Qafqaz Müsəlmanları İdarəsinin
sədri
Məkkədə
beynəlxalq konfransda iştirak
edib
Qafqaz
Müsəlmanları İdarəsinin (QMİ) sədri
şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik
etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanının
Kralı, İki Müqəddəs Ocağın Xadimi Əlahəzrət
Salman bin Əbdüləziz Al Səudun himayəsi ilə
İslam Aləmi Liqasının “Terrorizmə qarşı
mübarizə” mövzusunda təşkil etdiyi beynəlxalq
konfransda iştirak etmək üçün fevralın 21-dən
24-dək Məkkədə səfərdə olub.
QMİ-nin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə,
Səudiyyə
Ərəbistanı Kralının müşaviri, Məkkə
quberniyasının əmiri Xalid Feysəlin
açdığı konfransda dünyanın bir çox
ölkələrindən ali dini liderlər, İslam alimləri,
dini işlər üzrə nazirlər və müxtəlif
elm və beyin mərkəzlərinin rəhbərləri
iştirak ediblər.
İslam
Aləmi Liqasının baş katibi Abdullah bin
Əbdüllmühsin Əl-Türki konfransın mövzusunun
aktuallığına toxunaraq, terrorizmin bütün
dünyanı bürüyən bir bəla olduğunu, bu bəlanın
qarşısının alınması üçün beynəlxalq
ictimaiyyətlə yanaşı, bütün dinlərin əl-ələ
verməli olduğunu vurğulayıb.
İslamın terrora qarşı olduğunu söyləyən, Quran ayələrindən sitatlar gətirən Əl-Əzharın şeyxi Əhməd Əl-Tayyib isə bir sıra Qərb ölkələrinin terroru İslamla bağlamağa çalışdıqlarını qətiyyətlə pisləyib, Qərb ölkələrindən çox bu gün müsəlman dünyasının terrordan əziyyət çəkdiyini təəssüflə qeyd edib.
Səudiyyə Ərəbistanının Kralı, İki Müqəddəs Ocağın Xadimi Əlahəzrət Salman bin Əbdüləziz Al Səudun müraciətini konfrans iştirakçılarına oxuyan Məkkə əmiri Xalid əl-Feysal ölkəsinin beynəlxalq terrorizmə qarşı mübarizədəki rolundan danışıb. Səudiyyə Ərəbistanının “İŞİD” terrorçu qruplaşmasına qarşı beynəlxalq koalisiyada təmsil olunmasının buna nümunə olduğunu diqqətə çatdırıb.
Tədbirin açılışından sonra günün ikinci yarısında nümayəndə heyətlərinin rəhbərlərinin çıxışları dinlənilib.
Konfransda çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri şeyxülislam Allahşükür Paşazadə İslam dünyasının və bütün bəşəriyyətin kəskin ziddiyyətlər, qanlı olaylar və narahat gündəm yaşadığı bir dövrdə İslam Aləmi Liqasının belə bir konfransı təşkil etməsini məntiqi bir qərar kimi dəyərləndirərək minlərlə günahsız insanın məhv olduğu bir dönəmdə müsəlman dünyasının özünün sülh məramını bir daha bəşəriyyətə bəyan etməli olduğunu vurğulayıb.
Allahşükür Paşazadə bu gün dünyada, xüsusilə İslam coğrafiyasında müsəlmanların bir-birinin qanını axıtdığını məyusluqla qeyd edərək bildirib ki, eyni qibləyə namaz qılanların bir-birini kafir adlandıraraq qətlə yetirməsinin qarşısını almaq üçün İslam aləminin bütün nüfuzlu şəxsiyyətləri birləşməlidirlər.
Terror bəlasının Azərbaycan xalqından da yan keçmədiyini qeyd edən şeyxülislam Allahşükür Paşazadə XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının erməni ekstremizmi və terrorunun aydın nümunəsi olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Sonra
Allahşükür Paşazadənin İslam Aləmi
Liqasının baş katibi Abdullah bin Əbdüllmühsin
Əl-Türki ilə görüşü olub. Görüşdə
Azərbaycana səfərini məmnunluqla xatırlayan
Əl-Türki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə maraqlanıb, ölkəmizin bu istiqamətdəki haqlı mövqeyini
bir daha dəstəklədiyini
söyləyib. Bu günlərdə Azərbaycan
xalqının Xocalı faciəsinin 23-cü ildönümünü
qeyd etməyə
hazırlaşdığını bildirən A. Paşazadə
müsəlman dünyasının bu
soyqırımına laqeyd
qalmamasının vacibliyini diqqətə
çatdırıb.
Daha
sonra Allahşükür Paşazadə Əl-Əzharın
şeyxi Əhməd Əl-Teyyib, İordaniyanın Baş
Qazisi Məhəmməd Həlil, Küveyt Əmirinin dini
işlər üzrə müşaviri Adil Fəlah, bir
sıra ərəb və müsəlman ölkələrinin
baş müftiləri və dini işlər nazirləri ilə
görüşlər keçirib.
Görüşlərdə
Allahşükür Paşazadəni ölkəmizin Səudiyyə
Ərəbistanındakı səfiri Rasim Rzayevin
başçılığı ilə səfirliyin əməkdaşları
müşayiət edib.