3. Əmək ən səmərəli
islahdır
İstehsalat sahələrinin genişliyinə görə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsi xüsusilə fərqlənir. Digər müəssisələrlə müqayisədə buradakı istehsalat sahəsi böyük olmaqla bərabər, ərsəyə gələn məhsullar da çoxçeşidlidir.
11 saylı cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Mahir Əliyev öncə müəssisədəki istehsalat sahələri barədə məlumat verdi. Bildirdi ki, müəssisədə 294 nəfər məhkum haqqı ödənilən əməyə cəlb olunub. Onun sözlərinə görə, cinayət işləri üzrə vurulmuş maddi ziyanın ödənilməsində məhkumların əməyə cəlb edilməsinin rolu böyükdür. Belə ki, 11 saylı cəzaçəkmə müəssisəsində məhkumlara aid icra vərəqələri üzrə 2014-cü il ərzində 94 540 manat iddia borcu ödənilmişdir. Hazırda müəssisədə vakant yer yoxdur. Amma işləmək istəyən hər bir məhkuma lazımi şərait yaradılır. Mövcud imkanlar hesabına istehsal sahələrini daha da genişləndirmək üçün müxtəlif variantlar axtarılır.
NATO standartlarına uyğun çarpayı, sellofan torbalar və məhsuldar istixana...
İstehsal sahələri ilə tanışlığımızı istixanadan başladıq. Kənardan səliqəli
görünən istixananın
içərisində də
nizam, sahman vardı. Pomidor yetişdirilən bu istixanada bəzi
şitillərin hündürlüyü
hətta insan boyunu da ötüb
keçirdi. Buraya iki
məhkum təhkim olunub. Biri təsərrüfat işlərindən yaxşı
baş çıxardan
mütəxəssis, o biri
də köməkçi.
Məhkum Əbdüləli
Əliyev istixana barədə fikirlərini
bildirdi: “30 ildən artıqdır ki, təsərrüfatla məşğulam.
2009-cu ildən bu müəssisədəyəm.
Azadlıqda olanda da özümün fərdi təsərrüfat sahəm
vardı. Öz bağımda
elə əkin-biçinlə
məşğul olmuşam.
İşi bacardığıma görə istixanaya cəlb olundum. Bu işin mənim
üçün heç
bir çətinliyi yoxdur. Məhsuldarlığımız da yaxşıdır.
Hər il
müxtəlif tərəvəz
şitilləri əkirik.
Hazırda burada 1500 pomidor
şitili var. Hər şitildən də 3 kiloqram məhsul gözləyirik”.
O, işin məhkumluq həyatındakı rolundan
da danışdı:
“Nəinki mən, əgər əkinçilərin
hər biri işə ürəklə
yanaşarsa, əsəbdən,
gərginlikdən uzaq
olarlar. Tərəvəz bitkiləri elədir
ki, gərək onu uşaq kimi
bəsləyəsən. Başım qarışır, vaxtım
gedir. Burada heç kim
mənə mane olmur. Vaxtında suvarırıq, dava-dərmanını
veririk”.
Müəssisəyə gəlişimiz münasibətilə
burada məhkumların
əl işlərinin
sərgisi təşkil
edilmişdi. Sərgidə nərd və
şahmat taxtaları,
mücrü, güzgü
və digər əl işləri xüsusi zövq oxşayırdı. Hər birinin
özünəməxsus işləmələri,
bir özəlliyi vardı. Sərgi müəssisənin tikiş sexində təşkil edildiyindən
oradakı tikiş maşınları da gözümüzdən qaçmadı.
Müəssisənin istehsalat,
maliyyə və təsərrüfat üzrə
rəis müavini, ədliyyə polkovnik-leytenantı
Aftandil Əsədov bildirdi ki, 10 nəfərə yaxın məhkumun çalışdığı
tikiş sexində istehsal olunan dəsmallar, döşək
üzlükləri və
digər parçalar dövlət sifarişi ilə Ədliyyə Nazirliyinin tabeli qurumlarının ehtiyaclarını
ödəyir.
Sonra cəzaçəkmə
müəssisəsində yerləşən
ən böyük istehsalat sahəsinə daxil olduq. Burada eyni
anda dəmir qapılar, çərçivələr,
seyf və çarpayılar istehsal olunur. Təbii ki, hər biri dövlət sifarişi ilə həyata keçirilir.
İki laylı çarpayılar
diqqətimizi daha çox çəkdi.
Öyrəndik ki, bu çarpayılar NATO standartlarına
uyğun hazırlanır
və Ədliyyə Nazirliyinin mühafizə alayında müddətli həqiqi hərbi xidmət keçən kontingent üçün nəzərdə tutulur.
Sexdə
müxtəlif dəmir
məmulatları ilə
yanaşı, kotan-malalar
da istehsal olunur. Lakin bu istiqamətdə
sifarişlər olmadığından
hələlik istehsal dayandırılıb. Bundan başqa,
xalça toxuması üçün nəzərdə
tutulan xana dəzgahları da qüsursuz şəkildə
istehsal edilir.
Müəssisədə həmçinin daş sexi fəaliyyət göstərir. Kifayət qədər geniş
ərazisi olan sexdə qaya və çay daşlarından tamet, üzlük və bir-birindən maraqlı bəzək formaları düzəldilir. Daşların üzərindəki müxtəlif
naxışlar, oymalar
məhkum işçilərin
artıq peşəkar
olmasından xəbər
verirdi.
“Həm cəzamı çəkirəm, həm
də pul qazanıram”
11 saylı cəzaçəkmə
müəssisəsində sellofan
sexi də quraşdırılıb. Sex müasir standartlara cavab verən dəzgahlarla təchiz olunub. Müəssisə rəhbərliyinin dediyinə görə, sellofan sexi tam gücü ilə işləsə, bir gündə 300 kiloqram məhsul istehsal etmək olar. Amma təəssüf ki, sifarişlər çox az
olur. Xüsusən də iş adamları nədənsə
cəzaçəkmə müəssisəsi
ilə əməkdaşlığa
maraq göstərmirlər.
Ona görə də sex müəyyən fasilələrlə
fəaliyyət göstərir.
Sellofan sexini tərk edib sərgidə tanış
olduğumuz əl işlərinin ərsəyə
gəldiyi fərdi əmək sahəsinə
getdik. Digər cəzaçəkmə müəssisələrinə nisbətdə
burada daha çox məhkum fərdi əməklə məşğul olur.
Emalatxanada müxtəlif əl
işləri ilə yanaşı, xana dəzgahı üçün
oturacaqlar da düzəldilir. 13 ildir
ki, məhkumluq həyatı yaşayan Əlibaba Məmmədmusaoğlu
yonmaqda olduğu taxtanı yerə qoyub bizimlə söhbətləşdi: “Azadlıqdan
15 illik məhrum edilmişəm. 2007-ci ildən bu günə
qədər dayanmadan istehsalat sahəsində çalışıram. Həm cəzamı
çəkmişəm, həm
vaxtımı keçirmişəm,
həm də pul qazanmışam. Evdəkiləri o qədər də
maddi sıxıntıya
salmamışam. Lazım gəldikdə
özüm də evə pul göndərmişəm”.
Fərdi əmək sahəsində
çalışan məhkumlardan
biri də Ji Feng Ping adlı
Çin vətəndaşı
idi. İşçi məhkumlar onu
öz aralarında Osman kimi çağırırlar.
İnsan
alveri ilə məşğul olduğu
üçün 13 illik
azadlıqdan məhrum
edilib. Cəzasının 5 ilini artıq
geridə qoyan çinli 2007-ci ildən Azərbaycanda yaşayır.
Ölkəmizdə olduğu müddətdə
Azərbaycan dilini öyrənib və İslam dinini qəbul edib. Hazırda əmək müqaviləsi
ilə istehsal sahəsində çalışmaqla
məhkumluq həyatını
yaşayır.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində
Azərbaycan Respublikası
Təhsil Nazirliyinin 19
saylı peşə məktəbi də fəaliyyət göstərir. Burada işləmək
istəyən məhkumlara
ilkin peşə vərdişləri aşılanır
və dəzgahlarla işləmə qaydaları
öyrədilir.
Qeyd edək
ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin istehsal sahələrinə malik olan cəzaçəkmə
müəssisələri dövlət
sifarişini yerinə
yetirməklə yanaşı,
ayrı-ayrı fiziki şəxslərlə müqavilə
də bağlayır. Lazım gəldikdə
həmin şəxs müəssisəyə sifarişini
və materiallarını
verir. Müəssisə də sifarişi
yerinə yetirib məhsulu ona təqdim edir. Bunun müqabilində fiziki şəxs müəssisənin
hesabına pul ödəyir. Bu pulun bir hissəsi
məhkumların əməkhaqlarına
yönəldilir, qalan
hissəsi isə dövlət büdcəsinə
ödənilir. Bir faktı
vurğulayaq ki, təkcə 6 saylı cəzaçəkmə müəssisəsində
yalnız əl işlərindən dövlət
büdcəsinə ayda
560 manat vəsait ödənilir. Deməli, cəzaçəkmə
müəssisələrində istehsal sahələrini inkişaf etdirmək həm dövlətin, həm də məhkumların xeyrinədir.
Məhkumların əməkhaqları necə tənzimlənir?
Penitensiar müəssisələrdə təsərrüfat və məişət xidməti işlərinə cəlb olunan məhkumların sayı əvvəlki illərlə müqayisədə xeyli artıb. Ümumilikdə ölkə üzrə 30 faiz məhkum istehsal sahələrinə, təsərrüfat və məişət xidməti işlərinə cəlb olunub. Baş çəkmədiyimiz digər cəzaçəkmə müəssisələrində də müxtəlif istehlak məhsulları: xalça, plastmas borular, plastik qapı və pəncərələr, kərpic, üzümçülük təsərrüfatları üçün dəmir-beton dirəklər və s. istehsal olunur. İctimai faydalı əməyə cəlb olunan məhkumlar isə əmək qanunvericiliyinə uyğun olaraq əməyin ödənilməsi hüququna malikdirlər. Məhkumların əməkhaqqının ödənilməsi qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Əvvəllər mövcud olmuş qanunvericiliyə görə məhkumların aylıq qazanclarının 50 faizi dövlət nəfinə keçirilir, daha sonra isə məcburi ödənişlər tutulur və yalnız yerdə qalan məbləğ məhkumun şəxsi istifadəsi üçün onun hesabına keçirilirdi. Lakin 2008-ci ildə cəza - icra qanunvericiliyinə edilmiş dəyişikliklərdən sonra məhkumların şəxsi hesabına bütün tutulmalı məbləğlərdən asılı olmayaraq, onlara hesablanmış əməkhaqqının ən azı əlli faizi keçirilməlidir.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən aldığımız məlumata görə, Cəzaların İcrası Məcəlləsində təsbit olunduğu kimi, məhkəmə hökmü ilə təyin olunmuş rejim növündən asılı olaraq məhkumlara ərzaq məhsulları və ən zəruri mallar əldə etmələri üçün müəyyən məbləğdə pul vəsaiti xərcləməyə icazə verilir. Bu isə nağdsız haqq-hesabla məhkumun şəxsi hesabında olan vəsaiti ilə həyata keçirilir.
Nizami Gəncəvi demiş: “Hər ümidsiz işdə xeyli ümid var, Qaranlıq gecədən ağ səhər doğar”... Belə, bir neçə cəzaçəkmə müəssisəsindəki istehsalat sahələri barədə sizi məlumatlandırmağa çalışdıq. Amma unutmayaq ki, azadlıqdan böyük nemət yoxdur, çalışaq qədrini bilək!..
Elgün MƏNSİMOV,
Azərbaycan.-2015.- 22 fevral.- S.6.