Üç bacı

 

Xəstəxananın qapısından içəri girib pilləkənlərə çatanda dayandı. Həyəcanı üzündən görünürdü. İki qadının ağlaya-ağlaya danışdığını görüb onlara yaxınlaşdı. Nəfəsini dərib sakitcə soruşdu:

- Çoxdan burdasız?

Qadınlardan biri başı ilə təsdiqlədi.

- Bura bir qadın gətiriblər, onu görmədiniz?

Qadınlardan biri başı ilə “yox” dedi. Sonra əlini qeydiyyatçıya tərəf uzatdı:

- Ondan soruşun.

Qeydiyyatçının “Sizə nə lazımdır, buyurun, eşidirəm” sorğusuna sakitcə cavab verdi:

- Eşitdim ki, bura bir qadın gətiriblər. Əlləri şikəstdir.

Qız qarşısındakı kitabı vərəqləməyə başladı:

- Adı nədir?

- Bilmirəm.

Qız başını qaldırıb təəccüblə:

- Necə yəni bilmirəm?! Siz bilmirsinizsə mən hardan bilim?

O aralanıb getmək istəyəndə qeydiyyatçı yenidən soruşdu:

- Bəlkə haralı olduğunu bilirsiniz? Bizdə xəstələr barədə digər məlumatlar da olur.

Sakitcə, “Mən Xocalıdanam” dedi. Qız elə bil onu tanıyırmış kimi dilləndi:

- Hə, buraya bir qadın gətiriblər. Mən sizi görəndə əvvəl çaşdım. O qadın sizə çox oxşayır.

Kitabı vərəqləməyə başladı. Adı tapan kimi dilləndi:

- Adı da Lalədir. Yolu keçəndə onu maşın vurub.

Başını qaldıranda qadını görməyən qız, ayağa qalxdı. O, yerə yıxılaraq özündən getmişdi...

* * *

Ənvər Qarabağda doğulmuşdu. Əslən Ağdamdan olsa da, 1980-ci ildən Xocalıya köçmüş, ona ayrılan torpaqda ev tikmişdi. Riyaziyyat müəllimi işləyirdi.

Məktəbdə əlindən gələn yaxşı nə varsa, hamısını etməyə çalışırdı. Tədbirlər keçirir, uşaqlarla dərsdən əlavə də məşğul olurdu. Bir gün məktəbin direktoru onu otağa çağırdı. İçəri girən Ənvər onun kiminləsə danışdığını gördü. İstədi geri qayıtsın, Dürdanə xanım ona əli ilə oturmağı göstərdi. Sonra söhbətini davam etdirdi:

- Baş üstə Bəyim xala, özünü göndərəcəm, evdə doyunca danlarsan.

Əli ilə Ənvəri işarə ilə telefona cavab verməyə çağırdı.

- Bəli! - xəttin o başından anasının səsini eşitdi:

- Bala, mənəm, atan bir az xəstələnib. Deyirəm, bəlkə icazə alıb gələsən.

- Yaxşı, ana, beşinci gün axşam gələcəm.

Sağollaşıb dəstəyi yerinə qoydu. Dürdanə xanım Ənvərə tərəf çevrildi. Əlini masanın üstünə qoyub söhbətə başladı:

- Ənvər, mən sənin xətrini anan qədər istəyirəm. Bala, yaşın 30-a yaxınlaşır. Bu gün sabah saqqalın da ağaracaq başının tükü kimi. Niyə evlənmirsən?

O, utancaq uşaq kimi qızardı. Çiyinlərini çəkdi.

- Evin var, işin var, daha kimi gözləyirsən. Vallah, hara desən, kimi desən, səninçün istəməyə hazırıq. O qədər yaxşı qızlarımız var ki...

* * *

Atası doğrudan da, bərk xəstələnmişdi. Əvvəlcə onu rayonda tanınan Cəfər həkimin yanına apardı. Yoxlamadan sonra Cəfər həkim onu bir tərəfə çəkib dedi:

- Bilirsən, gecikmisiniz, amma hələ ümid var. Çalışın kişini tək qoymayın.

Amma o, həkimin gözlərindən oxumuşdu: “Kişini tezlikcə itirəcəksiniz!”

Atasının ölümündən 40 gün sonra anası Ənvəri yanına çağırdı. Arvad oğlunun üzünə diqqətlə baxıb dilləndi:

- Oğul, sən Allah nə fikirləşirsən? Atanın qırxı da çıxdı. Sən bir də görəcəksən ki, mən də getdim atanın dalınca. Mən də istəyirəm oğlumun uşaqlarını gəzdirim, əzizləyim.

Anasının göz yaşlarını görəndə ona söz verdi ki, tezliklə evlənəcək.

İşlədiyi məktəbdəki müəllim yoldaşı ilə ailə qurdu. Göyçək Ənvərə ömür yoldaşı, anası Münəvvərə isə gözəl gəlin oldu. Böyük qızı ona deyəndə ki, ana, gəl, daha bəsdi qaldın Ənvərin yanında, gülmüşdü. “Ay qız, sizin yanınızda qaldım, indi sonbeşiyimin uşaqlarına baxacam.”

...Ənvərin iki qızı oldu. Birinin adı Lalə, digərinin isə Jalə idi. Lalə 10, Jalə isə 4 yaşın içində idi.

* * *

Qarabağda hadisələr gərginləşməkdə idi. Amma burada xeyli iş də görülürdü. Yeni evlər tikilir, əhalinin sayı artırdı. Ənvərin işlədiyi məktəb də tam təmir edilmişdi. İndi otaqlar isti və işıqlı idi. Dərs ləvazimatı da Bakıdan gətirilmişdi.

Axşamlar camaat bir yerə yığışar, baş verənləri müzakirə edərdilər. Böyük hörməti olan Ənvəri diqqətlə dinləyər, suallar verərdilər. O da bildirirdi ki, narahat olmayın, hökumət bizi darda qoymaz.

Bir gecə sabahkı tapşırıqlarını yenicə qurtarmışdı ki, anası otağa daxil oldu. Arvadın üzündən bilinirdi ki, nəyisə aydınlaşdırmağa gəlib. Evin sağ küncündə yanan peçin yanında əyləşdi. Ənvər anasına tərəf çevrildi. Onun müəmmalı baxışlarını uşaq təbəssümü ilə əritməyə çalışdı:

- Hə, mənim canım anam, niyə belə dayanmısan?. Xətrinə dəyən varsa mənə de, bu saat xoxanı çağırım onu öldürsün!.

Anası gülümsəsə də, yenidən əvvəlki halını aldı. Yavaş-yavaş yerindən qalxıb peçə sarı getdi. Əyilib sobanın ağzını açdı və ora bir-iki odun parçası saldı. Sonra oğluna dedi:

- Bala, Vallah, mənim bu ermənilərdən gözüm su içmir. O gün qonşu Pərnisənin inəyini güllə ilə vurub öldürüblər. Hələ bu azmış kimi, inəyin dərisini soyub ətinə xaç şəklini vurublar.

Ənvər sakitcə anasına cavab verdi:

- Ana, nə bilim, mənə elə gəlir, onlar provakasiya yaradırlar.

- Nə danışırsan, oğul?! Bir həftə əvvəl nobata gedən uşaqların gördüklərini eşitməmisən?

Təəccüblə anasına baxdı. Öz-özünə: “Bunları hardan bilir?” - deyə düşündü.

- Eşitmişəm.

- Birdən sabah onlar əli silahlı gəlib girdilər kəndə, onda nə olacaq?

Başını aşağı salıb fikrə getdi. Uşaqların gətirdiyi xəbər ürəkaçan deyildi. Dünən kəndin mal-qarasını otaran iki uşaq keçmiş sinif yoldaşları ilə rastlaşıblar. Erməni uşaqlardan biri bildirib ki, tezliklə Xocalı Moskvadan gəlmiş iki nəfərə hədiyyə ediləcək. Özü də bu, lap tez olacaq.

Bu fikirlər içində çarpışan Ənvəri anası yenidən səslədi:

-Vallah, oğul, siçan adamı ayaqdan, canavar başdan dişləyər. Rəhmətlik nənəm danışardı ki, onlarda Allah xofu yoxdu. O vaxtı qadınları saçlarından bir yerə bağlayıb sonra yandırıblar. Vallah, havadan elə bil həmin illərin iyi gəlir.

- Ay mənim gözəl anam, bizim hökumətimiz var, böyüklərimiz var. Bakıdan gələnlər danışırlar ki, əgər bizə hücum olsa, onlar köməyə gələcəklər.

- Heç kim gəlməyəcək. Sənin o böyüklərin son anda öz canlarının hayına qalacaqlar.

* * *

Fevralın 25-i Lalənin ad günü idi. Evdə bir yerə yığışıb onu qeyd edirdilər. Qonşular da Ənvərgildə idi. Təmtəraqlı olmayan ad günü daha çox müzakirəni xatırladırdı. Hər kəs baş verənlərə münasibətini bildirirdi. Bircə Lalə bacısını qucağına alıb eyvanda gəzdirirdi. Arabir Jalədən: “Bəlkə keçək içəri” - deyə soruşan Lalə üşüsə də, qız elə başı ilə “yox” deyirdi.

- Bacı, keçək içəri üşüdüm. Lalə evə daxil oldu. Nənəsi onu yanına çağırıb əyləşməyi işarə etdi. Ənvər anasına deyəndə ki, qoy gedib yatsın, o, yox, qalsın, deyə bildirdi.

Qonşu Yusif Ənvərdən soruşdu:

- Birdən onlar hücum etsələr neyniyəcəyik?.

- Bu ola bilməz. Bizimkilər buna imkan verməzlər.

* * *

...Gecə qəsəbənin yuxarı tərəfindən əvvəlcə bir neçə dəfə güllə atıldı. Bir qədər sonra tank səsi eşidildi. Yuxuya getmiş insanlar nə baş verdiyini hələ dərk edə bilmirdilər. Ənvər eyvana atıldı. Qəsəbənin yuxarı tərəfindən gələn güllə səsləri getdikcə çoxalırdı.

Göyçək qızları geyindirib eşiyə çıxdı. Hər tərəf od-alov içində idi. Yazıq gəlin keyimiş vəziyyətdə ərinin üzünə baxdı. Səs gücləndirici ilə rus dilində “Qorxmayın” kəlməsi əks-səda verərək ətrafa yayılır, arabir ermənicə söyüşlər səslənirdi”.

Ənvər elə bil yuxudan ayıldı. “Anam hanı?” sualına arvad Lalə və Jalənin əlindən tutmuş vəziyyətdə: “Burdayam deyə dilləndi. Ənvər həyəcanla: - Tez qaçmaq lazımdır. - Göyçək, uşaqları, anamı götür düz meşəyə tərəf...

Ənvər sözünün dalını gətirə bilmədi. Qızlarına baxdı. Onların körpə gözlərindəki qorxunu görüb kövrəldi. Amma özünü ələ alıb: “Gedin, mən gəlib sizə çatacam” sözlərini ağzından zorla çıxartdı. Mal-qaranın bağlandığı tövləyə doğru yüyürdü. Göyçək qızlarını qucaqlayıb öpdü və üzünü qayınanasına tutub tələsik dilləndi:

- Anacan, qızları götür, düşün aşağıya. Orada meşənin qalınlığına doğru gedin. Biz Ənvərnən gələcəyik.

Arvad nalə çəkdi:

- Ay sənə qurban olum, mən hara çataram.

- Ana, mən hamiləyəm, sürətim yoxdu. Onsuz da.. - deyib dayandı. Birdən elə bil içindən gələn qışqırıqla “Ana, qızları bir tərəfə çıxart, yalvarıram sənə tez gedin” - deyib ərinin dalınca tövləyə doğru addımladı.

...Meşəyə qədər yolu gəlib birtəhər çatdılar. Çevrilib geri baxanda alov içində yanan evlərini gördülər. Arabir atılan güllələri sayırdı. Öz-özünə - beş güllə atdı oğlum, bu da altıncı, yeddinci... Uzaqdan gəlinin qışqırtısını eşidən nənə az qaldı huşunu itirsin. Sonra yaranan sakitlik bir qədər canına təpər gətirdi. Qızların əllərindən bərk-bərk tutdu. Bir qədər getmişdilər ki, yaşadıqları evin necə havaya uçduğunu gördu.

...Camaat hara gəldi qaçırdı. Elə bil bir kəndin adamları deyildilər. Qarın içiylə yerimək çətin olduğundan nənəyə elə gəldi ki, o, nəvələrini düşmən əlinə verə bilər. Çevrilib geri baxdı. Ağacların arasında gözünə heç nə görünmədi. Nə fikirləşdisə, Laləni səslədi:

- Hə, nənə.

- Qızım, bacın yanında?

- Hə.

Dayandı. Daha gedə bilmirdi. Laləyə çatıb dayandı. Nəfəsi təngiyə-təngiyə danışmağa başladı:

- Bax, tutursan bacının əlindən, buraxmadan gedirsən. Qızım, bacın balacadı, çalış o qorxmasın. Gecədi, qaranlıqdı. Yadındadı, iki il əvvəl sənə balaca körpünü göstərdim, oradan bizimkiləri görəcəksən. Qızım, bacın əmanət.

Sonda təsəlli üçün: “Mən sizin arxanızca gəlirəm” - dedi.

Arvad qızları köksünə sıxdı. Sonra isə “Ya Allah” - deyib onları tələsdirdi.

Lalə Jaləni sanki dalınca daşıyırdı. Yerimək mümkün deyildi. Birtəhər ferma deyilən əraziyə gəlib çatdılar. Adamlar tövləyə doğru qaçırdılar. Yerindən tərpənmək istəyəndə fermanın arxasında əli silahlı adamların pusquda dayandığını gördü. Tez başqa istiqamətə doğru qaçmağa başladılar. Jalə bacısının onu qaçmağa vadar etdiyini görüb əlilə fermanı göstərib dedi:

- Hamı ora gedir...

- Yox, bacı, ora olmaz. Orada düşmənlər var.

- Düşmən nədi bacı?

Cavab verə bilmədi bacısına. Qaranlığın içində itəndən sonra bir qədər sakitləşdi. Balaca qız lap əldən düşmüşdü, gedə bilmirdi.

Lalə bacısını kürəyinə alıb yeriməyə başladı. Çətin olsa da, irəliləyirdi. Qəfildən qaranlıqda qarşıdan gələn güllə səslərinə sanki ayıldı. “Ay Allah, neyniyim mən?” İçindən bir ağrı keçdi. Ağaclardan birinin arxasında yerə oturdu.

Meşə boyu qaçan adamları gülləyə tutmuşdular. Bir az sonra sakitlik yarandı. Qarın içindən başını qaldırıb baxdı. Əli silahlı adamların ölülərin dişlərini, paltarlarını çıxartdığını görüb yenidən başını qarın içinə soxdu. Yaxşı ki, Jalə yuxuya getmişdi. Yadına atasının sözləri düşdü: “Qızım, adamın möhkəmliyi ruhundan gəlir. Sən bütün hallarda yaxşının gələcəyinə inan!”

Ermənicə danışan adamlardan biri onların yaxınlığına kimi gəldi. Çathaçatda onu çağırdılar. 10 yaşlı qızın az qaldı ürəyi partlasın. Erməninin uzaqlaşdığını görüb ayağa qalxmağa çalışdı. Ayaq barmaqları işləmirdi. “Yox, getmək lazımdı. Nənəm dedi ki, bacın da, sən də burdan çıxmalısan”. 10 yaşlı qızın düşüncələri bundan ibarət idi. O inanırdı ki, kəndə qədər gedib çatsa, ata-anasını orada görəcək. Çünki anası həmişə deyərdi ki, qız uşaqları hara getsələr onlardan tez valideynləri ora çatır.

...Meşənin qalınlığına çatıb dayandı. Bura bir qədər sakit yer idi. Ayaq üstə bir neçə dəqiqə nəfəsini dərdi. Qəflətən güllə səsləri eşidib sanki yuxudan ayıldı. Bacısını qucağına götürüb irəliyə doğru yeridi. Bir qədər sonra səslərin yaxınlaşdığını görüb qarın içinə uzandı. Balaca Jalə qızdırmanın içində yanırdı. Əli ilə qarı eşib bir qədər də dərinə getdi. Ətrafında qaçışan adamları güllə yağışına tutmuşdular. Nalə səslərindən adamın bağrı yarılırdı. Üzünü bacısının ağzına söykəyən Lalə həyəcandan huşunu itirdi.

...Özünə gələndə hər tərəfi ölü sükut bürümüşdü. Əllərini bacısının sifətinə sürtdü. Qız əvvəlki kimi qızdırmanın içində idi. O, bağçaya getdiyi barədə öz-özünə danışırdı. Yavaş-yavaş yerindən qalxdı. Əlləri ilə gözlərini ovxaladı. Ətrafına boylananda qarşılaşdığı mənzərə onu dəhşətə gətirdi. Hər tərəf insan meyitləri ilə dolu idi. Onun balaca qəlbi başqa vaxt bəlkə də çoxdan partlayardı. Amma hər dəfə ürəyində “Anam dedi ki, heç cindən də qorxma!” ifadəsi sanki bu balaca qızla yaşadıqları arasında bir pərdə idi.

Daha vaxt itirmək olmazdı. “Yaxşı ki, bacım bunları görmədi” düşündü. Ağaclar getdikcə sıxlaşırdı. Taqəti qalmayan Lalə bacısını yerə qoydu. Həyəcanla sola-sağa baxdı. Sakitlik idi. Qəflətən qulağına uşaq səsi gəldi. Geriyə baxdı. Bəli, səs yaxından gəlirdi. Ağacın bir-iki budağını yerə sərib Jaləni onların üstünə qoydu. Səs gələn tərəfə addımladı. Ağappaq qarın içində can verən bir qadınla rastlaşdı. O, qadını üzü üstə çevirdi. Onun qoynunda gizlətdiyi balaca körpəni qucağına aldı. Qadın onun ayağından yapışdı. Lalə aşağı əyildi.

- Adın nədi?

- Lalə.

- Balamı sənə tapşırıram. Mən ölürəm. Onu bacın kimi qoru.

Sözünün arxasını gətirə bilmədi. Gözləri səmaya zillənən qadının üzünə baxaraq ağlamağa başladı. Birdən qulağına Jalənin səsi gəldi. Bacısının yanına qayıtdı. Jalə balaca uşağa baxıb: “Bu kimdir bacı” - deyə soruşdu.

- Bacımızdı.

Jalənin əlindən tutub ayağa qaldırdı. Qaranlığın dərinliyinə doğru addımlamağa başladılar. Balaca qız şirin yuxuya getmişdi. Ayaq barmaqlarını hiss etməyən Lalənin taqəti tükənməkdə idi. Meşənin sona çatdığını görüb sevindi. Körpüyə çathaçatda yerə oturdu. Jalə başını onun dizi üsünə qoydu. Artıq heyi yox idi...

* * *

...Gözlərini açanda qarşısında paltarlı insanları görüb qorxdu. Ayağını qaldırmaq istədikdə ağrı hiss etdi. Gözləri yaşlı tibb bacısı ona yerində oturmağa kömək göstərdi.

- Mənə nə olub, ay xala?. Səni üç gündü gətiriblər.

- Bəs bacılarım hanı?

- Biri palatada.

Bir az sakitləşdi. Yerinə uzanmaq istədi. Sonra Laləyə bildirdilər ki, şaxta onun ayaq barmaqlarını vurduğu üçün onları amputasiya ediblər. Jalənin harda olduğu barədə heç bir məlumat yox idi. Əsgərlər onları qarın içindən tapıblarmış.

* * *

...Lalə balaca qızın adını Jalə yazdırdı. Ailə də qurmadı. Meşədə qadının ona tapşırdığı qızı doğma bacısı kimi böyütdü. Hər şey öz yolu ilə gedirdi. Bakalavr təhsilini başa vuranda Jalə bacısını özüylə keçirilən mərasimə apardı. Masada əyləşib bacısının aparıcılıq qabiliyyətini izlədiyi vaxt bir qadın ona yaxınlaşdı:

- Min salamlar sənə. Necəsən?. Elə o gedən oldun. Amma görürsən, biz yenə rastlaşdıq.

Lalə tanımadığı qadınla bir kənara, sakitliyə çəkildi. Qadın onu sorğu-suala tutdu:

- Özün neynirsən, işləyirsənmi? Ayaqların səni incitmir ki?..

Qadının danışdıqlarından Lalənin matı qurumuşdu.

Qadın isə əl çəkmirdi.

- Nahaq köçüb getdiniz bizim məhəllədən. Hazırda məhləmiz nümunəvilərdəndir. Yadımdan çıxmışdı, ərin neynəyir?.

Elə bil yuxudan ayıldı. Qadın onu kiminləsə səhv salmışdı. Onlar ikilikdə işıqlı zala keçdilər. Onun qolundan tutan qadın işığa çıxanda yerində donub qaldı, dodaqları səyrirdi. Kənardan keçən kimsə ona toxundu. Sanki yenidən özünə gəldi və sakitcə: “Sən Allah, bağışla” dedi.

- Məni kimə oxşatdınız ki?

Qadın çaşmış halda dilləndi:

- Vallah, bir qonşumuz vardı. Elə bil onun eynisən. İki ildi köçüb harasa gediblər.

- Adı nə idi?

- Lalə idi, ayaq barmaqlarını soyuq vurduğu üçün kəsmişdilər. Çox yaxşı gəlin idi.

Qadının sözü sona çatmamış huşunu itirdi.

* * *

...Çox axtardı bacısını Lalə. Amma tapa bilmirdi ki, bilmirdi. Kimə verilmişdi, kim götürmüşdü, bilən yox idi. Qəribə burasıydı ki, qadınla görüşündən sonra anasını tez-tez yuxuda görürdü. Anası bir əli ilə Jaləni, digəri ilə onun sifətini əzizləyir və sonra sakitcə ağlayırdı. Lalənin ümidi təmiz kəsilmişdi.

* * *

...Həmin gün bazardan çıxanda camaatın kimisə təcili tibbi yardım maşınına qoyduğunu gördü. Yadına nəyisə almadığı düşdü və geri qayıtdı. Sumax satılan yerdə dayanıb keyfiyyətini əli ilə yoxladı. Satıcı: “Bacı, İsmayıllı sumağıdı, öz bağımızdandı” - dedi. Başını qaldırıb satıcının üzünə baxanda onun təəccübünü görüb maraqla soruşdu:

- Niyə mənə helə baxırsan?

- Heç ay bacı, Vallah, heç nə. İndicə bir gəlini maşın vurmuşdu. Onu yola saldıq getdi. Səni görəndə çaşdım.

- Niyə?

Satıcı çiyinlərini çəkə-çəkə: “Vallah, elə bildim həmin qadınsan. Sən ona çox oxşayırsan” - dedi.

* * *

...Özünə gələndə ətrafında xeyli adam yığışmışdı. Qadınlardan biri digərinə: “Ay qız, bunun da ayağı Lalənin ayağı ilə eynidir. Onun da ayağını şaxta vurduğu üçün barmaqlarının bir neçəsini kəsiblər” - deyirdi.

Yavaş-yavaş yerindən qalxdı. Həkim qalxmağa icazə verməsə də, həmin qadını əli ilə yanına çağırdı. Qadın ona yaxınlaşdı. Gözlərindən axan yaşla soruşdu:

- O, sənin öz qızındır?

Qadın çiyinlərini çəkərək nə cavab verəcəyini bilmədi.

- Bacı, qurban olum, düzünü de.

Qadın yenə susdu. Hamı qadına baxırdı. O da:

- Onu məndən heç kim ala bilməz. Hospitalda gördüm onu. Bütün qohumları ölmüşdü. Özünə gələndə arabir Lalə adını çəkdi. Biz elə bildik adıdır.

Lalənin naləsi otağı bürüdü:

- Bacım mənim, Jaləm mənim. Hardadır o? Məni onun yanına aparın.

Tibb bacısı yataqda uzanıb pəncərəyə baxan adamı göstərdi. Lalə astaca ona yaxınlaşdı. İçində qopan hayqırtını güclə saxlayırdı. Həkim demişdi ki, ona həyəcanlanmaq olmaz. Əllərini onun saçlarına çəkdi: “Anacan, Jalə sağdı” - deyə için-için ağladı. Bacısının qarşısında dizi üstə düşən Laləyə həkimlər kömək etməyə başladılar. O çevrilib qapıya sarı baxdı. Laləyə bir anlıq elə gəldi ki, həkimlərin arasından anası ona baxaraq gülümsəyirdi...

 

Akif ƏLİYEV,

Azərbaycan.-2015.- 26 fevral.- S.6.