BİNƏQƏDİ - tərəqqi və yüksəliş rayonu

 

Azərbaycanda aparılan iqtisadi islahatların həyatqabiliyyətli və səmərəli olmasının ən yaxşı sübutu son illərdə ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində əldə olunmuş nailiyyətlərdir. Belə ki, bu model üzrə həyata keçirilən siyasət çox tez bir zamanda ölkə iqtisadiyyatında əsaslı keyfiyyət dəyişiklikləri baş verməsinə səbəb olmuşdur. Prezident İlham Əlıyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə dövlətin mənafeyinə cavab verən ali prinsipləri və normaları ehtiva edir.

Bu gün başlıca vəzifələrdən biri müvafiq dövlət proqramları çərçivəsində görülmüş işlərin davam etdirilməsindən, şəhər və qəsəbələrin, kəndlərin sakinlərinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasından ibarətdir. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair qəbul edilmiş dövlət proqramlarının icrası nəticəsində Bakının qəsəbə və kəndlərində uğurlu infrastruktur layihələri həyata keçirilmiş, kommunalsosial xidmətlərin həcmi, keyfiyyəti daha da yaxşılaşmış, abadlıq işləri geniş vüsət almış, əhalinin həyat səviyyəsi daha da yüksəlmişdir.

Bu gün respublikamızın bütün şəhər və kəndlərində müşahidə edilən abadlıq-quruculuq işləri Binəqədi rayonunda da özünü qabarıq şəkildə büruzə verir. Mövcud potensialın səmərəli reallaşdırılması, əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, ən başlıcası Prezident İlham Əliyevin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin böyük əzm və bacarıqla həyata keçirilməsi rayonun uğurlarını şərtləndirən əsas məqamlardır. Rayonda son dövrlərdə bir sıra sistemli, kompleks xarakterli layihələr hazırlanaraq uğurla reallaşdırılıb. Yaşayış məntəqələrinin təbii qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin-məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin tikintisi və bərpası, müasir avadanlıqla təchiz edilməsi ilə bağlı qısa müddətdə xeyli görülüb.

Bakının dörd böyük mikrorayonunubeş qəsəbəsini birləşdirən Binəqədi rayonu hazırda tikinti-quruculuq işlərinin intensiv getdiyi, iri sənaye potensialının mərkəzləşdiyi məkandır. Sürətlə abadlaşan Binəqədi bu gün sanki yenidən qurulur. Burada təkcə ötən il ərzində öz əhəmiyyətinə görə respublika səviyyəli mühüm layihələr həyata keçirilib və ölkəmizdə gedən artım tempinə uyğun şəkildə bir sıra nailiyyətlər əldə edilib. Diqqətçəkən cəhət həm də odur ki, Binəqədidə bütün layihələrin reallaşdırılması prosesi ilə dövlət başçısı şəxsən maraqlanıb.

Binəqədi özünün tarixi ənənələri, milli mədəniyyət nümunələri, bəzi coğrafi özəllikləri ilə seçilən rayondur. Rayon ərazisində yaşayan daimi əhalinin sayı 254 500, faktiki əhalinin sayı isə 400 000 nəfərə yaxın təşkil edir. Rayonun inzibati ərazisində 5 qəsəbə - Rəsulzadə, Biləcəri, Binəqədi, Xocasən, 28 May qəsəbələri (Qəsəbə inzibati ərazi dairələri), 4 mikrorayon (6, 7, 8 və 9-cu mikrorayonlar), eyni zamanda 7 və 8-ci mikrorayon, Dərnəgül yaşayış sahəsi ərazi hüdudlarını əhatə edən 1 saylı Sahə inzibati ərazi dairəsi (SİƏD), 6 və 9-cu mikrorayon ərazi hüdudlarını əhatə edən 2 saylı Sahə inzibati ərazi dairəsi (SİƏD) mövcuddur. Rayonda yerli özünü idarəetmə orqanı olan 5 bələdiyyə fəaliyyət göstərir. 1 və 2 saylı Sahə inzibati ərazi dairəsi (SİƏD) və Dərnəgül yaşayış sahəsinin hüdudlarını əhatə edən Binəqədi bələdiyyəsi, Rəsulzadə qəsəbəsinin hüdudlarını əhatə edən Rəsulzadə bələdiyyəsi, Biləcəri qəsəbəsinin hüdudlarını əhatə edən Biləcəri bələdiyyəsi, Binəqədi qəsəbəsinin hüdudlarını əhatə edən Binəqədi qəsəbə bələdiyyəsi, Xocasən, Sulutəpə və 28 May qəsəbələrinin hüdudlarını əhatə edən Xocasən bələdiyyəsi fəaliyyət göstərir.

Rayonda Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, 11 özəl tibb mərkəzi, 3 Təcili Tibbi Yardım Stansiyası və Bakı şəhəri üzrə Səhiyyə İdarəsinin tabeliyində olan 12 tibb müəssisəsi, o cümlədən 6 şəhər poliklinikası (9, 10, 11, 25, 27, 35 nömrəli), 3 uşaq poliklinikası (11, 20, 21 nömrəli), 9 nömrəli Qadın məsləhətxanası, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin Bərpa Mərkəzi, Xocasən Sağlamlıq Mərkəzi, 8 nömrəli Təsərrüfat hesablı stomatoloji poliklinika, 400 çarpayılıq çoxprofilli Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası və 575 çarpayılıq çoxprofilli Azərbaycan Dövlət Dəmir Yolunun Mərkəzi Dəmiryol Xəstəxanası və Poliklinikası fəaliyyət göstərir. Müalicə-Profilaktika müəssisələrində rayon tibb müəssisələrinin strukturuna uyğun olaraq müxtəlif ixtisas həkimləri funksional diaqnostik kabinetlər və laboratoriyalar mövcuddur.

Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycanda hər bir məmurun başlıca vəzifəsi xalqa, vətəndaşlara layiqli və vicdanlı xidmət olmalıdır. Fəaliyyətini məhz bu prinsip əsasında quran Binəqədi Rayon İcra Hakimiyyəti dinamik yüksəliş üçün bütün zəruri tədbirləri həyata keçirməyə, ölkədəki inkişaf prosesinə töhfəsini verməyə çalışır. Burada bir xatırlatma etsək, yerinə düşər. 2012-ci ildə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdə Xaləddin İsgəndərov ilk olaraq rayonun ziyalıları ilə görüşmüş və həmin görüşdə demişdi: “Məni bu vəzifəyə ölkə Prezidenti cənab İlham Əliyev göndərib, etimad göstərib. Mən də bu etimada layiqincə cavab vermək üçün hər bir Binəqədi sakininin sosial problemlərini həll etmək, rayonun simasını gözəlləşdirmək, qarşıda duran problemləri həll etmək üçün əlimdən gələni əsirgəməyəcəyəm. Düşünürəm ki, bu mənim həm vəzifə, həm vətəndaşlıq, həm də insani borcumdur. Arzularımızın, layihələrimizin həyata keçirilməsi üçün sizin hər birinizin məsləhətinizə, səmərələşdirici təklifinizə böyük ehtiyacımız var. Gəlin, sizli-bizli doğma rayonumuzu gözəlliklər məskəninə çevirək. İnanın ki, qarşılıqlı anlaşma, təkliflər söyləyib, xeyirxah məsləhətlər verməklə biz buna tez bir zamanda nail olacağıq”. Bu fikirlər əməli işdə özünü tam doğruldub.

Binəqədi Rayon İcra Hakimiyyətində 2014-cü ilin yekunlarına dair hesabat yığıncağında da yuxarıda söylənilən fikirlər bir daha təsdiqini tapmışdır. Hesabat məruzəsi ilə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, ardıcıl və ölkə maraqlarını əsas götürən siyasətin nəticəsi kimi bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə 38-ci yerdə qərarlaşdığını bildirmişdir. Bu, ölkəmizin inkişaf tempinin əyani göstəricisidir. X.İsgəndərov ümumilikdə ölkədə bütün sahələr üzrə müsbət artımın məntiqi nəticəsi kimi Binəqədi rayonunun sosial-iqtisadi həyatında da 2014-cü il bir sıra nəticələrin əldə olunduğunu söyləmişdir. Məruzədə rayonun həyatında əlamətdar hadisə və hesabat dövründə əldə olunan nailiyyətləri stimullaşdıran hal kimi Prezident İlham Əliyevin ötən il ərzində Binəqədi rayonuna yeddi dəfə səfər etdiyi bildirilmişdir. Dövlət başçısının məmur-vətəndaş münasibətlərinin normal tənzimlənməsi, bu məsələyə xüsusi diqqətin ayrılması ilə əlaqədar tapşırıqlarından irəli gələn vəzifə kimi Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müntəzəm olaraq vətəndaşlarla birbaşa görüşləri olmuş, o cümlədən yerlərdə səyyar qəbulları təşkil edilmiş, vətəndaşların müraciətləri, irad və təklifləri diqqətlə öyrənilərək onların icrası baxımından “Tədbirlər Planı” təsdiq olunmuş və aidiyyəti qurumlara göndərilərək tədbirlərin icrası nəzarətdə saxlanılmışdır.

Hesabat dövründə milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması, inkişaf və təbliğ etdirilməsi, tarixi hadisələrin, əlamətdar günlərin qeyd edilməsi, rayonda fəaliyyət göstərən ictimai təşkilatlar, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, siyasi partiyalardini qurumlarla qarşılıqlı münasibətlərin qurulması, onların fəaliyyətinin koordinasiyası prioritet istiqamətlərdən olduğu diqqətə çatdırılmışdır.

RİH başçısı bildirdi ki, sənaye sahəsində keçən ilin müvafiq dövrünə nisbətən 12,4 faiz, nəqliyyat sektorunda 38,9 faiz, rabitə sektorunda 1 faiz, iaşə sektorunda isə 15,4 faiz artım müşahidə edilmiş, istehlak bazarında və əhaliyə göstərilən pullu xidmətlərdə 2013-cü illə müqayisədə orta hesabla 20 faiz artım qeydə alınmışdır. 2014-cü ilin 12 ayında Binəqədi rayonunda 5620 yeni yeri açılmışdır ki, bunun da hamısı daimi yerləridir. Əhalinin sosial təminatının yaxşılaşdırılması məqsədilə, 2014-cü il ərzində 2814 ailəyə və ya 11356 nəfər ailə üzvünə ünvanlı sosial yardım təyin edilmiş, 2015-ci il yanvar ayının 1-i vəziyyətinə 4254 nəfər ünvanlı sosial yardım almışdır.

İl ərzində ölkə başçısının təşəbbüsü ilə 17 yanvar 2014-cü il tarixdə “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq ayrı-ayrı təhsil müəssisələrinin əsaslı surətdə təmiri və yenidən qurulması işləri ardıcıl olaraq həyata keçirilmişdir. 2014-cü ilin ikinci rübündə əsaslı təmirə başlamış 157 və 298 saylı orta məktəblər ən müasir avadanlıqla təchiz edilərək yeni tədris ili ərəfəsində şagirdlərin istifadəsinə verilmişdir. Prezident İlham Əliyev Binəqədi rayonuna səfər edərək 115 və 182 saylı tam orta məktəblərdə əsaslı təmir və tikinti işlərindən sonrakı vəziyyətlə tanış olmuşdur. 23 dekabr 2014-cü il tarixdə keçirilmiş bələdiyyə seçkiləri ölkənin hər yerində olduğu kimi, Binəqədi rayonunda da yüksək seçici fəallığı ilə müşahidə edilmişdir.

Məruzədə vurğulanmışdır ki, 2014-cü il ərzində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatına vətəndaşlardan 4719 müraciət daxil olmuşdur. Daxil olmuş şikayətlər 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 71 vahidya 6 faiz azdır. Daxil olmuş şikayətlərin azalma səbəbi kimi rayon sakinlərinin illərdən bəri yığılıb qalmış sosial problemlərinin həlli istiqamətində aparılan təxirəsalınmaz tədbirlərdir.

2015-ci ilin iyun-iyul aylarında Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Binəqədi rayonu ərazisində “Təmiz Binəqədi” sosial layihəsinin uğurla həyata keçirilməsi məqsədilə təbliğat və maarifləndirmə işlərinin təşkili istiqamətində RİH Aparatının şöbələri tərəfindən zəruri əhəmiyyət kəsb edən mərhələli və ardıcıl tədbirlər keçirildiyi qeyd edilmişdir.

Rayon icra hakimiyyəti tərəfindən vətəndaşlara göstərilən, o cümlədən elektron xidmət göstərilməsi nəzərdə tutulan sahələrin siyahısı dövlət reyestrinə daxil edilmək üçün Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim olunmuşdur. Binəqədi Rayon İcra Hakimiyyətinin vətəndaşlara göstərdiyi 16 təsnifat üzrə 21 xidmətin siyahısı aidiyyəti üzrə təqdim olunmuşbu xidmətlərin elektron göstərilməsi üzrə işlər davam etdirilməkdə olduğu bildirilmişdir. Eləcə də Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının rəhbər şəxslərinin qəbuluna vətəndaşların yazılmasının daha da asanlaşdırılması sahəsində bir sıra işlər görülmüş, Binəqədi RİH-in elektron saytında bu məqsədlə yeni bölmə yaradılaraq sakinlərin istifadəsinə verildiyi, yeni bölmənin tətbiqi ətraf və nisbətən uzaq qəsəbələrdə yaşayan vətəndaşların icra hakimiyyətinə gəlmədən rayon icra hakimiyyəti rəhbərliyinin qəbuluna düşə bilməsinə, operativliyin və şəffaflığın təmin edilməsinə imkan yaratdığı məruzədə xüsusi qeyd edilmişdir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 2015-ci il fevralın 2-dən mayın 1-dək əhalinin tibbi müayinədən keçirilməsinə başlanılıb. Tibbi müayinənin yüksək səviyyədə keçirilməsinin təmin edilməsi məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılıb. Komissiyanın işinə yerli icra və bələdiyyə orqanlarının, müvafiq dövlət qurumlarının rəhbərləri, habelə müayinənin keçiriləcəyi tibb müəssisələrinin personalı cəlb edilib.

Əhalinin tibbi müayinədən keçirilməsi prosesi rayonun 8 tibb müəssisəsində aparılır: Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının Poliklinika şöbəsi, Xocasən Sağlamlıq Mərkəzi, 9, 10, 15, 25, 27 və 35 saylı şəhər poliklinikası. Qeyd edilən bütün səhiyyə ocaqlarında əhalinin tibbi-profilaktik müayinədən keçirilməsi üçün hərtərəfli şərait yaradılıb. 23 fevral tarixinə olan məlumata əsasən, Binəqədi rayonunun 257 900 nəfər əhalisindən 32 468 nəfəri tibbi müayinədən keçmişdir.

Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə özü üçün güclü istehsal potensialı, zəngin infrastruktur formalaşdırmış Binəqədi rayonu bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı ilə böyük uğurlar əldə edib, daha da gözəlləşib, müasirləşib. Bütün bunlar rayonun həyatında qabarıq nəzərəçarpan yeni intibah mərhələsinin uğurlu başlanğıcıdır.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2015.- 24 fevral.- S.5.