“Kitabi-Dədə Qorqudun alman dilində ilk tərcüməsi

 və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2015-ci ildə Azərbaycan xalqının mədəni sərvətlər xəzinəsində müstəsna yer tutan və əsrlərdən bəri milli-mənəvi varlığın ayrılmaz tərkib hissəsinə çevrilən “Kitabi-Dədə Qorqud” abidəsinin alman şərqşünas alimi Fridrix fon Dits tərəfindən üzə çıxarılması, nəşr edilməsi və dünya elm aləminə tanıdılmasının 200 illiyi tamam olur.

Ötən müddət ərzində “Dədə Qorqud” dastanları ilə bağlı çox sayda araşdırmalar aparılmış və qorqudşünaslığın ayrıca sahə kimi formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. 2000-ci ildə “Kitabi-Dədə Qorqudun 1300 illik yubileyinin YUNESKO xətti ilə beynəlxalq səviyyədə təntənəli qeyd edilməsi abidənin tədqiqi tarixində yeni mərhələnin başlanğıcı olmuşdur.

Milli-mədəni irsin qorunub yaşadılması və yeni nəsillərin azərbaycançılıq ruhunda tərbiyə olunmasında “Dədə Qorqud” dastanlarının böyük əhəmiyyətini nəzərə alaraq, qorqudşünaslığın sistemli fəaliyyətinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, “Kitabi-DəQorqudun alman alimi Fridrix fon Dits tərəfindən ilk tərcüməsi, nəşri və dünya elm aləminə tanıdılmasının 200 illiyinə dair fəaliyyət proqramını hazırlayaraq təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 20 fevral 2015-ci il

Azərbaycan.-2015.- 21 fevral.- S.1.