Qarabağ cəngavərinin sonuncu savaşı

 

Əslində Əlif Hacıyevin erməni daşnakları ilə mübarizəsi Qarabağ savaşından xeyli əvvəl başlamışdı. Onların riyakarlığı və xəyanətkar sifəti Əlifə yaxşı tanış idi. Bilirdi ki, gec-tez erməni faşistlərinin əməli faciəli sonluqla bitəcək. Ona görə də özünü düşmənlə mübarizəyə hazırlayır, hesablaşacağı günün çatacağını gözləyirdi...

Əlif Hacıyev 1953-cü il iyunun 24-də Xocalı şəhərində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra Xankəndi şəhərində sürücülük peşəsinə yiyələnib. 1971-ci ildə ordu sıralarına çağırılıb və ikiillik hərbi xidmətini Minsk şəhərində başa vurub qayıtdıqdan sonra Xankəndi Avtonəqliyyat Müəssisəsində sürücü işləyib. 1976-cı ildə keçmiş SSRİ DİN-in Frunze adına Xüsusi Orta Milis Məktəbinə daxil olan Ə.Hacıyev 1979-cu ildə həmin məktəbi bitirib. 1981-ci ildən təhsilini SSRİ DİN-in akademiyasında davam etdirib. Xatirələrində qeyd etdiyi kimi, Əlif uşaqlıq arzularının dalınca gedərək milis peşəsinə yiyələnib və daxili işlər orqanında işə düzəlib.

O, polis sıralarındakı fəaliyyətinin ilk günlərindən başlayaraq daşnak ünsürlərinə qarşı mübarizə aparmağa başlayır. O vaxtlar DQMV-də erməni millətçiləri uzun müddətdən bəri gizli mərkəzi fəaliyyət göstərirdi. Bu mərkəzə gizli yollarla külli miqdarda vəsait, silah-sursat daxil olurdu. Təbii ki, belə bir terrorçu qüvvəni ifşa etmək böyük risk tələb edirdi. Amma daşnakların əməlləri, onların gizli fəaliyyəti barədə artıq təcrübəli milis işçisi olan Əlif Hacıyev dəqiq məlumatlar toplaya bilmişdi. O, ermənilərin törətdiyi hər bir cinayətin üstünü vaxtında açır, onların bütün ümidlərini puça çıxarırdı. Sözsüz ki, Əlifin bu çevikliyi erməniləri əməlli-başlı narahat edirdi. Artıq daşnaklar cəsarətli igidimizin onlar üçün böyük təhlükəyə çevrildiyini görüb onun aradan götürülməsi barədə planlar cızırdılar. Bəli, yenə də düşmən hiyləsi öz işini gördü - çox keçmədi Əlif Hacıyev saxta, qondarma ittihamlarla günahlandırılaraq 10 il həbs cəzasına məhkum edildi. Amma həbsxana işgəncələri onun iradəsini, mübarizə əzmini qıra bilmədi, əksinə, xalqına, vətəninə olan sevgisini daha da alovlandırdı. Üstəlik, 1987-ci ildə Əlifin məhkəmə işinə hüquq müstəvisində yenidən baxıldı və 10 il həbs cəzası 6 ilə endirildi. Lakin 4 illik məhkum həyatından sonra o, tam bəraət alaraq azadlığa buraxıldı və doğma yurduna qayıtdı.

1990-cı il idi. Azərbaycanın əzəli torpaqları üzərində “qara buludlar” dolaşırdı. Azadlığın dadını təzəcə duyan Əlif Hacıyev isə daxili işlər orqanlarında yenidən işə başlamışdı və Xocalı aeroportuna rəis təyin olunmuşdu. Elə erməniləri də təşvişə salan Qarabağ cəngavəri kimi ad çıxaran Əlifin yeni təyinatı idi. Əslində onların bu təşvişi təsadüfi deyildi. Çünki məhz bu təyinatdan sonra Xocalı aeroportu ermənilərin nəzarətindən çıxmışdı.

1991-ci ildə yenicə müstəqillik qazanmış ölkəmiz özünün ən ağır, ən mürəkkəb dövrünü yaşayırdı. Əsrlər boyu məkrli siyasətlə Azərbaycanın əzəli torpaqlarına köç edərək ona sahib çıxmağı, bu torpaqlardaböyük Ermənistan” dövlətini yaratmağı qarşısına məqsəd qoyan erməni millətçiləri böyük güclərin dəstəyi ilə Qarabağı hədəf seçmişdilər. Erməni faşistləri Qarabağın müxtəlif yerlərində qırğınlar törətməyə, rayonları, kəndləri yandırıb talan etməyə, dinc əhaliyə divan tutmağa başlamışdılar. Artıq onlar tarixdə misli görünməyən vəhşiliyə - XX əsrin ən ağır cinayətlərindən olan Xocalı faciəsinə hazırlaşırdılar.

Xocalı hər tərəfdən mühasirəyə alınmışdı. Əlif hər gün vəziyyətlə bağlı paytaxta məlumat verir, təcili tədbir görülməsini tələb edirdi. Əlaqə saxlaya bildiyi o vaxtkı rəsmilərə təhlükənin ağır nəticələrini öncədən xəbər verirdi. Lakin məlum səbəblərdən Azərbaycanda nizami ordu formalaşmadığı üçün kömək yox idi. Bir yandan da ölkə daxilində hökm sürən siyasi hərc-mərclik, xaos vəziyyəti daha da ağırlaşdırmışdı. Buna baxmayaraq, Ə.Hacıyev və onun ətrafına toplaşan igid oğullarımız qətiyyən geri çəkilmək haqqında düşünmür, torpaqlarımızın müdafiəsini davam etdirirdilər.

Ömrünün çoxunu erməni separatçılarının cinayətkar əməlləri ilə mübarizəyə sərf etmiş Əlif Hacıyevin və ətrafındakı döyüşçülərin Xocalı aeroportunda ilk əməliyyatı strateji ərazini erməni millətçilərinin nəzarətindən çıxarmaq oldu. İlk hədəfdə uğur qazanan Qarabağ cəngavərləri yurd-yuvalarını xəyanətkarların caynağından xilas etmək üçün xeyli vaxt sərf etməli oldular. Söz vermişdilər ki, Xocalı əhalisi də köməksiz qalmayacaq, müdafiə olunacaqlar. Təhlükə isə addım-addım yaxınlaşırdı.

...1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı bəşər tarixinin ən ağır cinayəti ilə sınağa çəkildi. Dinc sakinlər misli görünməmiş işgəncələr və vəhşiliklə qətlə yetirildilər. Düşmən onlara sadə ölümü belə çox gördü. Bir gecədə yerlə yeksan edilən şəhərdə böyük, uşaq, qoca heç kimə rəhm edilmədi. 613 nəfərin həyatına son qoyuldu, yaralanan, əsir düşən yüzlərlə dinc sakinin fəryadı göylərə qalxdı. İtkin düşənlərin səsləri isə yerindəcə batırıldı.

Əlif və dəstəsi o gecə səhər saat 5-ə qədər düşmənə ciddi müqavimət göstərdi. Bütün qüvvələrini səfərbər etsələr də, döyüşlər qeyri-bərabər şəraitdə getdiyindən azğın düşmənin müqavimətini qırmaq asan deyildi. Amma Ə.Hacıyev və dəstəsi geri çəkilmək istəmirdi. Düşməni canlı qüvvə və hərbi texnika sarıdan güclü olmasına baxmayaraq, təslim olmur, onlarla mübarizəni davam etdirirdi. Lakin gecəyə doğru şəhərin müdafiəsinin mümkün olmadığını görən döyüşçülərimiz imkan qədər dinc əhalini nisbətən təhlükəsiz yerə çatdırmağa cəhd göstərdilər və adamların bir hissəsini Ağdamın Şelli kəndinə çatdıra bildilər. Amma hələ də təhlükədə xeyli adam vardı və bu adamlar Əlifin yolunu gözləyirdi. Belə məqamda Ə.Hacıyev bir an belə düşünmədən yenidən döyüşə atılmaq əmrini verdi. Heç özübilmirdi ki, bu döyüş onun sonuncu savaşı olacaqdı...

Cəmi 38 il yaşayan Əlif Hacıyevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verildi və xalqımızın müqəddəs ziyarətgahına çevrilən Şəhidlər xiyabanında dəfn olundu. Müstəqil Azərbaycan dövləti digər şəhid və qəhrəmanlarımız kimi, onun da adının əbədiləşməsi üçün xeyli gördü, övladlarına, ailəsinə qayğı göstərdi.

Bu gün hər bir azərbaycanlı inanır ki, qəhrəmanlarımızın, şəhidlərimizin başladığı mübarizə yolu qələbə ilə başa çatacaq, onların qanları yerdə qalmayacaq, Xocalı faciəsi heç vaxt unudulmayacaq, gec-tez qisas günü gəlib çatacaq və Azərbaycanın işğal olunmuş bütün torpaqları düşmən tapdağından azad ediləcək. Yalnız bundan sonra Əlif Hacıyev və digər şəhidlərimizin, qəhrəman oğullarımızın ruhu şad ola bilər.

 

Elnur HADIYEV,

Azərbaycan.-2015.- 26 fevral.- S.10.