Xocalı soyqırımı: tarix
olduğu kimi
XX əsrin faciəsi-Xocalı
Soyqırımı
Tarixinin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Sovetlər imperiyasının süqutu ilə yaranan mürəkkəb ictimai-siyasi şəraitdə dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkənin yeni tarixinə qara hərflərlə yazıldı.
Xocalıya ilk böyük hücum
Belə bir vaxtda Dağlıq Qarabağda yaşanan qarşıdurmanın xarakterik xüsusiyyətlərindən biri yollarda “daş müharibəsi”nin getməsi idi. Bu, əsas etibarilə Xankəndi-Xocalı-Əsgəran arasında özünü göstərirdi. Həmin istiqamətdə keçən yoldan azərbaycanlılara məxsus avtomobilləri ermənilər daşa tutur, onları əzir, sahiblərinə müxtəlif xəsarətlər yetirirdilər. Bunun əvəzi isə daha çox Əsgərandan Xankəndiyə, habelə əks istiqamətdə hərəkət edən və beləliklə, Xocalıdan keçmək məcburiyyətində qalan ermənilərə məxsus avtomobillərdən çıxılırdı. Ona görə də ermənilər Xocalı maneəsinin mümkün qədər tez neytrallaşdırılmasına çalışır və kiçik bir həmlə ilə Xocalını məhv edəcəklərinə inanırdılar. Elə bu məqsədlə də 1988-ci il sentyabrın 18-də Xankəndidə keçirilən nümayiş meydanından 12 minə qədər erməni 10 kilometrlik məsafəni piyada qət edərək Xocalıya tərəf üz tutdu. Ermənilərdən irəlidə isə “KrAZ” və “KaMAZ” markalı 4 yük avtomobili gəlirdi. O da məlum oldu ki, ermənilərin arasında xüsusi təlim keçmiş döyüşçülər də var. Bundan başqa, ermənilər benzin doldurulmuş butulkalarla, ucu itilənmiş dəmirlərlə silahlanmışdılar. Lakin bunlar Xocalı sakinlərini qorxutmadı. Əksinə, Xocalıya iki kilometr qalmış az bir qüvvə ilə həmləyə keçən xocalılılar erməniləri geri oturtdular. Sonradan məlum oldu ki, həmin vaxt ermənilər arasında yaşanan qarmaqarışıqlıq nəticəsində onlardan 27-si ölmüş, 100-dən çoxu yaralanmışdı. Hadisənin səhəri günü Zori Balayan “YAK-140” təyyarəsi ilə 12 nəfər həkimlə birlikdə Ermənistandan Xankəndiyə gəldi. Yalnız sentyabrın 21-də Azərbaycan KP Mərkəzi Komitəsi Xocalıya nümayəndə heyəti göndərdi. Lakin nümayəndələr daha çox bu hadisəyə görə öz iradlarını bildirirdilər. Bundan az sonra mərkəzdən gələn istintaq qrupu baş verənlərə görə bir neçə Xocalı sakininin həbsinə dair qərar çıxardı.
Bu dövrdə odlu silahlardan da istifadə olunurdu. Yerevandan
Xocalı aeroportuna edilən gündəlik reyslərin sayı
30-a çatdırılmışdı. Həmin
təyyarələrlə ermənilər Xankəndiyə hərbi
sursat daşıyırdılar. Ancaq
sonradan Xocalı polisinin fədakar əməyi sayəsində
Ermənistandan gələn reyslərin sayı 4-ə endirildi.
Hətta Moskvanın bu məsələyə qəti
etirazını bildirməsinə baxmayaraq, Xocalı polisi
inadından dönmədi və yük təyyarəsinin
Xocalı aeroportuna enməsinə yol vermədi.
Beləliklə, Dağlıq Qarabağ münaqişəsi
fonunda ermənilərin əsas hədəflərindən biri
olaraq Xocalını seçməsi heç də təsadüfi
deyildi. Ermənilərin Xocalı şəhərini hədəfə
almaqda əsas məqsədi bir tərəfdən
Qarabağın dağlıq hissəsində azərbaycanlılardan
ibarət olan, strateji əhəmiyyətli maneəni aradan
qaldırmaq idisə, digər tərəfdən, ümumiyyətlə,
Xocalını yer üzündən birdəfəlik silmək
idi. Öz miqyasına və dəhşətlərinə
görə dünya tarixində analoqu olmayan Xocalı
soyqırımını törətməkdə erməni
şovinistlərinin və ideoloqlarının daha uzağa
hesablanmış məqsədləri var idi. Onların əsas niyyəti Dağlıq
Qarabağı və digər Azərbaycan torpaqlarını ələ
keçirmək, xalqımızın müstəqillik və ərazi
bütövlüyü uğrunda mübarizə əzmini
qırmaq idi. Bununla da ermənilər sovet ordusunun
366-cı alayının köməyilə tarixdə ən
qanlı səhifələrdən birinin yazılmasına nail ola bildilər. Beləliklə,
ötən əsrdə Xocalı daha bir faciə
yaşamış oldu. Həmin faciədən
əvvəl də Xocalı öz tarixində bir neçə
dəfə erməni təcavüzünə məruz
qalmış, soyqırımılarına
uğramışdı. XX əsrin əvvəllərində
- 1905, 1906, 1917 və 1918-ci illərdə də Xocalı
dörd dəfə erməni təcavüzünə məruz
qalmış, yandırılmış, talan edilmiş,
dağıdılmış, lakin ayağa qalxaraq düşməndən
qisasını almış, yenidən yaşamışdı.
Amma sən demə, tarix Xocalını daha bir
qanlı faciə ilə sınağa çəkməyə
hazırlaşırmış.
Ermənilərin niyyətini yaxşı bilən
Xocalı sakinləri müəyyən müdafiə tədbirləri
görürdülər. Düşmən isə yaxşı
anlayırdı ki, Xocalının ələ keçirilməsi
Qarabağ münaqişəsinin sonrakı taleyində həlledici
rol oynayan əsas məqamlar sırasındadır. Ermənilərin diqqətini Xocalıya cəlb edən
önəmli səbəblərdən biri onun geostrateji
mövqeyi idi. 7000 əhalisi olan Xocalı
Xankəndidən 10 kilometr cənub-şərqdə, dağ
silsiləsində, Ağdam-Şuşa, Əsgəran-Xankəndi
yollarının üstündə yerləşir. Qarabağdakı yeganə hava limanı da məhz
Xocalıda idi. Ermənilərin əsas istəklərindən
biri məhz buradakı hava limanı vasitəsilə Ermənistanla
daha rahat əlaqə yaradılmasına nail olmaq idi. Dağlıq Qarabağda A.Volskinin hakimiyyəti
dövründən Xocalı aeroportuna gündə 20-30 təyyarə
enib-qalxırdı. Onların əsas
yükü silah və xarici ölkələrdən köməyə
gələn könüllü və muzdlu əsgərlər
idi. Dünyanın hər yerindən
Dağlıq Qarabağ ermənilərinə kömək etmək
üçün erməni könüllüləri gəlirdi.
1990-cı ilin noyabrında Əlif Hacıyev
Xocalı təyyarə limanında Xətt Daxili İşlər
Bölməsinin rəisi və Xocalı aeroportunun
komendantı təyin olundu. O, ermənilərin silah
daşımasının qarşısını müəyyən
qədər aldı. Lakin yollarda qətl və təxribat
hadisələri davam edirdi.
1991-ci ilin sonlarında SSRİ-nin dağılması ilə
keçmiş sovet məkanında yeni geosiyasi şərait
yarandı. Ermənistan faktiki olaraq, Azərbaycana qarşı
açıq və ədalətsiz müharibəyə
başladı. Ermənistanın hərbi
birləşmələri Azərbaycanın sərhədlərini
pozub Qarabağa daxil oldu və Dağlıq Qarabağın erməni
separatçıları-terrorçuları ilə birləşərək
Azərbaycan torpaqlarının işğalına
başladı. Moskvadan və xaricdəki
erməni diasporundan verilən dəstək, ovaxtkı Azərbaycan
rəhbərliyinin yarıtmaz siyasəti nəticəsində
ciddi müqavimətlə üzləşməyən ermənilər
1991-ci ilin oktyabrında Tuğ və Salakətin kəndlərini
işğal etdilər. Bunun ardınca Xocavənd
işğalçıların nəzarəti altına
keçdi.
O
dövrdə Xocalı ermənilərin işğal siyasətinin
daha sürətlə genişlənməsinə mane olurdu. Belə ki, ermənilər azərbaycanlılar
yaşayan kəndlərə hücum edəndə Xocalıdan
müqavimət göstərilir və düşmənə
öz niyyətini həyata keçirməsinə maneələr
yaradılırdı. Lakin Xocalıya və
Qarabağın düşmən hücumuna məruz qalan digər
bölgələrinə ovaxtkı Azərbaycan iqtidarı tərəfindən
lazımi yardımlar edilməməsi və hakimiyyət
uğrunda gedən savaşlar ermənilərin öz niyyətlərini
daha asan reallaşdırmalarına imkan verirdi. Məhz
buna görə 1992-ci il yanvarın 10-da ermənilər
Axullu kəndini zəbt edə bildilər. Elə
həmin ilin fevralında Malıbəyli və
Quşçular kəndləri hücuma məruz qaldı.
Xankəndidə yerləşən 366-cı
alayın bilavasitə iştirakı ilə bu kəndlər də
ermənilər tərəfindən işğal olundu. Malıbəyli və Quşçular kəndlərinin
işğalından bir neçə gün sonra Dağlıq
Qarabağın ən iri yaşayış məskənlərindən
olan Qaradağlı yenə də 366-cı motoatıcı
alayın əsgər və zabit heyəti, eləcə də
müxtəlif xarici ölkələrdən gətirilmiş
muzdlu döyüşçülər hesabına ermənilərin
əlinə keçdi.
Artıq
1992-ci il fevralın 18-də Xocalı
istiqamətində olan yaşayış məntəqələri
azərbaycanlılardan təmizlənmiş, yüksək
mövqelər ermənilər tərəfindən
tutulmuşdu. Bundan sonra ermənilər
üçün əsas hədəf Xocalı idi. Xocalıda isə vəziyyət getdikcə
ağırlaşırdı. Şəhər
1991-ci ilin oktyabrından blokadada idi. Oktyabrın
30-dan etibarən Xocalıya gələn bütün avtomobil
yolları bağlanmış, yeganə nəqliyyat vasitəsi
vertolyot qalmışdı. Belə vəziyyət
şəhərə özünümüdafiə
üçün silah, ərzaq və digər zəruri məhsulların
çatdırılmasında ciddi problemlər
yaradırdı. Ermənilərin hücumları isə ara vermirdi. 1991-ci il sentyabr
ayının 24-də Ağdamdan Xocalıya fəhlə gətirən
avtobus Əsgəranda daşqalaq edildi, sürücü və
sərnişinlər ağır yaralandılar. Bundan
iki gün sonra isə Xocalı polis şöbəsinin iki əməkdaşı
maşında atəşə tutulub qətlə yetirildi.
Ətraf erməni kəndlərindən hər
gecə Xocalı “Alazan” və “Kristall” raket qurğularından
atəşə tutulurdu. Noyabr ayından isə
Xocalının Ağdama və Şuşaya
çıxış yolları tamamilə bağlandı.
Həmin dövrdə Dağlıq Qarabağda erməni
separatçıları daha da fəallaşdılar, 1991-ci
ilin sentyabrında “Dağlıq Qarabağ respublikası”
adlanan qondarma dövlət yaradıldığını
bildirdilər.
Noyabr ayının 26-da isə Azərbaycan Ali
Soveti Dağlıq Qarabağın muxtar vilayət statusunun ləğv
olunduğunu bəyan etdi.
Proseslərin gedişi gərginliyi daha da
artırırdı. Təcrid vəziyyətinə düşmüş
Xocalıya sonuncu vertolyot 1992-ci il yanvar
ayının 28-də endi. Şuşa səmasında
mülki vertolyotun vurulması və içərisindəki 40
nəfər azərbaycanlının həlak olmasıyla şəhərlə
hava əlaqəsi də kəsildi. Yanvarın
2-dən Xocalıya elektrik enerjisinin verilməsi kəsildi.
Xocalılılar ancaq öz hünərləri
və şəhər müdafiəçilərinin cəsurluğu
sayəsində yaşayır və müdafiə olunurdular.
Şəhərin müdafiəsi əsasən
avtomat və ov tüfəngləri ilə silahlanmış
yerli özünümüdafiə dəstəsindən, yerli
milis qüvvələrindən və Milli Ordunun
döyüşçülərindən təşkil
olunmuşdu.
Fevralın ikinci yarısından başlayaraq erməni
silahlı dəstələri tərəfindən mühasirəyə
alınmış Xocalı hər gün toplardan, ağır
texnikadan atəşə tutulur, erməni dəstələrinin
həmlələrinə məruz qalırdı. Şəhəri əhatə
edən Daşbulaq, Mehdikənd, Ballıca, Həsənabad, Pirəməki,
Noraguh və Mirzəcan kəndlərinə avtomat və
pulemyotlarla silahlanmış yüzlərlə erməni
yaraqlısı, “Alazan” raket qurğuları, PDM, ZTR və
tanklar cəmlənmişdi. Qüvvələrin
əsas hissəsi isə Xankəndidə və Əsgəranda
hücum əmrinə hazır dayanmışdı. Həmin dövrdə şəhərdə hələ
3 min nəfər yerli əhali olsa da, Xocalıya vertolyot da
göndərilmirdi. Ermənilər istər
canlı qüvvə, istərsə də hərbi texnika və
silah sarıdan xocalılılardan müqayisəedilməz dərəcədə
üstün idilər. Buna baxmayaraq, ölkə
rəhbərliyi şəhərin xilası istiqamətində
heç bir tədbir görmürdü.
Halbuki düşmənin Xocalını yeni əsas hədəf
kimi seçməsi və bura hücuma hazırlaşması
barədə Azərbaycan rəhbərliyinə lazımi məlumatlar
verilmişdi.
Baş verənlərdən mərkəzi
hakimiyyət tam xəbərdar idi. Təəssüf
ki, heç bir tədbir görülmədi. Həmin vaxtlar iqtidara gəlməyə
çalışan AXC də bir tərəfdən hakimiyyəti
iflic vəziyyətinə salmışdı. İqtidardakı qüvvə isə hakimiyyətini
qoruyub saxlamaq istəyirdi. Bakıda hakimiyyət
davası getdiyindən təkcə Xocalı yox, bütün
Qarabağ taleyin ümidinə buraxılmışdı.
Belə vəziyyət erməniləri daha da
şirnikləndirir, Xocalını ələ keçirmək
planlarının tez həyata keçirilməsi
üçün onlara stimul verirdi.
Tarixə
qanla yazılan gün
Yaranan vəziyyətdən maksimum faydalanmağa
çalışan ermənilər Xocalını daha tez ələ
keçirməyə səy göstərirdilər. 1992-ci il fevralın 25-də
saat 22.00 radələrində Ermənistandan Azərbaycan
Respublikası ərazisinə keçirilmiş silahlı
qüvvələr, habelə Dağlıq Qarabağın millətçi
ermənilərindən təşkil olunmuş qanunsuz
silahlı dəstələr keçmiş SSRİ Müdafiə
Nazirliyinin 366-cı motoatıcı alayının komandir heyəti
və hərbi texnikası ilə birgə Xocalı şəhərinə
hücuma keçdilər. Hücumda 366-cı alayın
komandiri Zarviqorov Yuri Yureviç və mayor Ohanyan Seyran
Muşeqoviçin komandanlığı altında alayın
2-ci batalyonu, Nabokix Yevgeni Aleksandroviçin
komandanlığı altında 3-cü batalyonu, həmçinin
1-ci batalyonun qərargah rəisi Çitçiyan Valeriy
İsaakoviç, habelə alayda xidmət edən 50-dən
çox erməni və digər millətlərdən olan
zabit və gizirlər iştirak edirdilər. Hücum zamanı
90-dan çox tank, piyadaların döyüş
maşını, top və digər müasir hərbi texnikadan
istifadə olundu.
Hücumdan
əvvəl şəhər şiddətli top atəşinə
tutuldu. Güclü artilleriya atəşi şəhərdə
olan müdafiə postlarını və müdafiə nöqtələrini
sıradan çıxardı. Bundan sonra
gecə saat 1.00-dan başlayaraq 4.00-a qədər piyadaların
şəhərə daxil olması davam etdi. Şəhərdə axırıncı müqavimət
nöqtəsi səhər saat 7-də susduruldu. Bu zaman yenə də 366-cı alayın
texnikasından istifadə olundu.
Beləliklə, ermənilər çoxsaylı tanklar,
PDM və zirehli transportyorların müşayiəti ilə
Xocalını ələ keçirdilər. Onlar şəhərə
daxil olduqdan sonra dinc əhalini xüsusi amansızlıqla qətlə
yetirməyə başladılar.
Azğınlaşmış düşmən mülki əhaliyə,
o cümlədən qadınlara, uşaqlara, qocalara, bir
sözlə, qarşılarına çıxan hər bir kəsə
müxtəlif çaplı odlu silahlardan atəş
açır, hərbi texnikanın altına salıb əzir,
mühasirədən çıxıb qaçmağa müvəffəq
olanları isə yollarda, keçidlərdə, meşələrdə
təqib edərək vəhşicəsinə
öldürürdülər. Əsir və
girov götürdükləri azərbaycanlılara da aman
vermir, işgəncə ilə qətlə yetirirdilər.
Qətlə yetirilən insanların başlarının
dərisi soyulur, müxtəlif əzaları kəsilir,
gözləri çıxarılırdı. Qadınların
qarınları yarılır, adamlar diri-diri torpağa
basdırılır və ya yandırılır, meyitlər
eybəcər hala salınırdı. Xocalıda
mülki əhalinin düşünülmüş şəkildə
qətlə yetirilməsini sübut edən çoxsaylı
faktlardan biri də budur ki, həmin gün qaçıb xilas
olmaq istəyənlərin çoxu ərazinin
çıxış yollarında əvvəlcədən
xüsusi hazırlanmış pusqularda güllələnmişdir.
Faciənin törədilməsinə rəvac verənlər
sırasında Ermənistanın sabiq prezidentləri Levon
Ter-Petrosyan, Robert Koçaryan və işğalçı
ölkənin indiki dövlət başçısı Serj
Sarkisyan da vardı. Hələ 1992-ci ildə Levon Ter-Petrosyan erməni
ordusuna müraciətində deyirdi: “Siz, ermənilər düşməni
öldürərkən ürəyiyumşaqlıq göstərməməlisiniz.
Dağlıq Qarabağda azərbaycanlı deyilənləri
qırıb qurtarana və orada öz sivilizasiyamızı bərqərar
edənə qədər sizin düşmənə
yazığınız gəlməməlidir”. Dağlıq Qarabağ separatçılarına rəhbərlik
edən Robert Koçaryan da eyni mövqenin sahibi idi. Ermənistanın indiki prezidenti Serj Sarkisyan isə
1992-ci ildə Xocalı soyqırımını törədən
qüvvələrin komandanlarından olub, həmin qüvvələri
təşkilatlandıraraq yüzlərlə insanın
ölüm əmrini verib və beləliklə,
soyqırımında şəxsən iştirak edib. Bu
mənada Sarkisyanın Tomas de Vaalın “Qara bağ”
kitabında yer alan fikirləri də
çox şey deyir: “Xocalıya qədər azərbaycanlılar
elə bilirdilər ki, bizimlə zarafat etmək olar, onlar elə
fikirləşirdilər ki, ermənilər dinc əhaliyə əl
qaldırmazlar. Biz o stereotipi
sındırdıq”.
Faciə baş verən gün əsasən qadınlar,
uşaqlar və qocalardan ibarət dəstə Qaraqaya tərəfə
üz tutaraq Əsgəranın qarşısında, meşədə
gizlənmişdi. Adamlar gecə şaxtalı havada səhərə
qədər dayanıb gözlədikdən sonra dan yeri ağaran
zaman meşədən çıxıb Ağdama tərəf
hərəkət etmək istəyəndə pusquda dayanan ermənilərin
güllələrinə tuş gəldilər. Təlaş və vahimə içərisində
qaçan adamların bir qismi böyük çətinliklə
Dəhraz kəndinə gəlib çıxsa da, orada yenə
silahlı ermənilər tərəfindən kütləvi
şəkildə qətlə yetirildilər, əsir
götürüldülər. Kətik
meşəsinə qaçanlardan da xeyli insan qətlə
yetirildi. Silahsız insanlara qarşı
kütləvi qətllər törədən,
soyqırımı həyata keçirən ermənilər ən
vəhşi üsullardan, işgəncə metodlarından
istifadə edir, öldürülmüş insanların cəsədlərinin
başına min bir oyun açırdılar.
Möcüzə
nəticəsində sağ qalan Xocalı sakinləri baş
verənləri belə xatırlayırlar:
Camal Heydərov:
“Qaraqaya deyilən yerin yaxınlığındakı
fermanın 2 kilometrliyində eybəcər hala
salınmış xeyli azərbaycanlı meyiti var idi. Qətlə yetirilmiş uşaqların sinəsini
yarıb ürəklərini parçalamış, əksər
meyitləri isə tikə-tikə doğramışdılar”.
Şahin Heydərov Naxçıvanik kəndi
yaxınlığında 80-ə yaxın meyit
görmüşdür. Meyitlər qorxulu vəziyyətə
salınmış, başları kəsilmişdi. Cəlil Hümbətovun gözü
qarşısında ermənilər həyat yoldaşı
Firuzə, oğlu Muğan, qızı Simuzər və gəlini
Südabəni güllələmişdilər.
Kübra Paşayeva Kətik meşəsinə girəndə
ermənilərin mühasirəsinə
düşmüşdü. Gizləndiyi kolluqdan həyat
yoldaşı Şura Paşayevin, oğlu Elşadın
güllələnməsinin şahidi olmuşdu. Xocalı işğal edilən zaman Xəzəngül
Əmirovanın ailəsini erməni silahlıları
bütünlüklə girov götürmüşdülər.
Ermənilər Xəzəngülün anası
Rayanı, 7 yaşlı bacısı Yeganəni və
xalası Göycəni güllələyib, atası Təvəkkül
Əmirovu isə benzin tökərək
yandırmışdılar. Zoya Əliyeva
150 nəfərə qədər adamla 3 gün meşədə
qalıb. Meşədə Zoyanın
yanında Dünya Əhmədova və onun bacısı
Gülxar donub ölmüşdülər. Səidə Kərimovanın qızı Nəzakəti,
yanında olan Tapdığı, Səadəti, İradəni
işgəncə ilə qətlə yetirmişdilər.
Səriyyə Talıbova isə belə bir dəhşətli
hadisənin şahidi olmuşdur: “Bizi erməni qəbiristanlığına
gətirdilər... Burada erməni
döyüşçüsünün qəbri üstündə
4 Məhsəti türkünü və 3 azərbaycanlını
qurban kəsdilər... Sonra valideynlərinin
gözü qarşısında uşaqlarına işgəncə
verdilər və öldürdülər. Az
sonra milli ordunun formasında 2 azərbaycanlı gətirdilər,
iti dəmirlə onların gözlərini
çıxartdılar”. Faciə baş verən zaman 11
yaşı olan Ramil Həsənov xatırlayır ki,
dostlarım Elçin və Elgizin meşədə necə
öldüklərini yadımdan çıxara bilmirəm,
onların ayaqları donmuşdu, bizimlə qaça bilmirdilər,
lal-dinməz qarın üstündə uzanmışdılar və
yavaş-yavaş gözlərini yumurdular.
İnsanların
başlarının dəriləri soyulmuş, burunları,
qulaqları kəsilmişdi
Həmin
dövrdə Xocalıdan Ağdama gətirilmiş 194 meyit (130
kişi, 51 qadın, 13 uşaq) məhkəmə-tibbi
ekspertizadan keçirilmişdir. Nəticədə müəyyən
edilmişdir ki, 151 nəfər güllə, 20 nəfər qəlpə,
10 nəfər küt alətlərlə
öldürülüb, meyitlərin əksəriyyətinin
baş dəriləri soyulub, burunları, qulaqları və digər
orqanları kəsilib.
Törədilən vəhşilikləri sonradan ermənilər özləri də açıq etiraf edirdilər. Qarabağ hadisələrinin iştirakçışı, ermənilərin ən çox sevdiyi ideoloqlarından olan yazıçı Zori Balayan “Ruhumuzun dirçəlişi” adlı kitabında Xocalıda törətdikləri soyqırımı haqqında yazır: “Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq”.
Erməni yazıçı-jurnalisti David Xerdiyan da Xocalıda ermənilərin azərbaycanlıların başına gətirdikləri müsibətləri “Xaç uğrunda” kitabında belə xatırlayır: “Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstündə getmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə işarə etdi ki, qorxmayım. Mən ayağımı 9-11 yaşlı qız meyitinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Martın 2-də “Qaflan” erməni qrupu türklərin cəsədlərini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 kilometrliyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o, yavaş-yavaş nəfəs alır. Soyuğa, aclığa və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi”.
Baş verən bu dəhşət haqqında dünya mediasında aşağıdakı fikirlər yer almışdı: “Krua l'Eveneman” jurnalı (Paris): “Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar çoxlu sayda ölənlər barədə xəbər verirlər”.
“Sandi Tayms” qəzeti (London), 1 mart 1992-ci il: “Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər”.
“Faynənşl Tayms” qəzeti (London), 9 mart 1992-ci il: “Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar. Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir”.
“Tayms” qəzeti (London), 4 mart 1992-ci il: “Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır”.
“İzvestiya” (Moskva), 4 mart 1992-ci il: “Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür”.
“Faynənşl Tayms” qəzeti (London), 14 mart 1992-ci il: “General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbçisi Dağlıq Qarabağda qalmışdır”.
“Le Mond” qəzeti (Paris), 14 mart 1992-ci il: “Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxarılmış 3 nəfəri görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, bu, reallıqdır”.
“İzvestiya” (Moskva), 13 mart 1992-ci il: “Mayor Leonid Kravets: “Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü”.
“Valer aktuel” jurnalı (Paris), 14 mart 1992-ci il: “Bu “muxtar region”da erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər”.
(Ardı
var)
Rəşad CƏFƏRLİ,
Azərbaycan.-2015.- 21 fevral.- S.5.