Azərbaycan Prezidenti İlham Əliyev
yunan-Roma güləşi üzrə dünya kuboku
yarışlarında qalib gəlmiş milli komandamızın
üzvlərini qəbul edib
Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yunan-Roma güləşi üzrə İranda keçirilən dünya kuboku yarışlarında qalib gəlmiş milli komandamızın üzvlərini qəbul edib.
İdmançıları salamlayan Prezident İlham ƏLİYEV dedi:
- Əziz idmançılar!
Güləş Federasiyasının üzvləri!
Sizi, ilk növbədə, böyük qələbə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Azərbaycan yunan-Roma güləşi üzrə dünya kubokunun sahibidir. Bu, böyük tarixi qələbədir. Bu, doğrudan da tarixi qələbədir. Çünki yunan-Roma güləşçilərimiz ilk dəfədir ki, dünya kubokunun sahibi olurlar. Bu, bir daha Azərbaycanın güləş məktəbinin nə qədər güclü olduğunu göstərir. Bizim güləşçilərimiz müxtəlif beynəlxalq yarışlarda ən yüksək nəticələr göstərirlər, London Olimpiya Oyunlarında 2 qızıl medalı da güləşçilərimiz qazanmışlar və ümumiyyətlə, dünya miqyasında Azərbaycan güləşi bu gün ən yüksək zirvədədir.
Dünya kubokunda dünyanın ən güclü komandaları iştirak etmişlər. Biz dünyanın ən güclü komandalarına qalib gəlmişik. Bizim milli bayrağımız qaldırılmışdır, sizin şərəfinizə dövlət himnimiz səsləndirilmişdir. Doğrudan da bu, hər bir Azərbaycan vətəndaşını sevindirən hadisədir, böyük tarixi qələbədir. Bu qələbə onu göstərir ki, Güləş Federasiyasında işlər çox yaxşı gedir, düzgün qurulubdur.
Güləş Federasiyası Olimpiya Oyunlarında, dünya çempionatlarında, digər beynəlxalq yarışlarda qazanılan medallara və yüksək nəticələrə görə Azərbaycanda liderdir. Bu, belədir və mən bunu yüksək qiymətləndirirəm. Çünki güləş Azərbaycanda ən sevilən, ən populyar idman növüdür və bizim milli idman növümüzdür. Əlbəttə, hər bir qələbədən sonra çox güman ki, uşaqlarımız, yeniyetmələrimiz güləş bölmələrinə daha da böyük həvəslə gedəcəklər, güləşçi olmaq istəyəcəklər ki, onlar da sizin kimi Azərbaycanı ləyaqətlə təmsil etsinlər, çempion olsunlar və yüksək kürsülərdə əyləşsinlər.
Mən Federasiyasının işindən razıyam. Bütövlükdə Azərbaycanda idman sahəsinə göstərilən diqqət öz nəticələrini verməkdədir. Azərbaycan idman dövlətidir. Bütün mötəbər beynəlxalq idman qurumları, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, dünya idman federasiyaları bunu qeyd edirlər ki, Azərbaycan idman sahəsində çox böyük uğurlara imza atmışdır və bu, həqiqətən də belədir. Çünki baxın, Olimpiya Oyunlarında, dünya miqyasında Azərbaycan 30-cu yerdədir, yeniyetmələrin Olimpiya Oyunlarında 200 ölkə arasında Azərbaycan 10-cu yerdədir. Azərbaycanda dünya və Avropa çempionatları ən yüksək səviyyədə keçirilir və bütün qonaqlar bunu qeyd edirlər. Bizim idmançılarımız hər il medalların sayına görə liderlik göstərirlər, həm Olimpiya, həm qeyri-Olimpiya idman növləri üzrə medalların sayı ildən-ilə artır.
Azərbaycanda idman infrastrukturu yaradılır. Əgər bu infrastruktur yaradılmasaydı, çox güman ki, bu uğurlar da mümkün olmazdı. Bütün bölgələrdə müasir Olimpiya mərkəzləri, Bakıda ən möhtəşəm Olimpiya idman qurğuları tikilir və idman dövlət siyasətində çox mühüm yer tutur. Müxtəlif proqramlar qəbul edilmişdir və idmanın inkişafı dövlət siyasətidir. Bu yaxınlarda Bakıda keçirilmiş Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında da səslənən fikirlər, Azərbaycanda görülən işlər mənim sözlərimi təsdiqləyir.
Bu nəticələr təbiidir. Çünki görülən işlər federasiyaların, klubların, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin birgə fəaliyyəti nəticəsində mümkün olmuşdur. Bizdə vəziyyət belədir ki, bir çox ölkələrdən fərqli olaraq, bütün idman qurumları, idmanın inkişafına cavabdehlik daşıyan qurumlar bir nöqtəyə vurur və idarəetmədə də çox düzgün yanaşma mövcuddur.
Mən əminəm ki, idmançılarımız bundan sonra da bizi sevindirəcəklər. Əlamətdar hal ondan ibarətdir ki, bizim bütün idmançılarımız, o cümlədən bu gün burada əyləşən idmançılar müstəqillik dövründə yetişiblər. Bu, müstəqilliyimizin əlamətidir.
Azərbaycanda bütün dövrlərdə güclü idmançılar olmuşdur. Ancaq əgər sovet dövrünü yada salsaq, görərik ki, bizim o qədər də böyük idman uğurlarımız olmamışdır. Ancaq müstəqillik dövründə Azərbaycan dünya arenalarında ən yüksək nəticələrə çata bilmişdir. Ancaq müstəqillik dövründə bizim Olimpiya çempionlarımız, dünya çempionlarımız, Avropa çempionlarımız özlərini göstərirlər və onların sayı getdikcə artır. Görün indi bizim nə qədər Olimpiya çempionlarımız vardır. Heç vaxt bu qədər Olimpiya çempionlarımız olmamışdır.
Müstəqil Azərbaycanda idman sürətlə inkişaf edir. Mən artıq bu barədə fikirlərimi qeyd etdim. Yəni, müstəqilliyin üstünlüyü müxtəlif sahələrdə özünü göstərir. İlk növbədə, Azərbaycan xalqı azad xalqdır, öz taleyini özü müəyyən edir. Bu gün Azərbaycan reallıqları belədir - hər bir Azərbaycan vətəndaşı fəxr edir ki, o, Azərbaycan vətəndaşıdır. O cümlədən bu müsbət dinamika, müsbət inkişaf idmanda da özünü göstərir və bu da təbiidir. Çünki hər bir sahədə uğurlarımız var, o cümlədən idmanda. İdmanda isə bu nəticələr daha əyani şəkildə özünü göstərir. Çünki medalların sayı, yarışlarda idmançılarımızın qələbələri artıq bu reallıqları təmin edir.
Bir daha sizin uğurunuza qayıtmaq istəyirəm. Yunan-Roma güləşi Azərbaycanda bütün dövrlərdə çox populyar idi. Son illərdə bizim, doğrudan da, çox güclü komandamız yaranmışdır.
Dünya kubokunun əldə edilməsi çox böyük hadisədir. Çünki bu, komandanın qələbəsidir. Bu, onu göstərir ki, bizdə bir-iki idmançı yox, bizdə komanda, çoxsaylı idmançılarımız dünya miqyasında ən güclü idmançılardır. Sizin rəqibləriniz də dünyanın ən güclü idmançıları idi. Siz böyük məharət, peşəkarlıq, Vətənə sevgi göstərərək bu qələbəyə nail oldunuz, bizim hamımızı sevindirdiniz.
Əlbəttə, bilirəm ki, siz bu il Bakıda keçiriləcək birinci Avropa Oyunlarına da ciddi hazırlaşırsınız. Dünya kuboku yarışında göstərdiyiniz nəticələr ümid edirəm ki, iyun ayında da təkrarlanacaq. Bütün Azərbaycan xalqı qələbələr gözləyir. Bu, doğrudan da, böyük tarixi nailiyyətdir. Biz birinci Avropa Oyunlarını Yay Olimpiya Oyunları səviyyəsində keçirəcəyik. İki il bundan əvvəl mən bu barədə öz sözümü deyəndə bəziləri bəlkə də inanmırdı ki, Azərbaycan qısa müddət ərzində, cəmi 2 il yarım ərzində bütün hazırlıq işlərini yüksək səviyyədə görə biləcək. Ancaq bu gün demək olar ki, bizim bütün idman qurğularımız ya artıq hazırdır, yaxud da yaxın vaxtlarda hazır olacaq. Bütün təşkilati məsələlər öz həllini tapır və iyun ayında Azərbaycanda böyük idman bayramı qeyd ediləcək.
Əlbəttə, Azərbaycan komandası bu Oyunlarda böyük tərkibdə təmsil olunacaq. Əsas ümidlərimiz, əlbəttə, ondan ibarətdir ki, güləşçilərimiz bizi bir daha sevindirəcəklər. Artıq Yay Olimpiya Oyunlarına da o qədər çox vaxt qalmayıb. Gələn il Rio-de-Janeyroda Olimpiya Oyunları keçiriləcəkdir. Bilirəm ki, ciddi hazırlıq gedir. Bir daha qeyd etmək istəyirəm, belə mötəbər yarışlarda qələbənin qazanılması onu göstərir ki, bizim bundan sonra da qələbələrimiz olacaqdır.
Mən bir daha sizin hamınızı ürəkdən
salamlayıram.
Əmin olduğumu bildirmək istəyirəm
ki, siz bundan sonra də Vətənə, xalqa sədaqət
nümayiş etdirərək bizi yeni qələbələrlə
sevindirəcəksiniz.
* * *
Yunan-Roma
güləşi üzrə milli komandamızın
üzvü Rafiq HÜSEYNOV dedi:
- Möhtərəm
cənab Prezident!
Mən də fürsətdən istifadə edərək,
öz növbəmdə Sizi bu qələbə münasibətilə
təbrik edirəm. Cənab Prezident, bu qələbə təkcə biz
idmançıların deyil, həm də Sizin
rəhbərlik etdiyiniz bütün Azərbaycanın qələbəsidir.
Biz idmançılar Sizin ölkəmizin
inkişafı və qüvvətlənməsi
üçün göstərdiyiniz səylərdən
böyük ruh yüksəkliyi alırıq.
Cənab
Prezident, Siz hər zaman biz idmançılara diqqət və
qayğı ilə yanaşırsınız. Buna
görə də mən həm öz adımdan, həm komanda
yoldaşlarımın adından, həm də Federasiyanın
bütün kollektivi adından Sizə dərin təşəkkürümü
bildirmək istəyirəm. Sizinlə
görüş hər zaman bizə ruh yüksəkliyi və əlavə
güc verir. Cənab Prezident, biz idmançılar Sizin qayğınızı və diqqətinizi
üzərimizdə hiss edirik. Şükürlər
olsun ki, heç bir problemimiz yoxdur. Çünki
bütün sahələrdə olduğu kimi, bu sahədə
də Siz bizə yüksək diqqət və qayğı
göstərirsiniz. Hər bir
idmançının vəzifəsi yaxşı
hazırlaşmaq və dünya miqyaslı yarışlarda
ölkəmizi layiqincə təmsil etməkdir. Biz də
çox xoşbəxtik ki, bu yarışda ölkəmizi
layiqincə təmsil etdik və Sizin
etimadınızı doğrultduq.
Möhtərəm cənab Prezident, bu tarixi qalibiyyət
münasibətilə bir daha bütün komanda
yoldaşlarımın adından Sizi ürəkdən təbrik
etmək istəyirəm. Öz adımdan, həmçinin
bütün komanda yoldaşlarımın adından söz
veririk ki, bundan sonra daha da əzmlə
çalışacağıq və söz veririk ki,
qarşıdan gələn ilk Avropa Oyunlarında
bayrağımızı qaldıracağıq, himnimizi səsləndirəcəyik.
Bizi qəbul etdiyiniz üçün bir daha Sizə təşəkkür
edirəm.
* * *
Prezident
İlham ƏLİYEV: Çox sağ ol.
* * *
Yunan-Roma
güləşi üzrə milli komandamızın
böyük məşqçisi Nurəddin RƏCƏBOV dedi:
- Möhtərəm
cənab Prezident!
Əziz
dostlar, idmançılar, qonaqlar!
Mən fürsətdən istifadə edərək,
möhtərəm cənab Prezident, Sizi bu qələbə
münasibətilə təbrik edirəm. Cənab Prezident, bu qələbə
Sizin qələbənizdir. Başda
Siz olmaqla bütün Azərbaycan xalqının qələbəsidir.
Çünki ölkəmizdə bütün sahələr, o
cümlədən idman şəxsən Sizin
birbaşa diqqət və qayğınızla əhatə
olunub. Siz hər zaman
çıxışlarınızda Azərbaycanın idman
ölkəsi olduğunu qeyd edirsiniz. Bu
gün qazandığımız bu qələbə bunu bir
daha sübut edir. Komandalarımız beynəlxalq
yarışlarda uğurlu çıxış edir, ölkəmiz
dünyanın ən möhtəşəm beynəlxalq
yarışlarına ev sahibliyi edir. Təsadüfi deyil ki, dünya tarixində ilk dəfə
keçiriləcək Avropa Oyunları da məhz Azərbaycanda
baş tutacaq. Cənab Prezident, bu, ilk növbədə, Sizin uğurunuzdur. Məhz Sizin
göstərişiniz əsasında həm
paytaxtımızda, həm də bölgələrimizdə
idmanın ən müxtəlif sahələri üzrə
ixtisaslaşmış Olimpiya İdman kompleksləri tikilib
istifadəyə verilir.
Bu gün ölkəmizdə güləşlə məşğul
olan 40 mindən artıq idmançının böyük əksəriyyəti
məhz bölgələrimizdə fəaliyyət göstərən
Olimpiya İdman komplekslərində hazırlıq keçir. Təsadüfi
deyil ki, son Olimpiya Oyunlarında və dünya
çempionatlarında qızıl medal qazanmış
idmançılarımız məhz bu bölgələrimizin
təmsilçiləridir. Olimpiya
çempionu Toğrul Əsgərov Gəncə, Hacı
Əliyev isə Naxçıvan güləş məktəbinin
yetirmələridir. Ötən il biz
analoji yarışda Azərbaycan idman tarixində ilk dəfə
dünya kubokunu üçüncü yerdə başa
vurmuşduq. Bu dəfə istəyimiz, arzumuz
kuboku qazanmaq, Vətənimizə kubokla dönmək idi.
Biz bu gün şadıq ki, Sizin
etimadınızı doğrulda bilmişik.
Möhtərəm cənab Prezident, bu qələbə
bizim üçün vacib idi. Çünki
qarşıda bizi ölkəmizdə keçiriləcək
birinci Avropa Oyunları kimi möhtəşəm yarış
gözləyir. Çalışacağıq
ki, Avropa Oyunlarında ölkəmizi layiqincə təmsil edək,
Azərbaycanın güclü idman ölkəsi olduğunu bir
daha sübut edək.
* * *
Prezident İlham ƏLİYEV: Sağ ol. Doğrudan da bu, böyük qələbədir. Bu qələbə bir daha onu göstərir ki, bizim güləşçilərimiz dünyada ən güclü güləşçilərdir. Yəni, bu qələbənin əsl nəticəsi bundan ibarətdir. Çox şadam ki, yunan-Roma güləşçilərimiz, sərbəst güləşçilərimiz, qadın güləşçilərimiz bizi sevindirirlər. Qadın güləşçilərin fəaliyyətini də mən çox yüksək qiymətləndirirəm. Bu sahədə əldə edilmiş nailiyyətlər məni çox sevindirir. Çünki bizdə keçmişdə qadın güləşi olmamışdır. Ancaq bu gün qadınlar da yüksək pillələrə qalxırlar, Azərbaycanı dünyada ləyaqətlə təmsil edirlər. Beləliklə, güləşin hər üç növü üzrə Azərbaycan dünyada liderdir. Bu, danılmaz həqiqətdir. Bu liderliyi biz son bir neçə il ərzində əldə etmişik. Mən qeyd etdim ki, güləş Azərbaycanda ən sevilən, ən populyar idman növüdür, milli idman növümüzdür. Ancaq beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında bu qədər qələbəmiz heç vaxt olmamışdır. Bu, görülən işlər nəticəsində mümkün olmuşdur.
Mən bir daha ilk növbədə idmançıları, onların məşqçilərini, idman mütəxəssislərini və Güləş Federasiyasının rəhbərliyini təbrik etmək istəyirəm. Onların fəaliyyətini, xüsusilə qeyd etmək istəyirəm.
Bu qələbə bir daha Azərbaycan dövlətinin,
Azərbaycan xalqının gücünü göstərir.
Onu göstərir ki, Azərbaycan gənci nə qədər
istedadlıdır, güclüdür, Vətənə sədaqətlidir.
Çünki qələbəni əldə etmək
üçün sadəcə olaraq peşəkar güləşçi
olmaq kifayət deyildir. Gərək qələbə əzmi
olsun, gərək Vətən sevgisi olsun, vətənpərvərlik
ruhu yüksək səviyyədə olsun. Bütün bunlar
var. Azərbaycan gəncləri bu gün milli ruhda tərbiyə
olunurlar. Azərbaycan gənci öz dövlətinə,
xalqına sadiqdir. Bu gün Azərbaycan gənci bizim sərhədlərimizi
qoruyur. Bu gün Azərbaycan gənci düşmənə
sarsıdıcı zərbələr vurur. Bu gün Azərbaycan
gənci dünya miqyasında Azərbaycanın idman
şöhrətini ucaldır. Bu, məni Prezident kimi və Milli
Olimpiya Komitəsinin prezidenti kimi sevindirir. Çünki
gənclər gələcəkdə ölkəmizi idarə
edəcəklər. Onlar vətənpərvər,
bilikli, savadlı, fiziki cəhətdən güclü
olmalıdırlar ki, bundan sonra Azərbaycan daim inkişaf yolu
ilə getsin. Belə qələbələr
əlbəttə ki, bu inamı daha da gücləndirir. Ona görə mən bu qələbəyə
çox böyük əhəmiyyət verirəm. Siz dünən Vətənə
qayıtmısınız və bu gün sizinlə
görüşürük. Bir daha sizə
öz səmimi arzularımı çatdırır və yeni
qələbələr arzulayıram.
İdmançılar:
Çox sağ olun.
Prezident
İlham ƏLİYEV: Sağ olun.
* * *
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.-2015.- 24 fevral.- S.1.