Bəşəriyyətə qarşı cinayət olan Xocalı soyqırımına beynəlxalq

 hüquq təşkilatları da qiymət verməlidir

 

Xocalı soyqırımı bəşəriyyət tarixində insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdəndir. İşğalçı Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi hərbi cinayət olan bu soyqırımı aktı XX əsrdə Çexiyanın Liditse, Belarusun Xatın, Fransanın Oradur, Vyetnamın Sonqmi kəndlərində törədilmiş qırğınlarla müqayisədə daha qanlı cinayət kimi tarixə düşüb. Azərbaycan xalqına qarşı törədilən bu amansız soyqırımı dünya tarixinə qara hərflərlə həkk olunub.

Bu faciəni digərlərindən fərqləndirən cəhətlərdən biriodur ki, erməni vəhşiləri bir gecədə məhv etdikləri Xocalıda həm sağ qalmış, həm də qətlə yetirilmiş insanlar üzərində ağlasığmaz işgəncə üsulları həyata keçiriblər. Bu, əsl erməni vandalizminin göstəricisi idi. Xalqımıza qarşı bu vəhşiliyi həyata keçirən Ermənistan həmin zaman bu çirkin əməli ilə Azərbaycanı qorxuya salacağını düşünürdü. Amma Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətində dediyi kimi, Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirib, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətənmilli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etdi.

Bu qanlı faciədən illər keçsə də, bu gün Xocalıda şəhid olan analarımızın, bacılarımızın, atalarımızın, qardaşlarımızın ruhu qarşısında baş əyərək yenə onları yad edirik. Bununla yanaşı, bu soyqırımı aktının dünyaya bəyan edilməsində böyük işlər görülür. Artıq 23 il keçirbu gün dünyanın bir çox ölkəsi Azərbaycanın haqq səsinə səs verir. Bir çox ölkələrin parlamentləri erməni vəhşiliyini pisləyən bəyanatlar, qərar və qətnamələr qəbul edir. Bütün bunlar isə Prezident İlham Əliyevin məqsədyönlü siyasəti əsasında həyata keçirilir. 1993-cü il fevral ayının 26-da Xocalı faciəsi baş verəndən sonra bu dəhşətin dünya mətbuatına çıxması, yəni dünyanın Xocalı harayını eşitməsi mümkün deyildi. Çünki Azərbaycanın informasiya blokadasında olması, ayrı-ayrı siyasi qüvvələrin daxili çəkişməsi və s. kimi məsələlərin fonunda belə bir hadisə unudulmuşdu. Hər kəs bu faciədən öz şəxsi mənafeyi, bəziləri isə siyasi hakimiyyət naminə istifadə edirdi...

Lakin ulu öndər Heydər Əliyevin xalqın israrlı tələbiylə yenidən hakimiyyətə qayıdışı ilə bəşəriyyət tarixinə və Azərbaycan xalqına qarşı edilmiş ən dəhşətli cinayətə siyasi-hüquqi qiymətin verilməsi istiqamətində çox mühüm addımlar atıldı. Dahi şəxsiyyətin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul etdi. Bir sıra ciddi addımlar atıldı. 2007-ci ildə Milli Məclis Xocalı soyqırımının 15 illiyi ilə əlaqədar geniş qərar qəbul etdi, Prezident İlham Əliyev isə “Xocalı soyqırımının 20-ci ildönümü haqqında” 2012-ci il yanvarın 17-də sərəncam verdi. Məhz birbaşa Prezident İlham Əliyevin təşəbbüsü ilə dünya ictimaiyyətinin diqqətini Xocalı soyqırımına yönəltmək üçün dövlət başçısının, ölkənin siyasi elitasının iştirakı ilə ümumxalq yürüşükeçirilib. Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın paytaxtın Azadlıq meydanından başlayan, 85 mindən çox insanın iştirak etdiyi ümumxalq yürüşü Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyırdı.

İnformasiya müharibəsinin genişləndiyi müasir dövrdə Xocalı soyqırımı haqqında bütün faktların dünya dövlətlərinə çatdırılması istiqamətində atılan ən mühüm addımlardan biri də Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətinə 2009-cu ilin fevralında start verilmiş və hazırda 70-dən artıq ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilən “Xocalıya ədalət!” beynəlxalq informasiya və təşviqat kampaniyasıdır. Kampaniyanın əsas məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılmasını, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsini və onun beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı həqiqətləri ilə bağlı dünyada aparılan yeni innovativ təqdimat tamamilə başqa bir formada həyata keçirilir. Nəticələr də göz önündədir. Artıq 6 ildir ki, dünyanın 70-dən çox ölkəsində müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələri Xocalı faciəsinin qurbanları barədə haqq səslərini ucaldırlar. Bu gün “Xocalıya ədalət!” kampaniyasının çağırışı BMT, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tribunalarından, dünyanın hər yerində universitetlərdə, gənclər klublarında, habelə məscidlərdə, kilsələrdə və sinaqoqlarda səslənir. Bu çağırış cavabsız qalmamışdır. Kampaniya nəticəsində 6 ölkənin və ABŞ-ın 15 ştatının parlamentləri Xocalı faciəsini soyqırımı aktı kimi tanımışdır. Keçən il İƏT-in üzvü olan 53 ölkənin parlamentləri xüsusi qətnamə ilə təsdiq etmişlər ki, Xocalıda soyqırımı törədilmişdir. Bundan əvvəl İƏT-in üzvü olan 57 dövlətin başçıları tərəfindən analoji sənədlər qəbul olunmuşdur. Bir sözlə, ildən-ilə Xocalı soyqırımını tanıyan ölkələrin, nüfuzlu beynəlxalq təşkilatların sayı artır. Artıq ABŞ-ın 15 ştatı Xocalıda baş verənləri soyqırımı kimi qəbul edir. Ötən il evin rəsmi saytında petisiyanın yerləşdirilməsi, qısa müddətdə 125 mindən çox imza toplanması və ABŞ Dövlət Departamentinin bu müraciətə cavab verməsi, bu il isə BMT Təhlükəsizlik Şurasına müraciət məqsədilə “Serj Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyası dövlətimizin hədəflərə hesablanan siyasətinin, o cümlədən də “Xocalıya ədalət” kampaniyası çərçivəsində aparılan uğurlu təbliğat işinin nəticəsidir.

Təbii ki, bu tədbirlər vasitəsilə Xocalı adlı bir faciənin olduğunu və məhz ermənilərin bu soyqırımı törətdiyini bütün dünyaya sübut edirik. Bu gün ermənilərin yüz illiyini keçirmək istədikləri qondarma “soyqırımı”na tutarlı cavab verilir. Çünki ortada Xocalı həqiqətləri var. Bu hadisədən elə də çox bir zaman keçməyib. Bu həqiqətləri məkan müstəvisindən dünya ictimaiyyətinə çatdıra bilməsək də, zaman müstəvisində çatdıra bildik. Faciə ilə bağlı kifayət qədər faktlar, sənəd və sübutlar göz önündədir. Faciənin şahidləri hələ də yaşayırlar...

Bu günPrezident İlham Əliyevin Azərbaycanı yeni qlobal çağırışlara uyğun şəkildə inkişaf etdirməsi, iqtisadi gücümüz, qüvvətimiz Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində çox mühüm işlər görməyə yeni imkan yaradıb. Azərbaycan dünyada artıq tanınır və beynəlxalq müstəvidə söz sahibidir. Prezident İlham Əliyev və ölkəmizi beynəlxalq təşkilatlarda təmsil edən nümayəndə heyətləri bütün beynəlxalq tədbirlərdə Xocalıda baş verən cinayətkarlığı dünyaya bir mesaj kimi çatdırır və bu soyıqırımının məhz erməni separatizmindən qaynaqlandığını sübut edirlər. Beynəlxalq arenalarda bəyan edilir ki, baxın, o vaxt erməni separatizminin qarşısı alınsaydı, bu günUkraynada, nə ərəb ölkələrində, nə də digər bölgələrdə yaşanan hadisələr heçbaş verməzdi. Çox təəssüf ki, dünya ölkələri erməni işğalçılığına, erməni vəhşiliyinə vaxtında “dur” deməyib. Bütün bunlara baxmayaraq, biz bu gün informasiya blokadasını yarmışıq.

Təqdirəlayiq haldır ki, bu gün məhz cənab Prezidentin tapşırığı əsasında Respublika Hərbi Prokurorluğunun Xocalı faciəsinə sistemli şəkildə yanaşması nəticəsində ayrı-ayrı epizodlar üzrə təhqiqat işləri aparılır. Özübu təhqiqat işlərinin hər biri beynəlxalq konvensiyalara uyğun şəkildə həyata keçirilir. Respublikanın Hərbi Prokurorluğu da bəyan etdi ki, beynəlxalq konvensiyalar səviyyəsində sistemli şəkildə istintaq-təhqiqat işləri aparılıb.

İstintaq işləri üç istiqamətdə həyata keçirilib. Birincisi, Xocalı, Bağanıs Ayrım, Quşçu - soyqırımı kontekstindədir. Digər istiqamət erməni silahlı birləşmələrinin və xüsusi xidmət orqanlarının avtonəqliyyatlarda, Bakı Metropolitenində törədilmiş terror hadisələri, üçüncüsü isə əsir və girov götürülmüş insanlara qarşı törədilən işgəncələrlə bağlıdır. Artıq erməni separatçılarının Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərlə əlaqədar soyqırımı, terrorizm və işgəncə istiqamətlərində cinayət işləri başlanılıbdır. Bu epizodlar üzrə 2089 şəxsə cinayət işi qaldırılıb. Xocalı hadisələrinə görə isə 39 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Bu şəxslərin içərisində o vaxtkı SSRİ Müdafiə Nazirliyinin və Xocalıda yerləşən 366-cı motoatıcı alayın rəhbər və ayrı-ayrı şəxsləri var. Təhqiqat işləri zamanı ermənilərin 1988-ci ildən bəri Azərbaycanda törətdikləri cinayət hadisələri sistemləşdirilib.

Bu gün həmin cinayətkarların adları, şəkilləri dünya ictimaiyyətinə təqdim olunmalıdır. Yəni, hər dəfə bir epizodla Xocalı soyqırımı dünyaya tanıdılmalıdır. Ermənilərin Azərbaycan xalqına, ümumiyyətlə, insanlığa qarşı törətdikləri bu amansız soyqırımı hadisəsi dünyaya sübut olunmalıdır. Hesab edirəm ki, bu faktların hər biri dünya ictimaiyyətinə açıqlanacaq və cinayətkarların üzü yenidən aşkar olunacaqdır.

 

İlham MƏMMƏDOV,

Milli Məclisin deputatı

Azərbaycan.-2015.- 26 fevral.- S.7.