Su çərşənbəsi mərasimləri
Əzəli inaclarda su sağlamlığın rəhnidir. Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını-bezarını ona verənlər il boyu xəstəliklərdən uzaq olurlar. Elə həmin gün su üstündə silsilə ayinlər icra edirlər. Səsi batanlara, danışa bilməyənlərə, xəstə adamlara bu sudan içirdərlər. Bir çox xəstələr Su çərşənbəsində azar-bezarlarını su üstə qoyub gedərlər.
Su qırağında, bulaq başında, arx kənarında suyu çağıran, onun qüdrətini, bütövlüyünü, müqəddəsliyini tərənnüm edən nəğmələr oxuyardılar. Onlar içərisində su tanrısı Abanın adına oxunan “Aban nəğmələri” və su qıtlığı ilə bağlı səslənən çağırışlar - Yada nəğmələri xüsusilə maraq doğurur. Adamlarda belə bir inam vardı ki, Su çərşənbəsi günü bulaq başında Aban və Yada nəğmələri oxunanda, bu mərasim şux keçiriləndə su tanrısı öz mərhəmətini insanlardan əsirgəməz, il boyu onları bol su ilə təmin edərmiş. Nəğmələr oxunub qurtarandan sonra şənliyə toplaşanlar “təzə su”da əl-üzünü yuyar, bir-birlərinin üzərinə su çiləyərdilər. Etiqada görə Əzəl çərşənbədə su “dirilərdi”.
Aban nəğmələri
Qalxdım, yoxuşa getdim,
Abana tuş getdim.
Hayladım Abanı,
Sayladım Abanı.
Aban bu payımı verdi,
Aban su payımı verdi.
Gözlədim Abanın nübarın,
Suvardım Abanın ağ atın.
Aban su verdi
-
içərsən,
Aban su verdi
-
torpağa səpərsən,
bəhrəsin görərsən.
Su çərşənbəsi
bayatıları
Suya gedən igidin,
Saçı məxmər təkidi.
Allah, məni su elə,
Su gözəllər yüküdü.
Su axır samanlıqdan,
Yol keçir
qaranlıqdan.
Çalış, yaxşılıq elə,
Nə çıxar
yamanlıqdan.
Su tək çağlaram sənsiz,
Qara bağlaram
sənsiz.
Gecələr sübhə kimi,
Dərddən ağlaram sənsiz.
Suyun bəndinə qurban,
Yarın fəndinə qurban.
Yar atını yəhərlər,
Sinəbəndinə qurban.
Su gəlir gilə-gilə,
Bülbüllər gəlir dilə.
Yarımı bağda gördüm,
Qərq olub qızılgülə.
Su gələr axar, doymaz,
Dağ-daşı yıxar, doymaz.
Gözlərim yar gözünə,
Ölüncə baxar, doymaz.
Dörd
çərşənbədən birincisi
Ustad şair,
müəllim və ictimai xadim Əhməd
Cavadın yaradıcılığında
Novruz bayramı ilə bağlı silsilə etnoqrafik şeirlər xüsusi yer tutur. Baharın,
yazın gəlişini
vəsf edən, Su çərşənbəsinə həsr olunan bir şeirini oxuculara təqdim edirik:
Su çərşənbəsi
Bulaqların gözü açıq,
Ormanların üzü açıq;
Durnalardır uçub gələn,
Qaqqıldaşa-qaqqıldaşa!
Çaylar axıb dəryalara,
Şaqqıldaşa-şaqqıldaşa.
Duman qalxır göyə doğru
Meşələrin nəzərindən.
Buzlar düşür parça-parça
Şüşələrin üzərindən.
Puçurlayır yavaş-yavaş
Ağacların budaqları.
Mehdən
əsir həzin-həzin
Gül-çiçəyin yarpaqları!
Dərədə sel qıjıldayır,
Şən arılar vızıldayır.
Hər yandan xoş avaz gəlir,
Sular deyir: Yaz... Yaz
gəlir!
Hazırladı:
İradə
ƏLİYEVA,
Azərbaycan.-2015.- 24 fevral.- S.7.