Məqsəd kədəri deyil, həqiqəti paylaşmaqdır

 

Empathy” layihəsinin adı da, məzmunu da bu mənanı daşıyır

 

Ankaranın 3 min nəfərlik “Congresium” Beynəlxalq Konqres və Sərgi Mərkəzində yəqin ki, heç vaxt belə ağrılı-acılı bir hadisə yaşanmamışdı. Ən son texnologiyaların köməyi ilə - işıq, səs və video sistemlərlə hər bir iştirakçı 23 il əvvələ, 26 fevral 1992-ci il Xocalısına qayıtmışdı.

İştirakçılar - Azərbaycanın və Türkiyənin dövlət rəsmiləri, qardaş ölkə ictimaiyyətinin nümayəndələri, orada təhsil alan azərbaycanlı tələbələr, adamları, jurnalistlər, bir sözlə, buradakı hər kəs həyəcanını, bəzən də göz yaşını gizlədə bilmirdi. Harada olduğunu unudurdun. Sanki həqiqətən Xocalıda idin. Ətrafında od-alov püskürürdü. Yanan sənin tikdiyin ev, əkdiyin ağac idi, qışqıran, güllələnən, süngüdən keçirilən, qətlə yetirilən - şəhid olanlar isə sənin dost-doğmaların. Burada hamının bir-biri ilə bölüşdüyü ümumi bir kədər və hamını birləşdirən bir həsrət vardı.

Təsadüfi deyil ki, Ankarada fəaliyyət göstərən Azərbaycan İnsan Kapitalının İnkişafı Mərkəzi “İNDEX”in bu layihəsi “Empathy” (paylaşma, bölüşmə) adlanırdı. Bu paylaşma anlayışı təkcə tədbir iştirakçılarının bir-biri ilə kədərini, hüznünü bölüşmə mənasını daşımırdı. Onlar bunu dünyadakı bütün insanlarla bölüşmək məqsədində idilər. Özü də təkcə kədəri deyil, bildikləri, gördükləri həqiqəti bölüşmək istəyirdilər.

Məqsəd erməni terrorçularının Xocalıda törətdikləri olmazın cinayətləri dünyaya çatdırmaq idi. Eləcə də Xocalıdan danışarkən bu faciənin kontekstində ötən 100 ilə də dönmək, “böyük Ermənistan” xülyası ilə havalanmış tayfanın Türkiyədə və Azərbaycanda zaman-zaman törətdikləri soyqırımıları barədə söhbət açmaq idi niyyət.

İndi ermənilər uydurduqları soyqırımın 100 illiyini qeyd etməyə hazırlaşarkən özlərinin dünyaya səpələnmiş diasporu vasitəsilə “Hollywood” istehsalı olan videoçarxlar fırladır, böyük təbliğat proqramları həyata keçirirlər.

Belə bir məqamda azərbaycanlı qızı Günel (“Congresiumun səhnəsində Xocalı hadisələri onun xəyalı ilə canlanır) bütün dünyaya tükürpədici bir hekayət danışır. Deyir ki, ata-anam mənə Günel adını vermişdilər və arzulamışdılar ki, gün kimi işıq saçım. Günlərin birində gündüz çağı ətrafa bir qaranlıq çökdü, hər yanı bir zülmət bürüdü. Mən heç nə edə bilmədim. Ermənilər evimizi, yolumuzu tar-mar etdilər.

Günel sanki bütün dünyaya sual edir: “İşıqlı arzuların məhv olmasının günahı kimdədir?! İnsanlar atasını, anasını, bütün doğmalarını, evini, yurd-yuvasını itirib, kimdir müqəssir? Nəhayət, insan insana bu cür zülmləri qıyarmı?”

Xocalılıların ümumi obrazı olan Günel bu sualları ilə əslində cinayətləri heç bir zaman bağışlanmayacaq erməniləri ədalət, vicdan məhkəməsi qarşısında cavab verməyə çağırırdı. O millətin ki, elmi araşdırmalar onun törətdikləri vəhşiliklərin tarixinin 100 ildən də çox davam etdiyini göstərərək beynəlxalq terrorizmin dəhşətli bir tərkib hissəsi olduğunu təsdiqləyir.

Qarabağda dünyaya göz açmış, şəhid yadigarı Rəşad Zeynallı da soyuq vaqonda göz yaşları axıdan anasının isti qucağına sığındığı körpəlik anlarını xatırlayaraq dinləyənləri çox kövrəltdi. Bəli, “Congresiumda deyilənlər, göstərilənlər, xatırlananlar həmin o elmi araşdırmaların əyani təsdiqi idi.

Qeyd etdiyimiz kimi, tədbirə hər iki ölkənin dövlət rəsmiləri qatılmışdı. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək Xocalı soyqırımının ermənilərin uzun illərdən bəri Azərbaycanda və Türkiyədə törətdikləri cinayətlərin ən dəhşətlilərindən olduğunu bir daha diqqətə çatdırdı. Əli Həsənov bildirdi ki, işğalçı Ermənistanın keçmişindiki rəhbərləri müasir dünyanın gözü önündə həyata keçirilən bu hərbi cinayətdə iştiraklarını etiraf etməklə, hətta bundan qürur duyduqlarını bildirməklə, əslində, sülhsevər dünya ictimaiyyətinə meydan oxuyurlar. Ermənistanın işğalçılıq siyasəti Azərbaycan xalqının dinc həyatına, mənəvi, psixioloji sabitliyinə, intellektual enerjisinə qarşı yönəlmiş məqsədyönlü təcavüzdür.

Türkiyə Prezidentinin baş müşaviri İbrahim Kalın çıxışında bir daha vurğuladı ki, ölkəsi Azərbaycanla həmişə həmrəydir. Türkiyə bölgədə sülh olmasını istəyir. Amma bir şərtlə ki, Ermənistan işğalçılıq siyasətindən əl çəksin, Azərbaycana və Türkiyəyə qarşı əsassız iddialara son qoysun, azərbaycanlı qaçqın və məcburi köçkünlər yurd-yuvalarına qayıtsınlar.

Xocalı soyqırımı ilk növbədə bütün insanlığa qarşı törədilmiş hərbi cinayətdir. Bu fikri isə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Necdət Univar vurğuladı. Bildirdi ki, dünya ictimaiyyətinin bu məsələyə biganə qalmağa mənəvi haqqı yoxdur.

“İNDEX”in prezidenti Rəşad Abdullayev düzənlənən tədbirin də məhz bu məqsədə yönəldiyini dedi.

Yeri gəlmişkən qeyd edək ki, “İNDEX” azərbaycanlı gənclərin ölkəmizin maraqlarına, gələcəyinə töhfə vermək və bununla bahəm Türkiyə başda olmaqla, dünyanın müxtəlif ölkələrində təhsil alan tələbələrimizin karyera inkişafına dəstək olmaq, onların bilik və bacarıqlarını artırmaq məqsədilə 2013-cü ildə Azərbaycan Təhsil, Mədəniyyət və Yardımlaşma Dərnəyi kimi təsis edilmişdir, bu ildən isə fəaliyyətini indiki adı ilə davam etdirir. Bu mərkəz Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmağı da özünün əsas vəzifələrindən hesab edir.

Dünyanın çox az yerində istifadə olunan 3D Mapping texnologiyasının köməyi ilə düzənlənən “Empathy” layihəsi məhz ermənilərin ölkəmizdəki vəhşiliklərini göstərən tədbirlər silsiləsinə daxildir. Bu, hadisələri az qala olduğu kimi təqdim edə bilən bir texnologiyadır (“İNDEX” layihəni internet vasitəsilə də paylaşacaq). İştirakçılar soyqırımı səhnələrinin məhz bu sistemlə göstərilməsindən çox razı qalmışdılar.

Türkiyənin millət vəkili Mustafa Kabakçı tədbiri və onun keçirilmə formasını çox yüksək dəyərləndirdi və fikirlərini jurnalistlərə belə söylədi:

- Başqaları olmamış olayları olmuş kimi göstərərkən bu gün texnologiyanın bütün nailiyyətlərindən istifadə edilməklə özünün əksini tapan bu həqiqi qətliamı dünyaya niyə göstərməməliyik? Bizim dünyadakı diasporumuz - “biz” deyəndə mən Azərbaycanla Türkiyəni bir-birindən ayırmıram - yapılmış bu zülmü, qətliamı bütün dünyaya tam çatdırmaq üçün əlbir çalışmalıdır. Bugünkü tədbir göstərir ki, biz heç nəyi unutmamışıq. Ürəyindəki yaranı necə unuda bilərsən?.. 1915-ci ildə olmayan olaylarla türk millətini suçlayanlar, sözdə yaratdıqları soyqırımdan bəhs edənlər qoy danışdıqları yalanlardan utansınlar... Mən Xocalıda şəhid olmuş bütün qardaşlarımıza Allahdan rəhmət, dünyada kor olmuş gözlərin bu qətliamı görməsini və işğal olunmuş torpaqların azadlığa qovuşmasını diləyirəm. Qoy Azərbaycandakı qardaşlarımız bilsinlər ki, biz dünən də, bu gün də, sabah da onlarla birlikdəyik.

Təqdirəlayiq haldır ki, “Congresiuma çox sayda gənclər gəlmişdilər. Onların bir qrupunun təəssüratını Türkiyənin Samsun şəhərindəki “19 MayUniversitetinin hüquq fakültəsində təhsil alan Nikbin Abbasov dilə gətirdi:

- Mən bu tədbirə dünyanın ayrı-ayrı ölkələrindən olan tələbə yoldaşlarımla birlikdə gəlmişəm. Biz Azərbaycan və Türkiyə gəncləri Xocalı həqiqətlərini bilirik və yoldaşlarımıza çatdırırıq. Bu gün həmin həqiqətlərin təsviri hamımızı bir daha sarsıtdı. Lakin ümidimiz, qətiyyətimiz də artdı. Dünyanın olmuş hadisələrə ədalətlə qiymət verəcəyinə, işğal edilmiş torpaqlarımızın geriyə qaytarılacağına inamımız daha da çoxaldı.

“Empathy” böyük bir tədbir idi. Onun bir hissəsini geniş sərgi təşkil edirdi. Bu sərgi guya onlara qarşı törədilmiş 100 yaşlı uydurma soyqırımından danışan ermənilərin özlərinin Türkiyədə Azərbaycanda etdikləri vandalizmdən betər hərəkətlərini əks etdirirdi. Müxtəlif illərdə törədilmiş soyqırımılar öz ifadəsini ayrı-ayrı ekspozisiyalarda tapmışdı.

Sərgi salonunda Azərbaycan MEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudovla həmsöhbət olduq (Tarixi həqiqətləri tarixçidən dəqiq kim ifadə edər ki?):

- Alimlərimizin bir dəstəsi bu günlərdə Türkiyənin müxtəlif yerlərində Xocalı ilə bağlı tədbirlərdə iştirak edir. Mən isə burada, “Congresiumdayam. Biz dünyanın heç bir yerinə ağlaşma qurmağa getmirik. Biz dünyaya eşitdirmək istəyirik ki, XX əsrdə Xocalıda insanlığa qarşı ağır və bağışlanmaz cinayət - soyqırımı törədilib. İstəyimiz odur ki, dünya bu cinayəti görsünduysun. İkili standartlardan, ayrı-seçkilikdən əl çəkilsin. Dünya bilməlidir ki, bu cinayətin dərin kökləri var. Birinci Dünya savaşının tarixini xatırlayaq. Erməni quldurları bütün Şərqi Anadolunu məzarlığa çevirdi. Oradan Naxçıvana, İrəvana, Gəncəyə, Qarabağa keçdilər. Bakıda, Qubada, Azərbaycanın hər yerində soyqırımı törətdilər. Məqsədləri bütün bu torpaqların əhalisini məhv edibböyük Ermənistan” yaratmağa yol açmaq idi. Bizi təəccübləndirən və təəssüfləndirən odur ki, bu gün dünya Azərbaycanın bir milyondan çox qaçqınını və məcburi köçkününü, işğal olunmuş torpaqlarını, Qubadakı dəhşətli məzarlığı görmür. Hər bir terrora qarşı səsini ucaldan dünya Xocalı terroru ilə bağlı niyə susur? Bu terroru törədənlər, o cümlədən Ermənistan prezidenti kürsüsündə oturan Sarkisyanvaxt Haaqa Məhkəməsində oturacaq? Kor gözlər, kar qulaqlar bu cinayəti görməli və eşitməlidir. Bir dəstə erməni qulduruvaxta kimi dünyanı aldadacaq? Biz bu həqiqətləri zəkalara çatdırmaq istəyirik və əminik ki, buna nail olacağıq. Hörmətli Prezident cənab İlham Əliyevin dediyi kimi, biz nəinki Şuşaya, Xankəndiyə, Qarabağa, gələcəkdə İrəvan, Zəngəzur ellərinə də qayıdacağıq.

 

Flora SADIQLI,

Azərbaycan.-2015.- 25 fevral.- S.6.