Serj Sarkisyan dünyada beynəlxalq cinayətkar kimi tanınmalıdır
Seymur ORUCOV: “YAP-ın gəncləri bu məqsədlə petisiya
üçün
imzavermə prosesində fəal iştirak
ediblər”
Ermənistan prezidenti Serj Sarkisyanın beynəlxalq cinayətkar kimi tanınması məqsədilə petisiya üçün imzatoplama keçirilib. Bu çərçivədə tələb olunan 100 min imza artıq toplanıb. Bu prosesdə Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi də fəal iştirak edib.
Bununla bağlı açıqlama verən YAP Gənclər Birliyinin sədri, partiyanın siyasi şurasının üzvü Seymur Orucovun sözlərinə görə, Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olsa da, Ermənistanın işğalçılıq siyasətindən xoşluqla əl çəkmək niyyətində olmadığı açıq-aydın görünür. Dövlətimiz Ermənistanın təcavüzkar mövqeyinin beynəlxalq müstəvidə ifşa olunması istiqamətində uğurlu siyasət həyata keçirir. Təbii ki, müxtəlif ictimai və siyasi təşkilatlar da dövlətimizin bu siyasətinə dəstək verir. Bu baxımdan, Ermənistan prezidenti Serj Sarkisyanın beynəlxalq cinayətkar kimi tanınması istiqamətində başlanan kampaniya çox əhəmiyyətlidir. Nəzərə almaq lazımdır ki, Sarkisyan hələ prezident olmamışdan xeyli öncə komandir kimi Azərbaycan torpaqlarının işğalında birbaşa iştirak edib, günahsız insanları qətlə yetirib. O, Xocalı soyqırımını törədən, dinc insanları qətlə yetirən erməni hərbi qüvvələrinə rəhbərlik edən şəxslərdən biri olub.
Seymur Orucov vurğulayıb ki, Sarkisyan bu qətliamda iştirakını açıq şəkildə etiraf edib. Ona görə də, onun hərbi cinayətkar kimi beynəlxalq miqyasda tanınması vacibdir. Bu mənada yuxarıda adını çəkdiyimiz petisiyanın əhəmiyyəti var: “Bunun üçün tələb olunan 100 min imza artıq toplanıb. Məlumat üçün bildirim ki, YAP Gənclər Birliyi bu prosesə aktiv şəkildə qoşulana qədər artıq 50 minə yaxın imza toplanmışdı. Yəni, ötən cümə gününə qədər bu qədər imza yığılmışdı. Amma həmin vaxt kampaniyada müəyyən durğunluq da hiss olunurdu. Biz partiya rəhbərliyinin tövsiyəsi ilə bu prosesə fəal şəkildə qoşulduq. YAP-ın gəncləri kampaniyada iştirak etməklə yanaşı, sosial şəbəkələrdə insanların imza verməsi üçün də aktiv təbliğat apardılar. Bütün bunların nəticəsi olaraq fevralın 16-sı axşamadək 101 min imza toplandı.”
S.Orucov vurğuladı ki, ümumiyyətlə, YAP-ın gəncləri ümummilli məsələlərdə yekdil mövqedən çıxış edirlər. Gənclər Azərbaycan Prezidentinin siyasətini birmənalı şəkildə dəstəkləyir və dövlət başçısının çağırışı ilə hər an torpaqlarımızı işğaldan azad etməyə hazırdırlar. Ermənistan həm terrorçu dövlətdir, onun başında duran da terrorçudur, hərbi cinayətkardır. Serj Sarkisyanın beynəlxalq səviyyədə cinayətkar kimi tanınması üçün YAP gəncləri petisiya üçün əllərindən gələni yenə də etməyə hazırdırlar. Əgər gələcəkdə də belə kampaniyalar olarsa, gənclər fəal şəkildə iştirak edəcəklər.
YAP Gənclər Birliyinin Xocalı soyqırımı ilə əlaqədar hansı tədbirlər palanı hazırladığına gəlincə isə S.Orucov bildirdi ki, Azərbaycan gəncliyi olaraq Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün gənclər üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar: “Gənclərimiz sosial şəbəkələr vasitəsilə soyqırımı haqda məlumatları yayırlar. Eyni zamanda, “e-mail aksiyası” keçirərək bir sıra beynəlxalq təşkilatlara, ayrı-ayrı dövlətlərin müvafiq strukturlarına Xocalı həqiqətlərini çatdırırıq. Ötən illərdə belə kampaniya keçirmişik. Hazırda da bu prosesə başlamışıq. Beynəlxalq təşkilatların, nüfuzlu şəxslərin, eləcə də dünyada tanınan siyasətçilərin, dövlət adamlarının elektron poçtlarına Xocalı soyqırımını əks etdirən məlumatlar göndəririk. Gənclər bu işdə çox fəaldırlar. Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması ilə bağlı Azərbaycanda və ölkə hüdudlarından kənarda hər il çoxlu işlər görülməkdədir. Bu işlərin aparılması istiqamətində mütəmadi fəaliyyət göstərilir. Yeni Azərbaycan Partiyasının gəncləri ölkənin aparıcı qüvvəsi hesab olunur. Biz gənclər qərara gəlmişik ki, müxtəlif yollarla Xocalı soyqırımı ilə bağlı aparılan işlərə dəstək verək”.
YAP Gənclər Birliyinin sədrinin sözlərinə görə, Azərbaycan dövləti Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində uğurlu siyasət həyata keçirir. Eyni zamanda, Heydər Əliyev Fondu müxtəlif layihələr vasitəsilə Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırır. Bir neçə ildir “Xocalıya ədalət!” kampaniyası nəinki ölkəmizdə, beynəlxalq müstəvidə də geniş əks-səda doğurub. Gənclər də bu kampaniya çərçivəsində tədbirlər keçirir: “Gənclər gələcəkdə daha ardıcıl istiqamətdə, yeni ideyalarla çıxışlar edəcəklər. Biz bu işdə həmişə aktiv olmuşuq və bundan sonra da fəaliyyətimizi davam etdirəcəyik. Bu tədbir son deyil. Belə ki, YAP rayon təşkilatlarının gənclər birlikləri Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirəcəklər. Eyni zamanda, YAP Gənclər Birliyinin ofisində deputatların, Xocalı soyqırımının şahidlərinin iştirakı ilə tədbir olacaq. Eləcə də, Xocalı faciəsinə həsr olunmuş abidə ziyarət olunacaq”.
Azərbaycan.-2015.- 21 fevral.- S.3.