Azərbaycan-Türkiyə münasibətləri
digər ölkələr üçün
nümunədir
Azərbaycan
Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov
fevralın 25-də ölkəmizdə səfərdə olan
Türkiyə Respublikasının xarici işlər naziri
Mövlud Çavuşoğlunun başçılıq etdiyi
nümayəndə heyəti ilə görüşüb.
AzərTAc
xəbər verir ki, Milli Məclisin sədri Azərbaycan-Türkiyə
əlaqələrinin ən yüksək səviyyədə
olduğunu deyib. Bildirilib ki, ölkələrimiz
arasındakı münasibətlər digər ölkələr
üçün nümunədir. İki qardaş ölkə
arasında bütün sahələrdə əməkdaşlıq
mövcuddur. Dövlət başçılarının
qarşılıqlı səfərləri, yüksək səviyyəli
görüşlər münasibətlərimizin yüksək
səviyyədə olmasının göstəricisidir.
Qeyd edilib ki, son illərdə Azərbaycan Türkiyəyə, Türkiyə isə Azərbaycana milyardlarla dollar sərmayə qoyub. Bu investisiyalar ildən-ilə artmaqdadır. Qarşıya məqsəd qoyulub ki, 2020-ci ilə qədər Türkiyəyə qoyulacaq Azərbaycan sərmayələrinin həcmi 20 milyard dollara çatsın.
Azərbaycan-Türkiyə münasibətlərindən danışan Mövlud Çavuşoğlu bildirib ki, əlaqələrimizi daha yüksək səviyyəyə qaldırmaq, beynəlxalq arenadakı əməkdaşlığımızı daha da gücləndirmək üçün birgə fəaliyyət həyata keçirilir. Qarşıya qoyulan hədəflərə çatmışıq. Ticarət dövriyyəsi bu il beş milyard dollara çatıb.
Nazir qeyd edib ki, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasında isə qarşıya yeni hədəflər qoyuldu. Yeni hədəfimiz ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır.
Mövlud Çavuşoğlu
deyib: “Dünyada iqtisadi böhran hökm sürür, amma ölkə rəhbərlərimizin həyata
keçirdikləri islahatlar nəticəsində
Azərbaycan və Türkiyə öz inkişaf yolları ilə davam
edirlər. Güclərimizi birləşdirdikcə həm
çətinliklərə qarşı birgə səmərəli
mübarizə apara bilirik,
həm də qarşıya çıxan imkanları dəyərləndirmək
məsələsində daha güclü oluruq”.
Azərbaycan.-2015.- 26 fevral.- S.1.