Xocalının süqutu Dağlıq Qarabağın işğalı üçün açar rolunu oynadı

 

Xocalı Dağlıq Qarabağda ermənilər üçün ən strateji məkanlardan biri sayılırdı. Xocalının süqutu ilə Dağlıq Qarabağın və onun ətrafındakı rayonların işğalı üçün əlverişli şərait yarandı. Çünki aeroport, dəmiryolu xətti və şose yolu məhz buradan keçirdi...

Bunları Xocalı soyqırımının canlı şahidi Xocalı sakini Bəxtiyar Aslanov deyir. Bəxtiyar müəllim 1962-ci ildə Xocalıda anadan olub. Polkovnik-leytenant rütbəsilə hazırda Səbail Rayon Polis İdarəsinin Qeydiyyat şöbəsinin baş müfəttişi vəzifəsində çalışır. Onunla elə başında görüşdük. Amma görüşümüz baş tutanadək çox var-gəl etməli olduq. Çünki o hadisələrin ağrı-acısı hələ də onun ürəyini rahat buraxmayıb.

Görüşümüzün məqsədi bəlli idi: Xocalı faciəsi. Ona görə də birbaşa mətləbə keçdik... ...Təsəvvür edin ki, müharibədir. Hərbi topoqrafiyaya baxırıq. Deyək ki, bizim bir neçə nöqtədə canlı qüvvələrimiz var. Bu qüvvələri birləşdirmək üçün ortadakı maneəni aradan götürmək lazımdır. Bax, Xocalı Dağlıq Qarabağın işğalı üçün bir maneə idi. Hətta erməni kəndlərini bir-birinə bağlayan yolların hamısı Xocalının içərisindən keçirdi. O dövrdə Xocalının icra başçısı cəsur döyüşçü Elman Məmmədov idi. O, öz təşəbbüsü ilə özünümüdafiə batalyonu yaratmışdı. Amma bu batalyonda heç bir silah-sursatdan söz gedə bilməzdi. 10 əsgərə bir ədəd qundağı sınıq avtomat düşürdü. 1-2 ədəd də öz imkanımız hesabına avtomobil tapıb gətirmişdik. Bir sözlə, Xocalıya tam laqeydlik, tam ögeylik gördük...

Bizim ovaxtkı rəhbərlərimiz başa düşə bilmirdilər ki, Xocalını verməklə digər rayonlardan da əllərini üzməliydilər. Əgər o vaxt Xocalının müdafiəsini gücləndirsəydilər, işğalına imkan verməsəydilər, Dağlıq Qarabağın və ətraf rayonların işğalından söhbət belə gedə bilməzdi. Xocalının getməsi, erməni qüvvələrinin birləşməsi, qarşılarındakı maneənin açılması və bizim ovaxtkı rəhbərliyin yarıtmaz siyasəti axırda belə bir nəticəyə gətirib çıxardı.

O vaxt Polis Akademiyasında

2-ci kursda təhsil alırdım. Hər gün evnən əlaqə saxlayırdım, deyirdilər ki, köməksiz qalmışıq, yollarımız bağlanıb. gələn var, gedən, camaat ac-susuz qalıb. Gündə bir nəfəri öldürürdülər, amma deyirdilər ki, heç bir problem yoxdur, hər şey qaydasındadır. Hətta o vaxt Xocalı soyqırımı törədiləndə buradan elan etmişdilər ki, bizim ordumuz düşmənin qarşısını layiqincə alıb, itki yoxdur s. Hamısı yalan məlumatlar idi. Belə bir vaxtda Xocalıya ilk dəfə Əlif Hacıyevlə mən getmişəm. Əlif aeroportun rəisi idi. Mən Milis Məktəbi”ndə oxumazdan əvvəl Xocalı aeroportunda işləmişəm. Əlif dedi ki, heç kim Xocalıya kömək etmək istəmir, vəziyyət çox gərgindir. Ona görə oraya getmək qərarına gəldik. Ağdam polisindən 10 avtomat, bir yeşik əl qumbarası götürdük. Bizi Xocalıya aparmalı olan vertolyot Gəncədən qalxmalı idi. Hadisədən bir neçə gün qabaq idi. Vertolyot bizi Xocalı aeroportunda düşürtdü. Amma danışmışdıq ki, geri qayıdanda yaralıları, qoca qadınları qaytarmalıydı. Pul da vermişdik onlara. Amma vertolyot heç kimi götürmədi, boş getdi geri qayıtmadı.

Fevralın 25-i axşamı idi. Bir az da soyuqlamışdım, qızdırmam vardı. Möhkəm qar yağırdı. O biri otağa keçəndə pəncərədən baxdım ki, bir dənə BMP böyük qaz borusunu partlatdı. Alov göyə qalxan kimisnaryad”lar yağdırılmağa başladı. Tez Elman müəllimin yanına yığışdıq. Gecə saat 3-ə qədər atışma getdi. Avtomatla o qədərsnaryad”ın qarşısında necə dayanmaq olardı? Onlar atır, konkret hədəfi vurur, bizim atdığımız güllə isə heç bilmirdik hara dəyirdi. Sonra biz çalışdıq ki, dinc əhalinin hamısını evlərdən, kənddən çıxaraq. Bir-bir evləri gəzdik. Hər kəsi çıxardıq ki, evdə qalmayın - Xocalı 3 yerə bölünürdü, biri Mərkəzi Xocalı, biri Dərələyəz sovetliyi, biri Qala dərəsi, üçü bir yerdə Xocalı sayılırdı.

Xocalıya tam nizamlanmış sovet ordusu yeridilmişdi. Ermənilər sonradan orduya qoşuldu. Mən şəxsən 2-3 nəfəri avtomatla vurdum, güllə dəydi, bir az səndəllədi, sonra yenə ayağa durdu. Bildim ki, əyinlərindəbronjilet” var. Camaatı yığdıq Qarqar çayı istiqamətindəki meşəyə. Ermənilər deyirdilər ki, biz sizə koridor vermişdik. Əksinə, koridor yox idi, bizi tələyə salmışdılar. Amma öz gücümüzlə həmin maneənin bir hissəsini vurub dağıtdıq, heç olmasa, camaatın bir qismini oradan çıxara bildik. Birtəhər Qarqar çayını keçdik. Qar dizdən idi. Əsgəran körpüsünə gəlib çıxdıq. Əsgəran qalasının bir tərəfi çayın o tayında, bir tərəfi əks tayında idi. Çayın o tərəfi Əsgəranın içidir. Oraya girə bilməzdik. Çünki düşmənlə qarşı-qarşıya gələrdik. Qalanın bu biri tərəfinə keçmək olardı, amma ermənilər burada da tələ qurmuşdular. Pulemyot avtomatları ilə bunkerlərin içərisində oturmuşdular. Gözləyirdilər ki, camaat gəlsin, qırsınlar. Bir az irəliləmişdik ki, şumluğa çatanda atışma başladı. Milləti necə qırdılar burada!.. Həmin vaxt biz onların iki postunu yardıq. Yenidən iki BMP BTR camaatın üstünə şığıdı. İnsanları necə qırdılarsa... Meyitlərin sayı-hesabı yox idi...

Bəxtiyar müəllim bunları danışır, danışdıqca həyəcanlanır, həyəcanlandıqca da əlləri əsirdi. Təbii ki, onu dinləmək asan deyildi. Xocalıda törədilən qətliamı onun kimi dərk edə, onun kimi duya bilmərik. Çünki o, hadisənin canlı şahidi birbaşa iştirakçısıdır. Elə buna görədir ki, Xocalı faciəsi yaddaşı ilə yanaşı, onun səhhətində ciddi izlər qoyub. Artıq iki dəfə infarkt keçirib...

Kənardan baxanlar bu faciəni dərk edə bilməzlər. Çox dəhşətli bir şey idi. Körpə uşaqların, anaların, bacıların səsləri qulaqlarımdan getmir heç vaxt. Necə zarıyırdılar... Necə qışqırırdılar... Necə kömək istəyirdilər... Təsəvvür edin, uşağın atasını-anasını vurublar, o da qalıb qarın içində qışqırır, kömək etmək istəyirsən, edə bilmirsən. İndi sən özünü bağışla görüm, necə bağışlayırsan?! Axı biz bu faciəni qulaqlarımızla eşitməmişik, gözlərimizlə görmüşük. Bu odun-alovun, qanın içərisindən keçmişik. Həmin vaxt səsimizi heç kim eşitmədi. Tərslikdən elə güclü qar yağırdı ki, insanlar yeriyə bilmirdilər. Yorulub əldən düşürdülər. Qar olmasaydı, itki bir o qədər çox olmazdı. Çünki bizim də içərimizdə cəsarətli, qeyrətli oğlanlar çox idi. Uşaqların birini qarnıma, birini belimə bağlayıb kanalın o tərəfinə qoyub istiqamətləndirirdim ki, qaçın. Qayıdıb digər uşaqları da o şəkildə keçirirdim. O qədər o tərəf - bu tərəfə gedib-gəldim ki, ayağımda ayaqqabı da qalmadı. Axırda “buşlat”ımın qollarını kəsib ayaqlarıma sarıdım. Elə ondan sonra altı dənə güllə dəydi mənə. Ayağımın birini itirmişəm. Məndən kiçik qardaşıma da dörd güllə dəydi. Atam da iki güllə yarası aldı. Tək mənim atam-anam, qardaşım deyildi ki... Xocalılıların hamısı eyni faciəni yaşadı. Ümumiyyətlə, Xocalıda elə bir ailə yoxdur ki, onun şəhidi olmasın. Xocalıya tutulan divan, Xocalıya edilən zülm heç yerdə olmayıb...

Bizim buradakıların xəyanəti, onların da zülmü... İkisi bir-birini Xocalıda tamamladı. Xəyanət olmasaydı, ermənilər o zülmü edə bilməzdilər. Həmin zülmü bu gün niyə edə bilmirlər? Çünki artıq millət , rəhbər hər şeyi görür, ordumuz güclüdür. Xocalı digər torpaqlarımızın işğalı üçün açar rolunu oynadı.

Ovaxtkı vəzifə hərisliyi, vicdansızlıq gətirib belə bir faciəyə çıxardı, kəndimiz, ev-eşiyimiz, hər şeyimiz məhv oldu...

Azərbaycanın ərazi bütövlüyünün qorunmasında, torpaqlarımızın erməni təcavüzündən müdafiəsində, Xocalı soyqırımı zamanı dinc əhalinin xilas edilməsində fərqləndiyinə görə Bəxtiyar AslanovAzərbaycan Bayrağıordeni ilə təltif edilib. Bu ali mükafatı ona ümummilli lider Heydər Əliyev təqdim edib...

 

Elgün MƏNSİMOV,

Azərbaycan.-2015.- 26 fevral.- S.5.