Milli mənliyimizin təməl daşı
21 fevral Beynəlxalq Ana Dili
Günüdür
Ana!
Ana Vətən!
Ana dili!
Dünyaya
gətirib, canından-qanından sənə həyat verən
Ana!
Qoynunda
saxlayıb, havasını, suyunu... min bir naz-nemətini səndən
əsirgəməyən Vətən!
Səni də,
mənsub olduğun milləti də, boya-başa
çatdığın torpağı da, ölkəni də
dünyaya tanıdan Ana dili!
Bir-birindən ayrılması mümkünsüz olan bu
üç varlığın - birincinin şərəf və
ləyaqətini, ikincinin toxunulmazlığını və
müqəddəsliyini, üçüncünün
inkişafı uğrunda mübarizə aparan xalq Yer
üzünün ən xoşbəxtidir.
600 il bundan əvvəl “Ey türk oğulları,
Vətənin bir ovuc torpağını dünyanın
var-dövlətinə, dilimizin bir sözünü ləl-cəvahirata
dəyişməyin” - deyən Şah İsmayıl Xətaidən
üzü bəri Azərbaycan dili milli varlığımıza
çevrilmişdir, dövlət dili kimi
tanıdılmışdır. Ana dilimiz əsrlər
boyu mövcudluğunu yaşadaraq, inkişaf edərək əbədiyaşarlıq
hüququ qazanmışdır. Xalqımız
illərlə şimalın və cənubun müstəmləkə
boyunduruğunda yaşasa da, ana dilini bütün dillərdən
yüksəkdə tutmuşdur.
Dil hər bir millətin maddi və mənəvi irsini
qoruyan və inkişaf etdirən ən mühüm və ən
güclü vasitədir. Ana dilimizin dövlət dili kimi hüquqi
aktlarla təsbit olunması XV əsrin sonları və XVI əsrin
əvvəllərində - Şah İsmayıl Xətai
hakimiyyəti illərində olduğu kimi, XX əsrin əvvəllərində
Azərbaycan Xalq Cümhuriyyəti dövründə də
aktuallıq kəsb etmişdir. Milli
hökumətin qərarına əsasən ölkəmizin rəsmi
dövlət dili Azərbaycan dili olmuşdur. Rus pedaqoqu K.D.Uşunski demişdir ki, bir xalqı məhv
etmək üçün onun dilini əlindən almaq kifayətdir.
Məhz bu səbəbdəndir ki, bolşevik
imperiyası müsəlman Şərqində ilk demokratik
dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini 1920-ci ildə
süquta uğratdıqdan sonra ilk növbədə dilimizi məhv
etməyə çalışdılar. Xalqımızın
keçmişini - tarixini, ədəbiyyatını, milli-mənəvi
dəyərlərini unutdurmaq məqsədilə ötən əsrin
20-40-cı illərində onun dilinin inkişafının ana xəttini
təşkil edən əlifbasını üç dəfə
dəyişdirdilər, nəticədə millətin
özü kimi ana dili də repressiyaya məruz qaldı. Ölkə Azərbaycan Respublikası adlansa da, onun rəsmi
dövlət dili rus dili idi. Beləliklə,
millət rəsmi dairələrdə, idarə və müəssisələrdə
salamı da rus dilində vermək məcburiyyətində
qalmışdı. Millətə və ana dilimizə
olan xəyanəti görən xalqımızın görkəmli
ziyalıları Üzeyir bəy Hacıbəyli, Firudin bəy
Köçərli, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə,
Əhməd Cavad, Abdulla Şaiq, Vəli Xuluflu, Fərhad
Ağazadə, Hacı Kərim Sanılı, Əli Nəzmi,
Yusif Vəzir Çəmənzəminli, Ömər Faiq
Nemanzadə və digər bu sıradan olan dil təəssübkeşləri
mətbu yazılarında və əsərlərində
öz qətiyyətli mövqeləri ilə ana dilimizin
müdafiəsinə qalxdılar. İstiqlal şairi Əhməd
Cavad - 1922-ci ildə ana dilimizin qədimliyini, gözəlliyini
və həmişəyaşarlığını “Yeni
türk əlifbaçılarına” xatırladaq deyirdi:
Mən
bir aşiqəm ki, çaldığım bu saz
Dumanlı dağlara səs salacaqdır.
Ağlatdığım
teldə inləyən avaz
Elin xatirində çox qalacaqdır.
Xalqın
canında, qanında, mənəvi dünyasında yaşayan
Azərbaycan dilinin təəssübkeşlərindən olan
yazıçı Mirzə İbrahimov ötən əsrin
ortalarında Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsində
işləyərkən ana dilimizin mühafizəsi uğrunda
vətəndaşlıq mövqeyi göstərərək Azərbaycan
dilinin dövlət dili səviyyəsində işlədilməsi
təşəbbüsündə oldu. Təəssüf
ki, bu təşəbbüs uğursuzluqla nəticələndi,
amma bu ədalətsizliyə baxmayaraq böyük vətənpərvər
ədib heç zaman haqlı tələbindən dönmədi.
Hər qaranlıq gecənin bir al səhəri olduğu
kimi, ötən əsrin 70-ci illərinin sonunda Azərbaycan
dilinin də üstünə gün doğdu. Ulu öndər
Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti
sayəsində 1978-ci ildə Konstitusiyanın 73-cü maddəsinə
Azərbaycan dilinin dövlət dili olması barədə
xüsusi maddə əlavə edildi. Ulu
öndər Azərbaycan dilinə millətin taleyi kimi
yanaşaraq onun qorunub saxlanılmasını qanunla rəsmiləşdirdi
və inkişafına münbit şərait yaratdı. Bu, o dövr üçün asan məsələ
deyildi. Amma Heydər Əliyev quruluşun sərt
rejiminə, respublikanın birinci şəxsi kimi, ən
azından, vəzifəsinin itiriləcəyinə və
taleyində hansı təhlükənin yaranacağına
baxmayaraq, xalqın gələcəyi, vicdanı və namusu
naminə bu missiyanı böyük şərəflə yerinə
yetirdi. Bu şərəfli xidmətin nəticəsidir
ki, ziyalılar, siyasətçilər, dilçi alim və
mütəxəssislər, yazıçı və şairlər
Azərbaycan dilinin hərtərəfli inkişafında, beynəlxalq
dil sisteminə qovuşmasında, nüfuz qazanmasında ilkin
olaraq ulu öndərin əvəzsiz xidmətlərini
xatırlayırlar.
1995-ci ildə isə ulu öndərin rəhbərliyi ilə
Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən
dövlət dilinin necə adlandırılması ilə
bağlı müxtəlif təkliflər olsa da, mütəxəssislərin
böyük əksəriyyəti ana dilimizin “Azərbaycan dili”
adlandırılması fikrini dəstəklədilər. Bunun nəticəsi olaraq
1995-ci il Konstitusiyasının 21-ci maddəsində
Azərbaycan Respublikasında dövlət dilinin “Azərbaycan
dili” adlandırılması hüquqi qüvvəyə mindi.
Bu da tarixi həqiqətdir ki, ulu öndər azərbaycanlı
gənclərin əcnəbi dilləri də bilməsi,
intellekt səviyyələrinin yüksəlməsi və
dünya görüşlərinin yeniliyə inteqrasiyası
naminə hər il təhsil almaq
üçün keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə
göndərilməsi ənənəsinin əsasını
qoyub. O dövrdə Heydər Əliyevin şəxsi təşəbbüsü
və dəstəyi sayəsində böyük qruplar
halında SSRİ-nin 170 qabaqcıl ali təhsil
ocağına 15 minə yaxın azərbaycanlı göndərilib,
hər il xarici ölkələrə 800 tələbə yola
salınıb.
Azərbaycan dövlətinin dil siyasətinin
inkişafında ulu öndərin qayğı və
prinsipiallığı bunlarla məhdudlaşmır. Heydər
Əliyev ikinci dəfə Azərbaycana rəhbər
seçiləndən sonra da ana dilimizə olan sevgini, istəyi
əvvəlkindən də kəskin şəkildə önə
çəkdi. 2001-ci il iyunun 18-də
Heydər Əliyevin təşəbbüsü və dəstəyi
ilə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında” fərman verildi. Həmin tarixi fərman Azərbaycan
dilinin keçdiyi tarixi yola elmi-siyasi aspektdə işıq
saldı, ədəbi dilin inkişafına yeni təkan verdi. Fərmana əsasən, Azərbaycan
Prezidenti yanında Dövlət Dil Komissiyası
yaradıldı. Dünyanın heç bir
dövlətində analoqu olmayan belə bir qurumun
yaradılmasında əsas məqsəd ana dilimizin tətbiqi
işinin təkmilləşdirilməsi və bu prosesi
ümummilli maraqlar baxımından tənzimləmək idi.
Fərmanda deyilir: “Azərbaycan dilinin bugünkü inkişaf
səviyyəsi göstərir ki, Azərbaycan xalqı
dünyanın ən qədim xalqlarındandır. Azərbaycan dilinin dünya dilləri arasında ən
kamil dillərdən biri olduğu həqiqətini bir çox
xalqların görkəmli nümayəndələri də
dönə-dönə etiraf etmişlər. Onlar öz əsərlərində bu dili XIX əsrdə
Avropada geniş yayılmış fransız dili ilə
müqayisə edərək onu Avrasiyanın hər tərəfində
işlənən bir dil kimi yüksək qiymətləndirmişlər”.
Ulu öndərin Azərbaycan dilinə olan məhəbbəti
ən yüksək kürsülərdəki
çıxışlarında, doğma dilimizə ən
qaynar sevgi bəsləyən yazıçı və şairlərə
olan münasibətində də büruzə verirdi. Dünya
şöhrətli siyasətçi dili həmişə ədəbiyyatla,
mədəniyyətlə, incəsənətlə, mənəviyyatla
və vətənpərvərliklə bağlayırdı.
Təsadüfi deyil ki, ulu öndərin illər öncə
dediyi “Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini də yaxşı bilməz”
ifadəsi, eləcə də “Mən həmişə fəxr
etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”
kəlamı artıq xalq arasında aforizmə çevrilib. Heydər Əliyev həmişə Azərbaycanın
hərtərəfli inkişafına, zənginləşməsinə
və çiçəklənməsinə böyük dəyər
verib. Bu dəyərlərdən biri də 18 iyun 2001-ci
il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında” fərmanından 1 ay 20 gün sonra - avqustun 9-da “Azərbaycan
əlifbası və Azərbaycan dili gününün təsis
edilməsi haqqında” imzaladığı fərmandır. Bu
fərmana əsasən ulu öndərin xeyir-duası ilə o
vaxtdan ölkəmizdə hər il 1 avqust
- Azərbaycan Əlifbası və Azərbaycan Dili
Günü kimi qeyd olunur. Həmin fərmana görə 2001-ci
il avqustun 1-dən etibarən latın
qrafikalı Azərbaycan əlifbasına keçid
reallaşdı. Azərbaycan dilini dövlətçiliyin əsas
rəmzi hesab edən ulu öndər demişdir: “...Musiqi də,
ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də
millətin milliliyini təsdiq edir. Amma millətin
milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində
ədəbiyyat da olmaz, Azərbaycan dili olmasa, Azərbaycan
dilində mahnılar da olmaz, musiqi də olmaz.”
“Millətin milliliyini ən birinci təsdiq edən onun dilidir” - deyən ümummilli lider istər Azərbaycanda, istərsə də xarici ölkələrə səfərləri zamanı diaspor nümayəndələri ilə görüşlərində həmişə məsləhət görürdü ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, milli adət-ənənələrini unutmamalıdır. Dünya azərbaycanlılarının 2001-ci il noyabrın 10-da keçirilən I qurultayındakı nitqində Heydər Əliyev dövlətçiliyimizin və ideoloji düşüncəmizin tarixi ənənələrə bağlılığında və mühafizəsində azərbaycançılıq təliminin peşəkarcasına gələcəyə istiqamətləndirilməsində ana dilimizin vacibliyini müəyyənləşdirərək demişdir: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıdır.”
Göründüyü kimi, həm sovet hakimiyyəti illərində, həm də müstəqillik dövründə ümummilli lider Heydər Əliyevin dil siyasəti milli quruculuq siyasətinin əsas istiqamətlərindən biri olmuşdur. Ulu öndərin ana dilimizə göstərdiyi qayğıda, həssas münasibətdə həmişə millətin və dövlətin taleyi prioritet təşkil etmişdir.
Bu gün dil siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli-mənəvi dəyərlərimizə, elmin və mədəniyyətin inkişafına xüsusi qayğı göstərilir. Bu sırada Azərbaycan Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli fərmanı öz ictimai-tarixi dəyəri ilə diqqət çəkir. Fərmana əsasən latın qrafikalı əsərlər kütləvi tirajla nəşr edilərək respublikamızın mərkəzi kitabxanalarına və məktəblərinə hədiyyə edilmişdir. Qürurla demək lazımdır ki, Prezident İlham Əliyev milli mənliyimizin təməl daşı olan ana dilimizin və əlifbamızın keşiyində dayanan, onun mühafizəsi yolunda qətiyyət göstərən dövlət başçısı kimi milli-mənəvi dəyərlərə sadiqlik nümunəsi göstərir.
Rəhman SALMANLI,
Azərbaycan.-2015.- 21 fevral.- S.7.