Ankarada keçirilən tədbirdə Xocalı soyqırımını törədənlərin

 cəzasız qalmaması tələb olunub

 

Ermənilərin 23 il əvvəl xüsusi qəddarlıqla törətdikləri soyqırımının qurbanlarının xatirəsi Ankaranın Qızılcahamam rayonundakı Xocalı muzey kompleksində təşkil olunan tədbirdə yad edilib.

Tədbirdə Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvarın müraciəti oxunub. Müraciətdə Türkiyənin Xocalı soyqırımının ağrı və acısını bölüşdüyü qeyd olunub.

Ölkəmizin Ankaradakı səfirliyinin yerli bələdiyyə ilə birgə təşkil etdiyi tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev çıxış edərək deyib ki, ermənilər həm Osmanlı dövlətinə, həm də Azərbaycana onların ən zəif olduqları dövrlərdə xəyanət ediblər, lakin bu gün getdikcə güclənən Azərbaycan və Türkiyə birgə addımlarla erməni yalanlarını bütün dünyada ifşa edir.

Diplomatik missiyamızın müşaviri Ceyhun Zeynalov çıxışında bildirib ki, Xocalı soyqırımını törədən erməni qəsbkarları beynəlxalq birliyin biganəliyinə görə hələ də cəzasız qalıblar. Ancaq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası sayəsində son illərdə soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görülüb.

Milli Məclisin üzvü, Xocalıda anadan olmuş Elman Məmmədov və digər Xocalı sakinləri tədbir iştirakçılarına qanlı gecənin dəhşətləri haqqında məlumat veriblər.

Azərbaycan Milli Elmlər Akademiyasının A. Bakıxanov adına Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov və digər alimlər erməni qəsbkarlığının tarix boyu törətdiyi cinayətlər haqqında danışıblar.

Qızılcahamam bələdiyyəsinin sədri Muhiddin Güney isə Xocalı faciəsini bəşər tarixinin ən ağır cinayətlərindən biri kimi dəyərləndirib.

Tədbir çərçivəsində Türkiyənin müxtəlif universitetlərində təhsil alan azərbaycanlı gənclər “Xocalıya ədalət!” kampaniyasının bu il elan etdiyiYalanla mübarizə üçün alov yandır” aksiyasına qoşulublar.

İştirakçılara “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində hazırlanmış, Xocalı soyqırımı, digər bölgələrimizdə törədilən cinayətləri əks etdirən kitab, bukletvideomateriallar təqdim edilib.

Qeyd edək ki, Türkiyənin nüfuzlu kütləvi informasiya vasitələri Xocalı soyqırımının ildönümü ilə bağlı materiallara geniş yer ayırırlar.

İngilis dilində çıxan “Daily Sabah” qəzetinin sonuncu iki nömrəsində Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, həmçinin Xocalı sakinləri ilə müsahibələr dərc olunub. Qəzetdə çıxan məqalədə Xocalı soyqırımı XX əsrin faciəsi kimi qiymətləndirilib.

Yeni Çağ” qəzeti, “Əl-Cəzirə türkelektron jurnalı, əksər televiziya kanalları da soyqırımının ildönümü ilə bağlı materiallar yayıblar.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev və Xocalı soyqırımının canlı şahidi Rəhilə Quliyeva “TRT Türk” kanalının canlı efirində faciə ilə bağlı fikirlərini bölüşüblər.

 

Azərbaycan.-2015.- 27 fevral.- S.3.