Sənədlər də şahidlik
edir
Xocalı soyqırımı zamanı erməni cəlladları insanları nəsillikcə qırırdılar. Vaqif Məmmədovun, Samran Kərimovun, Firdovsi Əliyevin, Hüseyn Hüseynovun və başqalarının bütün ailə üzvləri qətlə yetirilmişdi. Onlardan biri də Qarsalan Qənbərovun nəslidir.
Xalidə Qənbərova Xocalıdan vertolyotla Kosalara gəlin gedəndə bəlkə də çoxları ona bəxtəvər deyirdi. Əslində, getməyə başqa yol da yox idi. Ötən əsrin sonunda yol-iz bağlanmış, gediş-gəliş kəsilmişdi. Neçə vaxtdı aləm bir-birinə qarışmışdı. Erməni quldurları havadarlarının köməyi ilə at oynadır, Qarabağ qan içində çalxalanırdı.
Xalidə xanımın həyat yoldaşı Tofiq Məmmədov ziyalı idi. Kosaların ən gözəl bölgəsi sayılan Yaloba kəndində tarix-diyarşünaslıq muzeyi yaratmışdı. Xalidə xanım da elə ilk gündən onun ən yaxın köməkçisinə çevrildi. Ətrafda baş verənləri diqqətlə izləyir, müxtəlif eksponatları toplayır, bölgənin keçmişini araşdırır, tarixini yaradırdılar. O vaxt hamının gözü yolda, qulağı səsdə idi. Bir-birindən dəhşətli xəbərlər gəlirdi. Xocalı ilə əlaqə saxlamaq isə getdikcə çətinləşirdi. Atası Qarsalan Qənbərov hünərli, qeyrətli kişi idi. El arasında sayılıb-seçilirdi. Onun ocağının başına səkkiz nəfər yığışmışdı.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə dəhşətli xəbər hamını sarsıtdı. Xocalı faciəsində Qarsalan, həyat yoldaşı Validə övladları ilə birlikdə erməni terrorunun qurbanı oldu. Qarsalanın üç oğlu var idi: Səfər, Nadir və Rauf. Səfər döyüşən batalyonun üzvü idi. Qardaşı Nadirlə birlikdə ermənilərin Meşəlidən çıxarılmasında və digər əməliyyatlarda iştirak etmişdi. Xocalı faciəsi zamanı hər ikisi son gülləsinə qədər vuruşmuş və qəhrəmancasına həlak olmuşdu. Səfərin həyat yoldaşı Mətanət, onların iki körpə uşağı - oğlu Elmin və qızı Esmira da qətlə yetirildilər. Beləcə, Xalidə xanımın ürəyinə yeddi yara vuruldu.
Xocalı gedəndən bəri Kosalar da narahat günlərini yaşamaqda idi. 1992-ci il mayın 8-də Şuşa işğal olunanda Kosaların da arxası-dayağı sarsıldı. Elə həmin gün ağır döyüşlər başlandı. Mayın 9-da təkcə bir gündə 19 nəfər şəhid verildi. Kosalar uğrunda döyüşlərdə göstərdikləri hünərə görə Tabil Həsənova və Natiq Əhmədova Milli Qəhrəman adı verildi, Xəzani Əsgərov “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildi.
Tofiqin yaratdığı muzeydə onların döyüş yollarını əks etdirən sənədlər çoxdur. Tabil Həsənov Şuşa polis şöbəsinin əməkdaşı idi. 1992-ci il mart ayının 29-da Kosalar kəndinə basqın edən erməni quldur dəstələri ilə qeyri-bərabər döyüşdə onların 12-ni məhv edərək özü də qəhrəmancasına həlak olmuşdu.
Natiq Əhmədov əlbəyaxa döyüş növlərinin sirlərinə yiyələnmişdi. Qanlı-qadalı günlərdə yol-patrul xidməti müfəttişi vəzifəsində çalışırdı. Əsgəran ərazisində ermənilərlə şiddətli döyüş zamanı şəhidlik zirvəsinə ucaldı.
Kosalar polis rotasının üzvü Xəzani Əsgərov Cəmilli, Meşəli uğrunda döyüşlərdə hünər göstərmiş, gecə ikən bir neçə yaralı döyüşçünü xilas etmişdi. Murovdağa silah apararkən qeyri-bərabər döyüşdə şəhid oldu.
Doğma diyar işğal ediləndən sonra Kosalar kəndinin sakinləri Hacıkəndə köçdülər. Tofiq Məmmədov və Xalidə xanım burada tarix-diyarşünaslıq muzeyini bərpa etməyi qərara aldılar. Respublika təşkilatlarına müraciət edəndən sonra Hacıkənddə yer verildi. Yaloba muzeyi yenidən fəaliyyətə başladı. İki il ictimai əsaslarla işlədi. Sonradan dövlət muzeyi kimi qeydə alındı.
Bu yaxınlarda məcburi köçkünlər üçün Gəncə şəhərinin yaxınlığında yaraşıqlı bir qəsəbə də salındı və burada Xalidə xanımın ailəsinə mənzil və Yaloba muzeyi üçün müvafiq otaqlar ayrıldı.
Qanlı olaylardan keçib gələn Yaloba Tarix-Diyarşünaslıq Muzeyi xocalılların, doğma yurdun həsrətində olan hər kəsin ziyarət yerinə çevrilib. Yüzlərlə tarixi eksponat, qədim məişət əşyaları, xalılar-xalçalar, el sənətkarlarının əl işləri diqqəti cəlb edir. Doğma torpaq uğrunda canlarını qurban verən igid övladların şəkilləri, onların haqqında məlumatlar toplanıb, stendlər, sərgilər düzəldilib.
Bu sənət ocağında yurd vurğunları, ürəyi nisgilli fədailər çalışırlar. Muzeyin işçilərindən hər biri o faciəli günlərdə çoxlu şəhid verib, doğmalarını itirib. Bu mədəniyyət-məlumat mərkəzinin yaradıcısı Tofiq Məmmədov da xalası Firuzə, oğlu Muğan və gəlini Südabəni itirib.
Yaloba muzeyi çoxlu olaydan söhbət açır, çox mətləbdən xəbər verir, çox həqiqətlərə işıq salır. Torpaqlarımızın hökmən azad olunması üçün böyük səylə çalışan dövlət başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətlərini əks etdirən materiallar hamıda böyük ümid, inam yaradır.
Muzeyin direktoru Tofiq Məmmədov deyir ki, məhz onların gərgin əməyi sayəsində indi bizim haqq səsimiz hər yanda eşidilir. Xocalı faciəsi Meksika, Pakistan, Kolumbiya kimi dövlətlərdə və ABŞ-ın bir neçə ştatında tanınıb. İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Gənclər Forumunun 15-17 noyabr 2012-ci ildə Cibutidə keçirilmiş 39-cu toplantısında da Xocalı faciəsi soyqırımı kimi qeyd olunub. İslam Konfransı Təşkilatı Parlament Assambleyası təşkilata üzv olan 51 ölkənin parlamentləri Xocalı soyqırımını əsl cinayət kimi tanımağa çağıran qətnamə qəbul edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası da ildən-ilə geniş miqyas alır. Bütün bunlara baxmayaraq, hələ də həqiqətə göz yumanlar tapılır. Bununla bağlı “Xocalı şəhər əhalisinin dünya dövlətlərinə, xalqlarına və beynəlxalq təşkilatlarına müraciəti”ndə haqlı olaraq deyilir ki, ermənilər BMT-nin Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması haqqında dörd qətnaməsinə məhəl qoymur, işğal olunmuş torpaqlardan narkotik maddələr istehsalı və bəşəriyyətin bəlasına çevrilmiş terror yuvası kimi istifadə edirlər. Əfsuslar olsun ki, bir sıra aparıcı dövlətlər və beynəlxalq təşkilatlar işğalçı Ermənistan ilə işğala məruz qalan Azərbaycana qarşı obyektiv yanaşmaq əvəzinə ikili standartlardan çıxış edirlər.
Xocalı soyqırımının ildönümü ilə əlaqədar bu günlər muzeyə gələnlər daha çoxdur. Kosalar və Yaloba kənd tam orta məktəblərinin kollektivləri də muzeydə idilər. İkinci qrup müharibə əlili Ramil Quliyev dedi ki, bu zəngin muzey o qanlı günlərin canlı şahididir. Tək bir yerin - Yaloba kəndinin adını daşısa da, bütün Xocalı, Kosalar mahalını əhatə edir. Mənə elə gəlir ki, imkan olan hər yerdə bu cür xatirə muzeylərinin yaradılması və gənclərin belə yerlərə müntəzəm səfərlərinin təşkili vacibdir.
Muzeyin ən baxımlı yerində Prezident İlham Əliyevin hamının qəlbində tükənməz inam və ümid yaradan sözləri diqqəti cəlb edir: “Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaqdır”.
Əhməd
İSAYEV,
Azərbaycan.-2015.- 25 fevral.- S.9.