Mil düzündən Sevil keçdi

 

Sevil Qazıyevanın adı bir vaxtlar respublikada çox məşhur idi. Hələ 1971-ci ilin iyul ayında - pambıq yığımı ərəfəsində Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev ölkənin bir qrup qabaqcıl sürücü-mexanikini qəbul edərkən demişdi: “Sevil Qazıyevanın şəxsi nümunəsi gənclərin əmək və vətənpərvərlik tərbiyəsinə ciddi təsir göstərmişdir”.

Bakının A.Bakıxanov prospektində, Rusiyanın Bakıdakı səfirliyinin yaxınlığında Azərbaycanda “Qızlar, sükan arxasına!” hərəkatının təşəbbüsçüsü, qadınlar arasında pambıqyığan maşının ilk sürücü-mexaniki, Sosialist Əməyi Qəhrəmanı, respublikanın əməkdar mexanizatoru Sevil Qazıyevaya abidə qoyulmuşdur. Abidənin ətrafındakı kiçik xiyaban da Sevil Qazıyevanın adını daşıyır. Abidənin postamentində Sevil barədə heç bir yazı olmadığından gənclər tez-tez redaksiyamıza müraciət edərək bu abidə barədə məlumat verilməsini xahiş edirlər.

Sevil Qazıyevanın 75 illiyi ərəfəsində vaxtilə uzun illər komsomol işçisi olmuş, respublikada “Qızlar, sükan arxasına!” hərəkatının geniş yayılması üçün böyük təşkilatçılıq işi aparmış, 1300 nəfərdən çox sürücü-mexanik qızın hazırlanmasında gərgin əmək sərf etmiş, tanınmış ziyalı Çingiz Fərəcova müraciət edərək Sevil Qazıyeva barədə oxucularımıza məlumat verməyi xahiş etdik. Çingiz Fərəcov müraciətimizə xeyirxahlıqla razılıq verdi.

Xalqımızın tarixində elə adamlar olmuşdur ki, onlar öz fədakar əməkləri ilə hamının rəğbət və hörmətini qazanmışlar. Mən çoxdan unudulmuş, ancaq vaxtilə bütün ölkənin fəxr etdiyi bir gənc qızı bugünkü nəslə təqdim etmək istəyirəm. O, keçən əsrin 60-cı illərində gənclər təşkilatı olan komsomolun tərbiyə edib yetişdirdiyi, onu sağlığında Azərbaycanın milli iftixarı adlandırdığı Sevil Qazıyevadır. Sevil mənim ən çox sevdiyim qəhrəmanlardan biri idi.

1960-cı ilin əvvəllərində Azərbaycan komsomolu kənddə texnikanı geniş tətbiq etmək, kənd təsərrüfatı işlərini kompleks mexanikləşdirmək uğrunda geniş yürüşə başladı. Bu nəcib iş sosialist kənd təsərrüfatını daha da inkişaf etdirmək, ölkəmizdə məhsul bolluğu yaratmaq məqsədi daşıyırdı. Özbəkistanın məşhur mexanizatoru, Lenin mükafatı laureatı, iki dəfə Sosialist Əməyi Qəhrəmanı Tursunoy Axunovanın təşəbbüsünü davam etdirən Azərbaycan qızları yeni texnikanı səylə öyrənməyə başladılar.

O zaman “Qızlar, sükan arxasına!” hərəkatı dəbdə idi. Texniki peşə məktəblərində sürücü-mexanik diplomu alıb kəndlərə axışan qızların sayı gündən-günə çoxalırdı. Belə qızlar xüsusən Mil-Muğan düzlərinə can atırdılar, çünki bu yerlərdə pambıq əsasən maşınlarla yığılırdı və hər bir qız pambıqyığan maşının mexanizatoru olmaq, mövsüm ərzində bacardıqca çox pambıq toplamaq istəyirdi. Sürücü-mexanik qızların söz-söhbəti, şəkilləri qəzet səhifələrindən, radio dalğalarından, televiziya ekranlarından düşmürdü. 5 nömrəli Mil Pambıqçılıq Sovxozunda Sevil Qazıyeva adlı bir qız meydana çıxdı. Od parçası idi, şəhərdən təzəcə ayrılsa da, burada heç kimdən geri qalmırdı.

Sevil Qazıyeva maşınla pambıq yığan qızların pioneri oldu. O öz ağır, lakin şərəfli və gərəkli işi ilə yüzləri, minləri ruhlandırdı. 1300 nəfərdən çox qız Sevilin təşəbbüsünə qoşulub, sürücü-mexanik peşəsinə yiyələndi. Sevil bu ordunun komandiri oldu. O vaxtdan düz 55 il keçir.

Hər dəfə bahar gələndə kövrək hisslərlə Sevili xatırlayıram. Bəlkə də bu, onun baharda doğulması ilə əlaqədardır. Elə baharda doğulduğuna görə həyatı təpədən dırnağa qədər romantika ilə dolu idi. Kim bilir, bəlkə də bu qəribə taleyə görə həyatdan belə tez getdi, 23 yaşında. Baharda doğuldu, elə ömrün bahar çağında da dünyasını dəyişdi.

Allah ona hər şey vermişdi: yaraşıqlı boy-buxun, uzun hörüklər, bir də qeyri-adi gözəllik. Köçdü dünyamızdan Sevil, birdəfəlik getdi. Ondan heç nə qalmadı, şirin xatirələrdən başqa.

Bu gün Sevil yaşasaydı, onun 75 yaşı olacaqdı. Tay-tuşları kimi, o da, yəqin, nənə olacaq, nəvələrinin əlindən tutacaq, Mil düzündə, Zaqatalada, bəlkə də elə Bakının özündə parkları, xiyabanları gəzəcək, öz şanlı ömrünün saralmış səhifələrindən nəvələrinə maraqlı hekayət danışacaqdı, rəfiqələri Tərlan kimi, Solmaz kimi, Cavahir kimi.

...Zaqatalada doğulub boya-başa çatan Sevil həkim olmaq istəyirdi. Lakin ona qismət olmadı. 1957-ci ildə qəbul imtahanlarını verib müsabiqədən keçə bilmədi. Amma ruhdan düşmədi. Çox düşündü, daşındı və bir də Zaqatalaya qayıtmadı. Poliqrafçı olmaq üçün Bakının Montin qəsəbəsindəki 5 nömrəli sənət məktəbinə qəbul olundu. O, burada Xanlardan gəlmiş Diləfruz Ocaqquliyeva, şamxorlu Nəcibə Qurbanova, astaralı Solmaz Qənbərova ilə tanış olur. Məktəbin direktoru S.Yaqubova o günləri xatırlayaraq deyir ki, Sevilgilin qrupunda çox istedadlı qızlar vardı. Elə bil Azərbaycanın ən bacarıqlı qızları bu qrupa toplaşmışdı. Kimi idmanla, kimi bədii özfəaliyyətlə məşğul olur, kimi isə şeir yazırdı.

Həyat öz axarı ilə gedirdi. Birdən... gözlənilməz hadisə baş verdi. Sov.İKP Mərkəzi Komitəsinin dekabr (1959-cu il) plenumunda xəbər yayıldı ki, Tursunoy Axunova adlı 23 yaşlı bir özbək qızı pambıqyığan maşınla təkbaşına bir gündə yüz adam qədər “ağ qızıl” toplayır. Sevil bu xəbəri eşidən kimi narahatlıq keçirməyə başlayır. Öz rəfiqələrini ətrafına yığıb deyir:

- Qızlar, mən zaqatalalıyam. Pambığın necə əkilib-becərildiyini görməmişəm. Ancaq Nəcibə deyir ki, Şamxorda məktəbdə oxuyarkən pambıq yığıb, pambıq yığmaq çox ağır işdir. Gərək 1 kiloqram pambığı yığmaq üçün 300-350 dəfə kola əl uzadasan. Gəlsənə, qızlar, biz də Tursunoyun təşəbbüsünə qoşulaq.

Bir neçə gün sonra “Azərbaycan gəncləri” və “Molodyoj Azerbaydjana” qəzetləri “Qızlar, sükan arxasına!” hərəkatının ilk təşəbbüsçüləri - Sevil Qazıyeva, Diləfruz Ocaqquliyeva, Solmaz Qənbərova və Nəcibə Qurbanovanın respublikanın bütün qızlarına müraciət məktubunu dərc etdilər.

Sevilin təşəbbüsünun necə əks-səda doğurduğunu keçən əsrin 60-cı illərinin gəncləri çox yaxşı xatırlayırlar. Axı o, bizim təzə qəhrəmanımız idi. Düzünü deyim ki, sonralar onun əldə etdiyi parlaq göstəriciləri eşidəndə Sevil haqqında qəzetlərə və televiziyaya birinci məlumat verməyə tələsirdim və buna görə xüsusi iftixar hissi duyurdum. Bu, mənim, necə deyərlər, komsomol işimdən doğan iftixar hissim idi. İlk dəfə olaraq 58 qız Sevilin təşəbbüsünə qoşulub Binədəki 1 nömrəli kənd texniki peşə məktəbində pambıqyığan maşınları öyrənməyə başladı. Onların hamısı pambıqyığan maşının sürücü-mexaniki olmağı qərara almışdı. Bununla da Sevilin ikinci həyatı başlandı. O gündən onun adı qəzet səhifələrindən düşmürdü. Bir komsomol işçisi və Diləfruzun uşaqlıq dostu kimi mən bu qızları həmişə izləyir, ruhdan düşməmələri üçün əlimdən gələni əsirgəmirdim. Sevilin hər bir irəliləyişinə sevinir və bundan sonsuz fərəh hissi keçirirdim. Xeyirxah təşəbbüs tezliklə özünə çoxlu tərəfdar tapdı. Azərbaycan LKGİ Mərkəzi Komitəsinin müraciətinə cavab verən könüllülərin ərizə və məktubları axışıb gəlirdi. Məktubların müəllifləri məsləhət istəyir, onların adlarını mexanizator kurslarına yazmağı xahiş edirdilər.

1961-ci ildə Sevil məktəbi bitirib öz təyinatını Mil düzünə - Beyləqandakı (keçmiş Jdanov rayonundakı) 5 nömrəli pambıqçılıq sovxozuna aldı. Rayon Partiya Komitəsinin ikinci katibi Qubad Süleymanov, rayon komsomol komitəsinin katibi Şövkət Əliyeva, sovxozun direktoru Qafur Kərimov sovxozda işləməyə gəlmiş Sevil və onun rəfiqələri Diləfruz Ocaqquliyevanı (Nəsibovanı) və Solmaz Qənbərovanı çox qayğıkeşliklə qarşıladılar. Necə böyük ürəkli insanlar vardı. Qafur Kərimov kimi ağsaqqal bir kişi Sevilin sovxoza işləməyə gəlməsindən sevincini heç cür gizlədə bilmirdi. Elə birinci gündən dedi:

- Bu qızlar mənim balalarımdır. Onlar öz atalarının yanına gəliblər.

Nə qədər ki Qafur kişi sovxozun direktoru idi, qızlar hər addımbaşı qayğı hiss edir, can-başla işləyir, yorulmaq nə olduğunu bilmirdilər.

Sevil 1961-ci ildə maşınla 97 ton pambıq yığdı. Təcrübəsi olmayan bir qız üçün bu, pis göstərici deyildi. Bu qələbə təkcə maşınla yığımın müvəffəqiyyəti deyildi. Həm də “maşın qız işi deyil” deyənlərin üzərində qələbə idi. Sevilin qələbəsinə iki adam - sovxozun direktoru Qafur Kərimov və rayon komsomol komitəsinin katibi Şövkət Əliyeva hamıdan artıq sevinirdi.

Elə həmin il Sevil Özbəkistanda pambıqçı mexanizatorların ümumittifaq toplanışında yenicə Sosialist Əməyi Qəhrəmanı adını almış Tursunoy Axunova ilə yaxından tanış oldu. Sonralar Tursunoy həmin görüşü xatırlayaraq yazmışdı: “Mən Sevil Qazıyevada böyük daxili qüvvə sezirdim. Hələ o zaman başa düşürdüm ki, zahirən çox gənc görünən şəhərli qız özünü itirməyəcək, onun üçün nə qədər ağır olsa da, heç bir çətinlik qarşısında geri durmayacaqdır. Bütün bu illər ərzində onun əldə etdiyi müvəffəqiyyətləri diqqətlə izləyirdim, o, müntəzəm surətdə mənimlə, xüsusən kiçik bacım İnabadla məktublaşırdı. Biz onun əsl pambıqçı, əsl mexanizator olacağına şübhələnmirdik”.

1962-ci ildə Sevil Qazıyeva Beyləqan rayonunun 3 nömrəli sovxozunun məşhur pambıqçı mexanizatoru, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Ali Sovetinin deputatı Sərdar İmrəliyevlə birlikdə respublikanın bütün pambıqçılıq briqadalarına müraciət edərək hamını kompleks briqadalar yaratmağa çağırdı. Müraciət qəzetlərdə dərc olunan kimi özünə çoxlu tərəfdar tapdı. Gərgin zəhməti nəticəsində Sevil maşınla 1962-ci ildə 160 ton pambıq yığdı. Sevilin çəlimsiz, zərif bədəninə baxanda inanmaq olmurdu ki, o, təkbaşına 250 min yaşıdına donluq üçün lazım olan qədər pambıq toplamışdır. İndi onu respublikada hamı tanıyırdı. Ona hədiyyə olaraq “Moskviç” markalı maşın verilmişdi. O vaxtlar Sevildən başqa maşın sürən qadın yox idi. Ona görə də öz maşını ilə Bakıya gələndə küçələrdə çoxlu adam ayaq saxlayıb Sevilin maşın sürməsinə tamaşa edərdi. Gənc qız təhsilinin də qeydinə qalırdı. Qiyabi yolla Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Mexanikləşdirmə və elektrikləşdirmə şöbəsinə daxil olmuşdu.

Artıq Sevilin iş-gücündən bütün respublika danışırdı. O vaxtlar - 1961-1963-cü illərdə 447 nəfər qız Sevilin şəxsi nümunəsindən ruhlanıb sürücü-mexanik peşəsinə yiyələnmişdi.

1963-cü il. Kaş bu il gəlməyəydi. Sevilin ömrünün son ili oldu bu il. Sevil qızlardan ibarət briqada düzəltmək istəyirdi. Gecə-gündüz işləyir, gələcək məhsulun bünövrəsini qoyurdu. Mart ayında qəzetlər xoş bir xəbər yaydı: yüksək göstəricilərə görə Sevil Qazıyeva Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir. Bu ilk mükafatdan onun nə qədər sevindiyini heç cür unuda bilmirəm. Qurultaydan qayıdanda artıq onun namizədliyi Azərbaycan SSR Ali Sovetinə deputatlığa irəli sürülmüşdü. Həmin ilin aprel ayında keçirilən birinci sessiyanın açılışını da Sevil Qazıyevaya etibar etmişdilər.

1963-cü ilin qızıl payızını heç vaxt unutmayacağam. O vaxt Abşeron Rayon Komsomol Komitəsinin katibi işləyirdim. Azərbaycan LKGİ Mərkəzi Komitəsi tərəfindən Beyləqan və Füzuli rayonlarına ezamiyyətə göndərilmişdim. 1963-cü ilin sentyabr ayının ikinci ongünlüyündə sürücü mexaniklər arasında maşınla ən çox pambıq yığdığına görə Sevil Azərbaycan LKGİ Mərkəzi Komitəsinin keçici vımpeli ilə təltif olunmuşdu.

Sentyabrın 27-də saat 14:00 radələrində Sevilin sahəsində oldum. Hamımızı tarla düşərgəsində çaya qonaq etdi. Sevilin anası Anaxanım xala da burada idi. Saat 20:00 olardı. Hamı dağılışıb getdi. Tarla düşərgəsində mən fotomüxbir Yaşar Bağırovla qaldıq. Həmin gün Yaşar Sevilin müxtəlif formalarda şəkillərini çəkdi. Həmin şəkillərin bəzilərini burada dərc edirik. Nədənsə Sevil çox narahat idi, elə bil iynə üstündə oturmuşdu. Deyirdi ki, bu gün çox vaxt itirdiyimdən az pambıq yığmışam, yəqin ki, bu gün Sərdar İmrəliyev və Diləfruz Ocaqquliyeva maşınla çoxlu pambıq yığıb məni ötüb keçəcəklər. Alatoranlıq olmasına baxmayaraq, Sevil bir-iki bunker pambıq yığmağı qərara aldı. Maşını sahəyə saldı.

Adətən Sevil pambığı iki maşınla yığırdı. Gecələr də işləyirdi ki, yarış dostu Sərdar İmrəliyevə çatsın. Vaxt itkisinə yol verməmək üçün bir maşından düşüb, o biri maşına əyləşirdi. Köməkçisi Qənimət maşının bunkerini boşaldır, növbəti yığıma hazırlayırdı. Sevil isə “mavi gəmisi”ni cərgələrin arası ilə sürərək aqreqatın ağzını kollarda qalan, yerə tökülən pambığa yönəldirdi. O tələsirdi, artıq qaranlıq düşmüşdü, cərgələri aydın seçmək olmurdu. Maşınların fənərlərini yandırdı, bir qədər də sürəti artırdı. “Nəm düşənədək iki-üç gediş edərəm”, - deyə düşündü. Gecənin sərinliyində pambıq şehləndiyindən maşının “xortumuna” gəlmirdi. Cərgənin ortasına çatanda hiss etdi ki, maşının sorucu aqreqatı “boşluğa işləyir”, yəni pambığı sorub bunkerə çatdıra bilmir. “Zəhrimar şpindellərin arası dolub”, - deyə hirslə əyləci basdı, ağır maşın ləngər vurub dayandı. Başqa vaxt olsaydı, mühərriki söndürər, arxayın işini görərdi. İndi isə buna vaxt yox idi. Cəld yerə atıldı. Aqreqatın üstünü örtən “sipəri” kənara itələdi. Şpindellər - şaquli vəziyyətdə yan-yana düzülmüş vallar elə sürətlə fırlanırdı ki, isti yeli üzünü qarsdı. O, diqqətlə baxıb, valların ikisinin dayandığını gördü. Bir əlçim pambıq valların arasına “pərçimlənərək” onları hərəkətdən salmışdı. Sevil bir qədər irəli əyildi, əlini hərlənən şpindellərin “bıçağından” qoruyaraq pambıq tıxacına doğru uzatdı, onu dartıb çıxarmaq istədi. Elə bu vaxt başının arxasından şiddətli zərbə aldı. Şpindellər “sözləşmiş” kimi eyni vaxtda onun qalın hörüyünü “qamarladılar”.

Anaxanım xala mənə dedi ki, Sevilin maşını xeyli müddətdir sahənin ortasında dayanıb. Görəsən, nə olub? O, köməkçi Qəniməti çağırıb onu Sevilin yanına göndərdi. Qənimətin getməsi ilə qayıtması bir oldu. O, qışqıra-qışqıra, həyəcanlı vəziyyətdə Sevilin qəzaya uğraması barədə bizə bəd xəbər verdi. Nə vəziyyətə düşdüymüzü təsəvvür edə bilməzsiniz.

Axşam saat 10 olardı. Qəsəbədə böyük fəryad qopdu. Səsə birinci Diləfruz gəlib çıxdı. O, qaça-qaça gedib rayon Komsomol Komitəsində yardımçı qərargaha xəbər verdi ki, Sevil qəzaya uğrayıb. Təcili Azərbaycan LKGİ Mərkəzi Komitəsinə məlumat verdim.

Hamı Sevilin sahəsinə axışırdı. İş işdən keçmişdi. Artıq Sevil dünyasını dəyişmişdi. Hadisədən heç üç saat keçməmiş, o vaxtlar Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində idarə rəisi işləyən Heydər Əliyev vertolyotla hadisə yerinə gəlib çıxdı. Geniş araşdırma apardıqdan sonra gəti qərara gəlindi ki, Sevil təhlükəsizlik qaydalarına əməl etmədiyinə görə qəzaya uğramışdır.

Vaxtsız öləcəyi elə bil Sevilin ürəyinə dammışdı. O, şeirlərinin birində Zaqatalanı həddən ziyadə çox sevdiyini yazır və gələcəkdə orada dəfn olunmasını arzulayırdı. Sevilin “arzusu” yerinə yetirildi.

Özünü söyüdə bənzətməklə sanki dünyadan nakam köçəcəyini irəlicədən duymuşdu:

Görsəniz ucalır tənha bir söyüd,

Deyin ki, mənəm.

Əyilib Arazdan su içir söyüd,

Deyin ki, mənəm.

Nə qədər bahar var Azər elində,

Deyin ki, mənəm.

Nə qədər çinar var Azər elində,

Deyin ki, mənəm.

Həyat nəğməsini çaldıqca Milim,

Deyin ki, mənəm.

Əsrdən-əsrə qaldıqca Milim,

Deyin ki, mənəm.

Ölümündən 3 il sonra - 1966-cı ildə Sevil Qazıyevaya Sosialist Əməyi Qəhrəmanı adı verildi. Heykəltəraş Münəvvər Rzayevanın müəllifliyi ilə onun Zaqatalada, Beyləqanda və Bakıda büstləri qoyuldu. Beyləqanda işləyib fəaliyyət göstərdiyi 5 nömrəli sovxoza Sevil Qazıyevanın adı verildi. Azərbaycan LKGİ Mərkəzi Komitəsi qabaqcıl sürücü mexaniklərə vermək üçün Sevil Qazıyeva adına mükafat təsis etdi. Cahangir Məmmədovun qəhrəmanın həyatından yazdığı “Dan ulduzu” pyesi səhnələrimizin bəzəyinə çevrildi. Azərbaycanın xalq şairi Nəbi Xəzri özünün “Günəşin bacısı” poemasında Sevil Qazıyevanın rəşadətli əməyini, parlaq obrazını yaratdı. “Günəşin bacısı” poeması Ümumittifaq Lenin Komsomolu mükafatına layiq görüldü. Beyləqan rayonunda Sevilin işlədiyi təsərrüfatda onun ev-muzeyi yaradıldı.

 

Çingiz FƏRƏCOV,

Azərbaycan Respublikasının əməkdar kənd təsərrüfatı işçisi,

 Azərbaycan Lenin Komsomolu mükafatı laureatı

Azərbaycan.-2015.- 20 fevral.-  S.6.