Baş prokuror Avropa İttifaqının insan
hüquqları üzrə xüsusi nümayəndəsi ilə görüşüb
Azərbaycan
Respublikasının Baş prokuroru Zakir Qaralov ölkəmizdə
səfərdə olan Avropa İttifaqının insan
hüquqları üzrə xüsusi nümayəndəsi
Stavros Lambrinidisin başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşüb.
Baş
Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildiriblər
ki, görüşdə Azərbaycan Prezidenti İlham
Əliyevin rəhbərliyi ilə ölkəmizin Avropaya
inteqrasiya proseslərinə fəal qoşulduğu
vurğulanıb, Avropa İttifaqı ilə Azərbaycan
Respublikası arasında əməkdaşlığın
uğurla inkişaf etdiyi qeyd olunub.
Baş
prokuror ölkəmizin məhkəmə-hüquq sisteminin
müasirləşdirilməsi istiqamətində dövlətimizin
başçısı tərəfindən imzalanan mütərəqqi
qanunvericilik aktlarının, o cümlədən
prokurorluğun fəaliyyəti üçün zəruri
hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında
müasirləşmə prosesinin həyata keçirilməsi
və köklü islahatların aparılması, şəffaflığın
təmin edilməsi barədə ətraflı məlumat verib.
Ölkəmizdə
korrupsiyaya qarşı genişmiqyaslı mübarizə
aparıldığını bildirən Zakir Qaralov Azərbaycanın
bu sahədə beynəlxalq konvensiyalara qoşulduğunu,
qanunvericiliyin təkmilləşdirildiyini vurğulayıb, həmçinin
“ASAN xidmət” mərkəzlərinin səmərəli fəaliyyətini
qeyd edib. Eyni zamanda, korrupsiyaya qarşı mübarizədə
beynəlxalq əməkdaşlığa xüsusi əhəmiyyət
verilərək ötən il ərzində bu sahədə iki
mötəbər beynəlxalq tədbirin Bakıda
keçirildiyini bildirib.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı danışıqlar prosesinə toxunan Baş
prokuror, fevralın 26-da Xocalı soyqırımının
23-cü ildönümünün tamam olacağını qeyd
edərək bəşəriyyət əleyhinə yönəlmiş
bu cinayətə beynəlxalq birlik tərəfindən
hüquqi qiymət verilmədiyini xüsusi vurğulayıb.
Ermənistan silahlı qüvvələrinin işğal
olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz
çıxarılmasının zəruriliyi və bunu tələb
edən BMT Təhlükəsizlik Şurası, Avropa Parlamenti
və digər beynəlxalq təşkilatların qətnamə
və qərarlarının olduğu, eyni zamanda bir milyondan
artıq qaçqın və məcburi
köçkünün konstitusion hüquqlarının bərpası
istiqamətində səylərin artırılmasının
vacibliyini diqqətə çatdırıb.
Azərbaycana
səfərindən məmnunluğunu ifadə edən Stavros
Lambrinidis bu cür görüşlərin
qarşılıqlı maraq doğuran məsələlərin
müzakirəsi baxımından əhəmiyyətli
olduğunu vurğulayıb. Təmsil etdiyi qurumla ölkəmiz
arasında əməkdaşlığın daha da inkişafı
üçün geniş imkanlar olduğunu deyən qonaq Avropa
İttifaqının Azərbaycan ilə müxtəlif sahələrdə
əlaqələrin dərinləşməsində maraqlı
olduğunu bildirib.
Daha
sonra tərəfləri maraqlandıran məsələlər
ətrafında səmərəli fikir mübadiləsi
aparılıb.
Görüşdə
Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin
rəhbəri xanım Malena Mard və digər rəsmi şəxslər
iştirak ediblər.
Azərbaycan.-2015.- 25 fevral.- S.4.