Xocalı soyqırımı: tarix olduğu kimi

 

Tarixinin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Sovet imperiyasının süqutu ilə yaranan mürəkkəb tarixiictimai-siyasi şəraitdə dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkənin yeni tarixinə qara hərflərlə yazıldı.

 

“Xocalıya ədalət!” beynəlxalq birliyin haqq səsinə çevrilməlidir

 

Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Hər il Prezident Administrasiyası tərəfindən tədbirlər proqramı təsdiqlənir və icra edilir. Azərbaycanın yeni müstəqillk tarixinə qanla yazılmış Xocalı faciəsi hər zaman ölkəmizdə, dünyanın müxtəlif dövlətlərində yaşayan soydaşlarımız və digər dost xalqların nümayəndələri tərəfindən də ürək ağrısı ilə xatırlanır. Faciənin hər ildönümündə dünyanın bir çox ölkəsində Xocalı qurbanlarının xatirəsi anılır, mitinqlər, aksiyalar keçirilir, ermənilərin vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər nümayiş etdirilir. Nüfuzlu qəzetlərdə faciəyə həsr olunmuş məqalələr çap olunur, televiziyaradioda verilişlər səslənir.

Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində görülən işlərdə Heydər Əliyev Fondunun müstəsna rolu var. Məhz bu fondun dəstəyi ilə Xocalı faciəsinin ildönümü hər il dünyanın müxtəlif ölkələrində qeyd olunur. Soyqırımına həsr olunmuş silsilə tədbirlər fondun təmin etdiyi təbliğat materialları əsasında həyata keçirilir. Artıq bu fondun səmərəli fəaliyyəti sayəsində əvvəlki illərdən fərqli olaraq indi dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır. Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, nüfuzlu qurumlar bəşəriyyətə qarşı törədilmiş bu cinayətin əsl mahiyyətini anlayaraq qətliamı kəskin şəkildə pisləyirlər. Fondun həyata keçirdiyiQarabağ həqiqətləri” silsiləsi və işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı ingilis dilində nəşr olunan kitab və bukletlər də xaricdə yayımlanır.

Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış “Xocalıya ədalət!” kampaniyası ildən-ilə daha da genişlənməkdədir. Artıq bu aksiyaya dünyanın əksər ölkələrində yüzlərlə insan qoşulub.

Ümumiyyətlə, İKT-nin Dialoq və Əməkdaşlıq Uğrunda Gənclər Forumu da Ermənistanın işğalçı mövqeyinin dünya miqyasında pislənməsi istiqamətində fəal aparır. Forum hələ 2007-ci ilin payızında Bakıda “Gənclər sivilizasiyaların alyansına tərəfdardır” təşəbbüsü çərçivəsində təsis edilmiş “Sivilizasiyaların alyansı” Beynəlxalq Gənclər Hərəkatına da müraciət edərək, ona tərəfdaşları olan nüfuzlu beynəlxalq təşkilatlar vasitəsilə Ermənistanın həm dinc azərbaycanlıların, həm də öz vətəndaşlarının qanını axıtmış sərsəm rejiminin fitnəkar hərəkətlərini dünya birliyinə çatdırmağı təklif edib. Təklifdə belə fikirlər də yer almışdı ki, Dağlıq Qarabağ münaqişəsinə potensial baxımdan sivilizasiyalararası münasibətlərin kəskinləşməsinə gətirib çıxara biləcək bir münaqişə kimi baxılsın. Ermənistanda hakimiyyətə gəlmiş S.Sarkisyanın bu cür siyasəti dünyanın enerji təhlükəsizliyi üçün mühüm rol oynayan Cənubi Qafqaz regionunda sabitliyin ciddi şəkildə pozulmasına gətirib çıxara bilər. Xatırladaq ki, onlarca ölkənin gənclər təşkilatlarını birləşdirən İKT-nin Gənclər Forumu İslam Konfransı Təşkilatının affilyasiya edilmiş təsisatının və BMT-nin “Sivilizasiyaların alyansı” qurumunun rəsmi tərəfdaşıdır.

İKT Gənclər Forumu idarə heyətinin 2008-ci ilin aprelində Küveytdə keçirilən 6-cı sessiyasında isə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva forumun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məsələləri üzrə birinci baş əlaqələndiricisi seçildi. Bu, İKT Gənclər Forumunun Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına daha çox diqqət ayırmasında mühüm rol oynadı. Məhz bunun nəticəsi idi ki, həmin il mayın 17-də İstanbulda İKT Gənclər ForumununİSESCO-nun təşkilatçılığı ilə keçirilmiş İKT ekspertlərinin ikigünlük iclasında Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət - Qarabağa azadlıq” kampaniyası İKT ekspertləri tərəfindən dəstəkləndi və 26 fevral - Xocalı soyqırımı gününün İKT ölkələrində humanitar fəlakət qurbanlarının xatirəsini anma günü kimi qeyd olunması barədə qərar qəbul edildi. Bundan əlavə, Xocalı qətliamının islam ölkələrində dərsliklərə daxil edilməsi ilə bağlı təklifin də İKT nazirlərinin toplantısına təqdim edilməsi razılaşdırıldı. İKT-nin üzvü olan ölkələrin xarici işlər nazirlərinin Kampalada (Uqanda) başa çatmış konfransında İKT-nin Gənclər Forumunun sivilizasiyaların alyansı üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın “Xocalıya ədalət - Qarabağa azadlıq” təşəbbüsü təsdiq edildi. Bu barədə İKT xarici işlər nazirlərinin konfransının 35-ci sessiyasında xüsusi qətnamə qəbul olundu. Qətnamənin xarici işlər nazirləri tərəfindən dəstəklənməsi dünyanın 57 ölkəsində müvafiq kampaniyanın həyata keçirilməsi üçün siyasi-hüquqi baza yaradılmasına gətirib çıxardı.

Qətnaməyə görə, İKT üzvü olan ölkələrdə humanitar faciələrin qurbanlarının xatirə günü təsis edilir. Qətnamədə Xocalı faciəsinin də daxil olduğu bu siyahı təsdiq edilməklə yanaşı, XX əsrdə müsəlman ölkələri xalqlarının məruz qaldıqları fəlakətlər, təcavüzlər və etnik təmizləmələr haqqında düzgün informasiyanın yayılması üçün kampaniyalar keçirilməsi nəzərdə tutulur.

2009-cu ilin mayında isə İKT Xarici İşlər Nazirləri Şurasının Dəməşqdə keçirilən 36-cı konfransında nazirlər Gənclər Forumu haqqında qəbul etdikləri yekun qətnamədə “Xocalıya ədalət - Qarabağa azadlıq” kampaniyasını tam dəstəkləyərək üzv ölkələri bu kampaniyada fəal iştiraka çağırmışlar.

2011-ci ilin əvvəllərində isə İslam Konfransı Təşkilatı Parlamentlər İttifaqı Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına dəstək olaraq bəyannamə qəbul edib. İKT Parlamentlər İttifaqı Şurasının Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən 13-cü sessiyasında şuraya üzv dövlətlərin qəbul etdikləri Əbu-Dabi bəyannaməsində Xocalı faciəsini insanlığa qarşı törədilmiş kütləvi cinayət kimi tanımağa çağrılır. Bu, İKT GF-nin təşəbbüsü ilə irəli sürülmüş “İKT GF və İKT Pİ arasında əməkdaşlıq haqqında” qətnamənin şura tərəfindən təsdiqlənməsi nəticəsində baş verib. Qətnamənin 3-cü bəndində qeyd edilib ki, İKT Pİ-yə üzv parlamentlər erməni silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş kütləvi qırğını insanlığa qarşı cinayət kimi tanıyır. Sənəddə üzv dövlətlər qeyd olunan cinayətə milli səviyyədə lazımi qiymətin verilməsinə çağrılırlar. İKT Pİ Şurası Leyla xanım Əliyevanın fəaliyyətini yüksək qiymətləndirib və bu rəy qətnamədə öz əksini tapıb.

Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və hadisənin dünya ictimaiyyəti tərəfindən hüquqi-siyasi və mənəvi qiymətləndirilməsinə nail olmağa yönəlmiş “Xocalıya ədalət!” beynəlxalq məlumat və təşviqat kampaniyası dünyanın bir çox ölkəsində yüzlərlə könüllü tərəfindən uğurla həyata keçirilib.

2012-ci il fevral ayının 26-da - Xocalı soyqırımının 20-ci ildönümündə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin öndərliyi ilə Azadlıq meydanından “Xocalı soyqırımı” abidəsinə edilən ümumxalq yürüşü göstərdi ki, qisas anımız, torpaqlarımızın işğaldan azad ediləcəyi gün uzaqda deyil. Bu ümumxalq yürüşü Azərbaycan xalqının sıx birliyini, işğal altındakı torpaqların azad olunması və ölkənin ərazi bütövlüyünün bərpası üçün əlindən gələni etmək əzmini nümayiş etdirdi. On minlərlə insanın iştirak etdiyi bu yürüş ermənilərə və onların havadarlarına bir mesaj idi. Prezident İlham Əliyev bununla bir daha bəyan etdi ki, soyqırımı qurbanlarının qanı yerdə qalmayacaq, erməni vəhşiliyi daim bütün dünyaya çatdırılacaq, Ermənistanın təcavüzkar siyasəti ifşa ediləcək. Bir daha bütün dünyaya çatdırıldı ki, xalqımız istənilən yolla Ermənistanın işğal etdiyi Dağlıq Qarabağı və ətraf rayonları azad etməyə, münaqişənin Azərbaycan dövlətinin maraqları çərçivəsində həllinə məcbur olacaqdır.

Azərbaycan Prezidentinin torpaqlarımızın işğaldan azad olunması üçün hər addımda qətiyyət nümayiş etdirməsi, erməni vəhşiliklərinin, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətindəki həssaslığı bizi qürurlandırır, cəmiyyətimizdəki vətənpərvərlik əhval-ruhiyyəsini artırır. Prezident İlham Əliyevin hücum diplomatiyasının nəticəsi olaraq Xocalı soyqırımını tanıyan dövlətlərin sayı artır. Pakistan, Meksika, Rumıniya, Serbiya, Peru, Panama, Çexiya, İordaniya, BosniyaHerseqovina, Konduras, SudanKolumbiya parlamentləri, ABŞ-ın 15 ştatı Xocalı hadisələrinin soyqırımı aktı kimi tanınması haqqında qərarlar qəbul ediblər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq və normaları, ədalət meyarı Azərbaycanın tərəfindədir və bunu dünya ictimaiyyəti də birmənalı olaraq qəbul edir. Beynəlxalq birliyin tamhüquqlu üzvü olan Azərbaycan hələlik münaqişənin sülh yolu ilə həlli üçün səylərin davam etdirilməsini zəruri saysa da, ərazi bütövlüyünün pozulması ilə uzun müddət barışmaq niyyətində deyil. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ermənistanın münaqişənin hamılıqla qəbul olunmuş norma və prinsiplərlə həllinə razılıq verməyəcəyi, təcavüzkarlıq siyasətini davam etdirəcəyi təqdirdə, Azərbaycanın öz torpaqlarını tərk etmək üçün hərbi əməliyyatlara başlayacağını qətiyyətlə bəyan edib. Bu, Azərbaycan xalqının müstəsna hüququduronu heç bir dövlət bu yoldan çəkindirə bilməz. Heç kimdə şübhə yoxdur ki, Ermənistan tezliklə işğal etdiyi əraziləri azad edəcək, həmçinin xalqımıza qarşı ağır cinayətlərə yol verənlər, o cümlədən Xocalı faciəsini törədənlər bir gün ədalət məhkəməsi qarşısında dayanacaqlar.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2015.- 26 fevral.- S.2.