İslam Əməkdaşlıq Təşkilatı da Xocalı qətliamını insanlığa qarşı cinayət kimi tanıyır

26 Fevral 2015

 

XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində azərbaycanlılara qarşı dəfələrlə terror, soyqırımı aktı həyata keçirilmişdir. Onlardan ən dəhşətlisi isə bəşər tarixinə qanla yazılmış Xocalı faciəsidir. 613 dinc sakinin vəhşicəsinə qətlə yetirilməsi, qədim Azərbaycan torpağı olan Xocalının yerlə yeksan edilməsi müasir dünya üçün bir ləkədir. Dünyanın bir çox ölkələri artıq bu faciənin soyqırımı aktı kimi tanınması istiqamətində qərar və qətnamələr qəbul ediblər.

Bu gün bir neçə ölkənin və ABŞ-ın 15 ştatının parlamentləri Xocalı faciəsini soyqırımı aktı kimi tanıyır. Keçən il İƏT-in üzvü olan 53 ölkənin parlamentləri xüsusi qətnamə ilə təsdiq etmişlər ki, Xocalıda soyqırımı törədilmişdir. Həmçinin İƏT-in üzvü olan 57 dövlətin başçıları tərəfindən analoji sənədlər qəbul olunmuşdur.

Bu ilin yanvar ayında isə İstanbulda keçirilən İƏT Pİ daimi komitə, şura iclaslarında, icraiyyə komitəsinin iclasında və X sessiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair bir sıra sənədlər qəbul edildi. Bu sənədlərdə Xocalı qətliamına da münasibət bildirildi, Xocalı soyqırımı bir daha insanlığa qarşı cinayət kimi qiymətləndirildi və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüz”ünə dair qətnamə qəbul edildi. Sənəddə göstərilir ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 21-22 yanvar 2015-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilmiş X sessiyasında təşkilatın nizamnaməsinin prinsipləri və məqsədlərindən çıxış edərək qurum Azərbaycan ərazisinin 20 faizdən artıq hissəsinin işğalı ilə nəticələnən Ermənistanın Azərbaycana təcavüzündən dərin narahatlıq hissi keçirir, erməni təcavüzü nəticəsində yurd-yuvalarından didərgin düşmüş bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün durumubu humanitar problemlərin miqyası və ciddilik dərəcəsindən olduqca mütəəssir olaraq bu təcavüzü qəti pisləyir, eləcə də işğal olunmuş Azərbaycan ərazilərində Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş əməlləri insanlıq əleyhinə cinayət kimi dəyərləndirir.

Bundan başqa, sənəddə qeyd edilir: Təşkilat işğal olunmuş Azərbaycan ərazilərində arxeoloji, mədəni və dini abidələrin talanını və dağıdılmasını qəti pisləyir, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icra edilməsini və Dağlıq Qarabağ ərazisi də daxil olmaqla Azərbaycan ərazilərindən erməni qüvvələrinin dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edir, Ermənistanın Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət etməsində israr edir. Qətnamənin digər bir müddəasında qurum təcavüzkarı münaqişənin gələcək eskalasiyası imkanından və Azərbaycan ərazilərini işğal altında saxlamağa davam etməkdən məhrum etmək üçün bütün dövlətləri Ermənistanı hər hansı silah və hərbi sursatla təmin etməkdən çəkinməyə çağırır. Eyni zamanda quruma üzv olan dövlətləri, həmçinin beynəlxalq ictimaiyyətin digər üzvlərini erməni təcavüzünə və Azərbaycan ərazilərinin işğalına son qoymaq məqsədilə tələb olunan belə effektiv siyasiiqtisadi vasitələrdən istifadə etməyə, bununla əlaqədar olaraq Ermənistan ərazisində iqtisadi fəaliyyətdən, iqtisadi, sənaye, maliyyə və digər sahələrə investisiya qoyuluşundan çəkinməyə və bu ölkə ilə ümumi əməkdaşlığı məhdudlaşdırmağa səsləyir.

Həmçinin Ermənistan və ATƏT-in Minsk qrupunun bütün üzv dövlətlərini BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in müvafiq qərar və sənədləri əsasında ATƏT-in yürütdüyü sülh proseslərinə konstruktiv şəkildə qatılmağa çağırır, erməni millətindən olan əhalinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülmələrinin qarşısını almağı və dayandırmağı tələb edir.

Qətnamədə göstərilir ki, təşkilat Azərbaycan ilə tam həmrəydir, eləcə də Azərbaycan hökuməti və xalqının ölkəni müdafiə etmək məqsədilə həyata keçirdiyi səyləri dəstəkləyir, azərbaycanlı qaçqın və məcburi köçkünlərin təhlükəsiz, şərəf və ləyaqətlə qayıtmalarına imkan yaradılmasını istəyir.

Sessiyanın Yekun Bəyannaməsinin “Ermənistanın Azərbaycana qarşı təcavüzü” adlanan 12-ci bölməsinin 3 bəndi (52, 53, 54-cü bəndlər) bilavasitə Azərbaycanın mənafeyini müdafiə edir. Sənədin 53-cü bəndində konkret deyilir: “1992-ci il fevralın 25-dən 26-na keçən gecədə 613 dinc sakinin, onlardan 106 qadın və 83 uşağın qətli ilə nəticələnən Azərbaycanın Xocalı şəhərində baş vermiş dəhşətli qətliamı qətiyyətlə pisləyirik”.

İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının sözügedən sessiyasında “Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumuİslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı arasında Əməkdaşlıq” başlığı altında qəbul edilmiş qətnamədə İƏT üzv parlamentləri Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə bağlı prinsipial mövqelərini bir daha nümayiş etdirdilər. Vurğulandı ki, İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyeva tərəfindən başlanılmış kompaniyanın məqsədi Ermənistanın işğal etdiyi Qarabağ bölgəsinin Xocalı şəhərində baş vermiş soyqırımı aktına dünya miqyasında siyasihüquqi qiymətin verilməsinə nail olmaqla, soyqırımı cinayətkarlarının məsuliyyətə cəlb olunmasıdır.

Qətnamənin 5-ci bəndində deyilir: “Biz xanım Leyla Əliyeva tərəfindən təklif olunmuş “Xocalıya ədalət!” kampaniyasını dəstəkləyirik və üzv parlamentləri bu kampaniyanı milli və beynəlxalq səviyyədə dəstəkləməyə dəvət edirik”.

Qəbul edilmişİslam ölkələrindəki müqəddəs abidələrin himayəsi” adlı qətnamənin C bölümü “Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərindəki mədəni, tarixiislami abidələrin və ziyarətgahların dağıdılması” adlanır. Sənəddə təsdiq edilir ki, erməni işğalı altında olan ərazilərdəki arxeologiya, etnoqrafiya, mədəniyyət və tarix islam irsinin ayrılmaz hissəsidir və buna görə də onların qorunması vacibdir. Sənəddə erməni yaraqlılarının bütün Azərbaycan ərazilərindən, o cümlədən Laçın, Şuşa rayonlarından dərhal, qeyd-şərtsiz tam çəkilməyə, Ermənistanı Azərbaycan Respublikası hakimiyyətinə və ərazi bütövlüyünə hörmət etməyə çağıran 884, 847, 853, 822 saylı Beynəlxalq Təhlükəsizlik Şurasının qərarları dəstəklənir. Ermənistan tərəfindən etnik təmizləmə məqsədilə Azərbaycandakı məscidlərə və digər islami ziyarətgahlara qarşı törədilən kütləvi dağıntılar insanlığa qarşı cinayət hesab edilir.

 

Gövhər BAXŞƏLİYEVA,

Milli Məclisin deputatı, AMEA-nın akademik

 Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun

direktoru, AMEA-nın müxbir üzvü

Azərbaycan.-2015.- 26 fevral.- S.5.