Beynəlxalq hüquq
normaları Xocalı
faciəsinin soyqırımı olduğunu
təsdiqləyir
Xocalı soyqırımı Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini zəbt etmək məqsədilə Ermənistan Respublikasının apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin miqyasına görə ən dəhşətlisidir. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədləri bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət strateji əhəmiyyətli maneəni aradan qaldırmaq, digər tərəfdən isə Xocalı şəhərini Yer üzündən birdəfəlik silmək olmuşdur. Çünki Xocalı Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının qədim tarixi abidələri - siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhvi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsi ilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək Azərbaycan xalqına qarşı soyqırımı siyasətini həyata keçirmişdir. Xocalının işğalına dair istintaq materiallarından görünür ki, hücumda mayor Ohanyan Seyran Muşeqoviçin komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonu, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriysayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və gizir iştirak etmişdir. Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır.
Xocalıda baş verənlərin soyqırımı olduğunu həmin dövrdə bir sıra ölkələrin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri də təsdiqləmişlər. Bu baxımdan faciə baş verən gün Xankəndidə ezamiyyətdə olmuş Fransanın “Libardion” qəzetinin əməkdaşı Jul Gen Vaynerin qeydləri xüsusi maraq doğurur. Xocalı soyqırımını qorxulu yuxuya bənzədən Vayner jurnalistika ilə məşğul olduğu 25 il ərzində müharibələrin getdiyi bir çox müxtəlif ölkələrdə olduğunu, lakin Xocalı şəhərindəki kimi dəhşətli və tükürpədici mənzərələrlə rastlaşmadığını yazmışdır. Jurnalist “Libardion” qəzetində çap etdirdiyi “Erməni terrorizminin canlı şahidi oldum” sərlövhəli yazıda Xocalıda baş verənlərin əvvəlcədən cızılan ssenari olduğunu açıq bəyan etmişdir. Onun fikrincə, məqsəd bütövlükdə bəşəriyyətin gözünü qorxutmaq olmuş, erməni terrorizimi dünyanı məhz bu yolla “ram etməyə” çalışmışdır. Fransalı müxbir Xocalı qətliamında iştirak edən erməni terror dəstələrinin necə amansızlıq etdiklərinin canlı şahildi olduğunu yazmışdır. Mənfur sovet ordusunun 366-cı motoatıcı alayının ermənilərlə birgə Xocalı üzərinə hücumundan bir gün əvvəl Xankəndidə bu alayın qərargahında olan Vayner orada rus polkovniki Zaviqarovun əməliyyata ciddi hazırlaşdığının şahidi olduğunu göstərmişdir. “Hələ Xocalı işğal edilməmişdən bir gün əvvəl 49 azərbaycanlı əsir alınaraq kütləvi şəkildə güllələndi. Batalyon və hərbi hissələrin komandirləri dinc əhalinin məhvinə qərar vermişdilər. Hücumdan bir neçə saat əvvəl 366-cı alayın qərargahında 58 azərbaycanlı qətlə yetirildi. Onların çoxu qadın və uşaqlar idi. Cəsədlərin gömüldüyü quyuların yanından keçmək mümkün deyildi. Çünki oradan dəhşətli dərəcədə meyit iyi gəlir, itlərin, çaqqalların səsləri eşidilirdi” - deyə müşahidələrini qeydə almış fransalı jurnalist Xocalıya hücum ərəfəsində Ermənistanın hakimiyyət orqanları rəhbərlərinin 366-cı motoatıcı alayın qərargahında olduğunu da vurğulamışdır.
“Böyük Ermənistan” ideyasının əsas ideoloqlarından biri olan Zori Balayanın Xocalı soyqırımında birbaşa iştirakını təsdiqləyən faktlar mövcuddur. Zori Balayan 1996-cı ildə dərc olunmuş “Ruhumuzun canlanması” adlı kitabında (260-262-ci səh.) Xocalıda baş verən soyqırımı barədə qeyd edir: “Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra bu uşağın başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum xalqımın bir faizinin belə qisasını aldığı üçün sevincindən qürurlanırdı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni vətənsevər kimi öz vəzifəmi yerinə yetirdim.”
Bu faktlar, canlı şahid ifadələri, foto və videomateriallardan istifadə edən Azərbaycan bütün dünyada Xocalı soyqırımı ilə bağlı təbliğat aparmaq imkanlarını genişləndirir. Beynəlxalq hüquq normaları da Xocalı faciəsinin soyqırımı olduğunu bir daha təsdiqləyir. Soyqırımı cinayətinin hüquqi məzmunu BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 nömrəli qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya” ilə müəyyən edilmişdir. Xocalı soyqırımı xarakter etibarilə beynəlxalq cinayət kateqoriyasına aiddir. Bu kateqoriyadan olan cinayətlərin əsas tərkibləri İkinci Dünya müharibəsindən sonra yaradılmış beynəlxalq hərbi tribunalların (Nürnberq, Tokio) nizamnaməsində ifadə olunmuş, sonradan həmin cinayət tərkibləri Yuqoslaviya və Ruanda beynəlxalq cinayət tribunallarının nizamnamələrində, habelə Beynəlxalq Cinayət Məhkəməsinin statusunda təkmilləşdirilməklə bir daha təsdiqini tapmışdır.
Soyqırımı cinayəti üçün xüsusi niyyətin olması zəruri ünsür sayılır. Bu, soyqırımı cinayətini obyektiv cəhətinə görə oxşar beynəlxalq cinayətlərdən fərqləndirir. Soyqırımı cinayətini təşkil edən əməllərdən hər biri öz xarakterinə görə şüurlu, bilərəkdən və iradə əsasında diktə olunan əməllərdir. Həmin əməllər heç bir halda təsadüfən və ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Eyni zamanda, həmin əməlləri törətmək niyyəti və onların mümkün nəticələrinin ümumən dərk edilməsi əməlin soyqırımı kimi tövsifi üçün kifayət deyildir. Burada cinayətkarın fikrinin xüsusi istiqamətini və ya əməlin neqativ nəticələri ilə bağlı olan konkret niyyətini ortaya çıxarmaq tələb olunur. Əvvəlcədən xüsusi düzəldilmiş pusqulardan qaçıb canını qurtarmaq istəyən Xocalı sakinlərinin avtomat, pulemyot və digər silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirilməsi ermənilərin azərbaycanlılara qarşı soyqırımı niyyətini bir daha sübuta yetirir.
Beynəlxalq hüquq normalarına görə soyqırımı cinayəti törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür. Beynəlxalq hüquq soyqırımı cinayətinin anlayışını müəyyən etməklə yanaşı, həmin cinayəti törətmiş şəxslərin məsuliyyətini də müəyyənləşdirir. BMT-nin “Soyqırımı cinayətinin qarşısının alınması və cinayətkarların cəzalandırılması haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən, iştirakçı dövlətlər soyqırımı cinayətini törətməkdə təqsirli bilinən şəxslərin cəzalandırılması üçün təsirli tədbirlər görməlidirlər. Konvensiyanın 6-cı maddəsinə əsasən, həmin şəxslər dövlətin ərazisində səlahiyyətli məhkəmələrdə mühakimə olunmayıbsa, beynəlxalq məhkəmə tərəfindən mühakimə edilməlidirlər. Soyqırımı cinayətinin təkcə icraçıları deyil, soyqırımı törətməyə sui-qəsd, soyqırımına birbaşa və açıq təhrikçilik, soyqırımına cəhd və soyqırımında iştirak da cinayət məsuliyyəti doğurur.
Soyqırımı cinayəti törətmiş şəxslərə qarşı universal yurisdiksiya prinsipi tətbiq edilir. Başqa sözlə, soyqırımı cinayətini törətməkdə əmrin icrasına istinad şəxsi cinayət məsuliyyətindən əsla azad etmir. Dövlətin aktları onun vəzifəli şəxslərinin fəaliyyəti olduğundan təqsirə görə yalnız dövlətə qarşı sanksiya tətbiq edilməsi ilə kifayətlənmək olmaz. Belə hallarda cinayətkar əməlin təşkilatçıları, rəhbərləri, icraçıları, konkret fiziki şəxslər də cəzalandırılmalıdırlar. Soyqırımı cinayətinin törədilməsinə görə, dövlətin cinayətkar əmrlər verən, bu əmrləri icra edən vəzifəli şəxsləri də məsuliyyət daşıyır. Xocalı soyqırımına görə təkcə bu beynəlxalq cinayəti törətmiş şəxslər deyil, həm də həmin cinayətlərin qarşısını almaq üçün heç bir tədbir görməyən mülki hakimiyyət və rəis heyəti də məsuliyyət daşıyır.
BMT Baş Məclisinin 26 noyabr 1968-ci il tarixli 2931 nömrəli qətnaməsi əsasında qəbul edilmiş “Müddətin müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə tətbiq edilməməsi haqqında” Konvensiyasının 1-ci maddəsinə əsasən, müharibə cinayətləri törədildiyi vaxtdan asılı olmayaraq, onlara cinayət məsuliyyətinə cəlbetmə müddəti tətbiq olunmur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.5-ci maddəsinə əsasən, məcəllənin xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş şəxslərə müddət barədə müddəalar tətbiq olunmur. Həmin cinayətləri törətmiş şəxslər cinayətin törədilməsi vaxtından asılı olmayaraq cinayət məsuliyyətinə cəlb edilməli və məhkum olunmalıdırlar. Bu müddəa belə bir əsasa söykənir ki, beynəlxalq birliyə və bəşəriyyətə vurulmuş ziyan öz ağırlığına görə istisna təşkil edir və həmin cinayəti törətmiş şəxs ədalətli məhkəmə qərarına əsasən mütləq cəzalandırılmalıdır.
Beynəlxalq cinayətlərə görə məsuliyyətə cəlbetmə müddətinin tətbiq olunmaması ona dəlalət edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı törədilmiş beynəlxalq cinayətlərdən, o cümlədən Xocalı soyqırımından nə qədər vaxt ötsə də, həmin cinayətləri törətmiş şəxslər məsuliyyətdən yayına bilməzlər. Soyqırımı törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb edilmək üçün tələb olunan dövlətə verilməlidir.
BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 nömrəli qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya, hürnberq Hərbi Tribunalının nizamnaməsi (nizamnamədə birbaşa soyqırımı cinayəti göstərilməsə də, həmin cinayəti təşkil edən əməllər insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri kimi nəzərdə tutulmuşdur), Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi, Ruanda Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi (maddə 1), Beynəlxalq Cinayət Məhkəməsinin Statusu (maddə 6), Azərbaycan Respublikası Cinayət Məcəlləsi (maddə 103) və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımının beynəlxalq cinayət kimi tanınmasına tam əsas yaradır.
Ümummilli lider hər zaman Xocalı faciəsinə xüsusi həssaslıqla yanaşmışdır. Ulu öndər Heydər Əliyev hər il faciənin ildönümündə keçirilən matəm tədbirlərində iştirak etmiş, Xocalı soyqırımını kədər hissi ilə xatırlamışdır. Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş ulu öndər hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zəruriliyini vurğulamış, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün xüsusi səy göstərmişdir. Ümummilli lider Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir.
“Biz müdafiədə deyil, hücumda olmalıyıq” - deyən Prezident İlham Əliyev də bədnam erməni lobbisinə qarşı effektiv əks-hücumun təşkilini mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bu baxımdan dövlət başçısının tapşırıq və tövsiyələri əsasında son illər Xocalı faciəsinin dünya ölkələrində tanıdılması, erməni qəsbkarlarının ifşası istiqamətində sistemli iş aparılır. Hər il Prezident Administrasiyası tərəfindən tədbirlər proqramı təsdiqlənir və icra edilir. Bu baxımdan Heydər Əliyev Fondunun xidmətlərini xüsusi qeyd etmək lazım gəlir. Fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqrımı haqqında faktların dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir.
Son illər Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan İslam Respublikası, Bosniya və Herseqovina, Rumıniya, Çexiya və İordaniyanın parlamentləri Xocalı soyqırımını tanımışlar. ABŞ-ın Vest Virciniya ştatının qanunverici orqanının Nümayəndələr Palatasında Xocalı faciəsi ilə bağlı bir müddət əvvəl qətnamə qəbul edilmişdir. Qətnamədə Xocalıda törədilmiş cinayətlərin 1988-ci ildən Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni hərbi qüvvələri tərəfindən həyata keçirilən təcavüzün tərkib hissəsi olduğu qeyd edilir. Bundan əvvəl isə Kaliforniya, Massaçusets, Texas, Nyu-Cersi, Meyn, Nyu-Meksika, Arkanzas, Corciya, Oklahoma, Tennesi, Pensilvaniya, Konnektikut, Florida, Missisipi ştatlarının qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunmuş, Xocalıda qırğın törədənlərin məsuliyyətə cəlb olunması tələb edilmişdir
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü əsasında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun dünyanın 40-dan çox ölkəsində həyata keçirdiyi “Xocalıya ədalət!” kampaniyasının məqsədi də beynəlxalq ictimaiyyəti bu qanlı hadisə ilə bağlı ətraflı məlumatlandırmaqdır. Bütün bunların fonunda beynəlxalq təşkilatlar ikili standartlara yol vermədən beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq münaqişənin həllinə yönəlmiş səylərini artırmalı, hadisə səlahiyyətli beynəlxalq qurumlar tərəfindən genosid aktı kimi tanınmalı, cinayət törədənlərə qarşı sanksiyalar tətbiq edilməlidir. Ermənistan münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin müddəalarını yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, azərbaycanlı əsir və girovlar azad edilməli, qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları müdafiə olunmalı, onlar öz doğma yurdlarına qayıtmalıdırlar.
Elnur HACALIYEV,
Azərbaycan.-2015.- 26 fevral.- S.2.