Su çərşənbəsi
Boz ayın dörd müqəddəs çərşənbəsindən birincisi Əzəl çərşənbədir. Bu, xalq içərisində çox əzizlənən çərşənbələrdən hesab olunur. Xalq arasında o, “Əvvəl çərşənbə”, “Gözəl çərşənbə”, “Su çərşənbəsi”, “Sular Novruzu”, “Gül çərşənbə” kimi də tanınır.
Əski inanclara görə, Əzəl çərşənbədə təzə ilin gəlməsi münasibətilə ən əvvəl su təzələnir, elə buna görə də bu çərşənbə suyun təzələnməsi ilə əlaqələndirilir. Türk xalqlarının mifoloji təsəvvürlərində ən qədim kultlar içərisində su kultu mühüm yer tutur. Su ilə bağlı yayılmış tapınmalar içərisində su tanrısı Abanın və Nahidin adı ilə əski süjet və nəğmələrdə geniş yayılmışdır. Həmin görüş və etiqadlarla bağlı təsəvvürlərin bir çoxu Əzəl çərşənbənin - Su çərşənbəsinin ayin-etiqadları ilə çarpazlaşmış, Su çərşənbəsinin adı ilə bağlı silsilə inanc, etiqad, ənənə, mərasim və s. yaratmışdır.
“Su çərşənbəsi mərasimi” ayin və ritual xarakterli müxtəlif mərasim və oyunlarla qeyd olunur. Belə ki, Su çərşənbəsi mərasimində insanlar sübh tezdən bulaq başına gedərək “Ağırlığım-uğurluğum, azarım-bezarım suya” deyib su üstündən atlanar, əl-üzlərini yuyar, bir-birlərinin üstünə su atar, sifətlərinə su çiləyər, xəstələri su üstündən hoppandırıb, günah işlətməyəcəklərinə, yaxşılıq edəcəklərinə and içdikdən sonra əl-ələ tutub suyun ətrafında su ilə bağlı nəğmələr oxuyurlar.
Su çərşənbəsində əslində, suyun canına istilik gəlir, su qızmağa, donu-şaxtası açılmağa başlayır ki, bununla da soyuqdan donmuş, ölmüş su qızır, başqa sözlə, “ölmüş su” yenidən dirilik tapır. “Qurani-Kərim”də buyurulan “hər bir canlını sudan yaratdıq” kəlamı da suyun yaradılışın əsasını təşkil etdiyini göstərir.
Professor Fərahim Sadıqov “Masallı folkloru” kitabında ölkəmizin cənub bölgəsində Su çərşənbəsinin keçirilməsinin fərqli xüsusiyyətlərindən söhbət açaraq bildirir ki, Su çərşənbəsinə bir neçə gün qalmış Masallı bazarında çərşənbənin atributları satılmağa başlayır. 1950-1960-cı illərdə Ərkivanlı dulusçuların, xarratların, əttarların, təkəlduzların, rəssamların və digər sənətkarların hazırladıqları rəngli bardaqlar, küpə səhənglər, nehrələr, sərniclər, gövdüşlər (gavdiş, gödiş də deyilir), kuzələr, lüleyinlər, müxtəlif qablarda becərdilmiş səmənilər, rəngli yumurtalar, cürbəcür ədviyyatlar Masallı bazarında öz yerlərini tutardı.
Xalqımız tarixən Su
çərşənbəsinə çox
böyük önəm verib.
Su həyat mənbəyidir. Su dirilikdir. Dilimizdəki sabitləşmiş olan “abi-həyat” - “Dirilik suyu” el ifadəsi də xalq təfəkküründə
suyun məhz həyatla, yaşayışla
sıx bağlı olmasını əks etdirir. Bu, istər
mifoloji, istər dini, istərsə də müasir gerçəklik baxımından
tam reallığa söykənən
həqiqətdir. Mifdə, mərasimdə
və məişətdə
suyun əvəzsiz rolu, müstəsna əhəmiyyəti var. Azəri
türklərinin Su çərşənbəsinin
atributlarına xüsusi
önəm verməsi
mərasim mədəniyyəti
ilə məişət
mədəniyyətinin birliyindən
xəbər verir.
Su ilə bağlı
çərşənbədə iqtisadi gücün ifadəçisi kimi bazara həyat, yaşayış üçün
vacib olan məişət avadanlıqları
(su ilə bağlı əmək alətləri) ayaq açır. Bu, xalqın Su çərşənbəsinə
olan böyük inamını həyata keçirə bilmək hünəridir. Ayrı-ayrı
peşə sahibləri
olan sənətkarların
- dulusçunun, xarratın,
rəssamın və başqa sənət sahiblərinin hamısının
bir məqsədə
- Su çərşənbəsinə hazırlaşmaları: rəngli
bardaq, küp, səhəng, nehrə, sərnic və s. düzəldib bazara çıxarmaqları mərasim
ənənəsində və
məişət həyatında
birlik nümayiş etdirməkləri deməkdir.
“Birlik harda,
dirilik orda” məsəlimizdə vurğulandığı
kimi, bu birlik isə diriliyə - yeni həyatın canlanmasına
təminat yaradan əsas amildir.
Respublikamızın bütün bölgələrində Su çərşənbəsini
bayram etmək üçün qız-gəlinlər,
yeniyetmələr, uşaqlar
sübh çağı
bayram libası geyinib çay sahilinə enib oradan su gətirərək
bir-birilərinə bayram
əhval-ruhiyyəsi ilə
“su qədər ömrün olsun”, “sudan yarıyasan” və s. kimi alqışlarla Su çərşənbələrini
təbrik edərlər.
Bir məqamı da nəzərdən qaçırmayaq ki, rəngli bardaqlarla, əlvan rəngli vedrələrlə su daşınması təsadüfi
deyil. Su çərşənbəsinin
şərəfinə su
qablarının da bəzək-düzəkli, naxışlı
olması təbiidir, çünki mifik düşüncəyə görə
hər bir şeyin, sahibi, hamisi olduğu kimi, suyun da
yiyəsi, hami ruhu var. Su çərşənbəsi
bayramında su əyəsini razı salmaq, su hamisinə
xoş gəlmək üçün suyu gözəgəlimli, təzə
naxışlı, bəzəkli
qablarda daşıyırlar.
“Su gözəllər yüküdür” deyiblər.
Gözəllər yükü olan,
gözəl qız-gəlinlər
daşıyan suların
qabları da gözəllərimizin gözəlliklərinə
uyğun qablar da olmalıdır. Su çərşənbəsi günündə təzə
bayram paltarlarını
əyinlərinə geyinmiş
qız-gəlinlərin çiyinlərinə
aldıqları su qabları cazibədar, bərli-bəzəkli olmalı
və bayram əhval-ruhiyyəsini tamamlamalıdır.
Su çərşənbəsində insan özünü təbiətin ayrılmaz parçası hesab etməklə su ilə ilgili əfsun, sehr, oyun, icra ayinləri,
mərasimi və s. yerinə yetirir - su üstündən adlamaqla, evinə zəmzəm suyu gətirməklə və
s. şəklində Su çərşənbəsini
bayram edir.
Su çərşənbəniz mübarək
olsun!
Şakir ALBALIYEV,
AMEA Folklor İnstitutunun
aparıcı elmi işçisi,
filologiya üzrə
fəlsəfə doktoru, dosent
Azərbaycan.-2015.- 24 fevral.- S.7.