Sözü ilə ucalan
insan
Hər bir insan özünü ilk növədə
ünsiyyət tərzi, danışığı,
sözü, nitqi ilə tanıdır, daxili aləmini,
dünyagörüşünü, düşüncələrini
ifadə edir.
Sözü insanlığın ali, müqəddəs
zinəti kimi səciyyələndirən müdriklər də,
görünür, məhz bu həqiqətə istinad ediblər.
İnsanlığın mənən, ruhən
tapındığı müqəddəs kitablarda da
sözün əzəl yaranması, müqəddəs
olması ilə bağlı ibrətamiz fikirlər yer
alıb.
Keçid dövrünün ziddiyyətləri, keşməkeşli
həyat gerçəklikləri insanları sözə, mətbuata,
jurnalistikaya münasibətdə tərəddüdlü edib. Fəqət,
yaradıcılıqdan savayı hər işi bacaran
cızmaqaraçıların sayının artması peşəsinə
vurğun olan əsl jurnalistlərin cəmiyyətdəki
missiyasına və yaradıcılığına xələl
gətirə bilmir və bilməyəcək də. Nədən ki, sözü, qələmi ilə
ucalan, peşəsinin qədrini bilən, onun təəssübünü
çəkən peşəkar qələm sahibləri həmişə
olub, bu gün də var, gələcəkdə də olacaq.
Özünəməxsus dəst-xətti, toxunduğu
mövzulara orijinal və cəsarətli yanaşma tərzi ilə
publisistikanın oxunaqlı nümunələrini ərsəyə
gətirən, bir sıra bədii kitabların müəllifi
olan Aydın Ağazadə təqdimata xüsusi ehtiyacı
olmayan söz adamlarındandır. İstedadlı
jurnalist bu gün ədliyyə sistemində
çalışmasına baxmayaraq, peşəsinin səmimi
vurğunu, sözün sadiq keşikçisidir. Tanıyanlar yaxşı bilirlər ki, istedadlı qələm
sahibi uzun illər boyu xüsusi şövq və fəhmlə
daim yazıb-yaradıb, söz sənətkarlığında
vətəndaş mövqeyi, insan amili, xalqın və
dövlətin mənafeyi hər zaman öndə dayanıb.
İctimai-siyasi, iqtisadi, mənəvi, hüquqi mövzularda
yüzlərlə məqalənin, ondan çox kitabın
müəllifi olan Aydın Ağazadəni söz adamı kimi
fərqləndirən başlıca xüsusiyyət onun
prinsipiallığı, cəsarəti, söz demək məharəti
ilə insanların qəlbinə yol tapmasıdır.
Adətən tanınmış qələm sahiblərinin
formalaşmasında, peşəkarlıq zirvəsinə ucalmasında
istedad, bilik, yaradıcı proseslə yanaşı, onun
formalaşdığı, yetişdiyi mühit də öz
sözünü deyir. Aydın Ağazadənin 1955-ci ildə -
Bakı şəhərində ziyalı ailəsində anadan
olması onun cəmiyyət üçün layiqli şəxsiyyət
kimi formalaşmasında mühüm rol oynayıb. Atası Rəhman Ağazadə uzun illər geoloq
işləyərək ailəsini halal zəhmətlə
dolandırıb. Valideynləri onu daim
düzgün yola yönəldib, həyata düzgün
baxışlarının formalaşmasına, yaxşı təhsil
almasına, ləyaqətli insan kimi yetişməsinə
yardımçı olublar.
Hələ orta məktəb illərindən Aydın
Ağazadə ədəbiyyata, dramaturgiyaya, kino sənətinə
maraq göstərib. Məhz bu maraq da gənclik illərindən
onu fəal jurnalistikaya - televiziyaya gətirib. 1976-cı ildən 1990-cı ilədək burada
rejissor assistenti və redaktor vəzifələrində
çalışıb. Teatr və kino sənətinin
incəliklərinə daha dərindən vaqif olmaq həvəsi
ilə 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət
İnstitutunun Teatrşünaslıq fakültəsinə daxil
olub və 1983-cü ildə oranı müvəffəqiyyətlə
bitirib. “Mehdi Hüseyn və teatr” mövzusunda
diplom işi yüksək qiymətləndirilib, müəllimləri
ona mövzunu davam etdirməyi, dissertasiya işi üzərində
işləməyi məsləhət görüblər.
Lakin özünün də dediyi kimi, amansız
həyat və məişət qayğıları ona elmi fəaliyyətlə
məşğul olmaq imkanı verməyib.
1990-cı ildən yaradıcılığının
daha fəal mərhələsinə qədəm qoyan Aydın
Ağazadə 1993-cü ilədək “Ədalət” qəzetində
redaktor müavini, habelə 1993-1995-ci illərdə Azərbaycan
Hüquqşünaslar Birliyinin orqanı olan
“Hüquqşünas” qəzetində redaktor vəzifələrində
çalışıb. Həmin qəzetlərdə
çalışdığı illərdə daha çox
hüquqi və ictimai-siyasi mövzularda yazıları ilə
tanınıb. 1993-cü ildən taleyi həm
də dövlət qəzeti “Azərbaycan”la bağlanan
Aydın Ağazadə özünü istər jurnalist, istər
publisist kimi təsdiqləmək üçün geniş
meydan əldə edib. Dövlətin
sayılıb-seçilən nüfuzlu qəzetinin Hüquq
şöbəsinin müdiri vəzifəsində
çalışması onun jurnalist kimi daha da püxtələşməsində,
hüquqi sahədən yazan peşəkar jurnalist kimi
tanınmasında, əlaqələrinin genişlənməsində
əsaslı rol oynayıb. Hüquq-mühafizə
və məhkəmə orqanları ilə sıx əlaqələr
quraraq insan taleyi ilə bağlı mövzulara geniş yer
ayırıb, hüquqi maarifləndirmə işi aparıb,
habelə cinayətkarlığın bütün
formalarının profilaktikasına xidmət edən
yazıları ilə diqqət mərkəzində olub.
O, bu gün də harada işləməsindən asılı
olmayaraq özünü “azərbaycançılar”dan biri hesab
edir.
Söz demək, mühakimə yürütmək hər
bir insan üçün xarakterik təbii və anadangəlmə
xüsusiyyətdirsə, fikri, düşüncəni qələmin
qüdrəti ilə ifadə etmək, canlandırmaq artıq
yaradıcılıq örnəyi kimi qazanılmış
istedaddır.
Sözü uca tutan, müqəddəsləşdirərək
başqalarını da onun sirli cazibəsinə çəkənlər
isə artıq peşəkar jurnalistlərdir. Bu meyarlardan yanaşdıqda Aydın Ağazadənin
də sıradan bir yazar olmadığını mübaliğəsiz
demək olar. Onun qələmindən
çıxan yazılar ciddiliyi, əhatəliyi, məzmun və
forma rəngarəngliyi, real həyat həqiqətlərinə,
əsaslı faktlara, dəlil və sübutlara söykənməsi
ilə daim fərqlənib. Bu məqamda
tanınmış jurnalistin mövzu çevrəsinin sırf
hüquqi və ictimai-siyasi mövzularla məhdudlaşmadığını,
ədəbiyyat, mədəniyyət və incəsənətlə
bağlı onlarla maraqlı yazılarının olduğunu
da qeyd etmək lazımdır.
Ümumiyyətlə, hansı mövzuda yazmasına rəğmən,
imzasının sanbalını qoruyan Aydın müəllim məqalələrinin
ictimai maraq doğurmasına, yeniliyinə və
aktuallığına daim xüsusi diqqət yetirib. Publisistik-siyasi
yazıları özünün məzmun-ideya siqləti,
aktuallığı, mövcud reallıqlara vətənpərvər
yanaşması ilə diqqəti çəkib. Həmin yazılarda, eyni zamanda, Heydər Əliyev
siyasi kursuna sədaqətlilik daim özünü göstərib.
O, bu siyasi kursun xalqın taleyindəki misilsiz rolunu daim
xüsusi qeyd edib.
Yunan
filosofu Platon zamanında yazırdı ki, kamilliyə can atan
insanlar üçün ən gərəklisi qanunlar
haqqında elmdir. Ədalətə, haqqa, qanuna
bağlılıq insanlığı səciyyələndirən,
onu dünyanın ali varlığına,
zinətinə çevirən ülvi keyfiyyət
sayılır. Bu keyfiyyətləri iç dünyasında
daşıyan Aydın Ağazadə Bakı Dövlət
Universitetində ikinci ixtisas kimi ali
hüquq təhsili alıb, 2001-ci ildə hüquqşünas
diplomuna da yiyələnib.
2001-ci ildən taleyin qisməti onu nisbətən fərqli
sahəyə - ədliyyə sisteminə gətirsə də,
Aydın Ağazadə mətbuatdan, qələmdən qətiyyən
uzaq düşməyib. 2001-ci ildən 2007-ci ilədək
Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsində
işləyib. 2007-ci ildən bugünədək
nazirliyin İnsan Hüquqları və İctimaiyyətlə
Əlaqələr İdarəsinin İnformasiya şöbəsinin
rəisi, ədliyyə müşaviridir. O,
çalışdığı nazirliyin mətbuatla əlaqələrinin
qurulmasında və genişlənməsində daim
yaxından iştirak edib, “mətbuatdan gizlənənlər”dən
olmayıb. Elə bu səbəbdən də ədliyyə və
məhkəmə-hüquq sistemi ilə bağlı mütərəqqi
yeniliklərin cəmiyyətə
çatdırılmasında daim jurnalist həmkarlarının
yaxın dəstəyini hiss edib.
Aydın Ağazadə bu gün təkcə istedadlı
jurnalist kimi deyil, həm də yazıçı-dramaturq kimi
tanınır.
Hüquq və jurnalistika sahələrinə
yaxından bələd olması onun ədəbi fəaliyyətinə
də sirayət edərək bütün dövrlər
üçün populyar olan detektiv janrının elementlərinin
nisbətən qabarıq təzahür etməsini şərtləndirib.
Ümumilikdə tanınmış yazarın müxtəlif
illərdə qələmə aldığı “Həsən
Əliyev - hakim və insan”, “Cəllad aman istəyir”, “Əbədi
Selcan” (bu əsər əsasında 4 seriyalı “Sonuncu
şahid” teletamaşası çəkilib), “Sabun
köpüyü”, “Baş tutmayan elçilik”, “Dahi”, “O
dünyada görüşərik” adlı əsərləri cəmiyyətdə
maraqla qarşılanıb. Bu əsərlərlə
tanışlıq ilk növbədə müəllifin
yaradıcı təxəyyülünü, həyat lövhələrini
duymaq, insan taleyini yaşamaq və orijinal formada yazıya
çevirmək məharətini ortaya qoyur. Həmin əsərlərin mövzularının əsas
qayəsi həm də real həyat həqiqətlərinə əsaslanır.
Hüquqşünas dostlarının dəstəyi ilə
gerçək həyatda baş vermiş ayrı-ayrı cinayət
işlərinin istintaq materialları ilə tanış
olan Aydın Ağazadə onları özünəməxsus bədii
üslubda oxucuların diqqətinə çatdırmağa
müvəffəq olub.
Bir incə məqama da toxunmaq lazımdır ki, Aydın
Ağazadə qələmə aldığı bədii əsərlərdə
süni cəlbedicilik naminə milli mənəvi dəyərlərə,
adət-ənənələrə zidd olan hansısa epizodlara,
açıq-saçıqlığa yer verməyib. Əksinə,
qloballaşma dövründə yabançı dəyərlərin
ictimai şüura mənfi təsirlərini, xüsusilə də
gənclərin əxlaqi keyfiyyətlərinin aşınmaya məruz
qalmasını ürək yanğısı, vətəndaş
təəssübkeşliyi ilə diqqətə çəkib.
Bu baxımdan dramaturqun “Əbədi Selcan” əsəri
əsasında Azərbaycan televiziyasında çəkilmiş
“Sonuncu şahid” film-tamaşasını xüsusilə qeyd etmək
olar. Müəllif əsərdə
dövrümüz üçün kifayət qədər
aktual olan bir mövzuya toxunaraq insanlar, xüsusilə gənclər
arasında mənəvi dəyərlərin
aşınmasının qarşısının
alınmasına çağırış edib.
Aydın Ağazadənin cəmiyyətdə maraqla qarşılanan “Cəllad aman istəyir” kitabı isə üç bölmədən, habelə bir-birindən maraqlı məqalələrdən ibarətdir. Kitabın “Məhkəmə salonundan” adlanan bölməsində ölkədə baş vermiş ağır cinayət hadisələrinin - siyasi və kriminal qətllərin, quldurluğun, iqtisadi cinayətlərin istintaqı, günahkarların cəzalandırılması və digər məsələlər əksini tapıb. “Öncə Vətəndir!” bölməsində müharibə zonasından hazırlanan reportajlar, Azərbaycan Silahlı Qüvvələrində hərbi cinayətlərin, o cümlədən fərariliyin azaldılması istiqamətində aparılan işlər, hərbi tribunal hakimləri ilə keçirilən görüşlər əksini tapıb. “Allah onu bu xalqa çox görməsin” adlanan üçüncü bölmədə isə ulu öndər Heydər Əliyevin imzaladığı əfv fərmanlarının və amnistiya aktlarının icrası prosesi, bu humanist qərarların xalq arasında doğurduğu rəğbət və məhəbbətdən, eyni zamanda azadlığa çıxmış məhkumların sosial problemlərinin həllində bəzi dövlət məmurlarının göstərdiyi prinsipial münasibətdən söhbət açılır.
Aydın Ağazadə mənəvi keyfiyyətləri ilə seçilən, insanlara sevgi ilə yanaşan qələm sahibidir. Əslində, bu, hər bir qələm sahibi üçün ən başlıca keyfiyyətlərdən biri olmalıdır.
60 illik ömür üçün kifayət qədər sanballı həyat uğurlarının əsasında dəyərli yazarın şəxsi keyfiyyətləri - yüksək intellekti, mənəvi təmizliyi, ədalətə və qanuna sadiqliyi durur. Nəcib xarakterə malik olması, sadəliyi, dürüstlüyü, sözünə bütövlüyü, ünsiyyət mədəniyyəti onun aurasını daha da cəlbedici edir. Yaxından tanıyanlar Aydın müəllimə hörmət və rəğbət hissi ilə yanaşır, onu təşəbbüskar, qayğıkeş və yaradıcı insan kimi qəbul edirlər.
A.Ağazadə bu gün də yorulmadan çalışır, yazır, yaradır...
İsmayıl MƏMMƏDOV,
filologiya elmləri doktoru, professor
Azərbaycan.-2015.-
20 fevral.- S.7.