Romada Azərbaycanla bağlı konfrans keçirilib
Fevralın 23-də Roma Tor Verqata Universitetində Azərbaycan
Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının
dəstəyi, “Classis Project” təşkilatının təşkilatçılığı
ilə “Azərbaycanın
tarixi, mədəniyyəti
və iqtisadiyyatı.
Avropa və Asiya arasında
körpü” mövzusunda
konfrans keçirilib.
Universitetin humanitar elmlər fakültəsinin dekanı
Franko Salvatore konfransı
açaraq son illər
İtaliyada Azərbaycanla
bağlı müxtəlif
konseptdə tədbirlərin
keçirilməsini müsbət
hal kimi dəyərləndirib. Qeyd edib
ki, bu cür
layihələrin reallaşdırılması
Azərbaycanı daha yaxından tanımağa imkan yaradaraq, ölkələrimiz arasında
əlaqələrin inkişafına
da yol açır.
QHT-lərə Dövlət
Dəstəyi Şurasının
sədri, Milli Məclisin deputatı Azay Quliyev tədbirin
Azərbaycan həqiqətlərini
Avropaya çatdırmaq
baxımından önəmini
vurğulayıb. Diqqətə çatdırıb ki, bu cür
layihələr ölkələrimiz
arasında əməkdaşlığı
və qarşılıqlı
anlaşmanı gücləndirməyə
yönəlib.
Azərbaycanın inkişaf tarixindən danışan A.Quliyev bildirib ki, ölkəmiz
Cənubi Qafqaz regionunda çox vacib rol oynamaqdadır. Cəmi 24 illik
müstəqillik tarixinə
malik Azərbaycan bu qısa zaman
kəsiyində mütərəqqi
inkişaf yoluna qədəm qoyub. Əhalisinin əksəriyyəti müsəlman
olan Azərbaycanda müxtəlif dinlərə
və milli köklərə malik xalqların əsrlər boyu vahid ailə
kimi yaşadığı
multikultural bir cəmiyyət mövcuddur.
Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətlərindən bəhs
edən Şura sədri deyib: “Bildiyiniz kimi, Azərbaycan siyasi, iqtisadi eləcə də digər mühüm sahələrdə
Aİ ilə yaxın
və yaxşı qonşuluq əlaqələrinə
malikdir. Ölkəmiz ilə Aİ arasında
imzalanmış çoxsaylı
sənədlər Azərbaycanın
mövcud ikitərəfli
əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu göstərir. Xüsusilə, İtaliya ilə güclü siyasi, iqtisadi və mədəni əlaqələrimiz
var. Bu gün Azərbaycan
Avropanın enerji təchizatında mühüm
rol oynayır”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə
məlumat verən A.Quliyev qeyd edib ki, bu
münaqişə nəticəsində
bir milyondan artıq soydaşımız
qaçqın və məcburi köçkünə
çevrilib. Azərbaycan hökuməti münaqişənin
ağır nəticələrini
yaşayan insanlara müntəzəm olaraq hər cür dəstək göstərsə
də, onların ən böyük arzusu öz doğma yurd-yuvalarına qayıtmaqdır. A.Quliyev 2005-ci ildə İtaliya hökuməti tərəfindən
Azərbaycanın Dağlıq
Qarabağ regionundan olan məcburi köçkünlərə humanitar
yardımın göstərilməsinin
yüksək qiymətləndirildiyini
diqqətə çatdırıb.
Şura sədri əlavə edib ki, bu
günlərdə Azərbaycan
xalqı Dağlıq
Qarabağ münaqişəsinin
ən qanlı hadisələrindən biri
olan Xocalı soyqırımının 23-cü ildönümünü qeyd
edir. Həmin gecə törədilən
qətliam zamanı
613 mülki şəxs
qəddarlıqla qətlə
yetirilib, 487 nəfər
ağır şəkildə
yaralanıb və çoxlu sayda həmvətənimiz itkin
düşüb. Çox təəssüf
ki, bu soyqırımını
törədən şəxslər
əməllərinə görə
nəinki qanun qarşısında layiq olduqları cəzanı almayıblar, əksinə
onlar Ermənistan hökumətində yüksək
dövlət postlarında
təmsil olunurlar.
Milli Məclisin
deputatı, Azərbaycan-İtaliya
parlamentlərarası əlaqələr
üzrə işçi
qrupunun rəhbəri Azər Kərimli bildirib ki, ölkələrimiz
arasındakı əlaqələr
yüksək səviyyədədir. Münasibətlərimiz siyasi, iqtisadi, mədəni və digər sahələrdə
getdikcə inkişaf etməkdədir. O deyib:
“Ölkələrimizin təhsil
ocaqları arasında
da yaxın əlaqələr yaratmaqda
fayda var. Təhsil və mədəniyyət
sahəsində birgə
layihələr həyata
keçirməklə hər
iki ölkənin gənclərinin cəlb olunacağı təşəbbüsləri
dəstəkləmək olduqca
önəmlidir”.
Bildirilib ki, dinlərarası toqquşmaların artdığı
müasir dövrdə
önəmli dəyərlərdən
biri də multikulturalizmdir. Azərbaycan və İtaliya
QHT-lərinin birgə
reallaşdırdıqları tədbirlər mutikulturalizmin
dünyada alternativi olmadığını bir
daha nümayiş etdirir. Bu baxımdan
model ölkə sayılan
Azərbaycanda müxtəlif
xalqların, dinlərin
nümayəndələri sülh
şəraitində yaşayırlar.
Sonra QHT-lərə Dövlət Dəstəyi Şurasının
dəstəyi ilə yaradılmış “Sirli Azərbaycan” portalının
təqdimatı olub. İtaliya-Azərbaycan Assosiasiyasının prezidenti xanım Paola Kasaqrande italyan dilində Azərbaycanla bağlı bu cür portalın yaradılması ideyasının
reallaşmasından bəhs
edib. Bildirib ki, portal italiyalıların
Azərbaycan haqqında
məlumat əldə
etmələri üçün
əvəzsiz vasitə
olacaq. Gələcəkdə portalın digər
Avropa dillərində
fəaliyyət göstərməsi
nəzərdə tutulub.
Tədbirdə çıxış edən
universitetin professoru Covanni Miele Azərbaycanda
medianın strateji rolu ilə bağlı
fikirlərini bölüşüb. Vurğulayıb ki, media ölkə ilə bağlı həqiqətləri yaymaq
və onun təbliği istiqamətində
effektiv bir alətdir. Qeyd edib ki, son illər Azərbaycanın
sürətli iqtisadi inkişafı, füsunkar
təbiəti, mədəniyyəti,
adət-ənənələri beynəlxalq medianın diqqət mərkəzindədir.
Tədbirdə təqdim olunan
portal və bu kimi vasitələr ölkələrimiz arasındakı
əlaqələrin güclənməsi
baxımından böyük
əhəmiyyət kəsb
edir.
Sonra tədbir
“Azərbaycan ilə tanışlıq” mövzusunda
sessiya ilə davam etdirilib.
Paolo Kasaqrande Azərbaycanın
əlverişli coğrafi
mövqeyi, əhalisi,
mədəniyyəti, adət-ənənələri
və siyasi sistemi ilə bağlı təqdimatla çıxış edib. Diqqətə çatdırıb ki, Azərbaycanın folkloru, aşıq sənəti, ədəbiyyatı, muğamı,
xalçaları və
bir çox digər zənginlikləri
bu ölkənin bəşəriyyətə bəxş
etdiyi töhfələrdir.
Növbəti panel iclasda çıxış
edən İtaliyadakı
Azərbaycan Tədqiqatları
Mərkəzinin rəhbəri
Fernando Orlandi qurumun Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi
ilə bağlı rəqəmsal arxivini təqdim edib. Bildirib ki,
arxiv 1988-ci ildən
2014-cü ilədək münaqişə
ilə bağlı minlərlə məqalə
və materialların toplusudur.
Milli Məclisin deputatı Bəxtiyar Əliyev Dağlıq Qarabağın əzəli Azərbaycan ərazisi olması ilə bağlı tarixi faktlar, münaqişənin kökləri, səbəbləri və nəticələri barədə məlumat verib. Diqqətə çatdırıb ki, BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələr, eləcə də digər beynəlxalq təşkilatlar münaqişənin həlli ilə bağlı sənədlər qəbul edib. Lakin bu sənədlərə hələ də əməl olunmur. Beynəlxalq qiymətləndirmə təşkilatlarının ilkin hesablamalarına görə, bu münaqişə Azərbaycan iqtisadiyyatına təxminən 300 milyard ABŞ dolları həcmində ziyan vurub.
Xocalı
faciəsindən bəhs edən B.Əliyev bildirib ki, tarixi
faktlar, dəlillər 1992-ci il fevralın 25-dən 26-na
keçən gecə erməni silahlı qüvvələri tərəfindən
törədilmiş cinayətin soyqırımı aktı
olduğunu sübut edir.
İtaliya-Azərbaycan
Assosiasiyasının vitse-prezidenti Umberto Qriscioli “Tarix – ilk
yaşayış məskənlərindən sovet dönəminədək”
və “Multikulturalizm və dini birgəyaşayış dəyərləri”,
Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun tədqiqatçısı
Matteo Verda “Müasir Azərbaycanın iqtisadi inkişafı”
mövzularında məruzələrlə
çıxış ediblər.
Daha sonra “Azərbaycan: dini tolerantlıq modeli” sənədli filmi nümayiş etdirilib.
Sonda məruzəçilərin
çıxışlarının italyan dilində kitab şəklində çap olunması barədə qərar qəbul edilib.
Maqsud Dadaşov
AzərTAc-ın xüsusi müxbiri
Roma
Azərbaycan.-2015.- 25 fevral.- S.7.