Əqidəsindən, amalından dönməz insan, sədaqətli dost

 

Adı kimi özü də ədalətli, hər zaman doğrunun yanında olan, səmimi insan, sədaqətli dost kimi tanıdığım Ədalət Abbasovun 50 yaşı haqladığını eşidəndə düzü buna inanmadım. Doğrudanmı, mənim tanıdığım və söz-söhbətini hər zaman eşitməyə can atdığım Ədalət 50 yaşına gəlib çatıb? Amma onunla ilk görüşümüzdən 22 il keçdiyini xatırlayanda təəccübüm ötüb keçdi. Zaman həqiqətən də yel qanadlı imiş və illərin necə gəlib keçdiyindən çox vaxt xəbərsiz oluruq.

Xatirələr çözələndikcə məndə artıq başqa bir təəccüb hissi yaranmağa başlayır. Azərbaycan Prezidentinin mətbuat katibi xidmətinin çəkiliş sektorunun müdiri Ədalət Abbasovla çox-çox illər əvvəl olmuş söhbətlərimizi xatırladım, o, diqqətimi həmişə dərin həyat müşahidələri, ən çətin məqamlarda düzgün qərar çıxarmaq məharəti ilə cəlb edirdi. Bir də duzlu-məzəli söz-söhbəti ilə. Əslində Ədalət yaşından çox-çox kamil insan təsiri bağışlayırdı və bu, hər kəsə nəsib olan məziyyətlər deyil. Bunun mayasında nəyin dayandığı da mənim üçün sirr deyil: doğulub boya-başa çatdığı oba, tərbiyə aldığı ailə, çalışdığı kollektivonu əhatə edən mühit.

Ədalət Abbasovla ilk görüşümüz indiki kimi yadımdadır. 1993-cü ilin ortaları idi. Azərbaycanda olduqca ağır və mürəkkəb bir vəziyyət yaranmışdı. Belə bir vaxtda xalqın çağırışı ilə iyunun 9-da Bakıya gələn ümummilli lider Heydər Əliyev iki gün sonra xarici ölkələrin səfirləri və adamları, respublikanın tanınmış ziyalıları ilə bir sıra görüşlər keçirdi. Mən Ədalət Abbasovla həmin gün bu görüşlərdə tanış oldum. Sonra bu görüşlər intensiv xarakter almağa başladı. Günlərin birində isə AzərTAc-ın və Azərbaycan Televiziyasının əməkdaşlarının bir qrupu Prezident sarayına çağırıldı. Bizi qəbul edən Prezident Heydər Əliyev dövlətin informasiya siyasətinin həyata keçirilməsində jurnalistlərin üzərinə düşən vəzifələrdən danışdı, tövsiyələrini, tapşırıqlarını verdi. Sonra ulu öndər Fransaya yaxın günlərdə gözlənilən səfəri barədə məlumat verdibiz jurnalistlərə səfəri necə işıqlandırmaq lazım gəldiyini az qala detallarınadək izah etdi. Həmin görüşdə Prezidentin ilk rəsmi səfərini işıqlandıracaq jurnalist qrupunun tərkibi müəyyənləşdirildi. Mən AzərTAc-ın müxbiri, Ədalət Abbasov isə Prezidentin mətbuat xidmətinin çəkiliş qrupunun üzvü kimi bu tərkibə daxil edildik.

Bilmirəm taleyin xoşbəxtliyindən, yoxsa Tanrının mərhəmətindəndir ki, adətən səfərlərdə yol yoldaşlarım xeyirxah, nəcib insanlar olub. Mən mətbuat qrupunun tərkibində yer alan Fazil Hadıyevi, Rafiq Bağırovu, Elmira Axundovanı, Aynur Bəşirlini həmişə xoş duyğularla xatırlayıram. Amma onların sırasında Ədalət Abbasovun özünəməxsus yeri var. Onunla hər dəfə söhbət edəndə daxilən zənginləşir, yaxşılıq və mərhəmət aləminə bir addım da yaxınlaşırsan.

Deyirlər ki, insan yolda, səfərdə tanınır. Ədaləti də mən yolda, səfərdə daha yaxından tanıdım. Elə ilk yol yoldaşlığımızda onun vurğunu oldum. Xatirimdədir, 1993-cü il dekabrın 19-da Azərbaycan Prezidenti Heydər Əliyev Fransaya rəsmi səfərə yola düşdü və bizə dövlətimizin başçısını bu səfərdə müşayiət etmək nəsib oldu. Çox çətin, məsuliyyətli və eyni zamanda, şərəfli olan səfər müddətində Ədalət Abbasovu daha yaxından tanıdım və xarakterinə bələd oldum. Çox keçmədən aramızda səmimi, mehriban münasibətlər yarandı və bu münasibətlər tədricən dostluğa çevrildi.

Sonra 10 il ulu öndər Heydər Əliyevin xaricə və ölkənin regionlarına səfərləri, görüşləri, qəbulları zamanı Ədalətlə çiyin-çiyinə işlədik. Bu illər mənə Ədalət Abbasovu, necə deyərlər, “kəşf etmək” imkanı verdi. Tam səmimiyyətlə qeyd etmək istərdim ki, o, Prezidentin iştirakı ilə keçirilən tədbirləri işıqlandıran jurnalist qrupunun sükançısı idi. Onun böyük ürəyinin, səmimiyyətinin, insanlığının, yüksək bacarıq və qabiliyyətinin dəfələrlə şahidi olmuşam. O, ən çətin və mürəkkəb məqamlarda düzgün qərar qəbul etməyi bacarır. Ədalətin bu bacarığı, qabiliyyəti, insanlığı, zəhmətsevərliyi qəlbimdə ona dərin ehtiram hissi yaradıb. Ədaləti daha yaxından tanıdıqca əmin olmuşam ki, o, eyni zamanda, vətənpərvər, millətə və dövlətə olduqca sadiq insandır. Hər bir vətəndaş üçün zəruri saydığım keyfiyyətlərə daha bir ştrix əlavə etməyi lazım bilirəm: Ədalət Abbasov hər zaman öz yerini bilən və qarşısındakına dəyər verməyi bacaran insandır.

Ədalətin portret cizgilərinə daha nə əlavə etmək olar? O, təmkinli insandır. Öz davranışları ilə ətrafındakılara inam və qətiyyət hissləri aşılayır. Bir əhvalat heç zaman xatirimdən çıxmaz. 1995-ci ilin martında ulu öndər Heydər Əliyev Kopenhagendə BMT-nin sosial inkişaf məsələlərinə həsr olunmuş zirvə görüşündə iştirak edirdi. Bu zaman Azərbaycandan çox həyəcanlı xəbər gəldi: Bakıda dövlət çevrilişinə cəhd edilib. Dərhal Bakıya qayıtmaq komandası verildi. Hamımız təşviş içində idik. Bununla belə əmin idik ki, ulu öndər bütün çətinlikləri dəf edəcək. Ədalət Abbasov hamımıza ürək-dirək verirdi.

Ədalət indiöz zəngin təcrübəsini Prezident İlham Əliyevin səfərlərini, görüş və qəbullarını işıqlandıran həmkarları ilə bölüşür, onlardan öz köməyini əsirgəmir. O, səmimi olduğu qədər də həssas insandır. Həmkarım Dağbəyi İsmayılovun danışdığı bir epizodu xatırlayıram. O deyir ki, bir yazıda çətinliklə üzləşmişdik. Gec olsa da Ədalət Abbasova zəng vurdum, məsələ həll olundu. Nə vaxt çətinə düşsəm, onu axtarıram. Çünki Ədalət Abbasov çox səmimi insandır.

Ədaləti həmkarlarına sevdirən cəhətlərdən biri də səxavətli olmasıdır. Xarici səfərlər zamanı Prezidentin görüşləri o qədər sıx olur ki, bəzən yeməyə belə vaxt qalmır. Belə məqamlarda Ədalət Abbasov öz tikəsini bizimlə səxavətlə bölüşərdi. Bu məqamda AzərTAc-ın redaksiya müdiri Elvin Mövsümovun söylədiyi belə bir əhvalat da yadıma düşür: “Bu yaxınlarda Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumunda iştirak edirdi. Forum çərçivəsində çoxlu görüşlər olduğundan nahar etməyə belə vaxtımız qalmırdı. İşin qızğın çağında birgördük ki, otağın qapısı açıldı, Ədalət müəllim içəri girdi. Bizə yemək gətirmişdi. Qarlı-şaxtalı bir gündə xeyli yol gəlmişdi. Bu qayğıkeşliyi Ədalət müəllimi gözümüzdə bir daha ucaltdı”.

Xarici ölkələrə səfərlərdə çox çətinliklər yaranır. Ədalət Abbasov belə məqamlarda jurnalistlərə həmişə dəstək olur.

Onun daha bir nadir keyfiyyəti komanda ilə işləmək bacarığıdır. Bəzən xarici ölkələrdə tədbirlər zamanı ya bilərəkdən, ya da protokol qaydalarının sərtliyindən jurnalistləri görüş yerinə buraxmaq istəmirlər. Belə məqamda Ədalət Abbasov köməyə çatır, qarşı tərəfi inandırır, mətbuat işçilərinin görüşdə iştirakına nail olur. Eyni zamanda, bir peşəkar kimi də jurnalistlərdən öz köməyini əsirgəmir.

Agentliyimizin redaksiya müdiri Cavid Bədəlov deyir ki, səfərlərin birində cənab Prezident müxtəlif yerlərdə bir-birinin ardınca görüşlər keçirməli oldu. Biz jurnalistlər çıxılmaz vəziyyətdə qalmışdıq: dörd görüş və cəmi iki jurnalist. Çıxış yolunu yenə Ədalət müəllim tapdı. İştirak edə bilmədiyimiz görüşlər barədə məsul şəxslərdən məlumat alıb bizə çatdırdı. Mən komanda ilə çalışmağın nə demək olduğunu onda gördüm.

Ədalət Abbasovun komanda ilə işləmək bacarığına dair qeydlərimə AzərTAc-ın gənc jurnalisti Əsəd Məmmədovun dediklərini də əlavə etmək istəyirəm. O deyir ki, “məni Prezidentin fəaliyyətini işıqlandıran qrupa daxil edəndə təcrübəli həmkarlarım xeyli məsləhət verdilər. Ancaq daxilən narahat idim, bilirdim ki, üzərimə çox böyük məsuliyyət düşür. İlk tədbirə bu tərəddüdlərlə getdim. Sanki Ədalət müəllim həyəcanımı hiss etmişdi, məni yanına çağırdı, ürək-dirək verdi, görəcəyim işləri izah etdi. Sonrakı tədbirlərdə də Ədalət müəllimin diqqət və qayğısını hiss etdim. Beləliklə, mən komandada öz yerimi tapdım”.

Sonda bir inamımı oxucu ilə bölüşmək istərdim: köksündə Azərbaycan sevgisi, mənsub olduğu millətə tükənməz məhəbbətlə dolu ürək çırpınan Ədalət Abbasov daha neçə-neçə illəri arxada qoyacaq. Heç bir qüvvə onu öz mövqeyindən və amalından çəkindirə bilməyəcək. Ulu öndər Heydər Əliyevin idarəçilik məktəbindən dərs almış insanlardan biri olan Ədalət Abbasov öz ideallarından heç vaxt dönməyəcək, dövlətə, dövlətçiliyə, Prezidentə daim sədaqətlə xidmət edəcək.

 

Aslan ASLANOV,

AzərTAc-ın baş direktoru

Azərbaycan.-2015.- 25 fevral.- S.11.