Təcavüzkar siyasətin ən qanlı səhifəsi

 

Real hadisələri, həyat həqiqətlərinin bəzi hallarda bədiiləşdirmək, insanları təsirləndirmək üçün qəlbdən keçənləri poetikləşdirmək müəllifin ruhi dincliyi, həm də oxucunu daha ciddi düşündürmək baxımından səciyyəvidir.

Xocalı soyqırımı dünyada analoqu olmayan elə bir bəşəri faciədir ki, onu düşünmədən, duymadan həyəcansız qələmə almaq mümkün deyil. Erməni silahlı birləşmələri tərəfindən dinc insanlara qarşı həyata keçirilmiş bu ağlasığmaz vəhşiliklər insanlığa xəyanətdir. Bu xəyanətin mayasında ancaq bir gecədə 613 nəfər Xocalı sakininin qətlə yetirilməsi, minlərlə insanın yaralanması, şikəst edilməsi, əsir götürülməsi, ağır işgəncələrə məruz qalması deyil, bütün Azərbaycan xalqına, türk dünyasına qəsd, düşmənçilik, terror aktıdır.

Xocalı soyqırımı erməni vəhşiliyinin nələrə qadir olduğunu, ermənilərin terrora yiyələndiklərini və bundan necə qəddarcasına istifadə etdiklərini bütün dünyaya nümayiş etdirməklə bərabər, həm də dünya xalqlarının heç birinin belə faciələrdən sığortalanmadığını göstərir, bəşəriyyəti belə hallara qarşı barışmaz, sayıq, ədalətli olmağa, insan qatillərinə qarşı birgə mübarizə aparmağa səsləyir. Çünki dünyanın bir çox ölkələrində baş verən son hadisələr Xocalı soyqırımının sonuncu olmadığını deməyə əsas verir

Ancaq çox təəssüf ki, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, sözü keçən böyük dövlətlər bu günə kimi Xocalı soyqırımına lazımi hüquqi-siyasi qiymət verməmişlər. Azərbaycan həqiqətlərı, Ermənistan silahlı birləşmələri tərəfindən torpaqlarımızın işğalı, bir milyondan artıq qaçqın və məcburi köçkünün taleyi ilə əlaqədar ədalətli tədbirlər görülməmiş, təcavüzkar öz layiqli cəzasını almamışdır.

Xocalı soyqırımı ermənilər tərəfindən əsrlərdən bəri Azərbaycan xalqına qarşı hazırlanan düşünülmüş məkrli planların tərkib hissəsidir. Çünki bu, xalqımıza qarşı törədilmiş birinci soyqırımı hadisəsi deyildir. XX əsrdə belə qanlı hadisələr dəfələrlə təkrarlanmışdır. Ermənilər tərəfindən hazırlanan və həyata keçirilən kütləvi insan qırğınları - Bakı, Şamaxı, Quba və eləcə də ölkəmizin müxtəlif regionlarında baş tutan faciələr erməni vəhşiliyinin, qəddarlığının əyani nümunəsidir.

Erməni təcavüzündən danışarkən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə dəfələrlə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi bəşəri cinayətlər törədib. XX əsrin sonunda dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə fərqlənən Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı səhifəsi idi”.

Azərbaycan Prezidenti hər dəfə Xocalı soyqırımını ürək ağrısı ilə xatırlayır, ən mötəbər tədbirlərdə erməni millətçilərini, Ermənistan rəhbərlərini kəskin, əsaslı ifadələrlə ifşa edir, siyasi iradə ortaya qoyaraq şəhidlərimizin qanının yerdə qalmayacağını, torpaqlarımızın hansı yolla olursa-olsun düşməndən azad ediləcəyini bildirir.

Son illər Heydər Əliyev Fondu, fondun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində böyük işlər görülmüş, istər xarici ölkələrdə, istərsə də respublika ərazisində əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Nəticədə bir neçə ölkə parlamenti və beynəlxalq təşkilat bu qətliamı soyqırımı kimi tanımışdır.

“Xocaliya ədalət!” kampaniyası ardıcıl xarakterli fəaliyyəti ilə Xocalıda baş verən hadisələrin dünya ictimaiyyətinə catdırılmasında, erməni millətçilərinin vəhşiliklərinin əyani faktlarla açılıb ifşa edilməsində əhatə dairəsini gündən-günə genişləndirir, tədbirlərin səmərəsini artırır. Bu tədbirlərin istiqaməti bilavasitə insanlarda erməni faşistlərinə, təcavüzkarlığa, qəddarlığa nifrətə, ədalətin təmin olunmasına, inama, yonəldilmişdir. Bu gün də tədbirlər müvəffəqiyyətlə davam etdirilir.

 

Yetim qalan uşaqlar

 

Xocalı soyqırımı insanlığa qarşı qəddarlığın, vəhşiliyin elə bir əlçatmaz zirvəsidir ki, bu zirvənin fəth olunmasını Allahı və dini olan heç bir insan arzu etməz. Əlsiz-ayaqsız qocaları güllələmək, müqavimət göstərən gənclərin başını, dilini kəsmək, gözünü çıxarmaq, körpələri süngüyə keçirmək, uşaqların gözü qarşısında ata-ananı işgəncələrlə öldürmək, yandırmaq, diri-diri torpağa basdırmaq Allahsızlıqdır, vəhşilikdir, insanlığın adına ən böyük ləkədir.

Xocalı soyqırımı gecəsi 25 uşaq hər iki valideynini itirmişdir. İndi onlardan bir çoxu respublikamızın ayrı-ayrı regionlarında, bəziləri isə xarici ölkələrdə öz qohumları ilə birgə yaşayırlar. Araz Orucov, Xatirə Mirzəyeva, Gülnaz Kərimova, Vüsalə Məhərrəmova, Samir İbrahimov və bir çox uşaqlar o müdhiş gecədə gördüklərini, başlarına gətirilənləri ömürlərinin sonuna kimi unuda bilməzlər. Çünki onların gözləri qarşısında ata-anaları, bacı-qardaşları, yaxın qohumları vəhşiliklə qətlə yetirilmiş, parça-parça doğranmış, diri-diri yandırılmış, torpağa basdırılmışdır.

Ermənilərin ağlagəlməz qəddarlıqlarının şahidlərindən biri də Mehdi Firudin oğlu Əliyevdir. Həmin qanlı gecəni Mehdi həyatının, nəslinin, elinin-obasının faciə günü adlandırmaqda haqlıdır. Xocalıya hücumdan bir az əvvəl özünü ata-anasının, qardaşlarının əhatəsində xoşbəxt hiss edən dördyaşlı Mehdinin bütün arzuları bir andaca məhv oldu...

Göydən od yağırdı. Güllə səsindən qulaq tutulurdu. Dördyaşlı Mehdi qalaq-qalaq sıralanmış insan cəsədlərinin arasında ilişib qalır, yıxılır-durur, qışqırır, ata-anasını, qardaşlarını köməyə çağırırdı. Ancaq səsinə səs verən yox idi. O, ancaq ölümün caynağından qaçıb qurtulmaq istəyən insanların fəryadını, bir də vahimə doğuran güllələrin səsini eşidirdi. Ölənlər, yaralananlar, hay-haray salanlar arasında uşaqlar da az deyildi. Qan su yerinə axırdı.

Qışqırmaqdan, yıxılıb-durmaqdan körpə Mehdinin taqəti kəsilmişdi. O, sinəsindən, üz-gözündən qan fışqıran, fəryad qoparan insanlara baxmağa qorxurdu, dəhşətə gəlirdi. Daha bilmirdi ki, qardaşları, ata-anası da onlardan biridir, artıq onlar yoxdur, erməni gülləsinə tuş gəliblər.

Birdən Mehdi yanında əlisilahlıları görüb səsini kəsdi, körpə gözləri heyrətdən böyüdü. Ermənilər qarşılarına çıxan hər kəsi güllələyirdi. Hətta qocalara, yaralılara, uşaqlara belə rəhm etmirdilər.

Mehdi o vaxt güllələrdən necə yayındığını, ermənilərin onu nə üçün öldürmədiyini bu gün də möcüzə hesab edir, gördükləri qəddarlıq ona yuxu kimi gəlir.

Dördyaşlı Mehdi o gecə ata-anasını, qardaşlarını, qohumlarını itirdiyini, əsir düşdüyünü, azərbaycanlıların başına gətirilən müsibətləri, beynəlxalq təşkilatların köməyi ilə əsirlikdən azad olunduğunu və sonrakı illərdə ata-anasız, kimsəsiz bir uşaq kimi min bir çətinliklərlə üzləşdiyini xatırladıqca müharibə törədənlərə, insan qırğınına rəvac verənlərə, qan içən ermənilərə, ədalətsizliyə nifrəti birə-min artır.

Bəs Mehdinin, onun kimi körpə ikən ata-ana qayğısından məhrum olan, əzizlərini itirən yüzlərlə uşağın günahı nədir? Axı onların azad, normal yaşamaq, ev-eşik olmaq, ailə qurmaq, valideynlərinin borcunu qaytarmaq haqqı vardır. Mehdi isə bu haqdan dörd yaşında məhrum edilib və indi Goranboy rayonunda dövlət tərəfindən verilən evdə tənha yaşayır. O, hər gün ata-anasının, qardaşlarının, qətlə yetirilən günahsız insanların ruhu ilə sirdaş olur və onlara söyləyir: “Darıxmayın, əzizlərim, mütləq Xocalıya qayıdacağıq”.

O, dediklərinə inanır. İnanır ki, işğal altında olan torpaqlarımız düşməndən azad ediləcək, geri dönüb insan qanı ilə suvarılmış o torpağı öpəcək, xarabazarlığa çevrilmiş şəhəri abadlaşdıracaq, ata-baba yurdunda xoşbəxtlik çırağını yandıracaq və bütün xocalılar kimi şəhid olanların ruhunu sevindirəcəkdir.

 

Həqiqətə çevriləcək arzular

 

Toy mağarı adamla dolmuşdu. Vağzalının şirin sədaları altında bəylə gəlin mağara daxil olarkən məclis bir az da canlandı, səs-küy daha da artdı. Ani canlanmadan sonra məclisə dərin bir sükut çökdü. Gözlər bəyin atasını - Qədir kişini axtarırdı, hamı onun xeyir-duasını eşitmək istəyirdi.

Qədir kişi isə mağardan xeyli aralıda qoca tut ağacının altında başını əllərinin arasına alıb hönkür-hönkür ağlayır, sanki dərdini tut ağacına danışırdı...

O, vaxtı ilə Xocalının sayılıb-seçilən oğlanlarından biri idi. Qarabağ müharibəsi başlayan ilk gündən əlinə silah götürüb torpağının müdafiəsinə qalxmışdı. Xocalıya hücum zamanı da o, səngərdə dayanmışdı və xocalıları mühasirədən çıxarmaq üçün son ana kimi vuruşmuşdu. Neçələrini azğın düşmənin güllələrindən xilas edə bilsə də, həyat yoldaşını, anasını, beş balasını qoruya bilməmişdi. Ermənilər onları qəddarcasına qətlə yetirmişdilər.

Qədir toy etdiyi oğlunu isə yalnız bir neçə həftədən sonra tapa bilmişdi. Onu qonşular xilas etmişdilər. Ana kol-kosun içərisində gizlətdiyi dörd balasını ermənilərdən xilas etmək üçün bir xeyli geri qayıtmış və uşaqlarına yetişən anda onlarla birlikdə güllələnmişdir.

Ata o gündən ikiyaşlı körpəsinə bağlanmışdı. Evlənməmişdi, həyat yoldaşının və nakam balalarının iyini tək oğlundan almışdı. Dərd sinəsinə min yerdən çalın-çarpaz dağ çəksə də, dözmüşdü, igid, ağıllı bir oğul böyütmüşdü. Ona ali təhsil vermişdi, sənət sahibi etmişdi. İndi isə bircə balasına toy edirdi. Toy etsə də, qonum-qonşudan sovuşub dərdini ağlayırdı. Ağlamaqla yaralarına məlhəm qoymaq, ürəyini sakitləşdirmək istəyirdi. Həyat yoldaşı, uşaqları, əzizləri bir an belə gözləri önündən çəkilmirdilər. Axı onlar da bu toyda oynamalı idilər. Ana qol götürüb ortada süzməli, oğlunun, gəlininin boynuna sarılmalı, xeyir-dua verməli, qardaş-bacı qol-qanad acmalı, ata isə belə yazıq görkəmdə olmamalı idi...

- Qədir, ay Qədir, ə, haradasan? Gəlsənə, axı camaat səni gözləyir!

Qədir kişi sanki ayıldı. Gözlərinin yaşını silib qaçaraq toy mağarına yaxınlaşdı. Heç nə olmamış kimi sifətinə xoş bir təbəssüm gətirməyə çalışdı. İlk olaraq gəlininin boynunu qucaqlayıb alnından öpdü

- Allah sizi xoşbəxt eləsin, balalarım, yarıyanlardan olun, bir-birinizdən ayrılmayın! Sizə qismət olmadı, amma mən bilirəm, bilirəm ki, nəvələrimin toyu mütləq Xocalıda olacaq!..

Qədir kişi göz yaşlarını saxlaya bilmədi və o, ağlaya-ağlaya qol götürüb oynamağa başladı...

 

Ruhların fəryadı

 

Ağcabədi rayonunun Şotlanlı kənd qəbiristanlığında yan-yana sıralanmış məzarlar ilk anda diqqəti cəlb edir. Bu məzarlarda 25 fevral gecəsində Xocalıda amansızlıqla qətlə yetirilmiş Zəkəriyyə Quliyevin ailə üzvləri həyat yoldaşı, 2 oğlu, 2 körpə nəvəsi, 5 əzizi uyuyur. O vaxt ailənin başçısı Zəkəriyyə kişinin 60, nəvələri Sevincin 5, Samirin isə 2 yaşı var idi.

Bu məzarları həyəcansız, ürək ağrısı keçirmədən seyr etmək çox çətindir. Ata-ana gənc oğlanları, körpə nəvələri ilə yan-yanadır. Xoş gündə doğma el-obasında bir-birlərini bağrına basanlar indi ata-baba ocağından xeyli kənarda torpağın altında qoşalaşıblar, sıralanıblar, sakit, səssiz-səmirsiz...

Ancaq Zəkəriyyə kişi oğlanlarını səsləyə bilmir, onların boyuna, əməllərinə baxıb qürrələnmir, nəvələrini qucağına alıb oxşaya bilmir, onların gül nəfəsini duymur, həyat yoldaşının harayına yetişməkdə acizdir, əli qohumlarına çatmır.

İndi körpə Sevinci, Samiri babasından, nənəsindən, atasından az bir məsafə ayırsa da, ancaq bu fidan balalar illərdi ki, əzizlərinə qovuşa bilmirlər, onların qayğılarından, köməyindən əbədi olaraq mərhumdurlar. Körpə ruhları səksəkə içərisindədir. Gözlərində əbədi olaraq erməni faşistlərinin cəlladlığı, sinələrində düşmən güllələrinin sağalmaz yaraları, qulaqlarında insanların fəryadı, atəş səsləri həkk olunub.

Məzarda uyuyan mərd cüssəli iki oğul nə ata-anasına, nə də balalarına kömək edə bilmir. Onların səsinə səs verməkdə, qan sızlayan yaralarına məlhəm qoymaqda, dərdlərinə şərik olmaqda, heç olmasa bir kəlmə söz deməkdə belə acizdirlər. Qohumlar da səssiz-səmirsiz uyuyurlar.

Xocalıda qətlə yetirilənlər təkcə Ağcabədidə deyil, Ağdamda, Bərdədə, Tərtərdə, Yevlaxda və digər rayonlarda dəfn olunublar. Onların çoxu qoca, qadın və uşaqdır.

İnsan bu məzarları görəndə, qətlə yetirilənlər haqqında eşidəndə və Xocalı qatillərinin azadlıqda sərbəst gəzdiklərinin, firavan yaşadıqlarının, hətta prezident vəzifəsinə yüksəldiklərinin şahidi olanda ədalətsiz dünyadan bezir, cəlladları himayə edənləri, haqqı nahaqqa satanları, xalqların və millətlərin taleyinə biganə olanları, qaniçən, rəhmsiz rəhbərləri, dövlət başçılarını, yaramaz, ikiüzlü beynəlxalq təşkilatları lənətləməkdən başqa ayrı çıxış yolu tapmır.

Haqdan, ədalətdən, insan hüquqlarından, demokratiyadan danışan bir çox ölkə rəhbərlərinin, siyasətçilərin 100 il bundan əvvəl olmamış saxta erməni soyqırımına gözyaşı axıtmaları, ancaq 25 il bundan əvvəl kütləvi insan qətləri ilə nəticələnən və real faktlarla sübut olunan Xocalı soyqırımını dilə gətirməmələri erməni riyakarlığına, düşmənçiliyinə bərabər bir hərəkətdir və bəşəriyyətə xəyanətdir.

Erməni millətçiləri, siyasətçiləri uzun illərdən bəri erməni soyqırımı deyib öz havadarlarının köməyi ilə bunu dünyaya qəbul etdirmək istəsələr də, Türkiyəyə qarşı əsassız ittihamlar irəli sürsələr də, ancaq əsl həqiqətləri, insan qətlləri ilə əlaqədar tutarlı faktları ortaya qoya bilmirlər. Onlar arxivlərin açılmasını belə istəmirlər. Çünki tarix, fakt və hadisələr onların uydurmalarının əleyhinədir.

Bəs onda nə üçün bir çox dövlətlərin rəhbərləri, siyasi xadimləri, ilk növbədə özünü demokratiyanın tərəfkeşi adlandıran Fransa dövlətinin prezidenti, Roma Papası və digərləri tarixdə mövcud olmayan saxta bir hadisəyə belə yas saxlayırlar, uydurulmuş yalan soyqırımı tədbirlərində iştirak etməkdən qürur duyduqlarını nümayiş etdirirlər?

Yaxşı olar ki, onlar dünya ölkələrinin vicdanlı rəhbərləri, siyasətçiləri erməni hiylələrinə uyub saxta məzarların üstündə gözyaşı axıtmaq əvəzinə əsl soyqırımın necə olduğunu görmək, həqiqətləri dərindən dərk etmək üçün Azərbaycana gəlsinlər, Bakıdakı, Qubadakı, Şamaxıdakı, respublikamızın digər rayonlarında olan kütləvi qəbiristanlıqlara, Şəhidlər xiyabanına nəzər yetirsinlər, qocaların, nakam gənclərin, dil açmamış körpələrin faciəli həyat hekayələrini eşitsinlər, tarixin acı dərslərindən ibrət götürsünlər, nəticə çıxarsınlar. Bəşəriyyəti ədalətsizliyə sürükləyib daha böyük fəlakətlərə, insan qırğınlarına yol açmasınlar.

Yoxsa bu gün Azərbaycanda yan-yana düzülən ailə qəbirləri sabah onların ölkəsində salınar, beşyaşlı sevinclərin, ikiyaşlı samirlərin üzləşdiyi faciələr fransız, amerikalı, alman, ingilis uşaqların başına gətirilə bilər.

Ədalətsizliyə son qoyulmayınca, günahkarlar cəzasız qaldıqca, cəllad əməllərini davam etdirdikcə, Xocalı soyqırımı bəşəriyyətin ürək ağrısına, canyanğısına çevrilməyincə, şəhidlərin ruhu sakitləşməyəcəkdir.

Bunu bizə tək şəhidlərimizin ruhu demir - bütün Azərbaycan xalqı, xalqın sevdiyi seçdiyi, böyük hörmət və ehtiram bəslədiyi Prezident İlham Əliyevin dediyi “Biz Azərbaycan bayrağını Şuşada dalğalandıracağıq” şüarı həm də xalqın amalı, müqəddəs vəzifəsidir. Bu, əbədiyyətə qovuşan şəhidlərimizin ruhunun səsidir, çağırışıdır.

Ulu Tanrı, bəşəriyyətin gələcəyini düşünən insanlar mütləq bu səsi eşidəcək və eşitməlidir!

 

Tahir RZAYEV,

Milli Məclisin deputatı

Azərbaycan.-2015.- 26 fevral.- S.7.