Yaddaşlarda daşlaşan yurd, yaxud sönmüş kül altında közərən ocaqlar

 

Düz 23 ildir ki, Xocalı soydaşlarımızın dilinin əzbərinə, ağı-bayatısına çevrilib. Böyük faciələr yaşayan bu yurdun sakinləri respublikanın 48 rayonuna səpələnmiş və əsasən Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmışlar. Rayonun inzibati strukturları da düşmənlə üzbəüz olan bu qəsəbədə yerləşir. Ona görə də xocalılılar qəsəbəni rayon mərkəzi kimi tanıyırlar. Onların bir qismiAbşeron rayonu ərazisində salınmış, “Gənclik şəhərciyi” kimi tanınan yeni yaşayış məhəlləsində məskunlaşıb. Ömrünün ixtiyar çağlarında isə ikiqat yurd nisgili ilə günlərini sayan, hələ də övladını soraqlayan, itkin, əsir, girov, yaxud da şəhid olduğu bilinməyən oğlunun yolunu gözləyən Kübra nənədir ki, yerlə yeksan edilən, külü göylərə sovrulan Xocalısından sonra bir yerdə qərar tuta bilmir. Bərdədə məskunlaşsa da, bu qəsəbədəki qızı Səbinəni tək qoymur.

Xocalıda dünyaya göz açmayıb bu ağbirçək. 1934-cü ildə Laçın rayonunun Fərəc kəndində anadan olub. Ömrünün səksəninci ilini ötən il yola salanda da bir ağrı keçib ürəyindən: 80 rəqəmi onun göz dağıdır. Axı 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə ermənilərin əsir götürdüyü, girov apardığı xocalılıların arasında toyundan heç 8 ay keçməyən, bəy libaslı oğlu Vidadivar idi. O ildən, həmin zülmət gecədən, qanla açılan səhərdən bu günə kimi bala deyib haray çəkir.

1960-cı ildə Laçından Xocalıya gəlin köçüb - Lətif İsmayılovla ailə qurub. “Bir çətən külfət” sahibi olublar: 3 oğul (Tacir, Vidadi, Mikayıl) və üç qız (Fatimə, Səbinə, Gülnar) böyüdüblər. Yazda-yayda Laçın dağlarında xanım-xatınlıq edən Kübra nənə payız-qış aylarında Qarabağa enərdi. Ağlına da gəlməzdi ki, sonradan belə müsibətlər çəkəcək.

Deyir ki, oğlu Vidadini iki adla çağırırdılar. Kübra nənə əlini alnına qoyub sanki o illərə boylanır: “Hə, iki adı vardı. Sənəddə adı Vidadiydi, amma atası onu İsmayıl kimi səsləyərdi. Bunun da səbəbi vardı: 1941-1945-ci illər müharibəsi olmuşdu. Lətifin atası İsmayıl (qayınatam) müharibəyə gedib qayıtmamışdı. Ona görə də Vidadiyə atası kimi baxırdı, əzizləyəndə də “dədəm” deyirdi. 1966-cı ildə anadan olmuşdu”.

Gözləri oğul yolu gözləməkdən nurunu itirmiş Kübra nənə sanki o gecənin vahimələrini yenidən eşidirdi. Oradakı kimi hiss edirdi özünü: dördgöz olub kimisə axtarırdı. Tez-tez soruşurdu: “Ay bala, gör gəlmədi?” Amma gedənlər qayıtmadığından, onun da 23 ildir ki, oğul balasından soraq yoxdur, ona görə də gördüyü hər kəsdən soruşur ki, əsirlərdən, girovlardan təzə nə xəbər var. Zorla eşidiləcək bir səslə ana dərdini dilə gətirir. O, danışa bilmir, dilə gələn dərdidir: “Kaş elə mən də əsir düşüb onunla qalaydım, onda bilərdim, görərdim ki, balamın başına nə gəldi. “Anapoçtalyonu oxuyub əzbərləmişdim: “Dörd ay vardı ananın gözləri yol çəkirdi, başqa bir dərdi yoxdu, oğul dərdiydi dərdi”. Anaya bax ey, dörd aya dözməyib. Onun bu ayrılığına şeirqoşublar. Mənim balamdan isə 23 ildir ki, soraq yoxdur”...

 

...Qanlı paltarın sahibi kim idi?

 

“O gecə ermənilər şəhərə soxulanda əli avtomatlılardan savayı, tank, top, “qradla da hücum edildi. Vidadi ilə qardaşı Tacir ayrı-ayrı yerlərdəki postda idilər. Camaat hara qaçdığını bilmirdi.

“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi Binəqədi rayon şöbəsinin sədri, şəhid ailəsi Ayna Novruzova gözləri yol çəkən anaya fikrini tamamlamaqda kömək edir. Kübra nənə xəyalından çıxara bilmədiyi o müdhiş gecəni sanki yenidən yaşayır: “Haray, ah-nalə, sızıltı tankın, topun, avtomatın, pulemyotun... vahiməli səsindən eşidilmirdi. Kimi Əsgərana sarı, kimi meşəyə tərəf üz tutmuşdu. Bir yaralı vardı, yaxınlaşdım ki, baxım görüm kimdi? Zarıya-zarıya dedi ki, qaç, ay ana, mənə bənd olma, durma, səni də vuracaqlar, əsir tutacaqlar. Axı oğlanlarımın ikisi də postdaydı, xəbərimiz yox idi onlardan. Onlar da bizim hara üz tutduğumuzu bilmirdilər, aralı düşmüşdük. Üzümlüklərlə birtəhər Ağdamın Şelli kəndinə necə gəldiyimizi təkcə Allah bilir, dilnən deyiləsi, söznən yazılası deyil”.

Kübra nənə deyir ki, ermənilər 80 nəfəri birdən girov götürüblər, oğlanları da onların arasında olub. Kiçik oğlu Mikayılı da əsir götürüb aparırmışlar. Əllərini bağlayıb yük maşınının üstünə mindiriblər. Yolda necə olursa, əlləri bağlı özünü maşından atır. 5 gecə meşədə qalıb, çıxa bilməyib.

Xocalının o müdhiş gecəsindən canını götürüb qaçanlar Şelliyə çatanda Ağdam camaatı onları görüb haraylarına yetib: kimini evə, kimini xəstəxanaya qaçırıblar, ağır yaralıları isə Bakıya göndəriblər: “Yaralansam da, balalarımdan aralı dura bilmirdim. Oğlanlarım Tacirlə Vidadidən xəbər yox idi. Tacir polisdəydi, Xocalının aeroportunda, Milli Qəhrəman Əlif Hacıyevin milis dəstəsində xidmət edirdi. Bir dəfə Xocalıya köməyə gələn iki polisimizi ermənilər vurub öldürmüşdü. Onların meyitlərini götürmək olmurdu. Ölümün gözünə baxa-baxa polislərin meyitlərini çıxaranda komandiri və dostları onun bu qorxmazlığına və cəsarətinə heyran qalmışdılar. Dəfələrlə həyatını təhlükəyə atmışdı balalarım. Vidadi isə Milli orduda idi. Ermənilər Vidadinin adını İsmayıl kimi tanıyırdılar və hədələyirdilər. Axı ermənilərə qan uddururdu”.

Ana xəyalında Xocalının o məşəqqətlu günlərini yaşadır: “Hə, onu deyirdim axı, məni gah xəstəxanaya, gah da dəmiryol stansiyasına aparırdılar ki, bəlkə uşaqlardan bir xəbər tuta bilim. Axtarmadığım yer qalmadı. Elə bil ki, bu adda oğlum yox imiş. Xocalıda Canan adlı bir nəfər baytar var idi. Əsirlikdən qurtarıb gələndən sonra danışdılar ki, oğlum Vidadi də onların arasında olub. Vidadiyə hansı zülmün verildiyini məndən gizlədirdilər. Deyirdilər ki, ermənilər onu girovluqda öldürüb, Canan da orada basdırıb. Cananı, yoldaşı Gülayəni, Almaranı, Rəhimi, Samsonu, qızlarını da Əsgərana tutub aparmışdılar”.

Ayna Novruzova fikri dağılan ananın yaddaşını təzələyir: “Əsirlikdən qayıdan Almara adlı qadın danışıb ki, bir erməni generalının qəbri üstündə Vidadinin başını kəsmək üçün içəridən çıxarıblar. Sonra bayırdan güllə səsi gəlib. Amma güllələnənlərin paltarları içəri qaytarılanda heç birininki olmayıb. Ana da fikirləşir ki, bəlkə ona düzünü demirlər?

Vidadinin bir qız yadigarı qalıb - Ülviyyə adlı. Qorxu, həyəcan altında dünyaya gəldiyindən, xəstə doğulub. Onu həkimlər min bir müsibətlə sağaldıblar.

 

Hələ də oğul yolu gözləyir

 

Ana deyir ki, Vidadidən aldığımız soraqlar doğru çıxmadı: “Canan kişi Şükürün oğlu Oqtayla Əhlimanı dəfn edib orada. Mənə dedi ki, kaş görəydim, dəfn edəydim. Görmədim hara apardılar. Ermənilərin bizimkilərə verdiyi işgəncələrə dözmədi: Canan kişigirovluqdan qurtarıldıqdan sonra dünyasını dəyişdi”.

Hələ də itkin oğul yolu gözləyən Kübra nənənin Xocalıda aldığı yaralar göynəyə-göynəyə söylədikləri deyildi. Qızı Fatma ilə həyat yoldaşı Oqtay Quliyev Qarabağ əlilidirlər. Oqtayın atası da 40 gün girov qaldıqdan sonra buraxılıb. Qızı Gülnarın həyat yoldaşı isə Xocalı müsibətlərinin ağrı-acısını ömürlük qazandığı xəstəliyində daşıyır. Nənənin bacısı Ulduza İbadullayeva da şəhid anasıdır. Onun oğlu Əli İbadullayev Xocalısı ilə bir gecədə şəhid edilib. Qardaşı Hüseyn Nurməmmədov həyat yoldaşı Pakizə ilə birlikdə 23 dekabr 1991-ci il tarixində Meşəlidə şəhid olublar. Meşəlidə şəhid olan bacısı oğlu Əli Mehralıyev “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Sanki bir nəslin kökü kəsilib. Kübra nənənin dayısı oğlu Novruz Novruzovun beş nəfərlik ailəsi (həyat yoldaşı Adilə, polis oğlu Allahverdi, qızları Rübabə ilə Rahilə) məhv edilib: “Yeganə salamat qalan oğlu Baratı da girov götürüblər ermənilər. Əl-qolunu bağlayıb “KamAZ” maşınının üstünə aparırlarmış. Kosalara kimi aparıblar. Orada necə olursa, özünü öldürmək üçün çaylağa tullanıb canını qurtarımışdı”.

Bunu da deyirlər ki, qırılmayan ümidbir təsəllidir. Ömrünün ixtiyar çağlarında itkin oğul yolu gözləyən Kübra nənə də beləcə dedi. Təsəllisi odur ki, həm oğlundan bir soraq alacağına, həm də doğma Qarabağına, dağlardakı laçınlar yurduna, söndürülsə də kül altında odu daim közərdiyini təsəvvüründə canlandırdığı ata ocağına köç karvanının qayıdacağına inanır və öləziməyən ümidlə yaşayır. Kübra nənənin təsəllisi odur ki, ordumuz düşmənə layiqli cavab verəcək və Qarabağa, onun zirvəsi və ata yurdu Laçına yollar açılacaq. Amma bir nisgilini də dilə gətirdi şəhid, itkin anası: “Vidadinin adı əbədiləşdirilsəydi, təsəlli yerim olardı”.

Bu da ananın yurd nisgilli, oğul haraylı bir arzusu idi. Vidadinin məzarı da yoxdur ki, nənə nəvəsiylə ziyarətinə getsin...

Bütün bunlar xalqımızın Xocalı ağrılı yaddaşından qopan haraylardır, gələcək nəsilləri ayıq olmağa, dostu düşməndən seçməyi bacarmağa səsləyir.

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2015.- 27 fevral.- S.5.