“O səs Türkiyə”ni Azərbaycan qazandı

 

Azərbaycan musiqisi bütün türk dünyasına səs salan daha bir möhtəşəm qələbəyə imza atdı. Belə ki, azərbaycanlı müğənni Elnur Hüseynov Türkiyədə təşkil olunan “O səs Türkiyə” müsabiqəsində qalib gələrək adını tarixə yazdıra bildi.

Bu müsabiqə bir neçə  ildir Türkiyədə təşkil olunurbu dəfə ölkəmiz üçün daha əlamətdar oldu.  Hazırda qardaş ölkədə hamı Elnurun bu qələbəsindən bəhs edir və mədəniyyətin qədim beşiklərindən olan Azərbaycandan belə möhtəşəm səsin olmasının  əslində gözlənilən olduğunu bildirir. Elnur Hüseynov 2008-ci ildə Azərbaycanı ilk dəfə “Eurovision” mahnı müsabiqəsində Samir Cavadzadə ilə duet şəklində təmsil etmiş və 8-ci yerə layiq görülmüşdü. Məhz bu müsabiqədən sonra  Day After Day” mahnısı bir çox xarici ölkələrdə tanındı. Mahnıya çəkilmiş klip isə uzun müddət Azərbaycanda böyük əks-səda doğurmuşdu.

Belə bir dünya səviyyəsindəki yarışdan sonra Türkiyədəki müsabiqədə Elnurun daha bir uğuru qaçılmaz idi. Birinci dəfə seçim turunda ifa etdiyi mahnıdan sonra bütün münsiflər heyəti Elnuru ayaqüstə alqışlamış və hər biri təmsilçimizi heyətində görmək istədiyini bildirmişdi.  Elnur Hüseynov tanınmış müğənni Ebru Gündəşin komandasında yarışmağı seçmişdi. Həmyerlimiz turlarda təkcə xarici yox, eyni zamanda Azərbaycan klassik bəstəkarlarından da  mahnılar ifa etməklə, eyni zamanda musiqimizin bir daha nələrə qadir olduğunu bütün dünyaya nümayiş etdirmişdi.

Elnur Türkiyə tamaşaçılarının sevgisini qazana bilmişdi. O, təkcə televiziya tamaşaçılarının yox, həm də mütəxəssislərin favoriti sayılırdı. Mütəxəssislər dəfələrlə qeyd edirdilər ki, Elnur Hüseynovun səsi Türkiyə yox, dünya səviyyəli səsdir. Azərbaycan təmsilçisinin “O səs Türkiyə”nin qalibi olacağına heç kim şübhə etmirdi.

Nəhayət, hamının həyəcanla gözlədiyi müsabiqənin final mərhələsi çatdı. Elnur bu dəfə “O Sole Mioopera əsərini səsləndirdi, tamaşaçı səsverməsi nəticəsində ən çox səs toplayaraq “O səs Türkiyə”nin qalibi adına layiq görüldü.  Bu qələbə eyni zamanda Azərbaycan mədəniyyətinin,  ən əsası Azərbaycan-Türkiyə birliyinin, Azərbaycan-türk xalqlarının qardaşlığının qələbəsi idi.

Təbriklər, Elnur!..

Təbriklər, Azərbaycan!..

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2015.- 20 fevral.-  S.7.