” ASC həyata keçirirdi. Sərəncama əsasən, Nazirlər Kabinetinə tapşırılıb ki, “Azərenerji” ASC-nin balansındakı istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan əmlak və digər avadanlıqların “Azərişıq” ASC-nin balansına verilməsi üçün tədbirlər görsün.
Prezidentin digər sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC-nin rəhbəri Baba Rzayev “Azərişıq” ASC-nin sədri təyin olunub. Beləliklə, Bakı kimi nəhəng meqapolisin enerji sisteminin idarə olunmasının uğurlu təcrübəsi “Azərişıq” ASC-yə ölkənin regionlarında da effektiv sistemin qurulmasına kömək edəcək. Ölkə Prezidenti İlham Əliyev bu il fevral ayının 9-da artıq keçmiş “Bakıelektrikşəbəkə” adlandırdığımız ASC tərəfindən inşa olunmuş 110 kilovoltluq “Ağ şəhər-1”, “Həzi Aslanov”, “Kürdəxanı” elektrik yarımstansiyalarının və 35 kilovoltluq 7 yarımstansiyanın açılışında iştirak edib. Baba Rzayev “Ağ şəhər-1” qapalı tipli yarımstansiyaya gələn dövlət başçısına məlumat verib ki, bu yarımstansiya “Ağ şəhər” layihəsi üzrə tikilən yaşayış komplekslərinin, “Yeni Bulvar”ın və digər qeyri-yaşayış obyektlərinin elektrik təchizatının təmin edilməsi, eləcə də bu ərazidə elektrik enerjisinə artan tələbatın ödənilməsi məqsədilə inşa olunub. Orijinal layihə əsasında tikilən yarımstansiya ölkəmizdə aparılan yenidənqurma tədbirlərinin miqyası və keyfiyyətinin daha bir əyani nümunəsidir. Açıq tipli yarımstansiyalardan xeyli az yer tutan, funksional baxımdan isə böyük üstünlüklərə malik belə qurğular xüsusilə meqapolislər üçün olduqca əlverişlidir. Bütün yarımstansiyalarda olduğu kimi, burada da əsaslı abadlıq və yaşıllaşdırma işləri aparılıb. ASC-nin qəza xidməti və digər xüsusi maşınları da işin operativ yerinə yetirilməsinə hərtərəfli imkan yaradır. Həmin avtomobillərdən birinci Avropa Oyunlarının keçirilməsi zamanı da geniş istifadə olunacaq. Yarımstansiyanın girişində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin elektroenergetika sisteminin, o cümlədən ötürücü və paylayıcı şəbəkələrin inkişafı üçün həyata keçirdikləri kompleks tədbirlərə dair fotostend yaradılıb. Burada 2006-cı ildə fəaliyyəti bərpa ediləndən bəri ASC-nin reallaşdırdığı layihələr də əksini tapıb. Prezident İlham Əliyev “Ağ şəhər-1” yarımstansiyasının dispetçer idarəetmə otağı ilə tanış olub.
Dövlət başçısına “Ağ şəhər” kompleksinin elektrik təchizatı sxemi nümayiş etdirilib. Bildirilib ki, perspektiv planda “Ağ şəhər” layihəsi üzrə tələb olunan gücün qarşılanması məqsədilə yaxın gələcəkdə 110356 kilovoltluq “Ağ şəhər-2”, “Ağ şəhər-3” və “Ağ şəhər-4” yarımstansiyalarının inşası, eləcə də həmin energetika qurğularının ikidövrəli 110 kilovoltluq kabel xətti vasitəsilə əlaqələndirilməsi nəzərdə tutulub.
Prezident İlham Əliyev yeni yarımstansiyada quraşdırılan avadanlıqlarla tanış olub. Yarımstansiyanın qidalandırılması birinci dairəvi sxemə daxil olan “Liman” və “Həzi Aslanov” yarımstansiyalarından 110 kilovoltluq ikidövrəli kabel xətləri vasitəsilə yerinə yetiriləcək. Yarımstansiyada 50 meqavoltamper gücündə iki müasir transformator da quraşdırılıb.
Köhnə yarımstansiyanın yerində inşa olunan yeni 1103510 kilovoltluq “Həzi Aslanov” yarımstansiyası da müasirliyi ilə diqqəti çəkir. Yarımstansiyanın qidalandırılmasının gücləndirilməsi üçün bu energetika qurğusu 110 kilovoltluq “1-ci Əhmədli” hava xəttindən açılaraq 110 kilovoltluq kabel xətləri vasitəsilə iki mənbə - “Əhmədli” yarımstansiyası və “Bakı İstilik Elektrik Mərkəzi-1” elektrik stansiyası ilə əlaqələndirilib. Bu layihə çərçivəsində “Həzi Aslanov” və “Ağ şəhər-1” yarımstansiyaları arasında 110 kilovoltluq ikidövrəli kabel xətlərinin çəkiləsi nəzərdə tutulub. “Həzi Aslanov” yarımstansiyasında müasir eleqaz və vakuum avadanlıq quraşdırılıb. Yarımstansiya məsafədən idarə olunan SCADA dispetçer sisteminə qoşulub.
Yeni istismara verilmiş 110356 kilovoltluq “Kürdəxanı” yarımstansiyası isə “Bakı şəhəri və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində 356 kilovoltluq 498 saylı yarımstansiyanın əvəzinə tikilib. Bu yarımstansiya Sabunçu rayonunun və ətraf qəsəbələrin, eləcə də gələcəkdə inşa olunacaq yaşayış komplekslərinin, istirahət, sosial obyektlərin elektrik enerjisi ilə təminatının yaxşıalşdırılmasında mühüm rol oynayacaq. Bu energetika qurğusu da ən müasir avadanlıqla təchiz edilib və SCADA sisteminə qoşulub.
Prezident İlham Əliyevə ASC-nin mövcud, təmirə ehtiyacı olan və tikilməsi vacib sayılan 110 kilovoltluq yarımstansiyaları barədə məlumat verilib. Bildirilib ki, 110 kilovoltluq 10 yarımstansiyanın əsaslı şəkildə yenidən qurulmasına və 10 yeni yarımstansiyanın tikintisinə ehtiyac var.
Prezident İlham Əliyevə yeni inşa olunan 35 kilovoltluq 7 yarımstansiya barədə də məlumat verilib. Bu yarımstansiyalar paytaxtın və onun qəsəbələrinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı ilə yanaşı, ölkəmizdə beynəlxalq tədbirlərin də yüksək səviyyədə keçirilməsinə hərtərəfli şərait yaradır, dairəvi təchizat sxeminin etibarlılığını daha da artırır.
Yeni 35 kilovoltluq yarımstansiyaların bir qismi ölkəmizdə sənayeləşmə siyasəti çərçivəsində nəzərdə tutulan tədbirlərin dolğun həyata keçirilməsinə xidmət edir. Bu yarımstansiyalar birinci Avropa Oyunları ilə əlaqədar paytaxtın elektrik şəbəkəsində reallaşdırılan mühüm və kompleks tədbirlərin də tərkib hissəsidir. Yeni yarımstansiyaların işə düşməsi ilə elektrik şəbəkəsində daha 9 faiz güc artımı əldə edilib.
Ölkə rəhbəri İlham Əliyevə birinci Avropa Oyunları obyektlərinin elektrik təchizatı sxemi də nümayiş etdirilib. Dövlət başçısına tətbiq edilən yüksək texnologiyalar və elektron xidmətlər barədə də ətraflı məlumat verilib. Qeyd olunub ki, şəbəkədə şəffaflıq və operativliyin təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ötən ilin may ayından etibarən əhaliyə “ASAN xidmət” mərkəzlərində ASC ilə bağlı bir sıra xidmətlərin göstərilməsinə başlanılıb.
“Ağ şəhər-1” yarımstansiyasını işə salan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.
İnanırıq ki, yenicə yaradılmış “Azərişıq”
ASC-nin kollektivi Prezident İlham Əliyev
tərəfindən onlara göstərilən
böyük etimadı qısa zamanda doğruldaraq bütün ölkə abunəçilərini
yüksək keyfiyyətli elektrik enerjisilə
təmin edəcəkdir.
Azərbaycan.-2015.- 20 fevral.- S.4.