Azərbaycan-Türkiyə əlaqələri
daha da möhkəmlənir
Fevralın
25-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov
türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə
görüşüb.
AzərTAc
xəbər verir ki, nazirlər əvvəlcə təkbətək,
sonra geniş tərkibli görüşlər keçiriblər.
Daha sonra birgə mətbuat konfransında görüşlərdə
müzakirə olunan məsələlər barədə məlumat
verilib.
Elmar
Məmmədyarov deyib ki, görüşlərdə türkiyəli
həmkarını Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli istiqamətində
danışıqların hazırkı durumu, həmsədrlərin
regiona səfəri barədə məlumatlandırıb. O
xatırladıb ki, Türkiyə ATƏT-in Minsk qrupunun
üzvüdür və Cənubi Qafqazda tezliklə
sülhün bərqərar olmasını və Azərbaycanın
işğal altındakı torpaqlarının azad edilməsini
dəstəkləyir.
E. Məmmədyarov
keçən ay Azərbaycan, Türkiyə, Türkmənistan
xarici işlər nazirlərinin üçtərəfli
görüşünün keçirildiyini xatırladıb və
bu istiqamətdə işlərin davam etdiriləcəyini deyib.
Bildirib ki, keçən həftə İranın xarici işlər
naziri Bakıda olarkən yaxın zamanda İranda Azərbaycan,
Türkiyə, İran xarici işlər nazirləri səviyyəsində
növbəti üçtərəfli görüşün
keçiriləcəyi razılaşdırılıb. Bundan
başqa, yaxın bir–iki ay ərzində Gürcüstanda da
xarici işlər nazirləri səviyyəsində
görüş keçiriləcək.
Türkiyənin
xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib
ki, Azərbaycana hər səfərində ölkənin daha
da inkişaf etdiyini görməsi onu çox sevindirir. Nazir
Türkiyə-Azərbaycan əlaqələrinin getdikcə
daha da möhkəmləndiyini, xüsusilə də iqtisadi sahədə
əməkdaşlığın genişləndiyini diqqətə
çatdırıb. M. Çavuşoğlu ölkələrimizin
bir çox müştərək layihələr həyata
keçirdiyini bildirib, TANAP, Bakı-Tbilisi-Qars layihələrini
misal çəkib. O deyib ki, bu layihələr bizim
üçün strateji əhəmiyyət kəsb edir.
M.Çavuşoğlu
nazirlər səviyyəsində keçirilən üçtərəfli
görüşlərin əhəmiyyətini də qeyd edib.
Nazir Azərbaycanın və Türkiyənin hər zaman
bir-birinin yanında olduğunu, əlaqələrimizin daha da
inkişaf edəcəyini vurğulayıb.
M.Çavuşoğlu
Antalyada keçiriləcək “G-20” sammitinə rəhbərliyin
Türkiyə üçün böyük şərəf
olduğunu deyib. Bildirib ki, Türkiyə Prezidenti bununla
bağlı artıq “G-20” ölkələrinə səfərlər
etməyə başlayıb. Bildiyiniz kimi, biz bu sammitə Azərbaycanı
da dəvət etmişik. Azərbaycanın bu sammitə
qatılması Türkiyəyə də güc verəcək.
Türkiyəli
nazir Ermənistanın yürütdüyü təcavüzkar
siyasətlə özünü təcrid vəziyyətinə
saldığını bildirib. Qeyd edib ki, əgər Ermənistan
işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilərsə,
Azərbaycanın ərazi bütövlüyünə
hörmət edərsə, birgə işlərimizə bu
ölkə də qoşula bilər.
Xocalı
soyqırımından bəhs edən M.Çavuşoğlu
deyib: “Biz bu faciəni törədənləri lənətləyirik”.
Azərbaycan.-2015.- 26 fevral.- S.1.