Səhiyyə naziri Cəlilabadda
vətəndaşları qəbul edib
Fevralın
20-də səhiyyə naziri Oqtay Şirəliyev Cəlilabad
Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar
üçün qəbul keçirib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, qəbulda Cəlilabad, Biləsuvar, Salyan, Yardımlı və Masallı rayonlarından olan 50 nəfərin müraciəti nazir tərəfindən dinlənilib. Müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerindəcə həllini tapıbdır.
Müraciətlərin əksəriyyəti xarici ölkələrdən, xüsusilə İran İslam Respublikasından fəsadlaşmış halda ölkəmizə dönən və yerli mütəxəssislərdən yardım istəyən soydaşlarımızla bağlı olub. Digər müraciətlər sağlamlıq problemləri, kadr məsələləri, həkimlərin xarici ölkələrdə təkmilləşdirilməsi, işlə təminat və s. məsələləri əhatə edib.
Nazirliyin səlahiyyətlərinə
aid olmayan müraciətlər
aidiyyəti üzrə çatdırılmaq üçün
qeydiyyata alınaraq nəzarətə götürülüb.
Azərbaycan.-2015.- 21 fevral.- S.3.