Qarabağ müharibəsinin ilk şəhidləri

 

1988-ci ilin fevralı. Əlidən və Bəxtiyardan keçən güllələr

 

Keçən əsrdə Üzeyir bəy yazırdı ki, bizi bütün dünyaya, Avropaya vəhşi kimi təqdim edən ermənilərin səylərinə baxmayaraq, ingilislərin Bakıda bir həftə qalmaları bəs etdi ki, onlar necə böyük tarixə və mədəniyyətə malik olduğumuzu anlasınlar, bir sözlə, kimin kim olduğunu bilsinlər. Ötən əsrin əvvəllərində III Dövlət Dumasında Cənubi Qafqazdan yeganə azərbaycanlı deputat X.Xasməmmədov isə bildirirdi ki, millətlərarası gərginliyin səbəblərindən biri hakimiyyətin yerlərdə müvafiq sosial-siyasi tədbirləri ilə təmin edilməyən miqrasiya prosesləridir: “Son üç ildə Zaqafqaziyada rus əhalisinin sayı 10 min nəfər artmışdır. Bu, müstəmləkələşməyə rəsmən icazə verildiyi 1898-ci ildən sonra buraya gəlmiş köçkünlərin 36 faizi deməkdir... Hakim dairələr 1905-ci ildən sonra getdikcə tez-tez baş verən millətlərarası münaqişələrə heç bir münasibət bildirməmiş və bu münaqişələr genişlənərək erməni-azərbaycanlı qırğınına çevrilmişdir. Problemi yalnız xalqların qanuniləşdirilmiş hüquq bərabərliyi həll edə bilər”.

Həmin iclasda deputat K.Çxeidzenin söylədikləri də diqqətəlayiqdir: “XIX əsrin ortalarından Şərqi Zaqafqaziyanın müsəlman əyalətlərində torpaqların çox geniş miqyasda qəsb edilməsi baş vermişdir... Almanların, ermənilərin, yunanların, Orenburq quberniyasından olan molokanların, rus sektant kəndlilərinin köçürülməsi regionda həm aqrar vəziyyəti, həm də millətlərarası gərginliyi artırmışdır” (Eldar Əzizov, “Difai”).

 

“Yağış ona görə yağmır ki, biz çətirləri açmışıq”

 

Ermənilərin 1905-ci ilin fevralında başladığı qırğınlar 1988-ci ilin fevralında davam etdi. 1905-ci ildə olduğu kimi, bu dəfə də erməni basqılarının qarşısı alınmadı, sovet hakimiyyət orqanları ən yaxşı halda bütün bu qırğınlara seyrçi qaldı. Ermənilərin mərkəzi hökumətə təzyiqləri isə özünü, yüz il əvvəl olduğu kimi, yenə də göstərdi. Yüz il əvvəl də, indiki kimi, erməni terrorçularının qarşısında davam gətirə biləcək döyüş qabiliyyətli bir müsəlman təşkilatının yaradılmasına ehtiyac vardı. 1906-cı il fevralın 20-dən martın 6-dək canişin qraf İ.İ.Vorontsov-Daşkovun sədrliyi ilə Tiflisdə keçirilmiş erməni-azərbaycanlı sülh danışıqlarından sonra bu qərar qətiləşdi. Həmin tədbirdə çıxış edən Ə.Ağaoğlu bəyan etdi ki, “Qafqazda məsul şəxslərin və rəhbərlərin çoxu erməni terrorçularının qorxusundan işləri vicdansızcasına, ədalətsizcəsinə həll edirlər. Biz azərbaycanlılar daha bu vəziyyətə dözmək niyyətində deyilik...” Kərbəlayı İsrafil Hacıyevin çıxışı isə daha konkret oldu: “Bizterrorçu ola bilərik. Bizmauzer tüfəngləri saxlayıb, bomba ata bilərik, biz də ermənilərin ən yaxşılarını, qubernatoru da öldürə bilərik. Lakin biz bunların heç birisini etmirik, çünki bu bir alçaqlıq və hökumətə xəyanət siyasətidir... qəsdimiz ancaq hökuməti vadar etməkdir ki, öz vəzifəsini, öz işini, öz ədalətini qorxusuz, vahiməsiz, layiqincə yerinə yetirsin. Əgər elə etməsə, bizterrora keçməyə məcbur olarıq”.

Hökumət isə ondakı kimi, 1988-ci ildə də “alçaqlıq və xəyanət siyasətindən” əl çəkmədi. Zaman dəyişsə də, tarix eynən təkrar olundu. Ermənilərin əsrlik davası yenidən başlayanda xalqımız bu savaşın önündə əliyalın dayanmalı oldu. Əsrlər boyu dözümlülük, tolerantlıq məkanı kimi tanınan Azərbaycan torpaqlarında yüz minlərlə insan qaçqın və məcburi köçkünə çevrildi. Yenə bu qarşıdurmalarda, 1905-ci ildə Bakının mərkəzində olduğu kimi, bu dəfə Qarabağda atəş səsləri eşidildi. Yenə birinci öz gənclərimizin - Əli ilə Bəxtiyarın qanı töküldü.

Dövlət Dumasının iclaslarının birində gürcüstanlı deputat K.Çxeidzenin ovaxtkı münaqişələrə hökumət nümayəndələrinin verdiyi izahlarla bağlı maraqlı bir replikası var: “Sizin izahınızdan belə çıxır ki, yağış ona görə yağmışdır ki, adamlar çətirləri açmışdır”. Yəni bugünümüzlə səsləşən həmin fikir bundan ibarətdir ki, belə bir şəraitdə milli kütlələrin inqilabiliyi, onların hakimiyyətə qarşı çıxışları və millətlərarası münaqişələr yalnız dövlətin xalqa zidd siyasətinin nəticəsidir.

 

Bu kilsə zəngləri kimin üçün çalınır

Əli və Bəxtiyar... Faktiki yeni Qarabağ savaşının ilk şəhidləri. Ermənilərin XIX əsrdən başlayaraq təlqin etdikləri “Aralıq dənizindən Xəzərədək olan ərazidə böyük Ermənistan dövlətinin” var olması barədə sərsəm ideyanın növbəti qurbanları. Bəşərə zidd bu ideya bütün dövrlərdə beyinlərə erməni kilsə zəngləri ilə yeridilib - 1905 və 1918-ci illərdə olduğu kimi. 1918-ci ilin martında - Novruz bayramı günlərində erməni terrorçuları Bakı, Şamaxı və Qubada on minlərlə azərbaycanlını qətlə yetirəndə hər yerdən kilsə zənglərinin səsi eşidilirdi. Bu zənglər susmaq bilmirdionun sədaları altında sovetlər vaxtında tarixi torpaqlarımız kəsilərək hissə-hissə Ermənistana verildi və Azərbaycan torpaqları üzərində ermənilərin çoxluq təşkil etdiyi Dağlıq Qarabağ vilayəti də yaradıldı. Ermənistandan isə yüz minlərlə azərbaycanlı həmin kilsə zənglərinin sədaları altında kütləvi qətllər, işgəncələr və dağıntılarla öz ev-eşiyindən qovulurdudeportasiya olunan həmin insanların yaddaşında o zəng səsləri hələ də qalmaqdadır.

1988-ci il Azərbaycana yönələn erməni təcavüzünün yeni bir mərhələsi oldu. Moskvanın ermənipərəst siyasəti o yerə gətirib çıxardı ki, Qarabağdakı nifrət alovu SSRİ-nin digər respublikalarına da sirayət etdi və erməni oyunları, bir vaxtlar əxlaqsızlıq və əyyaşlıq Roma hakimiyyətini çökdürdüyü kimi, SSRİ adlı imperiyanın da dağılmasına gətirib çıxardı.

Əlverişli siyasi vəziyyətdən istifadə edərək qısa zaman ərzində - 1989-cu ildə oradan bütün azərbaycanlı əhalini - 220.000 nəfəri qovub çıxaran Ermənistan tarixi torpaqlarımızda bir nəfər belə azərbaycanlı qalmadıqdan sonraQarabağ həsrəti”ni ortaya qoydu. Orada artıq xeyli vaxt idi ki, demək olar, açıq-aşkar qarşılarına tarixi Azərbaycan torpaqlarını ələ keçirmək olan millətçi “Krunk”, “Qarabağ” təşkilatları fəaliyyət göstərirdi. Nəticədə 1989-cu il dekabrın 1-də Ermənistan Ali Soveti DQMV-nin Ermənistana birləşdirilməsi barədə qeyri-qanuni qərar qəbul etdiodövrkü Azərbaycan rəhbərliyinin fəaliyyətsizliyi ona gətirib çıxardı ki, DQMV-dən də on minlərlə azərbaycanlı deportasiya olunduonlar öz ölkələrində qaçqın vəziyyətinə düşərək Ermənistandan olan qaçqınların sıralarını daha da artırdı. Dözüm göstərib qalan əhalinin bir hissəsi isə erməni hərbi birləşmələri tərəfindən ətraf aləmdən təcrid olunmuşdu. Hadisələrin belə gedişi Azərbaycanda geniş kütləvi etiraz hərəkatlarına gətirib çıxardı və 20 Yanvar qapının ağzını kəsdi - aralarında qocalar, uşaqlar, təcili yardım həkimləri olan 130-dan çox dinc vətəndaş qətlə yetirildi, 700-dən çox insan yaralandı, yüzlərlə insan itkin düşdü. Sonra 1992-ci ilin soyuq, qanlı fevralı gəldi, Xocalıda qırğınlar başladı. Sonra digər şəhər və kəndlərimizin itkiləri gəldi - Kəlbəcər, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın.

Bəxtiyar Quliyev: “Gedək görək ermənilər nə deyir bizə...”

1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətindəki ermənilər Azərbaycan SSR-in tərkibindən çıxıb Ermənistan SSR-in tərkibinə girməklə bağlı qərar qəbul etdilər. Həmin vaxt ermənilər Xankəndidə vilayət Partiya Komitəsinin binası qarşısında mitinq keçirir, Azərbaycana qarşı əsassız iddialar səsləndirir, qərarın dərhal SSRİ Ali Sovetinə göndərilməsini tələb edirdilər. Belə bir vaxtda Azərbaycan rəhbərliyindən fərqli olaraq, Qarabağ əhalisi susmadı, erməni məkrini, xislətini yaxşı bilən insanlar səfərbər olaraq mərkəzi hökumətdən bu haqsızlığa son qoymağı tələb etdilər. Fevralın 21-də minlərlə azərbaycanlı ermənilərin əsassız iddialarına etirazlarını bildirmək üçün Ağdamın mərkəzində toplaşdı. Fevralın 22-də səhər saatlarında silahsız azərbaycanlılar dəstə ilə Əsgərana doğru hərəkət etdilər. Yürüşdən məqsəd erməni separatçılarının bölgədə yaratdıqları problemi dinc yolla həll etmək, gündən-günə böyüyən anlaşılmazlığa son qoymaq idi. Bu möhtəşəm mitinqdə haqsızlığa qarşı var səsləri ilə hayqıran gənclər arasında Əli ilə Bəxtiyar da vardı. Əsgərana tərəf irəliləyən əhalini görən ermənilərin əlinə bu alovu körükləmək üçün sanki daha bir fürsət düşmüş oldu. Pusquda duran düşmənin mitinqçilərə atdığı qəfil güllələrdən Əli ilə Bəxtiyar şəhid oldular. Qarabağ münaqişəsinin növbəti mərhələsində ilk qanın tökülməsi, iki gəncin öldürülməsi faktını o zaman SSRİ baş prokurorunun birinci müavini F.Katuşev Mərkəzi Televiziyada çıxış edərkən bir daha təsdiqlədi. Bəxtiyardan, Əlidən keçən güllələr sonradan bu savaşda minlərlə insanın da həyatını doğrayıb keçdi.

Aradan illər ötsə də, şəhid Bəxtiyar Quliyevin anası Səlimə xanım rahatlıq tapmır, deyir ki, yoldaşı, xüsusilə də oğlu rəhmətə gedənə kimi Ağdamda çox xoşbəxt ailə həyatı yaşayıb: “Ağdam şəhər internat məktəbində işləyirdim. O zaman 5 uşaq anası idim. 1988-ci ilin 22 fevral günü oğlum Bəxtiyarın ölüm xəbəri gəldi. Elə o gündən sanki ürəyimin işığı söndü. Onlar Əsgərana yürüşə gedəndə ermənilər onu 5-ci mərtəbədən güllə ilə vurublar. O zaman balamın 16 yaşı vardı. Oğlumun mənə dediyi axır sözlər bu oldu: “Məni axtarma, gedirəm ölməyə. Gedək görək ermənilər nə deyir bizə”. Ağdamdan 1993-cü il iyulun 23-də çıxmışam. Vətənimdən, şəhərimdən çıxmırdım. Hərbçilərimiz məni məcburi çıxartdılar. Dedim ki, çıxmıram, oğlum harada, mən də orada. Yeganə oğlumla son anadək ikimiz qalmışdıq. 4 qızımı isə Bakıya bacımgilə göndərmişdim. Ürək eləmirdim ki, çıxam. Bəxtiyarı qoyub necə gedəydim?”

Bəxtiyarın ölümündən özünə gələ bilməyən ana deyir ki, ürəyindəki yanğını yalnız iki ermənini qanına qəltan etməklə soyuda bilib: “Nələr görmüşəm, nələr! Bütün bu müsibətlərin hamısını gözlərimlə görmüşəm. Mənim Ağdamda ürəyim qalıb. Evimin işığı, ciyərimin parası oradadır. Nə qədər yatsam, yesəm, içsəm də, qəlbim Ağdamdadır. Kaş ki Ağdamda qalardım! Hər şey bugünkü kimi yadımda qalıb. Bazarı, xəstəxanası, məscidi, çörək zavodu hələ də yadımdadır. Ağdam çox gözəl yer olub, ay bala. Ən çox oğlumun oxuduğu məktəb xatirimdən çıxmır. Kaş ki bir quş olub qalxaydım havaya, gedəydim, qəbiristanlığı gəzib gələydim. Amma internetdə baxıram, daha qəbiristanlıq yoxdur, dağıdıblar. Qarabağın ilk şəhidinin qəbrini sağ qoymazlar. Ağdamsız yaşamaq da, oranı unutmaq da çətindir”.

 

Bəxtiyar QARACA,

Azərbaycan.-2015.- 27 fevral.- S.5.