“Cəhənnəmdə böyük çığırtı” kitabı əsir

 düşmüş soydaşlarımızın acı taleyindən bəhs edir

 

“APA Holdinqin dəstəyi ilə “TEAS Press” Nəşriyyat Evi tərəfindən çap edilmiş “Cəhənnəmdə böyük çığırtı” kitabının fevralın 20-də təqdimatı olub.

AzərTAc xəbər verir ki, Lent.az informasiya agentliyinin “Əsir düşərgəsi” layihəsinin materialları əsasında nəşr olunan kitabın müəllifi Vüsalə Məmmədova, ideya müəllifi və redaktoru Qabil Abbasoğludur.

Tədbirdə çıxış edən APA informasiya agentliyinin əməkdaşı İlham Tumas son illər “APA Holdinqin dəstəyi ilə reallaşdırılan layihələrdən söz açıb. Bildirilib ki, bu layihələrin sırasında Azərbaycan həqiqətlərinin dünyada daha geniş coğrafiyada yayılması vacib məsələlərdəndir. Bu gün təqdimatı keçirilən “Cəhənnəmdə böyük çığırtı” kitabı da məhz bu qəbildən nəzərdə tutulmuş işlərdəndir.

Sonra kitabda əksini tapmış materiallar əsasında APA informasiya agentliyi tərəfindən hazırlanmış videoçarx nümayiş olunub.

“APA Holdinqin prezidenti Vüsalə Mahirqızı kitabın ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığını bildirib.

Qeyd edilib ki, “Cəhənnəmdə böyük çığırtı” kitabında toplanmış 8 hekayətdə erməni girovluğunda olan azərbaycanlıların üzləşdikləri işgəncə və zorakılıqlardan, yaşadıqları dəhşətlərdən bəhs edilir. Kitabın çap olunmasında məqsəd Qarabağ həqiqətlərini araşdırmaq, yeni nəslə, həmçinin dünyaya çatdırmaq, müharibənin günahsız insanların taleyinə vurduğu silinməz damğaları yenidən cəmiyyətə xatırlatmaq və erməni vandalizminin şahidi olmuş insanların iztirablarını onların öz dilindən təqdim etməkdir. Kitabdakı bir çox faktlar geniş ictimaiyyətə ilk dəfə çatdırılır.

Bildirilib ki, kitabda həmçinin 1995-ci ildə Şuşa həbsxanasında saxlanılan azərbaycanlı əsirlərin məruz qaldıqları işgəncələrə etiraz edən Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi, əsirlərin öz aralarında “qoruyucu mələyimiz” adlandırdığı İsveçrə vətəndaşı Pyer Reyçelin göstərdiyi fədakarlıqdan da söz açılır.

Tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev çıxış edərək bildirib ki, bu gün təqdimatına toplaşdığımız “Cəhənnəmdə böyük çığırtı” kitabı “APA Holdinqin və xüsusilə də Lent.az xəbər saytının böyük zəhməti hesabına başa gəlib. Bu kitab Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ermənilərin qəddarlığı haqqında həqiqətlərin həm yerli, həm də dünya ictimaiyyətinə çatdırılması baxımından olduqca lazımlı bir nəşrdir.

Hesab edirəm ki, bu nəşrin Xocalı soyqırımının ildönümü ərəfəsində işıq üzü görməsi də yaxşı haldır. Bilirsiniz ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı həyata keçirilmiş qəddar hərbi əməliyyat nəticəsində 613 azərbaycanlı xüsusi amansızlıqla öldürülmüş, 1300-ə yaxın adam girov götürülmüş, 150 Xocalı sakini isə itkin düşmüşdür.

V.Əliyev vurğulayıb ki, ümumilikdə, bu münaqişədə əsir, itkin düşmüşgirov götürülmüş şəxslərin sayı 4 mindən çoxdur. Onlardan 900 nəfərə yaxını haqqında məlumatlar əldə edilib,  550-dən artıq adamın əsir və girovluqda qətlə yetirildiyiya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyənləşdirilib. Münaqişə dövründə 1400-dən artıq azərbaycanlı əsirlikdən azad olunub.

Tam səmimi deyirəm ki, bu kitabı oxumaq çox çətindir, adamdan bütün iradəsini toplamağı, dözümlü olmağı tələb edir. Həmin insanların faciəsi yalnız İkinci Dünya müharibəsi zamanı faşist düşərgələrində əsirlərə verilmiş işgəncələrlə müqayisə oluna bilər. Çox təəssüf ki, bu gün dünyada mövcud olan ikili standartlar nəticəsində bu vəhşilikləri törədənlər nəinki cəzasız qalıblar, hətta Ermənistan rəhbərliyində təmsil olunurlar” - deyə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri bildirib.

Sektor müdiri vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə  Azərbaycan diplomatiyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı ardıcıl siyasət yürüdürbu sahədə mühüm nailiyyətlər əldə olunub. Bunlardan ən əsası odur ki, bu gün dünya ictimaiyyəti Ermənistanı işğalçı ölkə kimi tanıyır. Erməni lobbisi əvvəlki dövrdə olduğu kimi, informasiya vakuumu yarada, həqiqətləri gizlədə və təhrif edə bilmir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı siyasəti haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyətə malikdir. Bu kampaniya sayəsində artıq 10 ölkənin parlamenti Xocalı faciəsini soyqırımı kimi tanıyıb.

“Cəhənnəmdə böyük çığırtı” kitabını çox lazımlı, zəruri bir kimi qiymətləndirən Vüqar Əliyev nəşrin xarici dillərə tərcümə olunmasının və yayılmasının vacibliyini söyləyib.

Tədbirdə Milli Məclisin deputatları Hadi Rəcəbli, Musa Qasımlı, Rafael Cəbrayılov, əsirlikdən azad olunmuş, kitabda başına gələnlərdən söz açılan Müşfiq Əliyev və Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva çıxış edərək kitabın məziyyətlərindən danışıb və bu işdə əməyi olanlara minnətdarlıqlarını bildiriblər.

Sonda bütün iştirakçılara təşəkkürünü bildirən kitabın müəllifi Vüsalə Məmmədova deyib ki, bu layihəni davam etdirərək növbəti kitabların hazırlanmasına çalışacağıq.

 

AzərTAc

Azərbaycan.-2015.- 21 fevral.- S.3.