Bakı Ali Neft Məktəbi və Baker
Hughes
şirkəti arasında əməkdaşlıq
müqaviləsi imzalanıb
Bakı Ali Neft Məktəbi (BANM) və Baker Hughes (Baker Hughes Services İnternational INC) şirkəti arasında “Əməkdaşlıq haqqında müqavilə”nin imzalanma mərasimi keçirilib.
Tədbiri açan BANM-in rektoru Elmar Qasımov Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu neft strategiyasından danışdı. Neft-qaz və kimya sənayesinin ölkə iqtisadiyyatının inkişafında əsas rol oynadığını vurğulayan E.Qasımov bu sahədə mütəxəssislərin hazırlanmasının ARDNŞ-nin fəaliyyətində vacib istiqamətlərdən biri olduğunu bildirdi. Rektor həmçinin BANM-in yaranma tarixi, məqsədləri, qısa zaman ərzində əldə etdiyi uğurları və dünyada tanınmış neft-qaz şirkətləri ilə qurulan əməkdaşlıq haqqında ətraflı məlumat verdi. O, BANM-in Azərbaycanın ali təhsil ocaqlarının reytinq cədvəlində ən yüksək yerlərdən birini tutduğunu vurğuladı. Hazırda tikilməkdə olan BANM-in müasir tələblərə cavab verən kampusunun növbəti təhsil ilində istifadəyə veriləcəyini bildirən rektor onun Qafqaz regionunda ən böyük kampus olacağını dedi.
Sonra Baker Hughes şirkətinin Azərbaycan və Gürcüstan üzrə nümayəndəliyinin rəhbəri Roy Vaudvayk təmsil etdiyi beynəlxalq şirkət haqqında ətraflı məlumat verdi. Şimali Amerika, Latın Amerikası, Avropa, Asiya, Afrika, Yaxın Şərq, Rusiya, Xəzər, və Sakit okean hövzəsi regionlarındakı 80-dən artıq ölkədə fəaliyyət göstərən Baker Hughesin 61 mindən artıq işçisi olduğunu qeyd edən qonaq şirkətin beynəlxalq neft və təbii qaz istehsalı sektorunda müxtəlif xidmətlər, məhsullar, texnologiyalar və sistemlər təklif etdiyini dedi. Baker Hughesin qazma, quyuların texniki parametrlərinin qiymətləndirilməsi, quyuların tamamlanması, sualtı qurğuların, neft və qazın emalı texnologiyaları, kənd təsərrüfatında istifadə olunan kimyəvi məhsulların istehsalı üzrə ixtisaslaşdığını qeyd edən R.Vaudvayk təmsil etdiyi şirkət ilə BANM arasında əldə olunan əməkdaşlığın gələcəkdə bu istiqamətlər üzrə ali məktəbdə neft-qaz və kimya mühəndislərinin hazırlığına müsbət təsir edəcəyini bildirdi. R.Vaudvayk həmçinin imzalanan müqavilənin gələcəkdə BANM-in məzunları üçün çox böyük imkanlar yaradacağını vurğuladı.
Sonra Bakı Ali Neft Məktəbi ilə Baker Hughes şirkəti arasında əməkdaşlıq haqqında müqavilə imzalandı.
Sənəddə BANM-də yüksəkixtisaslı
mütəxəssislərin hazırlanmasını təmin
etmək üçün zəruri maddi-texniki, elmi-metodiki və
təşkilati tədbirlərin həyata keçirilməsi nəzərdə
tutulur. Müqavilədə
həmçinin BANM-in əlaçı tələbələrinin
şirkətin müəssisələrində təcrübə
keçməsi, tədris prosesində istifadə üçün proqram təminatı
ilə təchiz edilməsi, fərqlənən tələbələrə
şirkətin mükafatlarının verilməsi, ali məktəbin kampusunda
ixtisaslaşmış tədris
laboratoriyasının yaradılması, şirkətin mütəxəssislərinin
bu təhsil ocağında fənlərin
tədrisinə cəlb olunması, istedadlı tələbələrə
təqaüdlərin verilməsi və məzunları üçün karyera
imkanlarının yaradılması,
2-ci və 3-cü kurs tələbələri
üçün yay təcrübəsinin,
kursların təşkili, orta məktəblərdə
fəaliyyət göstərən “Gənc mühəndislər
klubu və dərnəklər”in işinə
maddi yardım göstərilməsi və
digər müddəalar öz əksini
tapıb.
Azərbaycan.-2015.- 21 fevral.- S.7.