Ermənilərin
“genosid” planına hazır olmayan şəhər
Sumqayıtda nə baş vermişdir
1988-ci ilin fevralında Stepanakertdə erməni millətçiləri
kütləvi mitinqlər keçirirdi. Onlar SSRİ və
Ermənistan SSR rəhəbərliyindən tələb edirdilər
ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının tərkibindən
çıxarılıb, Ermənistan Respublikasına
qatılsın. Bu, antikonstitusion bir tələb
idi. Bakıda, Sumqayıtda və Azərbaycanın
ayrı-ayrı bölgələrində təbii ki, ermənilərin
haqsız tələblərinə qarşı etiraz
dalğası gücləndi. Azərbaycan
torpaqlarının toxunulmazlığı rəsmi şəkildə
elan olundu.
Sumqayıt
65 il ərzində çətin, lakin
şərəfli bir yol keçmişdi. Vaxtilə “dostluq”
şəhəri adlanan, özündə 82 millətin və
etnik qrupun nümayəndəsini birləşdirən,
daşı-daş üstünə qoyub böyük və nəhəng
bir şəhər salan, beynəlmiləl bir ailədə
yaşayan insanlar 1988-ci il fevral ayının 28-dən 29-na
keçən gecə bir qrup ekstremistin əli ilə qanlı
aksiyanın törədilməsinə necə rəvac verə
bilərdilər? “Dostluğa” xəyanət edən kim oldu? “Dağlıq Qarabağ” problemini ortaya kim atdı? Hadisələrə təkan
verən, təlimatlandıran, maddi vəsait ayıran qüvvələr
kimlər idi?
Bu suallar ətrafında xarici dövlətlərdə
müxtəlif fikirlər dolaşmaqdadır. Ermənipərəst
kütləvi informasiya vasitələri öz uydurma
cızmaqaraları ilə indi də oxucuları
çaşdırır, guya Sumqayıtda ermənilərə
qarşı “genosid”in olmasını sübut etmək istəyirlər.
Ciddi araşdırmalar göstərir ki, bu hadisələrin
əsl səbəbləri nə Sumqayıt, nə də ki,
sumqayıtlılarla bağlı idi. Şəhərdə
baş verən hadisələrin kökləri daha dərin,
miqyası daha böyükdür və bu hadisələr iki
millət arasında “xuliqanlıq” hərəkətlərindən
daha çox siyasi xarakter daşıyırdı.
Sumqayıt hadisələrinə Dağlıq Qarabağ
rakursundan baxmaq daha düzgün olar. “Böyük Ermənistan”
yaratmaq xülyası ilə yaşayan Ermənistan
Respublikasının rəhbərliyi, millətçi qüvvələr,
daşnak partiyasının fəalları, kəşfiyyat
orqanları Azərbaycan-Ermənistan münasibətlərini gərginləşdirməklə
separatizmə geniş meydan açırdılar. Rusiyanın ermənipərəst mövqedən
çıxış etməsi nəticəsində SSRİ
Dövlət Təhlükəsizlik Komitəsinin Ermənistanın
xüsusi xidmət orqanları və xaricdə yaşayan erməni
lobbisinin ssenarisi əsasında Sumqayıtda qanlı aksiya
törətdilər.
Fevral ayının 28-də şəhərdə kütləvi
iğtişaşlar, zorakılıq aktları
başlandığı barədə məlumat daxil olan kimi,
Sumqayıt şəhərinin prokuroru, baş ədliyyə
müşaviri İsmət Qayıbov cinayət işinin
qaldırılması və istintaqa başlanması barədə
qərar qəbul etmişdi.
İğtişaşları
kim törətmişdi
İstintaqın ilkin mərhələsində 1050 nəfər
şübhəli şəxs qismində tutulmuş, onlardan bir
hissəsi inzibati, bir hissəsi isə cinayət məsuliyyətinə
cəlb edilmişdir. 97 nəfər barəsində 55 cinayət
işi baxılması üçün məhkəmələrə
göndərilmişdir. Onlardan 92 nəfəri
azərbaycanlı, 2 nəfəri rus, 2 nəfəri ləzgi,
1 nəfəri isə erməni idi. Cinayət məsuliyyətinə
cəlb edilmiş şəxslərdən 183 nəfər barəsində,
o cümlədən qəsdən adamöldürməyə
görə 38 nəfər, zorlamaya görə isə təqsirləndirilən
şəxs qismində cəlb edilmiş 42 nəfər barəsində
əməllərində cinayət tərkibi və ya cinayət
hadisəsi olmadığından işin icraatına xitam
verilmişdir.
Hadisələrlə bağlı saxlanılanlar
arasında müxtəlif millətlərdən olan adamlar - azərbaycanlılar,
ermənilər, ruslar, yəhudilər və başqaları
var idi. Sumqayıtda “xuliqan”lıq edənlərin arasında
ermənilər tərəfindən satın alınmış
ekstremist qruplar, cinayətkarlar, terrorçular, təxribatçılar,
narkomanlar və spirtli içki düşkünləri var idi.
30 nəfər isə ümumiyyətlə,
heç bir ictimai-faydalı əməklə məşğul
olmurdu.
İstintaq
materiallarında göstərilir ki, 444 adam
məhkəmə qarşısında cavab vermiş, onlardan
400 nəfəri 10-15 sutka təcridxanalarda
saxlanılmışdır. Bir neçəsi
uzunmüddətli həbs cəzasına, Əhməd İman
oğlu Əhmədov isə ölüm cəzasına məhkum
olunmuşdu. Məlumat üçün
bildirək ki, Əhmədovun məsələsinə Moskvada tələsik
baxılmış və onu Sumqayıtda baş verən hadisələrin
“təşkilatçısı” kimi qələmə
vermişdilər. Yeri gəlmişkən, bu haqda bir az geniş danışmaq istərdik. 1988-ci il mart ayının 12-də SSRİ Baş
Prokurorluğunun bir qrup nümayəndəsi Əhmədovgilin
evinə basqın etmiş, onu sürükləyib həyətdəki
maşına mindirmişdilər.
1988-ci ilin oktyabr ayının 18-də SSRİ Ali Məhkəməsi
Əhmədovun, Cəfərovun, İsmayılovun məhkəmə
prosesinə başlamışdı. Məhkəmə
prosesi başlayan gün “Ostankino” telekanalının (indi “ORT”
kanalının “Vremya” xəbərlər proqramı - müəl.)
“Xəbərlər” proqramında bütün
dünyaya məlumat vermişdilər ki, Sumqayıt hadisələrində
“başkəsən” üç nəfərin məhkəmə
işinə başlanılır. Ertəsi
gün Moskvada nəşr olunan kütləvi informasiya vasitələri
də bu barədə ictimaiyyətə xəbər
çatdırdılar. Müttəhimlər
kürsüsündə əyləşən Ə.Əhmədov,
T.İsmayılov, Q.Cəfərov talanlar, yanğınlar, qətllərlə
nəticələnən kütləvi
iğtişaşların təşkilində və
yaxından iştirakında təqsirləndirilirdilər.
Məhkəmə prosesinə SSRİ Ali Məhkəməsinin
üzvü R.K.Brize sədrlik edirdi. Məhkəmənin tərkibinə
SSRİ Ali Məhkəməsinin xalq iclasçıları
V.A.Kuznetsov və S.Smirnov daxil idilər. Dövlət
ittihamçısı SSRİ Baş Prokurorunun köməkçisi
D.Kozlovski idi (“İzvestiya” qəzeti, 19.10.1988.).
İttihamnamələri vərəqlədikcə,
şahidlər dindirildikcə heç biri məlum olurdu ki,
müttəhimlərin istintaq orqanlarının təqsirləndirdikləri
dərəcədə günahkar deyillər. Onlar sadəcə
olaraq həmin hadisələrdə və talanlarda iştirak
ediblər, ağır cinayət hadisəsi törətməyiblər.
Materiallar istintaqa qaytarıldıqda məhkəməyə
təzyiqlər başlandı.
O
dövrdə SSRİ Ali Məhkəməsinin sədri
V.Terebilovun “Novoye vremya” jurnalında müsahibəsi çap
olundu. Terebilov məhkəmə proseslərinə
yuxarıdan, xüsusilə, Sov.İKP Mərkəzi Komitəsi
aparatından təzyiqlər olduğundan şikayətlənir
və tələb edirdi ki, məhkəmə müstəqil
olmalıdır. Terebilov daha sonra qeyd edirdi
ki, hazırda SSRİ Ali Məhkəməsi Əhmədovun, Cəfərovun,
İsmayılovun məhkəmə prosesinə baxır. Məhz yuxarıların təzyiqi nəticəsində
məhkəmə heyəti obyektivliyini, humanizmini bir tərəfə
qoyub, Əhmədovun timsalında, nəyin bahasına
olursa-olsun “təşkilatçı” obrazı yaratmaq niyyətinə
düşür.
“Moskovskiye
novosti” qəzeti 1988-ci il, noyabr
ayının 20-də yazırdı: “Vəkillər belə
hesab edirlər ki, işin istintaqı tam aparılmayıb. Cinayətlərin təşkilatçıları
üzə çıxarılmayıb, baş verməsinin səbəbləri
və şəraiti aşkar edilməyib”. Buna baxmayaraq,
1988-ci il noyabr ayının 18-də
SSRİ Ali Məhkəməsinin kollegiyası belə bir qərar
çıxarır: “Cəfərovun və İsmayılovun
cinayət materialları yenidən yoxlanılmaq
üçün istintaqa qaytarılsın. Ə.Əhmədov
isə ən ağır cəzaya layiq görülsün.”
Yetkinləşməmiş bir gənci böyük sənaye
şəhəri olan Sumqayıtda iğtişaşların təşkilatçısı
kimi qələmə vermək nə qədər ədalətli
idi?! Axı, tarixdən məlumdur ki, hər bir
iğtişaşı yaratmaq üçün əvvəlcədən
böyük bir təşkilat yaradılır və ora
professionallar toplanılır. Bu işə
günlərlə, həftələrlə, aylarla vaxt sərf
olunur, maddi və ideoloji imkanlar hazırlanır. Belə olan halda, Əhməd Əhmədovun
hansı təşkilatçılığından
danışmaq olardı?!
Əhmədovun Sumqayıtda baş verən hadisələrdə
iştirakı sual altındadır, danmırıq. Bizə qaranlıq qalan və
bir çox şüurlu insanları təəssüfləndirən
odur ki, yenicə texniki peşə məktəbini bitirən
bir gənc Sumqayıtda baş verən
iğtişaşların təşkilatçısı necə
ola bilərdi? Bu fikir
heç bir məntiqə sığmır. Bunu Moskva belə
tələb edirdi, belə də oldu!
Sumqayıtda törədilmiş kütləvi
iğtişaşlarla bağlı Azərbaycan Respublikası tərəfindən
qaldırılmış 18/60206 ¹-li cinayət işi sonralar
bir neçə müstəqil icraata
bölünmüşdü. Bunun səbəbləri
istintaq materiallarında əsasən işin həcmi ilə əlaqələndirilir.
18/55461-88 nömrəli cinayət işinin ittiham aktında bu
barədə deyilir:
“Cinayətlərin törədilməsində yüzlərlə
vətəndaş iştirak etmişdir. Mənzillərin
talan olunması, yandırılması, insanların
döyülməsi, zorlanması və qətlə yetirilməsi
aktları azğınlaşmış xuliqan qrupları tərəfindən
törədilmişdir. Onların bir qismi
istintaq tərəfindən müəyyən edilərək həbs
olunmuş və cinayət məsuliyyətinə cəlb
edilmişdir. Bəziləri artıq məhkum
olunmuşlar. Onların 1988-ci il 27, 28
və 29 fevral tarixlərində ayrı-ayrı vaxtlarda
Sumqayıt şəhərinin müxtəlif
mikrorayonlarında və məhəllələrində cinayət
törətdikləri aşkarlanmışdır. Onların
cinayətkar fəaliyyətinin təhqiqatı davam edir və
hələ çox vaxt aparacaqdır.(Bu
abzasdakı sonuncu cümlə, heç şübhəsiz ki,
yuxarıların sifarişinə xidmət edirdi, bir növ,
ictimaiyyəti sakitləşdirmək üçün idi və
vaxt qazanmaq məqsədini güdürdü. -
müəllif).
İstintaq materiallarının böyük həcmli,
kütləvi iğtişaşlarda iştirak edənlərin
sayının çoxluğu ilə əlaqədar olaraq cinayət
işi bir neçə müstəqil icraata
bölünmüşdür. O cümlədən, həmin cinayətlərdə
iştirak etmiş Səfərov Nizami Sumbat oğlu, Məmmədov
Qalib Qədirşah oğlu, Hüseynov Vaqif Vahabəli
oğlu, Nəcəfov Nadir Əhmədxan oğlu, Gəncəliyev
Elçin Əli oğlu, İsayev Əfsər İslam
oğlu, Qriqoryan Eduard Robertoviç barələrində cinayət
işi 1988-ci il dekabrın 30-da ayrıca icraata verilmişdir.”
Qeyd etmək lazımdır ki, Sumqayıtda baş verən
hadisələr haqqında kütləvi informasiya vasitələrində,
ayrı-ayrı kitablarda, internet saytlarında əsas mövzu
kimi adlarını çəkdiyimiz 7 nəfər cinayətkarın
əməllərindən danışılır. Bu qrupun tərkibində
milliyyətcə erməni olan Eduard Qriqoryanın hadisələrdə
rolu haqqında daha geniş və ətraflı məlumatlar
verilir.
Aparılan araşdırmalar göstərir ki, E.Qriqoryan
Sumqayıt hadisələrində ona rəhbərlik edən bir
qrup erməni millətçilərinin və Dövlət Təhlükəsizlik
Komitəsinin sifarişlərini yerinə yetirdikdən sonra
Sumqayıt şəhərinı tərk etmək əmrini
almışdı. Lakin təsadüf nəticəsində hərbçilər
tərəfindən saxlanılmış və onu zərərçəkənlər
tanımışlar.
Belə nəticəyə
gəlmək olar ki, əgər Eduard Qriqoryan hərbçilər
tərəfindən həbsə alınmasaydı,
sözsüz ki, başda M.Qorbaçov olmaqla Moskva tərəfindən
Azərbaycan xalqı dünya ictimaiyyəti
qarşısında nüfuzdan salınacaqdı. Sumqayıt şəhərini isə sivilizasiyadan
uzaq, quldurlar, canilər şəhəri kimi tarixdə qara səhifəyə
salacaqdılar. Lakin bu, nə Moskva rəhbərliyinə,
nə də erməni millətçilərinə nəsib
oldu.
Azərbaycan
Respublikası Baş Prokurorluğu tərəfindən
aparılan genişmiqyaslı iş və əldə olunan məlumatlar
əsas verir deyək ki, E.Qriqoryanla bağlı kifayət qədər
materiallar toplanılmışdır və onlar oxucuların
ixtiyarına veriləcəkdir.
Sumqayıtda baş verən cinayət hadisələrinin
hamısı icraata götürülmüş, son nəticədə
məhkəməyə verilmişdir. Yuxarıda qeyd etdik ki,
harada cinayət varsa, orada da cəza olmalıdır.
Əfsuslar olsun ki, 1988-ci ildə Sumqayıtda baş verən
hadisələrdən sonra erməni ideoloqları
dünyanın ayrı-ayrı kütləvi informasiya vasitələrində
geniş təbliğat kampaniyası apararaq bildirmişlər
ki, guya Azərbaycanın hüquq-mühafizə orqanları
iğtişaşlarda iştirak edən cinayətkarlara
qarşı loyal mövqe tutmuş, çoxlarını həbsdən
azadlığa buraxmışdılar. Faktlar isə
bu fikrin əsassız olduğunu, böhtan xarakteri
daşıdığını sübut edir.
Yerli mətbuatdan aydın görünür ki,
Sumqayıtda törədilmiş iğtişaşlarda həbs
olunan cinayətkarlar məhkəmə qarşısında
cavab vermiş və müxtəlif müddətlərə
azadlıqdan məhrum edilmişlər.
“Sumqayıt”dan
baş açmaq mümkündürmü
“Azerbaydjanskaya
revolyusiya” (“Azərbaycan inqilabı”) kitabının müəllifləri
D.Furman və A.Abasov Sumqayıtda törədilmiş 1988-ci il fevral hadisələrinin çox mürəkkəb
səbəbləri olduğunu xüsusilə qeyd edərək
yazırlar: “Sumqayıt” çağdaş Azərbaycan tarixində
dəhşətli hadisələr silsiləsinin ilk hadisəsi
olmuşdur ki, ondan da baş çıxarmaq, əslində,
mümkün deyildir. Çünki qeyri-formal
mafioz əlaqələrin və korrupsiyanın kök
saldığı cəmiyyətdə siyasət əksər hallarda
real olaraq gizli qüvvələr, gizli sazişlər və təxribatlar
yolu ilə həyata keçirilir və daha çox gizli
qüvvələr, gizli sazişlər və fitnələr
yolu ilə də şərh olunur.”
Qədim
Romada müstəntiqlər belə bir prinsipə
üstünlük verirlərmiş: “Əgər cinayət
baş vermişdirsə, sən əvvəl başdan canini
axtarma, bu cinayətin kimə sərf etdiyini axtar.” Biz də bu fikrə söykənərək
Sumqayıtda törədilmiş kütləvi
iğtişaşların kimə, yaxud kimlərə sərf
etdiyini araşdırmağa çalışaq.
D.Furman və
A.Abasov mövzunu davam etdirərək yazırlar: “Əgər
deyilənlərə Moskvanın Sumqayıt hadisələrini
ictimaiyyəti “sakitləşdirmək” məqsədilə
ört-basdır etməyə, ermənilərin hadisələri
1915-ci il erməni soyqırımının davamı kimi təqdim
edərək maksimum dərəcədə şişirtməyə,
azərbaycanlıların isə sumqayıtlı fəhlə
- cani Eduard Qriqoryanın hadisələrdə
oynadığı sirli rolunu şişirdərək hər
şeyi elə ermənilərin öz üstünə atmaga
çalışdıqlarını əlavə etsək,
etiraf etməli olacağıq ki, Sumqayıt hadisələrinin
həqiqi mənzərəsinin nə vaxtsa
aydınlaşacağını güman etmək ağlabatan
iş deyildir”.
Beləliklə,
nəzəri cəhətdən Sumqayıtda kütləvi
iğtişaşların törədilməsində
maraqlı ola biləcək iki əsas tərəf
vardır. Onlardan biri Ermənistan, digəri isə
Azərbaycandır.
Ermənilərin
versiyası: Sumqayıtda kütləvi
iğtişaşları azərbaycanlılar təşkil
etmişlər. Məqsəd: ermənilərə qarşı
soyqırımı törətmək, bununla, onları
qorxudaraq Dağlıq Qarabağ uğrunda mübarizədən
çəkindirməkdir.
Azərbaycanlıların
versiyası: Sumqayıtda kütləvi iğtişaşlar erməni
və ermənipərəst millətçi-separatçı
qüvvələr, xüsusi xidmət orqanları, Daşnak
partiyası tərəfindən törədilmişdir: Məqsəd:
azərbaycanlıları vəhşi, quldur, qaniçən,
sivilizasiyadan uzaq toplum kimi dünya ictimaiyyətinə təqdim
etməkdir. Azərbaycanlılarla birgə yaşamağın
“qeyri-mümkün olduğu”nu “sübut etmək”, bununla da,
Dağlıq Qarabağın Azərbaycanın tərkibindən
cıxarılıb Ermənistan Respublikasına birləşdirilməsi
uğrunda mübarizə aparmaqda siyasi dəstək əldə
etməkdir.
Müstəqil fikir sahibləri aydın başa
düşürlər ki, Sumqayıt təxribatında hər
şey bir o qədər də sadə deyildir. Bu iki xalqı
etnik zəmində toqquşdurmaq kiməsə çox sərfəli
idi. Dünya miqyaslı tanınmış
yazıçı Eduard Topol “Azadlıq” radiosunun müxbiri
Tengiz Qudavaya verdiyi müsahibəsində bu hadisələrlə
bağlı öz fikrini bildirərək demişdir: “Bu, təxribatdır.
Mən buna tam əminəm. Mən
öz jurnalistlik tərcümeyi-halıma Sumqayıtda
başlamışam. Ölkənin hər
bir yerindən buraya hər cür insanlar axışıb gəlmişdilər.
Mən qəzetdə işləyirdim, bu gün erməni
haqqında yazırdım, sabah azərbaycanlı
haqqında... Bizim redaksiyada beş nəfər
yazan adam var idi, onlardan iki tam onda beşi yəhudi, biri erməni
qızı, biri də azərbaycanlı; biz həmyaşıd
idik və hər şeydə bərabər idik. Və mən
eşidəndə ki, sonra hər şey Sumqayıtdan
başlandı, talanlar, qırğınlar - dəhşət,
qarabasma məni götürdü: mənim bütün
dostlarım bu cəhənnəmin içindədirlər! Mən o vaxtlar, Sumqayıtda işləyən
dövrdə, dağ turizmi, alpinizmlə məşğul
olurdum və yadımdadır, sovet hakimiyyətinin 50 illiyi idi,
ya hansısa başqa bir bayram idi, biz piyada Dağlıq
Qarabağa yola düşdük. Biz
bütün Dağlıq Qarabağı gəzdik, mən
ayaqlarımla, piyada bütün Dağlıq Qarabağı
addım-addım gəzdim. Biz hər dəfə meşəni
keçib növbəti kəndə yaxınlaşanda, kənd
sakinləri görürlər ki, kəndə tərəf bir
dəstə adam gəlir, ancaq onlar hələ nə bizim sifətlərimizi
gördülər, nə də ki, kim olduğumuzu bildilər,
ancaq biz kəndə çatar-çatmaz, kənd
qadınları - fərqi yox idi, bu azərbaycanlıların kəndi
idi, yaxud ermənilərin - bizi əllərində
çaxır dolu bardaqla və çörəklə
qarşılayır, bizə həm Azərbaycan dilində, həm
də erməni dilində xoş gəldin deyir, xoş söz
söyləyirdilər... Heç bir düşmənçilik
yox idi. Mən bunu təsdiq edirəm, çünki mən
həm erməni kəndində çaxır içib
çörək kəsirdim, həm də azərbaycanlı kəndində:
Yox idi heç bir düşmənçilik....”
Politoloq,
“Naş sovremennik” jurnalının daimi müəllifi Kseniya
Myalo Sumqayıt hadisələri ilə bağlı yazır:
“Millətlərarası münaqişələr” adlanan
toqquşmalar SSRİ-də kifayət qədər stabil,
nizamlı bir cəmiyyətdə və kifayət qədər
yüksək rifah şəraitində, həm də çox
vacibdir ki, əhalinin əksər hissəsinin yüksək təhsilə
malik olduğu bir şəraitdə baş verib yayıldı.
“Durğunluq” adlanan dövrün xarakterik
göstərici olan ağır çəkili statikadan
(sakitlikdən, sükunətdən) bir göz
qırpımında kəskin dinamikaya (çevik hərəkətlərə)
keçmək üçün çox güclü təsirə
malik olan vasitələr tətbiq etmək lazım gəlirdi və
belə vasitələr tapıldı. Bu,
ilk növbədə, bandit aksiyalarının keçirilməsi
üçün şüurlu surətdə (qəsdən)
cinayətkarların, ələlxüsus, ən qatı canilərin
geniş şəkildə cəlb olunmasıdır; onların
əsas vəzifəsi ilk qanı tökməkdir, həm də
elə üsullarla ki, insanları, əhalinin əksər hissəsini
vahimədən donub qalmağa məcbur etsinlər. Belə
də oldu: Sumqayıtda, Fərqanədə, Oşda...”
Svante
KORNELL (ABŞ), Con Xopkins adına Orta Asiya
və Qafqaz Universitetinin baş direktoru: “Qoşunlar konfliktə
qarışmırdılar. Onlar hadisələrə
kənardan laqeydcəsinə baxırdılar. Yeri gəldikdə
isə iki etnik qrupu qızışdırır və ədavət
salırdılar”, (“Dağlıq Qarabağda konflikt: məsələnin
həllinin dinamikası və perspektivi”).
Aleksey
ZVEREV, rus politoloqu: “SSRİ Dövlət Təhlükəsizlik
Komitəsi Sumqayıtda hadisələr zamanı
iğtişaşların baş verəcəyindən və qətllərin
törədiləcəyindən xəbərdar idi”. (“Qafqazda mübahisəli sərhədlər” məqaləsi).
Sumqayıt və Dağlıq Qarabağ SSRİ məkanında
“yenidənqurma” adı altında gedən ictimai-siyasi
mühitin yetişdirdiyi bir problem idi. Ölkədə nə
baş verirdi?
1988-ci ilin fevral hadisələrindən sonra bir çox
erməni iki milləti qarşı-qarşıya qoymaqda ilk
növbədə, millətçi qüvvələri,
şovinistləri, hakimiyyətə can atanları
qınamağa başladılar. Sumqayıtda hadisələrə
obyektiv yanaşan ermənilər az deyildi. Həmin günlərdə baş vermiş hadisələrə
Sumqayıtda yaşayan ermənilər öz münasibətlərini
“Kommunist Sumqayita” qəzetinə göndərdikləri məktublarında
bildirirdilər. Aşuk-Atayanın məktubunu olduğu
kimi oxucuların diqqətinə təqdim edirik:
“Bakıdan gələn qəzetləri alıb oxumaq istəyirdim. Qəzet
köşkünün qarşısında adam
çox idi. Mənə qəzet
çatmadı. “Nə xəbər var”?
- deyə soruşdum: “Eyni şeyi
yazırlar” - cavabını aldım.
Sovetlərin vaxtında bizi beynəlmiləl ruhda tərbiyə
etmişdilər. Sonralar məlum oldu ki, SSRİ-də beynəlmiləl
tərbiyə formal xarakter daşıyır. Bütün ideyalar, şüarlar
çürümüş özüllər üzərində
qurulmuşdu. Əslində, beynəlmiləl
tərbiyə ardıcıl, dostluğa, qardaşlığa
söykənən və heç bir vaxt xəyanətə
xidmət etməyən ideyalar üzərində qurulmalı
idi. Bunu demokratiya tələb edir. Lakin bu əməllərə riayət olunurdumu?
Əlbəttə ki, yox! Azərbaycan-Ermənistan
münasibətlərində hər şey əksinə oldu.
Elə qüvvələr var ki, milli zəmində
ədavət salır, qonşuluqda yaşayan millətləri
bir-birinə qarşı qızışdırır, gərginliyi
artırırlar. Belə insanlar heç
bir vaxt öz vətənlərini sevə bilməzlər.
İnanmaq
olmur ki, 15 il Dağlıq Qarabağ Partiya
Komitəsinin birinci katibi vəzifəsində işləmiş
Gevorkov milli məsələ ilə ciddi məşğul
olsun. Əgər olsa idi, Qarabağda mitinqlər
keçirilməzdi.
Sumqayıtda
hadisələr baş verdi. Çox qəribədir,
həmin an bütün dünya bu hadisələrdən
danışmağa başladı. Bu, qabaqcadan
planlaşdırılmış bir təxribat idi. Sumqayıtda cinayət halları baş vermişdir.
Hüquq-mühafizə orqanları istintaqla məşğuldurlar.
Məhkəmə prosesləri gedir. Cinayətkarlar cəzalarına çatıblar.
Soruşmaq lazımdır: görəsən, niyə məhz
icraçılar həbs olunub? Görəsən,
niyə sifarişçilər və təşkilatçılar
azadlıqda gəzirlər, onlara qarşı ölçü
götürülməyib? Mətbuat da birmənalı
mövqe tutmuşdu.
“Qarabağ
Komitəsi”nin fəal üzvü Ayrikyan
fevral ayının 24-də “Vaşinqton tayms” qəzetinə
verdiyi məlumatda Stepanakertdə mitinqlərin keçirilməsini
bildirirdi. Fevralın 26-da isə Ayrikyanın
vasitəsilə “Çikaqo sandi tayms” qəzetində təxribat
xarakterli məqalə dərc olunmuşdur.
Məsələyə ciddi münasibət bəsləyənlər
də var idi.
Erməni ziyalısı Ayrapetyan “Qolos Rodinı” qəzetinin
1988-ci il 4 may tarixli sayında şovinist
Ayrikyanı ifşa etmişdir. Üç dəfə
məhkum olunmuş bu millətçi ünsür Ermənistanın
SSRİ-nin tərkibindən çıxması
üçün meydanlarda alovlu çıxışlar edirdi.
Dağlıq Qarabağdan azərbaycanlıların
qovulması təbliğatı ilə məşğul olurdu.
Mənim 70 yaşım var. Bakıda anadan olmuşam. Müharibə
iştirakçısıyam. Sumqayıtda
1 saylı trestin 9 nömrəli təmir-tikinti idarəsində
çalışmışam. Heç bir
sıxıntı hiss etməmişəm, hüquqlarıma
toxunan olmayıb. İstərdim hər iki xalq
tezliklə barışsın, sülh bərqərar olsun.
Bunu birmənalı başa düşmək
lazımdır”.
Bu gün bizi narahat edən və düşündürən
bir məsələdir. Ermənilər çox vaxt “genosid”dən
danışırlar, özləri isə Xocalıda “genosid”
törətdilər. Bunu artıq
bütün dünya bilir. Bununla belə,
Ermənistan rəhbərliyinin, hüquq-mühafizə
orqanlarının Xocalı qarşısında olan cinayətləri
heç bir vaxt yuyula bilməz.
Fikir
verin: Sumqayıtda 1988-ci ilin fevral ayının 27-29-da qanlı
aksiya törədildi. Fevralın 27-də
Sumqayıtın sabiq prokuroru İsmət Qayıbov cinayət
işi açdı, istintaq başlandı. Yuxarıda
qeyd etdiyimiz kimi, mindən çox adam
dindirildi, 94 nəfər müxtəlif müddətlərə
azadlıqdan məhrum olunma, bir nəfər isə ölüm
cəzasına məhkum olundu.
Cinayət
varsa, cəza da olmalıdır!
Xocalıda 613 nəfər qətlə yetirilib, 1275 nəfər
əsir götürülmüşdür. Bu
ölçüsüz cinayətə - Xocalı
soyqırımına görə Ermənistan rəhbərliyi,
hüquq-mühafizə orqanları tərəfindən bir nəfər
də olsun belə, cinayət məsuliyyətinə cəlb
olunmayıb. İnsanları qətlə yetirənlər
məhkəmə qarşısında cavab verməli olduğu
halda, bu gün böyük bir cinayətkar qrup, başda Levon
Ter-Petrosyan, Robert Köçəryan, Serj Sərkisyan olmaqla,
azadlıqda gəzir.
Bu, bütün beynəlxalq hüquq normalarına ziddir. Xarici dövlətlər,
beynəlxalq qurumlar, kəşfiyyat orqanları, ziyalılar,
ilk növbədə Rusiya, onun hərbi hissələri
çox gözəl bilirlər ki, soyqırımının
başında kim durub, onun
sifarişçiləri və təşkilatçıları
kimlərdir. Lakin nədənsə bu haqda
susmağı üstün tuturlar.
Bu cinayətkar ünsürlərə qarşı heç
bir cəza tətbiq olunmur, əksinə, cavabdeh şəxslər
bir-birinin ardınca Ermənistan respublikasının prezidenti
seçilirlər. Görəsən, hansı ölkədə
soyqırımında iştirak etmiş “qəhrəmanlar”
sonralar ölkəyə rəhbərlik edirlər? Onların apardıqları siyasətdən heç
sülh iyi gələrmi? Xeyr! Onların
apardıqları siyasətlərdən ancaq qan iyi gələr!
Yüzlərlə, minlərlə axıdılan insan qanı!
Bu qanı yumağın vaxtı
çatmayıbmı? Hər halda, bu
qatı cinayətkarlar gec-tez tarix qarşısında cavab verməli
olacaqlar. Stalinin vəfatından sonra
Beriyaya qarşı olan cəza ter-petrosyanların,
köçəryanların, sərkisyanların da
başına gətiriləcəkdir. Buna
heç kimin şübhəsi olmasın. Var hüquq,
var mənəviyyat! Görünür,
onların simasında mənəviyyat faşist əxlaqı
ilə əvəz olunub.
Xocalıda vəhşiliklər törədən cinayətkarlar, görünür, Dostayevskinin “Cinayət və cəza” romanını oxumayıblar. Cinayət törədənlər Allahdan qorxmayıblarsa, deməli, allahsızdırlar və bir gün Allah xofu onları məhkəmə qarşısına gətirib çıxaracaqdır. Bu, mütləq olacaq!!!
Eyruz MƏMMƏDOV,
əməkdar
jurnalist
Ramazan
MƏMMƏDOV,
Sumqayıt Dövlət Universitetinin
kafedra müdiri, professor
Azərbaycan.-2015.-
27 fevral.- S.6.