Mədəniyyət və turizm nazirinin qəbulunda vətəndaşları

 narahat edən bir sıra məsələlər öz həllini tapıb

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə kömək göstərirlər.

AzərTAc xəbər verir ki, fevralın 24-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ağdaş rayonundakı Heydər Əliyev Mərkəzində Ağdaş, Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib. Vətəndaşlar nazirlə görüşdə müxtəlif məsələlərlə bağlı xahiş və təkliflərini səsləndiriblər. Müraciətlər əsəsən yerlərdə uşaq musiqi və incəsənət məktəblərinin fəaliyyəti, tarixi və mədəniyyət abidələrinin bərpası, muzey ekspozisiyalarının tərtibatı, yerlərdə turizmin inkişafı, bölgələrdəki bəzi tarixi mədəniyyət abidələrinin turizm marşrutuna salınması, kitabxanalara yeni kitabların verilməsi, musiqi məktəblərinin yeni musiqi alətləri ilə təminatı və infoturların təşkili, mədəniyyət işçilərinə fəxri adların verilməsi, yerlərdə muzeylərin yaradılması, el sənətkarlığının inkişafı, mədəni irsin təbliği, xatirə tədbirlərinin keçirilməsi, işlə təmin olunma və digər məsələləri əhatə edib.

Əbülfəs Qarayev qəbuldan sonra jurnalistlərə müsahibəsində Prezidenti İlham Əliyevin tapşırığına əsasən yerlərdə mütəmadi olaraq keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb.

Nazir bildirib ki, artıq ənənə halını alan bu qəbullar bölgələrdə sakinlərin problemləri ilə daha yaxından tanış olmağa və müvafiq tədbirlər görməyə imkan yaradır. Ə.Qarayev Ağdaş rayonunda keçirilən qəbulda ölkənin mədəniyyət və turizm sahələri üçün aktual olan bir sıra məsələlərin gündəmə gətirildiyini deyib. O, əhali ilə belə görüşlərin yerlərdə vəziyyətin öyrənilməsi, mövcud problemlərin operativ həlli baxımından əhəmiyyətini yüksək qiymətləndirib. Ə.Qarayev səslənən bütün xahiş və müraciətlərin diqqətlə nəzərdən keçiriləcəyini və onların həlli istiqamətində tədbirlər görüləcəyini bildirib. Müraciətlərdə bir sıra aktual məsələlərin, o cümlədən bölgədə turizmin inkişafı, tarixi-mədəni irsin tədqiqi və təbliği ilə bağlı maraqlı təkliflərin olduğunu qeyd edən nazir vətəndaşların təşəbbüskarlığını müsbət qiymətləndirib, gələcəkdə bu mövzularda xüsusi müşavirələrin keçirilə biləcəyini deyib.

Ə.Qarayev qəbulda sosial məsələlərlə bağlı səslənən müraciətlərə də baxılacağını və həllinə kömək edilməsi üçün aidiyyəti instansiyalara çatdırılacağını söyləyib.

 

Azərbaycan.-2015.- 25 fevral.- S.11.