Bəşəriyyətə qarşı amansız cinayət

 

Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.

Heydər ƏLİYEV

 

Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaqdır.

İlham ƏLİYEV

 

Dərd, kədər insanları birləşdirir

 

Dünyanın müxtəlif səmtində iki oxşar abidə ürəkləri göynədir. Biri Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində, digəri isə Çexiya Respublikası Lidice qəsəbəsində. Hər ikisi insan qəddarlığının (əgər onlara insan demək olarsa) bariz nümunəsidir. İndi bu qoşa faciənin qurbanları hər iki ölkədə dərin ehtiramla yad olunur. Onlara həm Azərbaycanda, həm də Çexiyada xatirə abidəsi ucaldılıb.

Aşağı Ağcakənddəki abidənin ziyarətinə gəlmişik. Mərmər lövhə üzərində həkk olunan xatirə sözləri acı həqiqətlərdən xəbər verir. 1942-ci il iyun ayının 10-da alman faşistlərinin qoşunları Lidicedə misli görünməmiş faciə törətdilər. 50 ildən sonra belə bir bəşəri cinayət erməni cəlladları tərəfindən Azərbaycanın Xocalı şəhərində təkrar edildi.

Dərd, kədər insanları birləşdirir. Oxşar talelərin sayəsində iki ölkə arasında sıx əlaqələr yaranıb. Vaxtaşırı görüşlər keçirilir. Nakam gedənlər ziyarət olunur. Belə görüşlərdən birində Çexiya Respublikasının Azərbaycandakı səfiri Radek Matula dedi ki, bizim qəsəbədə də alman faşistləri 400-dən çox adamı öldürdülər, hər yanı yerlə-yeksan etdilər. Amma sizdə törədilmiş faciə daha dəhşətlidir. Belə görünür ki, erməni cəlladları alman faşistlərindən də betər imiş.

Bu, həqiqətən də belədir. Rəzalətə bir baxın. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə sovet ordusuna arxalanan erməni qoşun birləşmələri Yer üzündə misli görünməmiş soyqırımı törədib. Bu müdhiş olay aləmi sarsıdan bir gün kimi tarixə düşdü. Faciəli gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıq və işgəncə verilməklə öldürülmüş, 76-sı uşaq olmaqla 487 nəfərə ağır bədən xəsarəti yetirilmiş, 1275 sakin - uşaqlar, qadınlar və qocalar girov götürülərək ağlasığmaz zülmə, təhqirlərə və həqarətə məruz qalmışlar. Bu qətl, qiyam zamanı 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideyndən, 224 uşaq bir valideyndən məhrum qalıb. Bundan başqa, 230 ailə öz başçısını itirib. 200 nəfərin nə öldüyündən, nə qaldığından xəbər yoxdur. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil.

Aparılan araşdırmalar göstərdi ki, şəhid olanlardan 56 nəfəri xüsusi qəddarlıq və amansızlıqla öldürülüb, başlarının dərisi soyulub, bədən əzaları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilib. Erməni millətçiləri sağ qalmış insanlar üzərində təhqiredici hərəkətlərə yol veriblər.

 

Cəlladlar insanları nəsillikcə qırırdılar

 

Xocalı faciəsinin ertəsi günü, yəni, fevralın 26-da bir rus operatorunun çəkdiyi lent “yadigar” qalır. İri bir evin qabağında neçə-neçə meyit yerə sərilib. Bunlar milli qəhrəman Tofiq Hüseynovun ailə üzvləri və yaxın qohumlarıdır. Onlar faciə gecəsi, yəni, fevralın 25-i axşamı (hər gün olduğu kimi) öz evlərindən aralıda, Xocalı çayının qənşərində, nisbətən güllə tutmayan yerdə yaxın qohumları Qəyyum Aslanovun zirzəmisində gecələmişdilər. Səhəri gün evlərinə gələrkən qapı ağzında ermənilər tərəfindən vəhşicəsinə güllələniblər. Kimlərdir bu binəsiblər? Tofiq Hüseynovun atası Mirsiyab, anası Minəş, həyat yoldaşı Məxmər, baldızı Məhbubə, Məhbubənin övladları Çinarə və Gündüz...

Cəlladlar yaşından, cinsindən asılı olmayaraq insanları rəhmsizcəsinə qırırdılar. Vaqif Məmmədovun həyat yoldaşı Arifə, üç oğlu - Azər, Ceyhun və Niyaməddin. Hüseyn Hüseynovun həyat yoldaşı Əzizə, iki oğlu, bir qızı. Salman Kərimovun yoldaşı və iki oğlu amansız vəhşiliyin qurbanı oldu.

O dəhşətli günlərin canlı şahidi Rauf Qənbərov hazırda Gəncədə yaşayır. Rauf 7 nəfər əzizini itirib. Deyir ki, bir gecədə ürəyimə yeddi yara dəydi. Atam, anam, qardaşlarım, gəlinimiz, körpə balalar getdi. Bədbəxt bir ailənin üzvü kimi özümü tənha və kimsəsiz sayıram. Ata yurdumda təmtəraqlı ev-eşiyimiz var idi. İndi bir yataqxananın küncündə tək-tənha qalmışam.

İkinci qrup Qarabağ əlili Hüseynağa Quliyevin hekayəti də ürəkləri göynədir:

- Xocalı faciəsi zamanı postda idim, ermənilər hər yanı oda qalamışdılar. Vəziyyət gərgin idi. Erməni nankorları 366-cı rus alayının, tankların, BTR və BMP-lərin köməyi ilə Xocalını dörd tərəfdən mühasirəyə almışdılar. Gecənin bir çağında dəhşətli atışma başlandı. Bir müddət müqavimət göstərdik. Dinc əhalini şəhərdən çıxarmağı qərara aldıq. Əkiz övladlarım Fuad və Muradı anama tapşırdım. Onu qayınanam, qayınatam, xəstə qayınım və baldızımla birgə meşənin içi ilə Ağdam səmtinə yola saldıq. Özümüz iri bir qayanın arxasına daldalanıb şəhəri qoruyurduq. Mühasirə halqası getdikcə daralırdı. Xilas olmaq ümidi yox idi. Ələ keçməmək üçün özümü qayadan atdım. Hər iki ayağım zədələnmişdi. Yerimdən tərpənə bilmirdim. Qəfildən üç nəfər erməni başımın üstünü aldı. Sürüyə-sürüyə Ağdam postuna apardılar. Sorğu-sual başlandı. Bir neçə qabırğamı, biləkdən qollarımı, ayaq barmaqlarımı sındırdılar. Arada kimsə rusca dedi ki, hərbçidir, öldürməyin, əsirlərlə dəyişərik. Dəyişdilər. Neçə gündən sonra Ağdam xəstəxanasında azacıq özümə gəldim. Təcili yardım vertolyotu ilə Bakıya yola saldılar. Doğmalarımdan isə hələ də xəbər-ətər yox idi.

Yaşar Salmanoğlunun faciəsi daha acınacaqlıdır.

Deyirdi ki, ilk həmlədə bacısı Kəmalənin yoldaşı şəhid oldu. Kətik meşəsində ailə üzvlərimizdən ayrı düşdüm. Onları tapmaq ümidi ilə geriyə qayıtdım. İnsan axınının qar üstündəki izlərini tutaraq meşənin içi ilə bir neçə saat sürünə-sürünə getdim. Qucağında iki yaşlı körpə olan Nadirlə rastlaşdım. Dedi ki, sizinkilər meşə ilə gediblər.

Hər tərəfdən yolumuzu kəsmişdilər. Düz üç sutka ac-susuz meşədə qaldıq. Artıq əl-ayağım keyləşmişdi. Qəfildən həyat yoldaşımla rastlaşdım. Ayaqyalın idi. Şarfı ayaqlarına doladım. Həmin gecəni də meşədə qaldıq. Sonra bizi girov götürüb ermənilər yaşayan Pircamal kəndinə gətirdilər. Xocalılıların böyük bir hissəsini fermaya doldurmuşdular. Bizi də onlara qatdılar. Orada Məhsəti türkü olan iki əkiz qardaşı güllələdilər. Bizə olmazın əzab və işgəncələr verirdilər. Başımızı zorla mal peyininə soxub deyirdilər ki, yeyin, bu da sizin torpağınız...

Məhbubə İmanlı Xocalı soyqırımının canlı şahidlərindən biridir. Məhbubə deyirdi ki, o qanlı gecədə atası Ağayar, qardaşı Malik və onun həyat yoldaşı Sona erməni quldurları tərəfindən işgəncə ilə qətlə yetirilib və sonra da cəsədləri yandırılıb. Baş verən faciəni və torpaq həsrətini Məhbubə şair olmasa da, şeirin dili ilə bəyan edir:

Yağı düşmən cəm oldu,

Dəhşətlə həmdəm oldu,

Qismətimiz qəm oldu,

Bir də həsrət, intizar,

Xocalının dərdi var.

Dağıldı yurd-yuvası,

Qırıldı el-obası,

Bağlı qaldı qapısı,

Bir də nə vaxt açılar?

Xocalının dərdi var.

Ermənilər arasında sanki insanlara zülm etməkdə yarış gedirdi. Qansızlıqda, qəddarlıqda daha çox fərqlənənlər təriflənir, onlara xüsusi mükafat verilirdi. A.Sidsiyan adlı birisi 14 nəfərlik Babayevlər ailəsinin güllələnməsi ilə “fərqlənmişdi”. Belə “cəsur əməllərinə” görə ona Fransa erməni diasporu tərəfindən 150 min dollar və öz aralarında ən böyük təltif sayılan “Kilsə mükafatı” verilmiş, Fransaya köçüb yaşamasına şərait yaradılmışdı.

ASALA terror təşkilatının başçısı İllarion Allahverdiyan döyüşlərdəki “şücaətinə görə” 24 nəfərə təntənəli surətdə pul mükafatı vermişdi. Sovet zabiti Yevgeni Qolubyevə isə üstündə ASALA sözü yazılmış 25 qramlıq qızıl orden və 5 min ABŞ dolları məbləğində pul mükafatı təqdim olunmuşdu. Terrorçu Anastas İvanov on min dollara, habelə İrəvanda onu gözləyən “Hunday” markalı avtomobilin sənədlərinə “layiq” görülmüşdü. 1992-ci ildə Paris yaxınlığında məxfi təlim keçmiş 26 nəfər terrorçu ilə birlikdə Xankəndinə gələn polkovnik Yevgeni Zadviqarova “ilk tanışlıq üçün” otuz altı min ABŞ dolları hədiyyə edilmiş, sonra isə ona general rütbəsi verilmişdi.

 

Həqiqəti deyənlər də tapılırdı

 

Erməni-sovet hərbi birləşməsi tərəfində iştirak etsələr də, son nəticədə həqiqəti deyənlər də az deyildi. Onlardan biri də Vladimir Savelyevdir. O, Rusiya Federasiyası baş hərbi kəşfiyyat idarəsinin polkovniki idi. O zaman Dağlıq Qarabağda hərbi hissənin əks-kəşfiyyat şöbəsinin rəisi olub. Qanlı qırğının canlı şahidi olmuş polkovnik yuxarı təşkilatlara çatdırmaq üçün əsl həqiqəti açıb göstərən “məxfi arayış” tərtib etmişdir. “Mən bütün bunları yazmaya bilmərəm - deyir. - Hər şey gözlərimin önündə baş verib. İnsanların deşik-deşik olmuş bədənlərini unutmaq olmur. Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrin qarşısının alınması üçün əlimdən heç nə gəlmədi. Yalnız insanlara əsl həqiqəti söyləyə bilərəm. Şahidi olduğum həqiqətləri yazmışam. 19 səhifəlik məxfi arayışı həm BMT-yə, Avropa Şurasına, həm də Kremlə, Müdafiə Nazirliyinə, Baş Kəşfiyyat İdarəsinin generallarına göndərdim. “Oxuyun” - dedim. Biz rusların zabit şərəfi görün necə ləkələndi... Bu oyunlara bizi qoşmaqla alçaltdılar və zabit şərəfimizə lənət damğası vurdular. Mən on addımlıqda güllə yarasından can verən 8-9 yaşlı qızcığaza heç cür kömək əlimi uzada bilmədim, sözün tam mənasında, sarsılmışdım...”

Xocalı faciəsinin canlı şahidləri istər yerli adamlar, istərsə də düşmən tərəfində bizə qarşı vuruşanlar elə ilk günlərdə əsl həqiqətləri doğru-dəqiq yazırdılar. O qanlı günlərdə xarici mətbuat səhifələrində çoxlu xəbər gedirdi. Həqiqət necə var, eləcə də oxuculara çatdırılırdı. Yeri gəlmişkən, onlardan bəzilərini xatırlatmaq istəyirik.

“Krua L Eveneman” jurnalı (Paris), 25 fevral 1992-ci il: ...ermənilər Xocalıya hücum etdilər. Bütün dünya viran olmuş şəhərin, eybəcər hala salınmış meyitlərin şahidi oldu.

“Tayms” qəzeti (London), 4 mart 1992-ci il: ...ana eybəcər hala salınmış, körpə qızcığazın ancaq başı qalmışdı.

“İzvestiya” (Moskva), 4 mart 1992-ci il: ...qulaqları kəsilmiş uşaqları gördüm. Bir qadının sifətinin yarısı yox idi.

“Fayneşl Tayms” qəzeti (London), 9 mart 1992-ci il: ...ermənilər Ağdama tərəf gedən azərbaycanlı dəstələri güllələyiblər, şahidlər yüzlərlə cəsəd sayıblar.

“Le Mont” qəzeti (Paris), 14 mart 1992-ci il: ...xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış bir neçə nəfərin şahidi olublar.

“İzvestiya” (Moskva), 13 mart 1992-ci il: mayor Leonid Kravets: ...mən şəxsən yollar boyu 100-ə yaxın meyit saydım. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü.

“Valer aktuel” jurnalı (Paris), 14 mart 1992-ci il: ...ermənilər fəxrlə deyirlər ki, müsəlman kəndində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər.

R.Ratrik, İngiltərənin “Fant men nyus” teleşirkətinin əməkdaşı: “Ermənilərin vəhşiliklərinə dünya ictimaiyyətinin gözündə haqq qazandırmaq olmaz.”

Rusiya Federasiyasının “Memorial” hüquq-müdafiə mərkəzi təsdiq edirdi ki, Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə Konvensiyasına, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin tələblərinə tamamilə ziddir.

Xocalı genosidi barədə elə ilk günlərdən əsl həqiqət, faciənin miqyası, ictimai rəy, beynəlxalq fikir, bax, belə idi.

 

Bizimkilər isə susur, həqiqəti gizlədirdilər

 

O gərgin günlərdə Xocalı Rayon İcra Hakimiyyətinin başçısı olmuş Elman Məmmədov xatırlayır ki, “1992-ci il fevralın ikinci ongünlüyündə Bakıya gəldim. Üç gün çalışdım, bütün imkanlardan istifadə etdim, amma dövlət başçısı Ayaz Mütəllibovun qəbuluna düşə bilmədim. Onun köməkçisi Gürşad Zərbəliyevə dəfələrlə zəng vurdum, xahiş edirdim ki, kömək elə, yoxsa camaatımız qırılacaq. Məlumat ver, gəlim vəziyyətimiz barədə A.Mütəllibova xəbər verim. Gürşad isə mənə deyirdi ki, A.Mütəllibovun başı qarışıqdır, yanında adamlar var. Bir sözlə, məni qəbul etmədi. Çarəsiz qalıb yenidən Xocalıya qayıtdım”.

Mühasirə halqası daraldıqca hər yana, “14”, “90” gizli çağırışlarla həyəcan dolu xəbərlər göndərilirdi: “Bizi qırırlar, kömək edin!”. Respublika rəhbərliyinə, ixtiyar sahiblərinə yazılan saysız-hesabsız məktublar, teleqramlar cavabsız qalır, mətbuat, televiziya susur, Qarabağın, xüsusən Xocalının ağrılı günləri barədə ictimaiyyətə doğru-dəqiq məlumat verilmirdi.

Ölkənin başsız başçıları sanki bilə-bilə hər şeyə göz yumurdular. Bütün ağırlığın acı-ağrısı isə o zaman yerlərdə fəaliyyət göstərən vəzifə sahiblərinin, mərd oğulların üzərinə düşürdü. Qeyrətli, cəsur insanların cidd-cəhdlərinə baxmayaraq müharibə alovu hər yanı bürüyürdü. 1991-ci ilin dekabrında Cəmilli və Meşəli kəndləri əldən getdi. Başda oturanlar ayılmadılar. Ayın sonunda Kərkicahan qəsəbəsi işğal olundu, bizimkilər yenə də susurdular. Və nəhayət...1992-ci il fevralın 26-sında erməni-sovet qoşunları tərəfindən Xocalı darmadağın edildi.

 

Nə yaxşı Heydər Əliyev var idi

 

Yalnız ulu öndərin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini aldı.1994-cü il fevralın 24-də xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisdə Xocalı məsələsi müzakirə olundu. Ulu öndərin sərəncamı ilə “Xocalı faciəsi günü” elan edildi. 1995-ci ildə soyqırımının ildönümü ərəfəsində Heydər Əliyev xocalılıları qəbul edərək onları diqqətlə dinlədi, bir çox müəmmalı məsələlərə aydınlıq gətirdi. Nankor ermənilərin bu qanlı əməllərinə əsl hüquqi qiymət verən ulu öndər Heydər Əliyev dedi ki, “Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.”

Ulu öndər xocalılıların taleyi ilə müntəzəm maraqlanır və deyirdi ki, faciə bütün Azərbaycanı sarsıtmış, Xocalı sakinlərinə sağalmaz yaralar vurmuşdur. Lakin xocalılılar hətta amansız soyqırımı günlərində də özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş, xalqımızın tarixinə şərəfli səhifələr yazmışlar. Prezident İlham Əliyevin 1997-ci il 25 fevral tarixli fərmanı ilə erməni qəsbkarlarına qarşı mübarizədə, Xocalı soyqırımı zamanı dinc əhalinin xilas edilməsində xüsusilə fərqlənərək şücaət və mərdlik göstərdiklərinə, vətən qarşısındakı borclarını şərəflə yerinə yetirdiklərinə görə Mövsüm Məmmədov, Ələsgər Novruzov, Füzuli Rüstəmov, Araz Səlimov, Əlif Hacıyev, Tofiq Hüseynov və İnqilab İsmayılov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşlər. Prezidentin həmin fərmanı ilə Xocalı soyqırımı zamanı dinc əhalinin xilas edilməsində fərqləndiklərinə, vətəndaşlıq borclarını vicdanla yerinə yetirdiklərinə görə 14 nəfər “Azərbaycan bayrağı” ordeni və 56 nəfər “İgidliyə görə” medalı ilə təltif edilmişdir.

“Azərbaycan bayrağı” ordenini alanlardan biri, əməkdar həkim Məmməd Nağıyevlə görüşdük.

Keçmiş döyüşçü deyirdi ki, neçə gün kəndin fəalları ilə Xocalını qoruduq. Ölən də oldu, yaralanan da. Amma heç kəs bir addım da olsun, geri çəkilmədi. Fevralın 26-na keçən gecə qəfildən hər yanı dəhşətli gurultu bürüdü. Özünümüdafiə batalyonunun döyüşçüləri avtomatla zirehli texnikanın qarşısını almağa çalışsalar da, təpədən-dırnağadək silahlanmış düşmənin güclü müqavimətini qıra bilmirdilər. Mühasirə halqası getdikcə daralır, nankorlar şəhərə doluşurdu. Erməni cəlladları dinc əhaliyə amansız divan tutur, işgəncələr verir, adamları kütləvi şəkildə qırırdılar. Güllələr üstümüzə od kimi yağır, hamı bir təhər canını qurtarmağa çalışırdı. Yaralıları yanımıza salıb güc-bəla ilə Şelli istiqamətinə gedirdik. Məndən qabaqda anası ilə gedən 10-11 yaşlı uşağı yaraladılar. Onun vahiməli qışqırtısına ermənilər tökülüşüb gəldilər.

Bizim dəstədə olanların hamısını girov götürdülər. Yol gedə-gedə bir neçə ağır yaralının qanaxmasının qarşısını aldım. Paltarlarımı cırıb sarğı kimi istifadə edirdim. Bizə olmazın əzab və işgəncələr verdilər.

Özümdə, sözümdə deyildim. Haçandan-haçana gözümü açanda gördüm ki, yenicə sağaltdığım körpənin atası məni sıx bir meşəyə gətirib.

Xalqımızın ümummilli lideri müntəzəm olaraq Xocalının taleyi ilə maraqlanır, onlara hər cür qayğı və kömək göstərir, soyqırımı barədə əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa çalışırdı.

Ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən İlham Əliyevin müdrik siyasəti sayəsində son zamanlarda bu sahədə xeyli irəliləyiş əldə olunmuşdur. Bir sıra beynəlxalq təşkilatlarda, bəzi ölkələrin qanunvericilik orqanlarında, hökumətlərdə bu məsələ müzakirə olunur. Xocalı soyqırımı haqda artıq bütün dünya bilir. Bu müqəddəs işdə Prezident İlham Əliyevin təmkinli və çoxcəhətli fəaliyyəti əvəzsizdir.

 

Dünya eşidir bizi

 

Yeri gəlmişkən, Heydər Əliyev Fondunun xidmətlərini də xüsusi qeyd etmək lazımdır. Fondun rəhbəri, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir sıra ölkələrin paytaxtlarında Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilir, konfranslar, xatirə gecələri təşkil olunur, kitablar, bukletlər çap edilir, disklər buraxılır, filmlər çəkilir. Məqsəd Xocalı həqiqətlərinin beynəlxalq müstəviyə daha geniş miqyasda çıxarılmasıdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyada Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası da ildən-ilə geniş miqyas alır. İslam Əməkdaşlıq Təşkilatının Xocalı soyqırımı ilə bağlı qəbul etdiyi qətnamə, 50-dən çox ölkədə Xocalı faciəsini insanlığa qarşı cinayət kimi tanınması xüsusi əhəmiyyətə malikdir.

Bəli, artıq Xocalı soyqırımı barədə çox adam bilir. Bütün bunlara baxmayaraq bütövlükdə beynəlxalq ictimaiyyət tərəfindən bu dəhşətli soyqırımına hələ də lazımi qiymət verilməmiş, cinayətkarlar bu günə qədər də öz layiqli cəzalarını almamışdır. Lakin xalqımız əmindir ki, Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhid şəhər Xocalı da yağı düşməndən azad ediləcək, ölkəmizin ərazi bütövlüyü bərpa olunacaqdır.

Bu əminliyi bizə ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin müstəqil Azərbaycana olan tükənməz məhəbbəti, onun ardıcıl surətdə yeritdiyi ədalətli və qətiyyətli siyasəti yaradır. Dövlət başçısı görüşlərdən birində demişdir: “...Azərbaycan heç vaxt Dağlıq Qarabağın itirilməsinə razılıq verməyəcək, nəyin bahasına olursa-olsun, doğma torpaqlarını azad edəcək, ərazi bütövlüyünü bərpa edəcək. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Ermənilər oraya XIX əsrin əvvəllərində köçürülmüşlər. Bir dəfə Azərbaycan, türk torpağında erməni dövləti yaradılıb, burada ikinci erməni dövlətinin yaranmasına biz heç vaxt imkan vermərik.”

Azərbaycanın qəti mövqeyi belədir. Və biz tamamilə əminik ki, tezliklə işğala son qoyulacaq.

 

Əhməd İSAYEV,

Azərbaycan.-2015.- 26 fevral.- S.11.