Azərbaycanın Baş
naziri Türkiyə Cümhuriyyətinin xarici
işlər naziri Mövlud
Çavuşoğlu ilə görüşüb
Fevralın
25-də Azərbaycan Respublikasının Baş naziri Artur
Rasizadə ölkəmizə rəsmi səfərdə olan
Türkiyə Cümhuriyyətinin xarici işlər naziri
Mövlud Çavuşoğlu ilə görüşüb.
Nazirlər
Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər
ki, görüşdə Azərbaycan və Türkiyənin
tarixi dostluq və qardaşlıq ənənələrinin
sarsılmazlığından söz açılıb,
müasir dövrdə siyasi, iqtisadi, mədəni sahələrdə
strateji əməkdaşlıq imkanlarının daha da
genişləndiyi məmnunluqla vurğulanıb. Ölkələrimiz
arasında qlobal enerji və nəqliyyat layihələrinin,
habelə beynəlxalq və hərbi-texniki əməkdaşlıq
və digər sahələrdə iş birliyinin milli maraqlar
çərçivəsində bundan sonra da dərinləşdirilməsinin
vacibliyi bildirilib.
Söhbət
zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinə toxunan tərəflər Azərbaycanın
ədalətli mövqeyinin bütün beynəlxalq tədbirlərdə
dəstəklənməsinin zəruriliyini qeyd edərək,
problemin beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın
ərazi bütövlüyü və sərhədlərinin
toxunulmazlığı prinsipləri əsasında həlli
istiqamətində həmrəy mövqedən
çıxış edəcəklərini bir daha təsdiqləyiblər.
Görüşdə
regional və beynəlxalq əlaqələrin daha da möhkəmləndirilməsi
və bölgədə sabitliyin qorunub saxlanmasına dair bir
sıra digər məsələlər ətrafında
geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2015.- 26 fevral.- S.1.